Tələbə elmi-tədqiqat
işlərinin yekunlarına həsr olunmuş
konfrans
Naxçıvan
Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 89-cu ildönümünə həsr olunmuş Tələbə Elmi
Cəmiyyəti xətti ilə yerinə yetirilən tələbə
elmi-tədqiqat işlərinin yekunları ilə bağlı elmi konfrans keçirildi. Konfransı
giriş sözü
ilə açan rektor,
akademik İsa Həbibbəyli
Tələbə Elmi Cəmiyyətini böyük elmin magistral yolunda ilk məktəb, başlanğıc laboratoriya adlandırdı. Vurğulandı ki, universitetin 1968-ci ildən
fəaliyyətə başlayan Tələbə
Elmi Cəmiyyəti ali
təhsil tarixində, bugünkü tanınmış elm
xadimləri və pedaqoqların alim-ziyalı kimi
yetişməsində özünəməxsus rola
malikdir. Qeyd olundu ki, burada
iştirak edən tələbələr bilik və dünyagörüşü,
natiqlik qabiliyyəti, elmi
auditoriyalara alışqanlıq qazanır, magistratura
pilləsində təhsil ala biləcək
real namizədlərə çevrilirlər.
Rektor,Tələbə Elmi Cəmiyyəti
xətti ilə yerinə yetirilən builki
elmi-tədqiqat işlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin həyat və siyasi fəaliyyətinin
müasir elmi kontekstdən
araşdırılması baxımından da
əhəmiyyət kəsb etdiyini bildirdi, tələbələrə uğurlar arzuladı.
Elmi işlər üzrə prorektor,
riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov
çıxış edərək universitetin Tələbə
Elmi Cəmiyyətinin son nailiyyətlərindən
danışdı. Qeyd olundu ki, elmi hissə ilə birgə
aktual və elmi-təcrübi perspektivi olan mövzuların
seçilməsi, onların hazırlanmasında müasir
informasiya-kommunikasiya texnologiyalarından, İnternet
resurslarından istifadə olunması istiqamətində əsaslı
iş aparılmışdır. Nəticədə 167 tələbənin
elmi-tədqiqat işi müvafiq olaraq I, II və III yerlərə
layiq görülmüş, qiymətləndirmə zamanı
obyektivlik və şəffaflıq gözlənilmişdir.
Universitetin Tələbə Elmi Cəmiyyətinin
sədri, hüquqşünaslıq ixtisası üzrə I
kurs tələbəsi, Prezident təqaüdçüsü
Ramazan Abdullayev TEC-in yekun hesabatını diqqətə
çatdırdı. Bildirildi ki, 2011-2012-ci tədris ilində
Tələbə Elmi Cəmiyyətinin üzvləri
universitetdə keçirilən Qafqaz Universitetlər Birliyinin
Birinci Naxçıvan Beynəlxalq Simpoziumunda, Bakı Slavyan
Universitetində keçirilən Tələbələrin XXII
Ümumrespublika konfransında və konfrans çərçivəsində
keçirilən "Müstəqilliyimiz əbədidir,
daimidir, dönməzdir" inşa müsabiqəsində, ali
məktəb tələbələrinin XVII Respublika Fənn
Olimpiadasında uğurla iştirak etmişlər. Habelə Naxçıvan Dövlət
Universitetinin Gənc Alimlər Şurası ilə birlikdə
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr
olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi"
elmi konfransı təşkil olunmuşdur. Hesabatda TEC-in
bugünkü inkişafı müxtəlif illərə məxsus
göstəricilərin statistik müqayisəsi yolu ilə
çatdırıldı.
Konfransda TEC xətti ilə yerinə
yetirilən, elmi yeniliyi ilə xüsusi fərqlənən tədqiqat
işlərindən bəziləri auditoriyaya təqdim olundu. Beynəlxalq
münasibətlər ixtisası üzrə III kurs tələbəsi
Gülçin Ağayevanın beynəlxalq münasibətlər
kafedrasının müəllimi Seymur Talıbovun rəhbərliyi
ilə "Azərbaycan Respublikasının enerji siyasətinin
formalaşmasında ümummilli lider Heydər Əliyevin
rolu", pediatriya ixtisası üzrə IV kurs tələbəsi
Osman Cəfərlinin pediatriya kafedrasının müdiri,
dosent Adil Mirişlinin elmi rəhbərliyi ilə
"Uşaqlarda şəkərli diabetin gedişi xüsusiyyətləri"
mövzularında hazırladıqları elmi-tədqiqat
işləri konfrans iştirakçıları tərəfindən
maraqla qarşılandı.
Sonda universitet Tələbə Elmi Cəmiyyəti
təşkilatçılarına, fakültə üzrə
TEC sədrlərinə üzvlük vəsiqələri
paylandı, yer tutan tələbələrə diplomlar təqdim
olundu.
Mehriban SULTAN
Azərbaycan
müəllimi.- 2012.- 8 iyun.- S.3.