Kibertexnologiyalara aparan beynəlxalq
əməkdaşlıq
"Azərbaycan
2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının suveren Azərbaycan Respublikasını təhlükəsiz,
stabil, ekoloji dayanaqlı, dinamik inkişaf edən iqtisadiyyata
malik dünya dövlətlərindən birinə transformasiya
olunması perspektivlərinin hədəf və istiqamətlərinin
hər biri bu və ya digər dərəcədə Azərbaycan vətəndaşının
təhsili ilə bağlıdır.
Təhsildə
informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin
dünya standartları səviyyəsinə
çatdırılması ölkəmiz üçün
prioritet istiqamətlərdən biridir. "2009-2013-cü illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində
islahatlar üzrə Dövlət Proqramı"nın əsas
məqsədi ölkənin ali təhsilinin Avropa təhsil məkanına
inteqrasiyası, onun məzmununun Boloniya prosesinin prinsiplərinə
uyğunlaşdırılması, cəlbediciliyin və rəqabətqabiliyyətliliyinin
təmin edilməsi, habelə informasiya cəmiyyətinin və
biliklərə söykənən iqtisadiyyatın tələblərinə
uyğun kadr potensialının
formalaşdırılmasıdır.
Dövlət
Proqramının icrası istiqamətində Azərbaycan
Texniki Universitetində genişmiqyaslı tədbirlər
planı həyata keçirilir, vahid təhsil məkanı
formalaşdırılır, təhsil xidmətlərinin
mobilliyi təmin olunur, yeni təhsil standartları və təhsilin
təşkilini reqlamentləşdirən normativ sənədlər
işlənir. Bu gün İKT tətbiqi üzrə
elmi-metodiki bazanın təkmilləşdirilməsi, elektron təhsil
məkanının formalaşdırılması günün əsas
tələbi olaraq qalır. Qarşıya qoyulmuş məqsədə
nail olmaq üçün aşağıdakı vəzifələrin
yerinə yetirilməsi istiqamətində məqsədyönlü
fəaliyyət həyata keçirilir:
* Təhsil sistemində İKT
infrastrukturunun inkişaf etdirilməsi;
* Elektron təhsil texnologiyalarının
genişləndirilməsi;
* Təhsildə idarəetmə
strukturlarının informasiyalaşdırılması;
* Kadr potensialının gücləndirilməsi;
* Normativ-hüquqi bazanın təkmilləşdirilməsi.
Ali ixtisas təhsili sisteminin Boloniya prosesi
kontekstində modernləşdirilməsinin, təhsilin keyfiyyətinin
yüksəldilməsi və nəticələrinin
tanınmasının əsas istiqamətlərindən biri də
tədris prosesində və idarəetmə strukturlarında müasir informasiya
texnologiyalarının tətbiqidir. Son illərdə mühəndis
hazırlığında elektron təhsil kontentlərinin
yaradılması, kafedra və laboratoriyaların müvafiq
aparat-proqram vasitələri ilə təmin olunması,
istehsalın texnoloji hazırlığı məsələlərinin
həllində müasir proqram komplekslərindən: Uniqraphiqs,
Catya, Pro/E, SolidWorks, İnventor, Solid Edge, AutoCAD və s.
geniş istifadə edilməsi bu istiqamətdə atılan tutarlı
addımlardır.
Elektron təhsil (E-Learning) informasiya-sənaye ölkələrində
gələcəyin təhsili sayılır. İnformasiya-kommunikasiya texnologiyaları tədrisdə
tədqiqat və ya əyani vasitə obyektləri olmaqla
yanaşı, təhsilin keyfiyyətinin yüksəldilməsi
vasitəsi kimi də ənənəvi kağız və
kitabxana texnologiyalarının imkan vermədiyi informasiyanın
əldə edilməsinə və işlənməsinə
imkan yaratmalıdır. Təhsildə yeni tədris
texnologiyaları açıq və distant təhsil
üçün tədris vasitələrinin, elektron dərsliklərin,
təhsil portallarının yaradılmasını,
multiagentli-multimedia və hiper-media texnologiyalarından istifadəni,
animasiya texnologiyaları vasitəsilə tədris
materiallarının əyanilik dərəcəsinin artırılmasını,
telekonfrans texnologiyaları vasitəsilə respublika və beynəlxalq
miqyaslı telekonfranslarda iştirak etməyi və s. əhatə
edir.
Təhsildə informasiya-kommunikasiya
texnologiyalarının ən son nailiyyətləri isə
universitetlərin idarə olunmasının
avtomatlaşdırılmış sistemi olan - "Elektron
universitet" (EU) layihəsində öz əksini
tapmışdır. "Elektron
universitet" anlayışı faktiki olaraq təhsilin distant və onlayn
formalarının inkişafının yeni mərhələsini
əhatə edir, təhsil müəssisəsinin potensial
sifarişçisi olan tələbələrin təhsil
problemlərinin iqtisadi əlverişli üsullarla həlli və
təhsil xidmətlərini kiberüsullarla həyata
keçirmək imkanları yaradır.
AzTU-da təhsilin
informasiyalaşdırılmasının vacib atributlarından
biri kimi "Elektron universitet" yaradılması istiqamətində
lazımi bazanın formalaşdırılması məqsədilə
2009-cu ildən işçi qrup fəaliyyət göstərir.
İşçi qrup tərəfindən "Elektron
universitet" sistemi ətrafında geniş informasiya
axtarışı həyata keçirilmiş, dünyanın
bir sıra aparıcı universitetlərinin, o cümlədən
Bauman adına MQTU (Rusiya), Qazaxıstan Milli Texniki Universiteti,
"Elektron universitet" İnternet saytı, Koreya Politexnik
Universiteti (Koreya), Frayberq Dağ Akademiyası Texniki Universiteti
(Almaniya), Qrenobl Akademiyasının (Fransa) EU layihələri
öyrənilmiş və təhlil
olunmuşdur:
Prototip layihələrin təhlili nəticəsində
Elektron AzTU konsepsiyasının baza prinsipləri və həll
edilməli olan əsas məsələlər müəyyənləşdirilmişdir.
* Vahid informasiya mühitinin
formalaşdırılması. Müxtəlif növ verilənlər
bazalarının qarşılıqlı informasiya əlaqəsini
təmin edən vasitələrin yaradılması;
* Universitetin fəaliyyətini əks etdirən, təhlil edən
və həmçinin vahid informasiya mühiti əsasında
universitetin idarə olunması ilə əlaqədar qərar qəbul
etməyə imkan verən analitik sistemin tətbiqi;
* Mövcud tədris proseslərinin təkrar
araşdırılması və
avtomatlaşdırılmış informasiya sistemlərinə
adaptasiya olunması;
* Universitetin ayrı-ayrı funksional
bölmələrinin avtomatlaşdırılması.
E-AzTU-nun işlənməsi
üçün Bauman adına
MQTU-nun Rusiya Federasiyasının Dövlət mükafatına
layiq görülmüş "Elektron universitet" layihəsi
və Koreya Politexnik Universitetinin "Elektron universitet"
layihəsi prototip kimi seçilmişdi. Məqsəd Azərbaycanla
Rusiya təhsil sistemlərinin identik xüsusiyyətlərindən
və Koreyanın qabaqcıl elektron təhsil
texnologiyalarından istifadə etməklə Azərbaycan Texniki Universiteti
üçün spesifik olan yeni bir layihə yaratmaq idi. MQTU-nun və AzTU-nun rektorları səviyyəsində
qurulmuş işgüzar münasibətlər layihə rəhbərləri
və mütəxəssislər səviyyəsində davam
etdirilərək uzunmüddətli və geniş əməkdaşlıq
imkanlarını nəzərdə tutan ikitərəfli
çərçivə sazişinin bağlanması ilə nəticələndi.
Koreya təhsil sistemi ilə qurulmuş
münasibətlər isə Koreya Politexnik Universitetinin
rektorunun rəhbərliyi ilə təhsilin müxtəlif sahələrini,
o cümlədən də İKT-ni təmsil edən mütəxəssislər
qrupunun AzTU-ya səfəri çərçivəsində
irimiqyaslı əməkdaşlıq strategiyasının, o
cümlədən də gələcək EU layihəsinin və
tələbə-müəllim mübadiləsinin
konturlarını müəyyənləşdirdi. Bu gün artıq KPU-nun bir nəfər professoru
AzTU-da təcrübə keçır.
Aparılmış məqsədyönlü
fəaliyyət əsasında Koreya Respublikasının Xarici
İşlər və Ticarət nazirlikləri və Azərbaycan
Respublikasının Təhsil Nazirliyi arasında "Azərbaycan
Texniki Universitetinin elektron idarə sistemi" layihəsi
üzrə 12 oktyavr 2011-ci ildə qrant sazişi imzalandı. Beləliklə, E-AzTU layihəsinin həyata
keçirilməsi istiqamətində minimum proqram
reallaşdı, KOİKA-nın elan etdiyi müsabiqədə
AzTU-nun təqdim etdiyi EU layihəsinə üstünlük
verildi. Layihənin müddəti iki il
səkkiz ay, büdcəsi isə 2 miliyon ABŞ dolları təşkil
edir. Layihə Azərbaycan Texniki Universiteti üçün
akademik idarəetmə, portal, veb server, Elektron poçt, qrup təminatı
sistemləri və Elektron təhsil kontentlərinin
yaradılmasını nəzərdə tutur.
Onu da qeyd etmək yerinə düşərdi
ki, Koreya Respublikasının təhsil və İT müəssisələri
ilə AzTU arasında işgüzar və dinamik əlaqələrin
yaranmasında Koreya Respublikasının Beynəlxalq Əməkdaşlıq
Agentliyi - KOİCA-nın xüsusi rolu vardır. Son illərdə
KOİCA Azərbaycanda bir sıra irimiqyaslı layihələr,
o cümlədən də: Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi (SPMDK) ilə "Əqli
Mülkiyyət Hüquqlarının İdarəetmə
Sisteminin Avtomatlaşdırılması" layihəsi;
dövlət qurumlarında çalışan bakalavr və ya
daha yüksək dərəcəli şəxslər
üçün müxtəlif istiqamətlər üzrə
təqaüdlü magistr proqramlarının təşkili;
Bakı buxtası üzərindən inşa olunacaq
körpünün layihələndirilməsi və s. layihələr həyata keçirir.
"Azərbaycan Texniki Universitetinin elektron
idarə sistemi" layihəsi Koreya Respublikasında KOİCA tərəfindən
elan edilmiş müsabiqənin qalibi olan Nongshim Data Sistem-NDS
şirkəti tərəfindən icra edilir. NDS, Koreyada qida məhsullarının istehsalı və informasiya
texnologiyaları sahəsində aparıcı şirkətlərdən
biri hesab edilir. Layihənin imzalandığı ilk gündən
Koreyanın NDS şirkətinin və AzTU-nun mütəxəssisləri
arasında, AzTU üçün daha əlverişli EU
platformasının seçilməsi, mövcud şəraitə
adaptasiya olunması və asanlıqla müşayiət
olunması istiqamətində intensiv qarşılıqlı fəaliyyət
həyata keçirilir. Layihənin proqramı çərçivəsində
ilkin hazırlıqların həyata keçirilməsi,
AzTU-nun təhsil sistemi ilə tanışlıq və layihə
tapşırığının dəqiqləşdirilməsi
məqsədilə koreyalı mütəxəssislər
artıq iki dəfə (noyabr 2011 və fevral 2012) AzTU-da
olmuş və yerli mütəxəssislərlə birgə nəzərdə
tutulan işləri yerinə yetirmişlər.
Layihənin müvəffəqiyyətlə
müşayiət olunmasını təmin etmək
üçün tələb olunan bilik və vərdişlər
əldə etmək məqsədilə AzTU-nun layihəyə
cəlb olunmuş mütəxəssislərindən bir qrupu,
universitetin rektoru, professor Havar Məmmədovun rəhbərliyi
altında layihənin proqramı çərçivəsində
bu gunlərdə bir həftə müddətində Seul şəhərində,
Koreyanın İT üzrə aparıcı şirkətlərində
AzTU-nun rəhbər işçiləri üçün təşkil olunmuş təlim
kurslarında iştirak etmişlər.
İşgüzar səfərin ilk günündə
nümayəndə heyətini KOİCA-nın Asiya
departamentinin direktoru, cənab Heung-yul Choi qəbul etdi.
Giriş sözündə cənab
Heung-yul, Choi Koreya və Azərbaycan dövlətləri
arasındakı iqtisadi əlaqələrdən,
KOİCA-nın Azərbaycanda yerinə yetirdiyi layihələrdən
və "Azərbaycan Texniki Universitetinin elektron idarə
sistemi" layihəsinin hazırkı vəziyyətindən
danışdı. Azərbaycan Texniki Universitetinin rektoru,
professor Havar Məmmədov cavab nitqində İKT-nin Azərbaycan dövlətinin əsas
prioritetlərindən biri olduğunu vurğulayaraq,
KOİCA-nın Azərbaycanda gördüyü işlər və
"Azərbaycan Texniki Universitetinin elektron idarə sistemi"
layihəsinin hazırkı vəziyyəti haqqında məlumat
verdi. Professor H.Məmmədov həmçinin Azərbaycan
Texniki Universitetinin nümayəndə heyəti
üçün yaradılmış şəraitə
görə KOİCA-nın rəhbərliyinə təşəkkürünü bildirdi.
Daha sonra KOİCA-nın inzibati binasında
Koreya dövlətinin yaranma tarixindən, inkişafından və
Koreya xalqının mədəniyyətindən bəhs edən
mühazirələr dinlənildi, video çarxlar
nümayiş etdirildi.
Mayın 1-də nümayəndə heyəti
Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyində
səfir Rövşən Cəmşidov tərəfindən qəbul
edildi. Rövşən müəllim nümayəndə heyətini
salamlayaraq ölkələrimiz arasındakı əlaqələrin
genişlənməsindən və inkişafından
danışdı, Azərbaycan-Koreya əməkdaşlığına
dair statistik faktlar söylədi. Səfir Rövşən Cəmşidov
"Azərbaycan Texniki Universitetinin elektron idarə sistemi"
layihəsinin yerinə yetirilməsində, habelə Koreyada
keçirilən treninqlərdə nümayəndə heyətinə
uğurlar arzuladı. Səfirliyin layihənin yerinə yetirilməsinə
hər cür dəstək verəcəyi barədə AzTU-nun
rektoru, professor H.Məmmədova zəmanət verdi. Cavab nitqində
AzTU-nun rektoru, professor H.Məmmədov Azərbaycanın uzaq
Koreya Respublikasında dalğalanan möhtəşəm
bayrağını görməkdən qürur duyduğunu
söylədi, səfirliyimizin Azərbaycan vətəndaşlarına
və ayrı-ayrı təşkilatlarına yüksək
peşəkarlıqla xidmət etdiyinə görə səfir
başda olmaqla hər bir əməkdaşa minnətdarlığını
bildirdi. Səfir Rövşən
Cəmşidov bundan sonra da AzTU ilə Koreya
Respublikasının uyğun ali məktəbləri
arasında əməkdaşlığın
yaradılmasında, beynəlxalq elmi-tədris layihələrdə
iştirakı zamanı dəstəklənməsində və
tələbə-müəllim mübadiləsində
yardımçı olacaqlarını bildirdi.
NDS şirkətində nümayəndə heyəti
üçün "Azərbaycan Texniki Universitetinin elektron
idarə sistemi" layihəsinin yerinə yetirilməsinin vacib
mərhələləri üzrə treninqlər
keçirildi. Treninqlər çərçivəsində layihənin əsas modulları
"Akademik idarə sistemi", "Qrup proqram təminatı
sistemi" və "Layihənin texniki təminatı" ilə
əlaqədar mövzularda mühazirələr dinlənildi,
məruzələr ətrafında geniş müzakirələr
aparıldı, NDS şirkəti tərəfindən AzTU-ya
göndəriləcək avadanlıqların analoqlarına
baxış keçirildi, onların parametrləri və
kompanovkası ilə bağlı bəzi məsələlər
dəqiqləşdirildi.
Nümayəndə heyətinin Koreya
Politexnik Universitetinə səfəri xüsusi maraq doğurdu.
AzTU nümayəndə heyətinin şərəfinə təşkil
edilmiş qəbulda hər iki rektorun ikitərəfli əlaqələrin
hazırkı vəziyyəti və gələcək perspektivlərinə
dair çıxışları dinlənildi, universitetlər
arasındakı əlaqələrin hazırkı vəziyyətindən
razılıq ifadə edildi və hər iki tərəf
üçün maraq kəsb edən, yeni layihələr ətrafında
əməkdaşlığın genişləndirilməsi qərara
alındı. Professor Havar Məmmədov AzTU üçün
Asiya modeli əsasında müasir texnoparkın
yaradılmasının vacib əhəmiyyət
daşıdığını və bu sahədə KPU ilə
əməkdaşlığın AzTU üçün
çox önəmli olduğunu
vurğuladı. Görüşdə həmçinin tələbə-müəllim
mübadiləsi barədə də təkliflər səsləndi.
Qeyd etmək lazımdır ki, KPU
Koreyanın aparıcı universitetlərindən biridir. KPU
universitet məzunlarının işlə təminlik göstəricisinə
görə (70,1%) ölkənin digər universitetləri
arasında birinci yeri tutur.Universitetdə təhsil, elm və
istehsalatın inteqrasiyası istiqamətində geniş proqram
həyata keçirilir. Onu demək kifayətdir ki, 2000-ci ildə
KPU-nun əməkdaşlıq etdiyi şirkətlərin
sayı 273 olduğu halda, 2010-cu ildə 3320 olmuşdur.
2013-cü ildə isə 5000 olacağı
planlaşdırılır. Nümayəndə heyəti KPU-da
"Təhsil və istehsalatın inteqrasiya mərkəzi",
"Engineering mərkəzi", "Texno-innovasiya
parkı", İngilis dili kafesi və digər maraq kəsb
edən qurumlarla tanış oldu və gələcək əməkdaşlıq
obyektlərinin müəyyən olunması istiqamətində
fikir mübadiləsi apardı.
Layihədə təmsil olunan rəhbər
işçilər üçün təlim kurslarının
proqramına Koreyada yüksək
texnologiyaların (Hi-tech) daşıyıcı və
yaradıcıları: Smart & Green Technologi
İnnovator-ETRİ; Samsung Electroniks, Kiberuniversitet,
"Digital" sərgi pavilyonu və s. şirkətlərdə
də qəbullar daxil edilmişdi.
Nümayəndə heyəti
üçün Kiberuniversitetdə istifadə olunan asinxron tədris
texnologiyaları, xüsusilə də elektron təhsil kontentlərin
yaradılma texnologiyaları, interaktiv rejimdə müəllim-tələbə
dialoqunun qurulması və təhsilin nəticələrinin
qiymətləndirilməsi böyük maraq doğurdu. Distant tədris
texnologiyalarının tətbiqi hər bir fənn üzrə
elektron təhsil kontentlərinin yaradılmasını tələb
edir. Tədris kontentinə hər bir ixtisas üzrə tədris
planı, fənn proqramları, əsas və əlavə ədəbiyyatlar,
tədris-metodiki kartlar, elektron mühazirələr, imtahan
sualları (testlər), laboratoriya və kurs işlərinə
aid metodiki göstərişlər daxil edilməlidir.
Kiberuniversitetdə təhsil kontentləri, fənn müəlliminin
iştirakı ilə, multimedia vasitələri ilə təchiz
edilmiş xüsusi studiyada yazılır, qonşu studiyada dizayn olunur və
formatlaşdırılaraq İnternet şəbəkəsinə
çıxarılır.
Elektron tədris kontentlərinin işlənməsində
pedaqoji və psixoloji proseslərin ümumi prinsipləri və
elektron dərslikdən istifadənin səmərəlilik
şərtləri nəzərə alınır. Elektron dərslik
həm konkret fəaliyyətin, həm də tədris prosesinin
informasiya modeli olaraq: informasiya, transformasiya, sistemləşdirici,
özünə nəzarət, alınmış biliyin mənimsənilməsi,
biliyin artırılması, inteqrasiya etmə, kordinasiya etmə,
tədrisin fərdiləşməsi və diferensiasiyası
funksiyalarını yerinə yetirməlidir. Elektron dərslik
bir sistem kimi tədris prosesinin mərhələlərini yerinə
yetirmək üçün vacib olan aşağıdakı
pedaqoji-texnoloji tələblərə cavab verməlidir:
* Vacib informasiyanı tez tapmaq
üçün "bilik ağacına", hipermətn
istinadlarına və lüğətə malik
olmalıdır;
* İnformasiya yüksək dəqiqliklə
strukturlaşmalı və kursun mövzusu ətrafında
seçilmiş fraqmentlərlə tamamlanmalıdır;
* Kursun sxemi tədris materiallarının
strukturunu başa düşməyə imkan verməli, dərsliyin
məzmununu qısaca olaraq mətni-qrafiki şəkildə təqdim
edə bilməlidir;
* Elektron dərsliyin ayrı-ayrı
fraqmentlərini müəyyən
qrafiki obrazlarla təqdim
etməklə onun yadda saxlanması prosesi sadələşdirilməlidir;
* Hər bir mövzunun sonunda tədris
materiallarının necə qavrandığını
yoxlamağa imkan verən test sistemi olmalıdır;
* Test nəzarətində hər bir tələbənin
buraxdığı səhvlər kəmiyyət və keyfiyyət
baxımından qeydiyyata alınmalıdır;
* Tələbə "Elektron
müşahidəçi" vasitəsilə verilmiş
mövzunun hansı hissəsini mənimsədiyini, hansı məsələlərin
isə diqqətdən kənarda qaldığını
öyrənə bilməlidir;
* Tədris materiallarını ildən-ilə
yeniləşdirmək imkanlarına malik olmalıdır;
* Dərslik saytından çıxmadan
seçilmiş informasiyanın surətini çıxarmaq,
redaktə etmək və çap edə bilmək imkanları
olmalıdır;
* Mətn və illüstrasiyalar tədris
tapşırığı əsasında qurulmuş
konstruksiyadan asılı olmalıdır;
* Mühazirənin sonunda verilmiş məşğələ
və misallar, mövzunun mənimsənilməsinə yönəlmiş
müxtəlif növ nəzəri və praktiki fəaliyyətin
stimullaşdırılmasına və təşkilinə xidmət
etməlidir.
Kiberuniversitetin rəhbərliyi ilə Azərbaycan nümayəndə
heyəti arasında təcrübə mübadiləsi əsasında
aparılan müzakirələrdə tətbiq olunan onlayn
texnologiyalarının, yaradılmış elektron təhsil
kontentlərinin AzTU-da tətbiqi istiqamətində əməkdaşlığın
yüksək səmərə verəcəyi
vurğulandı və bu istiqamətdə
bağlanacaq gələcək müqavilənin şərtləri
dəqiqləşdirildi.
Səfər müddətində nümayəndə
heyətinə geniş mədəni proqram da təklif
olunmuşdur. Belə ki, AzTU-nun əməkdaşları Milli
Assambleyanın fəaliyyətinə dair ekskursiyada, qədim məbədgahlarda
və SeulTourda gəzintilərdə olmuş, Koreya Milli
Teatrında tamaşaya baxmışlar.
Səfərin yekununda Azərbaycan Texniki
Universitetindən ezam olunmuş bütün əməkdaşlar
rəhbərlər üçün təlim kurslarının
xüsusi sertifikatları ilə təltif olundu.
Mustafa
BABANLI,
AzTU-nun
beynəlxalq
əlaqələr
üzrə prorektoru,
texnika elmləri
doktoru,
professor,
Həsən
HÜSEYNOV,
AzTU-nun
kafedra müdiri,
texnika
elmləri doktoru,
professor,
layihənin meneceri
Azərbaycan
müəllimi.- 2012.- 15 iyun.- S.5.