Təhsil
islahatları və uğurlar
Dünya
təhsilinin qabaqcıl təcrübəsini öyrənmək, mütərəqqi
cəhətlərini milli və tarixi dəyərlərimizi nəzərə almaqla tətbiq etmək və respublikada şəxsiyyətyönümlü
və nəticəyönümlü təhsilin gerçəkləşməsinə
nail olmaq
qarşıda duran əsas məsələlərdəndir.
Kurikulumun
keyfiyyətli tətbiqinə nail
olmağın mühüm şərtlərindən biri və bəlkə də birincisi müəllimlərin hazırlığı, bu işə məsuliyyətlə
yanaşmasıdır.
Təhsil
Nazirliyinin kurikulum
islahatı ilə
bağlı həyata keçirdiyi tədbirlərdən,
eləcə də elmi-metodik ədəbiyyatlardan
bəhrələnərək məktəb-liseyimizdə bu sahədə müəyyən işlər görülmüş
və görülməkdədir. Onu da qeyd etməyi lazım
bilirəm ki, ibtidai
siniflərdə kurikulum tətbiq edilsə
də, orta təhsil bazasından bu islahata V siniflərdə hələ yeni dərs ilindən başlanacaq.
Lakin məktəbimizdə bu
yöndə az iş
görülməmişdir. Yeni təlim
metodları əsasında "açıq dərs"lər
keçirilmiş, məktəb rəhbərliyi
tərəfindən və elmi-metodiki şurada
müzakirə olunmuşdur. Hər bir dərsin cəhətlərini
təhlil etməklə bu qənaətə
gəlmək olar ki, ədəbiyyat
dərslərində yeni təlimin tətbiqi
ilə keçilən dərslər
daha uğurlu
alınmışdır. Çünki ana dilinin tədrisi milli maraqlar və dövlətçilik
baxımından daha vacib məsələlərdən biri hesab edilir.
Ulu öndərin sözləri ilə desək,
"Azərbaycan dili öz söz ehtiyatına, fikri
ifadə etmək imkanlarına görə çox zəngindir.
Ancaq
lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları
orta məktəbdə ilk
təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz
dilini, ədəbi dilini,
mədəni dilini yaxşı mənimsəsin,
öz dilində fikrini
ifadə edə bilsin". Ulu
öndərin ana dili
haqqında dediyi
dəyərli və ibrətamiz sözləri biz müəllimlərin
işimizə məsuliyyətimizi bir daha artırır.
Ona görə də
ümumtəhsil məktəblərində ana
dili və ədəbiyyat fənlərinin
tədrisi vacib məsələlərdən
biri hesab edilir. Müəllim, ilk
növbədə, şagirdə
öyrənməyi öyrətməli, onun
nəzər-diqqətini dərsə yönəltməyi,
şagirddə maraq oyatmağı
bacarmalıdır. Bu, müəllimdən
əsl peşəkarlıq və məsuliyyət, qabiliyyət
tələb edir.
Mən 1999-cu ildən Şabran şəhər
Roman Yusifov adına 2
nömrəli orta məktəb-liseydə
Azərbaycan dili və ədəbiyyat
müəllimi kimi fəaliyyət göstərirəm.
İşlədiyim müddət
ərzində daim yeniliklər etmək, bu
fənni şagirdlərə sevdirmək istəmişəm. Böyük tənqidçimiz Firudin
bəy Köçərlinin "Ana dili millətin mənəvi diriliyidir...
Ananın südü bədənin mayəsi
olduğu kimi, ana dili də ruhun qidasıdır" sözlərini əldə
əsas tutaraq bu dilin qrammatikasını yaxşı bilməyin
vacibliyini onlara anlatmağa
çalışmışam.
Yeni təlim
metodları ilə dərslərin qurulması şagirdlərdə
müstəqil yaradıcı düşünmə qabiliyyətini,
yeni biliklərə sərbəst yiyələnmək
bacarığını inkişaf etdirir. Bu təlim
metodlarından mən də dərslərimdə
hər zaman istifadə etməyə
çalışıram. Ənənəvi üsuldan
fərqli olaraq
yeni fəal təlimdə dərs motivasiya ilə
başlanır. Məhz hər bir dərsdə
qoyulan motivasiya
şagirddə həm maraq oyadır, həm
də onu düşündürür,
yeni axtarışlar etməyə sövq edir. Dərsin
motivasiyasını elə qurmağa
çalışıram ki, heç bir şagird bu prosesdən kənarda
qalmasın. Şagirdlər bir-biri ilə əməkdaşlıq
etməyi bacarsın, özlərinə inam
hissini artıra bilsin,
yoldaşlarının cavabını qiymətləndirsin.
Ədəbiyyat
və ana dili dərslərində
motivasiya qurmaq daha maraqlı və asandır. Tədqiqat
sualını formalaşdırmaq üçün
anaya həsr olunmuş
mövzu tədris edilərkən mahnı
və ya şeir
parçası, atalar sözü,
proyektor vasitəsilə lövhədə
ananı əks etdirən şəkil göstərilir. Tədqiqatın
aparılması zamanı bəzən vaxt
təyin edirəm. Vaxtın qoyulması şagirdlərdə məsuliyyəti
artırmaqla bərabər, onları vaxtdan
səmərəli istifadə etməyə
alışdırır.
Sonra
şagirdləri qruplara bölürəm.
Hər bir qrup öz liderini seçir (bunu etməyi bəzən
qrupun ən fəal, bəzən isə ən
passiv şagirdinə məsləhət
görürəm). Bu hal
ən zəif, passiv və özünə
inamı olmayan şagirddə özünə
inam hissi yaradır və
gələcəkdə daha fəal olmağa həvəsləndirir.
Mövzuya uyğun mahnı, tapmaca, atalar sözlərindən istifadə etməklə
tədqiqat sualını formalaşdırıram. Dərsin gedişi zamanı hər bir
komanda öz seçdiyi lider vasitəsi
ilə apardığı fikir mübadiləsinin nəticəsini
çatdırır. Qrup üzvləri yeni fikir söyləyir,
yoldaşlarının verdiyi cavabları təhlil
edib onlara münasibət
bildirirlər. Dərs zamanı fənlərarası inteqrasiya daha maraqlı olur. Ədəbiyyat dərslərində mövzu təsviri incəsənət, tarix, musiqi, coğrafiya kimi fənlərə
inteqrasiya olunur.
Dərslərin
texniki vəsaitlərindən istifadə
etmək yolu ilə qurulması təlimin
məzmununu daha da zənginləşdirir.
"Microsoft Power Point", "Word"
proqramlarından istifadə etməklə qurulan
dərslər şagirdlər tərəfindən maraqla qarşılanır və asan mənimsənilir, qavranılır.
Deyilənləri
ümumiləşdirərək V sinif ədəbiyyat
dərsində S.Ə.Şirvaninin "Qaz və durna" təmsilinin
necə tədris etdiyimi və hansı nəticəyə
gəldiyimi oxucularla
bölüşmək istəyirəm. Bu dərsin quruluşunu
müəyyənləşdirərkən məqsədim
şagirdlərin həm Azərbaycanın bənzərsiz təbiəti,
quşlar aləmi haqqında biliklərini
genişləndirmək, həm də özünü
öymə, mənəm-mənəmlik ideyasının insan həyatında və xarakterində ən
pis cəhət olduğunu
şagirdlərə izah etmək və
çatdırmaqdır.
Motivasiyanı
qurmaq üçün
proyektor vasitəsilə lövhədə
aşağıdakı sxemləri nümayiş
etdirirəm:
Yazılanları
diqqətlə oxuyan şagirdlərə parta yoldaşı ilə fikir
mübadiləsi aparmağı təklif edirəm. Çox tezliklə səslər eşidilir, əksəriyyəti "qaz" və "durna"
sözlərinin üzərində dayanır. Tədqiqat
sualı hazırlamaq məqsədilə
aşağıdakı sualların əsasında müsahibə
aparıram:
1.
"Ölkəmizin təbiəti bənzərsiz, quşlar aləmi ilə zəngindir" fikrini necə əsaslandırırsınız?
2.
Qazın necə heyvan olması, harada yaşaması və hansı cəhətləri
olması haqqında nə kimi məlumatlarınız
vardır?
3.
Durna cəhətləri
ilə qazdan seçilir?
4.
Vətənimizin təbiəti, nadir
quşları, heyvanları haqqında bayatı, atalar sözü və s. bilirsinizmi?
Bu tipli
yönəldici sualların köməyi ilə müsahibə
başa çatdıqdan sonra şagirdləri tədqiqat
sualının formalaşdırılmasına yönəltmək
üçün mühüm saydığım sualı verirəm: Təbiəti, onun gözəlliklərini,
quşlar aləmini qorumaq üçün nələr edirsiniz?
Bu təmsildə insan təbiətindəki lovğalıq,
xudbinlik, xudpəsəndlik kimi pis sifətlərin qazın dili
ilə deyilməsi sizdə bu tipli insanlara qarşı
hansı hissləri oyatdı?
Şagirdlərin
bu suallar ətrafında rəyi
dinlənilir və bundan tədqiqat sualı ərsəyə gəlir:
Tədqiqat sualı:
1. Sizcə
insana xas xüsusiyyətləri qazın dili ilə verməkdə
şairin niyyəti nədir? Əhvalatı danışan
şair hansı nəticəni çıxarır? Əsərin
ideyası nədir?
Təqdiqatın
aparılması üçün şagirdlər bir neçə
qrupa bölünür. Hər bir qrup öz liderini və qrupun
adını müəyyənləşdirir.
Hər
qrupa əvvəlcədən hazırladığım iş vərəqlərini
təqdim edirəm.
I Qrup
Bir göl
içrə üzürdü bir yekə qaz,
Özünə
fəxr edib uzatdı boğaz
Dedi: - Mən
bir əcibə cür quşam,
Üç
hünər var məndə, xeyli xoşam.
Uçaram
göydə, həm suda üzərəm,
Quru yerdə
boyun çəkib gəzərəm
Bəs mənəm
quşların şahənşahı.
1. Bu
parçada qaz hansı keyfiyyətləri ilə fəxr edir?
2. Qaz
özünü quşların şahı saymaqda
haqlıdırmı?
3.
Parçada hansı sözlər, ifadələr sizə
çətin, yeni və anlaşılmaz oldu? Bu sözlərdən
hansıları nitqinizdə işlətməyə
çalışacaqsınız?
4. Qazın
danışığı onun xasiyyətindəki hansı cəhətləri
üzə çıxarır?
II Qrup
Durna oldu bu
nəqlin agahi,
Dedi: - Axmaqlığında
yoxdur şəkk,
Qamətindir diraz, əqlin gödək.
Göydə tərlan tək uçmağın
varmı?
Ya maral kimi
qaçmağın varmı?
Bir balıq tək üzərmisən
sudə?
Nədi bu göftguyi-bihudə?
1. Durna qazı necə, hansı sözlərlə utandırdı?
2. Onu haqlı sayırsınızmı?
3. Durnanın qaza dediklərinə necə münasibət bəsləyirsiniz?
4. Oxuduğunuz parçadakı
hansı sözlər
sizə çətin
və anlaşılmazdır.
Həmin
sözləri lüğət
vasitəsilə öyrənin.
III Qrup
Qaz utandı o göldə durnadan,
Vaqif ol, ey
oğul, bu mənadan
Yəni bir elmə
daim ol talib,
Zifən ol, zifünündür
qalib.
Kişi bir sənəti
bilər xalis,
Çoxuna meyl edən
qalar naqis.
1. Lovğa, özünü öyən adamlara münasibətiniz necədir?
2. Təmsildən çıxan
nəticə nədir?
Onu faydalı sayırsınızmı?
3. Şairin "Yəni bir elmə daim
ol talib,
Zifən ol, zifünündür
qalib"- misralarında
ifadə olunan fikri necə başa düşürsünüz?
Tədqiqat aparılarkən şagirdlər müstəqil
işləyirlər. Hər qrupun və qrupların hər bir üzvünün fəaliyyətini
diqqətlə müşahidə
edirəm. İşin icrasına ayrılan
vaxt başa çatdıqdan sonra dərsin növbəti mərhələsinə keçirəm.
Qazanılmış biliklərin mübadiləsi. Qruplar öz işlərinin
nəticələrini bir-bir
şərh edirlər.
Çıxış edənlərə digər qrupların üzvləri suallar verir, cavabla razılaşmadıqda əlavələr
edilir, öz mövqelərini əsaslandırmağa
çalışırlar.
I Qrupun tapşırığı:
şeiri şərti olaraq neçə hissəyə bölmək
olar? Bu suala aşağıdakı cavablar
verilir:
- Şeiri şərti olaraq 3 hissəyə bölmək olar.
- Birinci hissədə qazın özünü dönə-dönə öyməsi,
3 cəhəti ilə
fəxr etməsi nəzərə çatdırılır.
- İkinci hissədə durnanın ona verdiyi cavabla öyünməsinin yersiz
olduğunu qaza bildirməsi.
Nəticə:
Üçüncü hissədə isə əsərdən çıxan tərbiyəvi
nəticə verilir. Qazın timsalında bir
neçə sənəti
yarımçıq öyrənənlər
tənqid edilir, bir sənətin mahir ustası olanlar isə tərif olunur.
II Qrupun tapşırığı: Hansı hissədəki fikri əsərin ideyası saymaq olar? Əsərin ideyasını şərti
olaraq böldüyümüz
üçüncü hissəyə
aid etmək olar.
Şairə görə
kişi bir sənəti kamil bilməlidir. Çox, yarımçıq sənət
bilməkdənsə sənəti
tam bilib, ona yiyələnmək lazımdır.
Həm də yersiz özünü öyüb
lovğalanmaqdansa, bir işlə məşğul
olub xalqa xeyir vermək daha vacib və
məqsədəuyğundur.
III Qrupun tapşırığı: Sizcə şairin bu əsəri yazmasına səbəb nədir? Qaz və durna obrazlarının
timsalında şair kimləri tənqid edir? Sizcə bu gün bu məzmunda əsərlərin yazılmasına
ehtiyac varmı? Şair bu əsərində cəmiyyətdə xudbin,
lovğa, təkəbbürlü
olmağın acı nəticələrini açıb
göstərmək istəmişdir.
Bu gün də
qazın timsalında insana xas olan
mənfi xasiyyətlərin
törətdiyi xoşagəlməz
hadisələr baş
verir. Ona görə də
əsər bu günümüz üçün
də aktualdır.
Nəticənin çıxarılması
və ümumiləşdirmə:
Müzakirə başa
çatdıqdan sonra
qrup işlərinin nəticələri ümumiləşdirilir.
Qazın
timsalında şair heç bir işə yaramayan, gününü boş-boşuna
keçirib özünü
öyməklə fəxr
edən insanların timsalında qaz surətini yaradır və tənqid atəşinə tutur.
Qazın
bu lovğalığına
dözə bilməyən
durna ona tutarlı cavab verir. Qazda olmayıb özündə
olan cəhətləri
ondan soruşur. Göydə tərlan tək uça bilməyən, yerdə maral tək qaça bilməyən qaz yersiz öyünməsinə
görə durnadan utanır. Təmsildən çıxan tərbiyəvi
nəticə isə bütün oxuculara şair tərəfindən
ünvanlanır. Bu isə əsərin ideyasını təşkil
edir.
Şairi belə əsər yazmağa sövq edən əsas amil xalqını və vətənini dərindən
sevməsi, həyatdakı
nöqsanları, insanların
xasiyyət və əməllərindəki qüsurları
kəskin təndiq etməkdir.
Ev tapşırığı
verib dərsi yekunlaşdıraraq hər
bir qrupun və şagirdin fikirlərinə, fəaliyyətinə,
apardıqları müqayisə
və oxşarlıqlara
münasibətimi bildirirəm. Sonda qrupları müxtəlif
meyarlar əsasında
qiymətləndirirəm.
Biz müəllimlər gələcəyin
qurucularını yetişdiririk. Öyrədən tərəflə öyrənən tərəfin
məqsədi üst-üstə
düşərsə, həm
təhsil keyfiyyətli
olar, həm də həqiqətən gələcəyin müstəqil
fikirli, liderlik qabiliyyətinə malik, vətənpərvər, cəsur,
savadlı, ləyaqətli
yeni qurucularını
yetişdirmiş olarıq.
Kəmalə ŞEYDAYEVA,
Şabran şəhər R.Yusifov adına
2 nömrəli orta məktəb-liseyin
Azərbaycan dili və
ədəbiyyat
müəllimi
Azərbaycan müəllimi.- 2012.- 15
iyun.- S.7.