BDU-da
Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
Bakı Dövlət Universitetində
Milli Qurtuluş Günü münasibətilə tədbir
keçirilib. Tədbiri giriş sözü ilə açan
universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, 19
il bundan əvvəl xalqımız ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışına nail ola bildi. Ulu
öndər Azərbaycan xalqını düşdüyü bəlalardan,
problemlərdən qurtardı və
xalqımızın Qurtuluş yolunu müəyyənləşdirdi.
Dağlıq Qarabağ problemindən də danışan
rektor bildirib ki, Prezident İlham Əliyevin uğurla davam
etdirdiyi kurs xalqımızı yaxın gələcəkdə
bu problemdən qurtaracaq və biz Qurtuluş Gününü
daha böyük sevinc və fərəhlə qeyd edəcəyik:
"Tarix göstərir ki, bütün böyük problemlərin
həlli qısa zaman kəsiyində baş vermir. Onun həlli
üçün bütün xalq mütəşəkkil
formada mübarizə aparmalıdır. Bu baxımdan
Dağlıq Qarabağ probleminin həlli istiqamətində
ölkə başçısının apardığı məqsədyönlü
və ardıcıl siyasəti yerlərdə hər bir azərbaycanlı
daxili problemi hiss etməli və onun həlli üçün
çalışmalıdır. Güman edirəm ki, bu gün
BDU-nun təşəbbüsü ilə Fransada çap olunub ərsəyə
gələn və fransız dilində dünya ictimaiyyətinə təqdim olunan holland mənşəli
hərbi müxbir Çarlz Van
der Leunun "Dağlıq Qarabağ: dünyanın
unutduğu müharibə" kitabı bu istiqamətdə
atılmış addımlardan biridir".
Kitab haqqında məlumat verən rektor
bildirib ki, Çarlz Van der Leu 1952-ci il iyulun 18-də anadan olub,
fransız dilində klassik Avropa təhsili aldıqdan sonra
1977-ci ildən müstəqil jurnalist kimi fəaliyyətə
başlayıb, 1986-cı ildə İran-İraq müharibəsi
haqqında "Qolfda müharibə" adlı kitabından
sonra məşhurlaşıb. 1987-1990-cı illərdə
Çarlz Van der Leu Beyrut radiosunda işləməyə
başlayıb və Livan vətəndaş müharibəsi
haqqında açıqlamalar verib. Həddindən artıq
açıq və sərt çıxışlarına
görə oğurlanıb və iki il həbsxana həyatı
keçirib. Azadlığa çıxdıqdan sonra "Livan-günahsız müqəssir"
adlı kitabını buraxıb, daha sonra 2 il Madriddə
müxbir kimi işləyib. Nəhayət, 1992-ci ildə Azərbaycana
gəlib, 7 il burada yaşayıb. Bu illər ərzində
"Azərbaycan: şəxsiyyət
axtarışında" (ingilis dilində), "Qafqazda
fırtına" (ingilis və alman dillərində),
"Qafqazda və Xəzərdə neft və qaz: tarix"
(ingilis dilində) kitablarını yazıb. Sonuncu analitik
kitabı olan "Dağlıq Qarabağ: dünyanın
unutduğu müharibə" əsərini Çarlz hələ
2003-cü ildən yazmağı planlaşdırıb.
Özünün yazdığına görə, fransız
dilində Dağlıq Qarabağla əlaqədar heç bir
obyektiv məlumat əldə edə bilmədiyinə görə
müxtəlif çoxsaylı ədəbiyyatlara müraciət
etməli olub.
Müəllif kitabın ön sözündə
qeyd edir ki, fransız dilində rast gəldiyi və
açıq-aşkar erməni lobbisinin təsiri altında
birtərəfli işıqlandırılan Qarabağ tarixinin əslində
çox maraqlı və dünyaya təqdim olunduğundan fərqli
tarixi vardır.
Azərbaycan tarixi haqqında qədim və
müasir alimlərin əsərlərini diqqətlə
araşdıran, yalnız azərbaycanlı və erməni
müəlliflərinin deyil, həm də avropalı
tarixçilərin əsərlərini oxuyan Çarlz Van der Leu Azərbaycanda
olduğu illər ərzində müxtəlif adamlardan
götürdüyü müsahibələri, çəkdiyi
şəkilləri, cəbhə xəttində
görüşdüyü insanları, şahidi olduğu
hadisələri ümumiləşdirərək bu kitabı
yazmaq qərarına gəlib. Müəllif ön sözdə
yazır: "güman edirəm ki, bu kitab hələ də
davam edən münaqişənin həllinə kömək
etmək istəyənlərə öz töhfəsini verəcəkdir.
Bu faciəvi münaqişənin pərdəarxası hadisələrini
düzgün başa düşməyə köməklik
göstərəcəkdir".
Rektor bildirib ki, bu kitabla tanış
olarkən burada avropalı müəllifin obyektiv
yanaşmasının şahidi olduq. Fransa lobbisinin təsiri
altında yazan bir çox
müəlliflərdən fərqli olaraq Çarlz Van der
Leu Qarabağ hadisələrinə,
onun tarixinə real yanaşıb, münaqişəni hərtərəfli
və obyektiv işıqlandırmağa
çalışıb. Məhz bu keyfiyyət diqqətimizi cəlb
etdiyindən, kitabın çapı haqqında qərara gəlmişik. Geniş
müzakirələrdən sonra kitabın təsir qüvvəsinin
daha effektli alınması üçün onun fransız dilində
və erməni lobbisinin güclü fəaliyyət göstərdiyi,
buna görə də, heç də həmişə
Dağlıq Qarabağ hadisələrinə obyektiv
yanaşmağı bacarmayan Fransada çap etmək qərarına
gəldik.
Rektor bu məsələdə köməklik
göstərən bütün insanlara, böyük
sifarişləri olmasına baxmayaraq, universitetin xahişini
qısa müddətdə yerinə yetirən L.Harmattan nəşriyyatına,
Parisdə fəaliyyət göstərən Şərq Dilləri
və Mədəniyyətləri İnstitutunun prezidenti Jak
Leqrana təşəkkürlərini çatdırıb.
Sonda deyib ki, çox qısa müddətdə çapa
hazırlanaraq nəşr edilmiş bu kitab vasitəsilə
Qarabağ həqiqətlərinə bir qədər də
aydınlıq gələcək, xalqımızın üzləşdiyi
bu ədalətsiz münaqişə haqqında, nəhayət,
Avropa ölkələrində ədalətli münasibət
görəcəyik.
Rektor Abel Məhərrəmov həmçinin
alman alimi Heiko Krügerin "Dağlıq Qarabağ konflikti -
hüquqi araşdırmalar"
kitabı haqqında da danışıb. Məlum olub ki,
həmin kitab bu ilin əvvəllərində BDU-nun təşəbbüsü
ilə ingilis dilindən rus dilinə tərcümə olunub.
Kitabda Dağlıq Qarabağ probleminin hüquqi analizi verilib,
bu münaqişənin obyektiv təhlili aparılıb ki, bu
gün həmin kitabın dünyanın 3 aparıcı dilində
- alman, ingilis və rus dillərində olan variantları
hazırdır: "Biz çalışacağıq ki, həm
Çarlz Van der Leunun, həm də Heiko Krügerin
kitabları dünyanın bir çox dillərində
çap olunsun və beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırılsın. Uzun müddət informasiya
blokadasında dondurulmuş Qarabağ həqiqətlərini
dünya xalqlarına çatdırmaq üçün biz
bütün vasitələrdən istifadə edəcəyik.
Biz bu sahədə araşdırmalarımızı davam
etdiririk. Beynəlxalq aləmdə bu konfliktlə bağlı
xarici müəlliflərin çap olunmuş
kitablarını, əlbəttə, həqiqəti qələmə
alanları müxtəlif dillərdə çap edib bu barədə
indiyədək olan yalan məlumatlar şəbəkəsinə
sarsıdıcı təsirimizi göstərəcəyik. Mən
hesab edirəm ki, belə yanaşma hər kəsin vətəndaşlıq
borcudur və Qurtuluş gününə ən gözəl hədiyyədir".
Prezident Administrasiyasının Xarici əlaqələr
şöbəsinin müdiri Novruz Məmmədov Qurtuluş
günündən, təqdim olunan kitabların əhəmiyyətindən
danışıb, xalqımızı bu əziz gün
münasibətilə təbrik edib.
Akademik Vasim Məmmədəliyev, millət
vəkili Musa Qasımlı da Qurtuluş günü və
kitablarla bağlı fikirlərini bölüşüblər.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbayvcan müəllimi.- 2012.-
15 iyun.- S.3.