Çili Respublikasının təhsil
sistemi
Çili Respublikası
Ərazisi: 756 min kv.
km
Əhalisi: 17,4 milyon nəfər
Paytaxtı: Santyaqo
Dövlət dili: kastiliya dili
Pul vahidi:
peso
Təhsil sistemi
Çilinin
təhsil sistemi yüksək əks mərkəzləşdirilmiş
idarəçiliyi ilə xarakterizə olunur. Dövlət, bələdiyyə
və özəl təhsil müəssisələri eyni tələblər
əsasında fəaliyyət göstərirlər.
Ölkədə
təhsil 4 pillədən - məktəbəqədər, əsas
(ibtidai), orta və ali təhsil pilləsindən
ibarətdir. Uşaqlar 6 yaşa qədər məktəbəqədər
təhsilə, 6-13 yaşlarında əsas təhsilə, 14-17
yaşlarında orta təhsilə cəlb olunurlar. Əsas təhsil pilləsi I-VIII, orta təhsil pilləsi
isə IX-XII sinifləri əhatə edir.
Ölkə
Konstitusiyasına görə əsas və orta təhsil icbari
hesab edilir. Dövlət hamı üçün 12 illik icbari təhsil
almağa bərabər imkanlar yaradır. Bu,
Latın Amerikası ölkələri üçün analoqu
olmayan haldır. Təsadüfi deyil ki, Çilidə əhalinin
ümumi savadlılıq səviyyəsi 96 faiz təşkil
edir ki, bu da Cənubi Amerika ölkələri üzrə
çox yaxşı göstəricilərdən biri hesab
olunur.
Orta təhsil
pilləsi kurikulumun məzmunundan asılı olaraq təbiət,
humanitar, texniki və ya peşə təmayüllü ola bilər. Dövlət, dövlətdən
maliyyə dəstəyi alan özəl,
dövlətdən maliyyə dəstəyi almayan özəl
və müstəqil idarəetməyə malik məktəblər
fəaliyyət göstərir.
Bütün
təhsil müəssisələrində pulsuz təhsil xidmətləri
göstərilməsə də, dövlətə məxsus
olan ümumi təhsil müəssisələrində təhsil
haqqını ödəmək üçün hər bir
şagirdə hökumət tərəfindən maddi dəstək
verilir. Odur ki, bütün bunları nəzərə alaraq,
ölkədə ümumi orta təhsilin pulsuz olduğunu
söyləyə bilərik.
Dövlət
tərəfindən əsas və orta təhsil pilləsində
oxuyan şagirdlərin 93 faizinə təhsil xərclərinin
ödənilməsi üçün vauçerlər verilir. Qalan 3 faiz isə özəl
təhsil müəssisələrində öz xərcləri
hesabına oxuyur.
Ali təhsil
müəssisələri sırasına universitetlər,
peşə institutları və peşə təhsili mərkəzləri
daxildir.
Onu da qeyd edək
ki, Çilidə ümumilikdə ümumi daxili məhsulun 7,3 faizi həcmində vəsait təhsil sahəsinə
ayrılır.
Məktəbəqədər təhsil
Çili
məktəbəqədər təhsil sahəsində ən
müasir strategiyaya malik olan ölkələrdən biridir. Məktəbəqədər
təhsil müəssisələrinə 6 yaşa qədər
olan uşaqlar cəlb edilir. 2007-ci ildə
Konstitusiyada edilmiş dəyişikliyə əsasən, məktəbəqədər
təhsil pulsuz olsa da, icbari deyil.
Son illər məktəbəqədər
təhsil sahəsində böyük irəliləyişə
nail olunub. Məktəbəqədər təhsilə
ayrılan dövlət xərclərinin həcmi əsaslı
şəkildə artırılıb. Körpələrə
qayğı mərkəzlərinin sayı 4 dəfə,
bağçaların sayı isə 5 dəfə
çoxalıb.
Məktəbəqədər
təhsil müəssisələri idarəetmə prinsiplərinə
görə dövlət və özəl, maliyyələşmə
mənbəyinə görə isə bələdiyyə,
dövlətdən maddi dəstək alan
özəl və dövlətdən maddi dəstək almayan
özəl təhsil müəssisələri kimi
qruplaşdırılır. Bələdiyyələrin
nəzdindəki məktəbəqədər təhsil müəssisələrində
heç bir ödəniş tələb olunmur. Dövlət hər bir uşağa görə
müəssisəyə subsidiya ayırır. Maraqlıdır ki, bir çox özəl məktəbəqədər
təhsil müəssisələri də dövlət tərəfindən
maddi yardım alır. Valideynlər
könüllülük prinsipi əsasında özəl məktəbəqədər
təhsil müəssisələrinə yardımlar da edirlər.
Dövlətdən
maddi dəstək almayan məktəbəqədər təhsil
müəssisələri tam özəl mənbələr
hesabına maliyyələşir. Bu müəssisələrdə
də təhsil haqqı tələb olunur.
Bundan əlavə,
Çilinin məktəbəqədər təhsil sistemi
üçün unikal olan cəhətlərdən biri də
dövlətin maliyyələşdirdiyi iki müstəqil
qurumun - Məktəbəqədər Təhsil üzrə
Milli Şura və İnteqra Fondunun bu sahənin inkişafı
üçün ciddi səylər göstərməsidir. Bu qurumlar kasıb əhali
qrupuna daxil olan uşaqların məktəbəqədər təhsilə
cəlb olunmasını təmin edir və müvafiq xidmətlər
göstərirlər.
Ümumilikdə,
ölkənin məktəbəqədər təhsil sistemi əsasən,
dövlət tərəfindən maliyyələşən
proqramlara (83 faiz) uyğun olaraq fəaliyyət göstərir. Son illər alternativ
qayğı və ailə proqramlarının, eləcə də
digər layihələrin həyata keçirilməsi,
müasir yeniliklərin tətbiqi ölkədə məktəbəqədər
təhsil sisteminin daha da inkişaf etdirilməsinə şərait
yaradıb.
Məktəbəqədər
təhsil kurikulumuna oxu, yazı hazırlığı, incəsənət,
musiqi sahəsi üzrə bacarıqların
aşılanması və inkişaf etdirilməsi daxildir. Bu təhsil pilləsi erkən
uşaqlıq və əsas təhsil dövrü arasında əlaqə
təşkil etdiyi üçün məktəbəqədər
müəssisələrdə uşaqlarda əməkdaşlıq
hisslərinin formalaşmasına, onların ictimailəşməsinə
xüsusi diqqət yetirilir. Məktəbəqədər
təhsil kurikulumunda oyunlar vasitəsilə uşaqların məntiqi
təfəkkürünün inkişaf etdirilməsinə də
geniş yer verilir.
Əsas təhsil
Çilidə
6-13 yaşlı uşaqlar əsas təhsilə (I-VIII siniflər)
cəlb olunurlar. Qeyd etdiyimiz kimi, əsas təhsil icbaridir. Əsas
təhsil müəssisələri idarəetmə prinsiplərinə
görə dövlət və özəl, maliyyələşmə
mənbəyinə görə isə bələdiyyə,
dövlətdən maddi dəstək alan
özəl və dövlətdən maddi dəstək almayan
özəl təhsil müəssisələrinə
bölünür.
Bələdiyyə
hesablı əsas təhsil müəssisələrində təhsil
pulsuzdur. Dövlət hər bir uşağa görə
müəssisəyə subsidiya verir. Dövlətdən
maddi yardım alan özəl əsas təhsil
müəssisələrində oxuyan uşaqların valideynləri
könüllülük prinsipi əsasında məktəbə
yardım edirlər. Dövlətdən maddi dəstək
almayan əsas təhsil müəssisələri tam özəl
mənbələr hesabına maliyyələşir və bu məktəblərdə
təhsil haqqı tələb olunur.
Çilinin
1997-ci ildə qəbul etdiyi əsas təhsil kurikulumu həm
icbari, həm də seçmə məzmundan ibarətdir. Kurikulumun seçmə məzmununa
uyğun olaraq hər bir məktəb öz tədris
proqramlarını müəyyən etməkdə azaddır.
Əsas təhsil pilləsində şagirdlərə
kurikulum üzrə ümumi təhsil fənləri, o cümlədən
riyaziyyat, təbiət elmləri və humanitar elmlər tədris
olunur.
2010-cu
ilin statistikasına görə, ölkə üzrə
müvafiq yaş qrupundakı uşaqların 99 faizi əsas təhsilə
cəlb olunub. Bu pilləni uğurla başa vurduqdan sonra şagirdlərə
əsas təhsil sertifikatı verilir.
Orta təhsil
Orta təhsil
pilləsi kurikulumun məzmunundan asılı olaraq təbiət,
humanitar, texniki və ya peşə təmayüllü ola bilər. Orta təhsilə
14-17 yaşlı (IX-XII siniflər) uşaqlar cəlb olunur.
Qeyd etdiyimiz kimi, orta təhsil icbari xarakter
daşıyır. Dövlət hamı
üçün 12 illik icbari təhsil almağa bərabər
imkanlar yaradır.
Təbiət
və ya humanitar təmayüllü məktəblərdə
şagirdlər müvafiq ixtisaslar üzrə ali
təhsil pilləsinə hazırlanır. Belə
məktəblərdə şagirdlər riyaziyyat, fizika, kimya,
biologiya, ədəbiyyat, tarix və ya fəlsəfə istiqaməti
üzrə daha dərin biliklərə yiyələnirlər.
Texniki və
peşə təmayüllü məktəbləri bitirmiş
şagirdlər birbaşa əmək bazarına daxil olmaq
imkanı qazanırlar. Bu məktəblərdə şagirdlərə
mexanika, çilingərlik, elektronika, eləcə də digər
texniki və peşə sahələri üzrə fənlər
daha çox praktiki istiqamət əsas götürülərək
tədris edilir.
Kurikulumun
məzmunu IX-X siniflərdə bütün profilli orta məktəblərdə
eynidir. Orta təhsilin XI-XII siniflərində isə
şagirdin seçdiyi ixtisasdan və məktəbin profilindən
asılı olaraq müvafiq ixtisaslaşma üzrə tədris
aparılır.
Orta təhsil
pilləsində texniki və peşə təmayüllü
orta məktəblər sayca üstünlük təşkil
edir. Belə təhsil
müəssisələri sırasına mexanika, elektronika,
informatika sahələri üzrə ixtisaslaşmış sənaye
məktəblərini, idarəetmə, mühasibatlıq, dəftərxana
sahələri üzrə ixtisaslaşmış kommersiya məktəblərini,
kulinariya, moda, dayəlik sahələri üzrə
ixtisaslaşmış texniki məktəbləri və
çoxprofilli (iki və daha çox sahə üzrə
ixtisaslaşmış) məktəbləri aid etmək olar.
2010-cu
ilin statistikasına görə, ölkə üzrə
müvafiq yaş qrupundakı uşaqların 92 faizi orta təhsilə
cəlb olunub. Orta təhsil pilləsini uğurla başa vuran
şagirdlərə orta təhsil haqqında sertifikat verilir.
Ali təhsil
Çilinin ali təhsil müəssisələri
sırasına universitetlər, peşə institutları və
texniki təlim mərkəzləri daxildir. Universitetlər ənənəvi
və özəl ali təhsil müəssisələri
olmaqla 2 qrupa bölünür. Çilidə 25
tam müstəqil ənənəvi və 50 özəl
universitet fəaliyyət göstərir. Ənənəvi
universitetlər ilə müqayisədə özəl ali məktəblərin sayı tədricən
artmaqdadır. Lakin yeni yaranmaqda olan özəl
universitetlərdə tədrisin keyfiyyəti ənənəvi
universitetlərlə müqayisədə nisbətən
aşağıdır.
Bütün
ənənəvi universitetlərə vahid və şəffaf
qəbul prosesi mövcuddur. Bu proses Universitetə Seçim Testi vasitəsilə
həyata keçirilir. Universitetə Seçim
Testi Təhsil Nazirliyi tərəfindən idarə olunur.
Universitetə Seçim Testi riyaziyyat və dil
olmaqla 2 icbari fənn üzrə həyata keçirilir. Bundan başqa, tələbələr ixtisaslaşma
və müraciət etdiyi proqram sahəsindən asılı
olaraq 2 xüsusi fəndən də imtahan verməlidir. Qəbul zamanı məzunların orta təhsil şəhadətnaməsindəki
qiymətlər də nəzərə alınır. Hər bir universitet təklif olunan proqramın məzmunundan
asılı olaraq əlavə imtahanlar da tələb edə
bilər.
Universitetlərdə
bakalavriatura, magistratura və doktorantura pilləsində
müxtəlif ixtisaslar üzrə kadrlar hazırlanır. Peşə institutları və texniki təlim
mərkəzləri isə özəl ali
təhsil müəssisələridir. Bu ali
təhsil müəssisələrinə qəbul yalnız orta
təhsil haqqında şəhadətnamədəki qiymətlərə
əsasən aparılır.
Çilidə
48 peşə institutu fəaliyyət göstərir ki, onlardan
da 11-i tam müstəqildir. Peşə institutlarında
təhsilin müddəti 4 ildir. Həmin
müəssisələrdə müxtəlif peşə sahələri
üzrə kadrlar hazırlanır və məzunlara müvafiq
peşə dərəcəsi verilir.
Ölkədə
117 texniki təlim mərkəzi fəaliyyət göstərir
ki, bunlardan 6-sı tam müstəqildir. Texniki təlim mərkəzlərində
təhsilin müddəti 2-2,5 ildir. Texniki təlim mərkəzlərində dövlət,
eləcə də özəl sektorun tələblərinə
uyğun bilik və bacarıqlara yiyələnmiş texniki
mütəxəssislər hazırlanır. Texniki təlim mərkəzlərini bitirənlərə
müvafiq texniki sahə üzrə sertifikat verilir.
2009-cu ilin
statistikasına görə, 18-24 yaşlı əhalinin 28,88 faizi ali məktəblərdə təhsil
alıb.
Ölkənin
bütün ali təhsil müəssisələri
ödənişlidir. Lakin ənənəvi
universitetlərdə təhsil haqlarının ödənilməsi
üçün dövlət tərəfindən tələbələrə
təhsil və sosialyönümlü kreditlər verilir.
Özəl universitetlərdə və texniki peşə
profilli ali təhsil müəssisələrində
təhsil haqlarının ödənilməsi
üçün tələbələr dövlət zəmanəti
əsasında banklardan kredit almaq imkanına sahibdirlər. Ancaq bankların verdiyi kreditlər üçün
faizlər nisbətən yüksək olur. Həmçinin,
ölkənin ali təhsil müəssisələrində
təhsil xərclərinin ödənilməsi
üçün bir çox təqaüdlərdən də
yararlanmaq mümkündür. Bu təqaüdlər
tələbələrin sosial statusuna, tədris göstəricilərinə
və bir sıra başqa meyarlara görə verilir.
Çilinin ali təhsil müəssisələri Latın
Amerikası ölkələri arasında ən yaxşı
ali məktəblər hesab edilir. Ölkənin ən qədim
və ən nüfuzlu ali təhsil müəssisəsi
əsası 1842-ci ildə qoyulmuş Çili Universitetidir.
Çili ali təhsil müəssisələrinin
verdiyi dərəcələr demək olar ki, dünyanın
bütün ölkələri tərəfindən tanınır.
Ali təhsil
müəssisələrində tədris ispan dilində
aparılsa da, son illər ingilis dilli proqramların sayı
artmaqdadır. Ali təhsil müəssisələrində tədris
olunan kurikulum və proqramlara Təhsil Nazirliyi cavabdehlik
daşıyır.
Xarici
ölkələrin ən nüfuzlu universitetlərində təhsil
almaq istəyən Çili vətəndaşları da
çoxsaylı təqaüd proqramlarından bəhrələnə
bilərlər. Xaricdə təhsil proqramları vasitəsilə on
minlərlə tələbənin dünyanın qabaqcıl
universitetlərində təhsili maliyyələşdirilir.
Bunun üçün dövlət tərəfindən
və ayrı-ayrı fondlar hesabına milyardlarla dollar vəsait
ayrılır. Ancaq qeyd olunan təqaüdlər
hesabına xaricdə oxuyan tələbələr təhsillərini
başa vurduqdan sonra geri qayıtmaq və təhsil
dövründən 2 dəfə artıq müddətdə
öz ölkələrində çalışmaq öhdəliyi
daşıyırlar.
Əlavə təhsil
Çilidə
yaşlıların təhsil səviyyəsinin yüksəldilməsi
üçün bir çox əlavə təhsil proqramı
və layihələri həyata keçirilir. 2002-2009-cu illəri əhatə
edən ixtisasartırma proqramı çərçivəsində
yaşlıların təhsilinə dair qaydalar müəyyənləşdirilib.
Yaşlıların
təhsili proqramları əsasən, onların əmək
bazarına daxil olmasına və müvafiq bacarıqlara yiyələnməsinə
istiqamətlənib. Həmçinin, xüsusi mərkəzlərdə
yaşlıların ibtidai və orta təhsili həyata
keçirilir. Ölkə üzrə 294 belə mərkəz fəaliyyət
göstərir.
Çilidə
müəllimlərin əlavə təhsili ya Təhsil
Nazirliyi, ya da universitet və özəl şirkətlərin
təklif etdiyi kurslar vasitəsilə həyata keçirilir. İcbari (islahatlar ilə əlaqədar)
kurslar pulsuz, digər kurslar isə ödənişli əsaslarla
fəaliyyət göstərir.
Hər il əsas və orta məktəblərdə
çalışan təxminən 40000 müəllimin
ixtisasartırma kurslarında iştirakına imkan
yaradılır. Bu kurslarda müəllimlər
kurikulum islahatı nəticəsində hazırlanmış və
qəbul edilmiş yeni tədris proqramları üzrə
ixtisasartırmaya cəlb olunurlar.
Xaricdə
İxtisasartırma Təhsili Təqaüdü Proqramı
çərçivəsində hər il təxminən 5000
sinif müəllimi və məktəb rəhbəri əcnəbi
ölkələrin təhsil müəssisələrində,
eləcə də elmi mərkəzlərində müvafiq
proqram üzrə 5-6 həftəlik kurslarda iştirak edir. Milli Müəllim Proqramı isə 1 həftəlik
tədris ezamiyyətləri vasitəsilə ölkədaxili təhsil
müəssisələri arasında müəllim mübadiləsinə
imkan verir.
Elmi tədqiqatlar
Artıq
40 ildən artıqdır ki, Elm və Texnoloji Tədqiqat
üzrə Milli Komissiya Çilidə elm və
texnologiyanın inkişafı sahəsində aparıcı
qurum kimi fəaliyyət göstərir. Bu komissiya Təhsil
Nazirliyinin insan kapitalının inkişafına, ölkənin
elmi və texnoloji imkanlarının gücləndirilməsinə
cavabdeh olan qurumudur.
Elmi tədqiqat
sahələri Elm və Texnoloji Tədqiqat üzrə Milli
Komissiya tərəfindən maliyyələşdirilir. Komissiya maliyyə vəsaitlərini
birbaşa olaraq dövlət elmi tədqiqat mərkəzlərinə
yönəldir.
Bu qurum
dövlət müəssisəsi olmaqla Milli İnnovasiya
Sisteminə daxildir. Təqdirəlayiq haldır ki, Milli İnnovasiya
Sisteminin büdcəsi 2005-ci ildə 322 milyon ABŞ dolları
olduğu halda, 2011-ci ildə 874 milyon ABŞ dolları təşkil
edib.
Elm və
Texnoloji Tədqiqat üzrə Milli Komissiya eləcə də
universitetlərlə sıx əməkdaşlıq edir. Komissiya müxtəlif
fondların və proqramların vasitəsilə ölkədə
elmin, texnologiyanın inkişafına böyük töhfələr
verir.
1981-ci
ildə yaradılmış Elm və Texnoloji İnkişaf
üzrə Milli Fond əsasən, fərdi tədqiqatlara dəstək
verir. Fond fəaliyyəti dövründə 14000 tədqiqat
layihəsinin maliyyələşdirilməsini həyata
keçirib.
1992-ci
ildə yaradılmış Elmi və Texnoloji
İnkişafın Təşviqi Fondu tətbiqi tədqiqat, həmçinin
texnoloji inkişaf layihələrinin genişləndirilməsi
məqsədilə tədqiqat müəssisələri,
şirkətlər və digər qurumlar arasında əlaqələndirməni
tənzimləyir.
Peşəkar
Tədqiqat Müəssisələrinin Maliyyələşdirilməsi
Fondu 1991-ci ildən fəaliyyət göstərir. Fondun əsas məqsədi
müvafiq istiqamət üzrə formalaşmış müəssisələrdə
aparılan peşəkar tədqiqatları dəstəkləməkdən
ibarətdir.
2009-cu
ildə yaradılmış Köməkçi Tədqiqat
Proqramının əsas məqsədi ölkənin elmi
potensialının daha da möhkəmləndirilməsini təmin
etmək və elmi nailiyyətlərin tətbiqi işinin təşviqini
həyata keçirməkdən ibarətdir.
Bunlarla
yanaşı, Regional Proqram, Astronomiya Proqramı, Səhiyyə
Sahəsində Tədqiqat və İnkişaf üzrə
Milli Fond, İnsan Kapitalının Cəlb Edilməsi
Proqramı, Eksplora Proqramı ölkə üzrə elm və
texnologiyanın inkişafına, əldə olunmuş nəticələrin
uğurlu tətbiqinə imkan verir.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında
Çili Respublikası Təhsil Nazirliyinin rəsmi məlumatlarından
istifadə olunub.
Azərbaycan müəllimi.-
2012.- 15 iyun.- S.6.