Təhsil tariximizi
yaşadan mədəniyyət ocağı
Müasir dövrdə mədəniyyətin
inkişafının hərəkətverici qüvvələri
içərisində muzeylər mühüm əhəmiyyət
kəsb edir. Muzey fəaliyyətinin daha interaktiv olması cəmiyyətimiz
üçün olduqca vacibdir. Xalqın tarixi, elmi və mədəni
abidələrinin, maddi və mənəvi dəyərlərinin
qorunması, saxlanılması, təbliğ edilməsi və
gələcək nəsillərə ötürülməsində
muzeylər müstəsna rol oynayaraq tədqiqat və tədris-tərbiyə
funksiyalarının vəhdətini yaradırlar.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev demişdir:
"Gənclərimiz milli ruhda tərbiyə
olunmalıdır. Milli dəyərlərimizi, milli ənənələrimizi,
tariximizi bilməyən gənc vətənpərvər ola
bilməz". Ulu öndərin bu tövsiyəsinin həyata
keçirilməsində müasir dövrdə bəşəri
inkişafın hərəkətverici vasitələri içərisində
mühüm əhəmiyyət kəsb edən muzeylərin
üzərinə böyük vəzifələr
düşür.
Muzeylər
qədim yunan mifologiyasında insanların mənəvi fəaliyyətinin
- poeziya, elm və incəsənətin himayədar ilahələri
hesab edilən muzalar məbədi mənasının daşıyıcıları
olaraq yalnız estetik zövq verməklə kifayətlənmir,
həmçinin tarixi, maddi və mənəvi abidələri
komplektləşdirən, mühafizə edən, öyrənən,
nümayiş etdirərək təbliğ edən mədəni-maarif
müəssisələri kimi öz elmi - ictimai fəaliyyətini,
muzey işinin əsas prinsiplərini elmi-tarixi əsaslar üzərində
qurur, müasir avadanlıqlarla və eksponatlarla təchiz
olunmasını təmin edir, elmi biliklərin
yayılmasına xidmət edir.
Muzeylərə
təşkil olunan ekskursiyalar yüksək effektivliyə malik
olub bir neçə funksiya (dərketmə, ünsiyyət və
s.) yerinə yetirir. Ekskursiya aparıcısı elmilik, forma və
məzmun vəhdətini gözləməklə muzeyə gələnlərin zəruri
məlumatlara yiyələnməsi üçün muzey
mühitinin imkanlarından maksimum istifadə etmələrinə
şərait yaradır.
Muzeyə
ekskursiya zamanı həmin
mövzulara dair
materialları və eksponatları əyani şəkildə görmək
və onlara dair daha geniş məlumat almaq
təbliğatla yanaşı,
böyüməkdə
olan nəslin bilik
səviyyəsinin yüksəlməsinə və
onlarda vətənpərvərlik
hissinin aşılanmasına xidmət edir. Ekspozisiya üzrə
mühazirələr sanki eksponatları canlandırır, muzeyə
gələnləri tarixi hadisələrin səyahətçisinə
çevirir.
Azərbaycan
xalqı çox zəngin tarixi, ədəbi, elmi və mədəni
irsə malikdir. Bunu hamı təsdiq edər ki,
keçmişi bilmədən irəliləmək, bu
günümüzə və gələcəyimizə xeyir
vermək mümkün deyil.
Azərbaycanın
tarixi inkişaf yolunun ən mühüm istiqamətlərindən
birini təhsil təşkil edir.
Respublikamızın
muzeyləri arasında Azərbaycan təhsilinin tarixini
yaşadan, görkəmli pedaqoq və maarifçilərimizin
həyat və fəaliyyətini işıqlandıran Xalq Təhsili
Muzeyinin özünəməxsus yeri vardır.
Xalq Təhsili
Muzeyi XKS-nin 27 aprel 1932-ci il tarixli, 651 nömrəli qərarına
əsasən 1930-cu ildə təşkil edilmiş pedaqoji sərginin
və Pedaqoji muzeyin bazasında
yaradılmışdır. Azərbaycan Respublikası Təhsil
Nazirliyi Xalq Təhsili Muzeyinin fəaliyyətinin əsas məqsədi
qədim zamanlardan etibarən müasir dövrə qədər
Azərbaycanda pedaqoji fikrin, elm və təhsilin inkişaf
tarixini əks etdirmək, bu sahədə elmi-axtarış
işi aparmaq, bütövlükdə fasiləsiz təhsil
sisteminin bütün pillələrində
qazanılmış uğurların, təhsilin yetirdiyi ən
görkəmli şəxsiyyətlərin fəaliyyətini təbliğ
etməkdir. Muzeyin təbliğat fəaliyyətinin spesifik
forması olan ekspozisiyasında müxtəlif dövrlərdə
maarifin və bütövlükdə təhsilin
inkişafı naminə fədakarcasına çalışan
görkəmli maarifçilərin, ilk müəllimlərin,
pedaqoq-alimlərin fəaliyyətini, ziyalıların ana dilində
təhsil uğrunda mübarizəsini, müxtəlif növ təhsil
müəssisəsinin yaranmasını, qadın təhsilinin
inkişafını, bu sahədə aparılan islahatları və
təhsilə dövlət qayğısını əks etdirən sənəd və
materiallar, nadir dərs vəsaitləri və ləvazimatları,
müxtəlif illərə dair dərslik və proqramlar,
bütün növ qabaqcıl təhsil müəssisəsinin,
o cümlədən məktəbdənkənar müəssisələrin
fəaliyyəti və iş təcrübəsi, tədris
müəssisələrində istifadə edilən texniki-tədris
vasitələri, müəllim, şagird və tələbələrin
əl işləri, əyani vəsaitlər, albomlar, maketlər,
hədiyyələr və s. nümayiş etdirilməsinin təhsil
tarixinin öyrənilməsi və
təbliğində
müstəsna əhəmiyyətə malikdir.
Muzeyin
elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji
ardıcıllığa riayət edən ekspozisiyası altı
salonda yerləşdirilmişdir.
I salon
qədim zamanlardan başlayaraq Azərbaycanda pedaqoji fikir və
təhsil tarixini, II salon XIX əsrin sonu, XX əsrin əvvəllərində
təhsil, III salon 1918-40-cı
illərdə təhsil, IV salon ali və orta ixtisas təhsilinin
inkişafı, V salon 1941-45, 1946-80-ci illərdə uşaq evləri,
internat-məktəblərin yaranması və inkişafı,
ümumtəhsil, texniki peşə məktəblərinin fəaliyyətinə
dair sənəd və materialları əhatə edir.
Muzeyin
VI salonu (böyük salon) müstəqillik illərində Azərbaycanda
təhsilin inkişafına həsr olunmuş və
üç bölmədən ibarətdir. Azərbaycan
dövləti və hökumətinin təhsilə göstərdiyi
diqqət və qayğı VI salonun
ekspozisiyasının əsas istiqamətidir.
Salonda
xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan
təhsilinin inkişafı naminə
fəaliyyətini əks etdirən "Heydər Əliyev
və təhsil", Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin təhsil sahəsində
genişmiqyaslı fəaliyyətini və Heydər Əliyev
Fondunun təhsilə göstərdiyi
qayğını təcəssüm etdirən materiallar
nümayiş etdirilir. Salonun ikinci bölməsində müstəqillik
illərində, bütövlükdə Azərbaycan təhsil
sisteminin fəaliyyətini əks etdirən sənəd və
materiallar, statistik məlumatlar, nəşr nümunələri,
yeni dərsliklər, maketlər və digər eksponatlar
nümayiş etdirilir. Həmin bölmədə Təhsil
Nazirliyinin fəaliyyətini əks etdirən sənəd və
materiallara, hədiyyələrə xüsusi yer
ayrılmışdır. Burada həmçinin pedaqoji kadrlara
göstərilən qayğıya və Azərbaycan müəllimlərinin
XI-XIII qurultaylarına dair materiallar da
nümayiş olunur .
Salonun üçüncü bölməsində nümayiş etdirilən sənəd və materiallar məktəbdənkənar
müəssisələrə, uşaq, yeniyetmə və gənclərin
mənəvi və estetik tərbiyəsinə həsr
edilmlşdir. Vitrinlərdə
uşaq, yeniyetmə və gənclərin
hazırladıqları tətbiqi
sənət nümunələri, müxtəlif əl işlərinə yer
verilmişdir.
Azərbaycan
təhsilinin təbliğində muzeyin fond materiallarından
ekspozisiyada maksimum istifadə
edilməsinin, fondda elmi araşdırma və elmi tədqiqatlar
aparılmasının, müxtəlif mövzularda səyyar və stasionar
sərgilərin təşkil edilməsinin, tədqimat mərasimləri,
elmi konfrans və seminarların keçirilməsinin
mühüm rolu vardır.
Fəaliyyətdə
olduğu illər ərzində muzey kollektivinin səyi nəticəsində
xalq maarifinin inkişafına dair çox zəngin materiallar
muzey fondunda toplanıb sistemə
salınmışdır.
Toplanmış
hər bir sənəd, material və eksponat haqqında məlumatlar
muzey fondunun xüsusi qeydiyyat kitabına salınıb, muzey
texnikasına müvafiq şəraitdə qorunub
saxlanılır.
Muzeyin
zəngin fondu və kitabxanasında əsas və elmi-köməkçi
fond daxil olmaqla minlərlə sənəd, neqativ, fotoşəkil,
dərslik və metodik ədəbiyyat toplanmışdır.
Onların arasında nadir biblioqrafik
ədəbiyyatlar da vardır.
Fond və
kitabxana materiallarından pedaqoji fikir və maarifçilik
tarixi ilə məşğul olan tədqiqatçılar, təhsil
və mədəniyyət işçiləri, kütləvi informasiya vasitələrinin
nümayəndələri, kinematoqrafiya işçiləri,
eləcə də digər mütəxəssislər istifadə
edirlər. Bir çox elmi əsərlərin işıq
üzü görməsində və pedaqogika sahəsində
çalışan alimlərin yetişməsində Xalq Təhsili
Muzeyinin də xidmətləri vardır.
1962-1997-ci
illərdə muzeydə valideynlər üçün "Ailə
və məktəb" və yuxarı sinif şagirdləri
üçün "Hər şeyi bilmək istəyirəm"
pedaqoji bilikləri yayan Xalq Universiteti fəaliyyət göstərmiş
və apardığı işə görə keçmiş
İttifaq miqyasında təşkil edilən baxışlarda
I və II dərəcəli diplomlarla təltif edilmişdir.
Muzeyin iş
təcrübəsi əsasında 1986-cı ildə
Bolqarıstanın Qabrova şəhərində Milli Təhsil
Muzeyi yaradılmışdır.
Muzeyin
ekspozisiyası ilə tanış olmaq məqsədilə
ABŞ, Almaniya, Polşa, Hindistan, Suriya, Yəmən, Ukrayna,
Gürcüstan, Türkiyə və başqa xarici ölkələrin
elm və mədəniyyət xadimləri, İSESKO-nun Baş
katibi, xarici ölkələrin Azərbaycandakı səfirləri,
Litva Respublikasının təhsil və elm naziri, Avropa
Şurasının nümayəndələri və digər
xarici qonaqlar gəlmişlər. Eləcə də
respublikamızın görkəmli elm və mədəniyyət
xadimləri, ümumtəhsil, texniki peşə məktəblərinin
şagirdləri, ali təhsil müəssisələrinin tələbə
və müəllimləri müntəzəm olaraq muzeyə
ekskursiyaya gəlirlər. Ekspozisiya ilə tanış olmaq məqsədilə
muzeyə gələn qonaqlar öz təəssüratlarını
rəy kitabında qeydlərində açıqlamış,
Azərbaycan təhsil tarixinin təbliğində Xalq Təhsili
Muzeyinin müstəsna əhəmiyyətini
vurğulamışlar.
Müstəqil
Azərbaycan Respublikasında elm, təhsil, mədəniyyət
və digər sahələrdə həyata keçirilən
islahatlar muzeylərin də işində dəyişikliklərin
aparılmasını tələb edir.
Azərbaycanın
iqtisadi cəhətdən
inkişaf etdiyi, hüquqi,
demokratik dövlət
quruculuğu ilə irəlilədiyi bir dövrdə XXI əsrin "təhsil
əsri" elan edilməsi muzeyin
qarşısında daha geniş vəzifələr
qoyur, muzey mühitinin ətraf mühitlə
qarşılıqlı əlaqələrinin qanunauyğun vəhdətini
yaradır.
Bu
gün respublikamızın muzeyləri dövlət
qayğısı ilə əhatə
olunmuş və daim diqqət mərkəzindədirlər.
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanda muzey
işinin yaxşılaşdırılması haqqında"
6 mart 2007-ci il tarixli və "Azərbaycanın
regionlarında fəaliyyət göstərən muzeylərin
müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və
zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər
planının təsdiq edilməsi haqqında" 22 may 2009-cu
il tarixli sərəncamlarının icrası muzeylərin fəaliyyətinin
gələcəkdə daha da təkmilləşdirilməsinə,
müasir standartlara uyğun qurulmasına, tarixi, mədəni
irsin, maddi mədəniyyət nümunələrinin
mühafizəsi və təbliği
işinin daha da yüksək
səviyyəyə qaldırılmasına təkan verir,
maddi-mənəvi irsimizin, tarixi həqiqətlərin təbliği
üçün geniş imkanlar yaradır.
Respublikamızda muzey fəaliyyətinin
yaxşılaşdırılması istiqamətində
həyata keçirilən tədbirlər sırasında Xalq Təhsili Muzeyi
üçün yeni binanın inşa edilməsi muzey işinə dövlət
qayğısının təzahürüdür.
Xalq Təhsili
Muzeyi zəngin mütərəqqi ənənələrə,
milli mənəvi dəyərlərə və
beynəlxalq təcrübəyə əsaslanaraq inkişaf
edən müasir Azərbaycan təhsilinin nailiyyətlərini qoruyub
saxlayan və muzeyə gələnlərə
layiqincə təbliğ edən mədəni-maarif müəssisəsidir.
2006-2007-ci
illərdə Xalq Təhsili Muzeyinin iki nəfər əməkdaşının
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
"Tərəqqi" medalı, muzeyin 80 illik yubileyi ərəfəsində
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Kollegiyasının qərarı ilə muzeyin iki nəfər əməkdaşının
"Azərbaycan Respublikasının qabaqcıl təhsil
işçisi" döş nişanı, on iki nəfər
əməkdaşının isə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif edilməsi
muzey işçilərinə
göstərilən diqqət və qayğının
parlaq təcəssümüdür.
Zülfiyyə
ŞİRİYEVA,
Xalq Təhsili Muzeyinin
direktor müavini
Azərbaycan
müəllimi.- 2012.- 8 iyun.- S.4.