"Xarici dillərin tədrisinin aktual problemləri"nə həsr
olunmuş V
Respublika elmi-praktik konfransı keçirilib
Azərbaycan Dillər Universitetində
"Xarici dillərin tədrisinin
aktual problemləri"
mövzusunda V Respublika
elmi-praktik konfransı
keçirildi. İki
gün davam edən konfransda Təhsil
Nazirliyinin Elm şöbəsinin, Təhsil Problemləri
İnstitutunun, Bakı Pedaqoji Kadrların İxtisasartırma və
Yenidənhazırlanma İnstitutunun və Bakı Dövlət
Universitetinin nümayəndələri iştirak edirdilər.
Konfransın plenar iclası Dövlət himni ilə
başladı. ADU-nun rektoru, Milli Məclisin deputatı,
professor Səməd Seyidov
iştirakçıları salamlayaraq konfransın əhəmiyyəti
haqqında danışdı. Ənənəvi olaraq hər il
keçirilən konfransda Azərbaycanın müxtəlif orta
və ali məktəblərinin nümayəndələri ilə
fikir mübadiləsi aparıldığını bildirdi.
Rektor yeni metodların tətbiqinin birbaşa orta və ali məktəblərdə
öyrənilməsinin vacib olduğunu vurğuladı və konfransın işinə uğurlar arzuladı.
Sonra Azərbaycan Dillər Universiteti və
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutu arasında memorandum
imzalandı. Hər iki tərəf
təhsil və elmi tədqiqat sahəsində ümumi
maraqlara əsaslanaraq əməkdaşlığın bir
sıra prinsipləri haqqında
razılığa gəldilər. Əməkdaşlıq
psixologiya və pedaqogika elmləri sahəsində təcrübə
mübadiləsi, tədris müəssisələrində
psixoloji xidmətin təşkili, xarici dil mütəxəssislərinin
- müəllimlərinin ixtisasartırmasının təşkili,
yeni texnika və texnologiyaların mübadiləsi, yeni təlim
metodları sahəsində təcrübə mübadiləsi,
ikitərəfli birgə simpozium, konfrans və seminarların təşkili,
qarşılıqlı maraq doğuran layihə və
proqramlarda birgə iştirak sahələrini əhatə
edirdi.
Təhsil Nazirliyinin Elm şöbəsinin
müdiri Gültəkin Hacıyeva
indiki dövrdə gənclərin xarici dilləri,
xüsusilə də ingilis dilini öyrənməyə
xüsusi maraq göstərdiklərini qeyd etdi. O, qloballaşma
şəraitində xarici dilləri öyrənən mütəxəssislərə
və peşəkar tərcüməçilərə tələbatın
artdığını bildirdi. G.Hacıyeva Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 23 may 2012-ci ildə "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında" sərəncam imzaladığını
iştirakçıların nəzərinə
çatdırdı.
ADU-nun xarici dillərin tədrisi
metodikası kafedrasının dosenti Gülbəniz Camalova və
Xətai rayonundakı 55 nömrəli orta məktəbin
müəllimi Nailə Həsənova "Dil tədrisində
layihə metodundan istifadə", ADU-nun təlimdə
innovasiyalar və əlavə təhsil kafedrasının
müəllimi Türkan Əliyeva "İngilis dilinin
qrammatikasının tədrisində İKT-nin tətbiqi və
elektron dərsliklərdən istifadə yolları", ingilis
dilinin qrammatikası kafedrasının müəllimi
Könül Hacıyeva "On-line proqramlardan istifadə etməklə
tələbələrin produktiv lüğət ehtiyatlarının
zənginləşdirilməsi" mövzularında məruzə
ilə çıxış etdilər.
Ertəsi gün konfrans öz işini bölmə
iclaslarında davam etdirdi.
Konfransın yekununda
çıxış edən ADU-nun elmi işlər üzrə
prorektoru, professor Dünyamin Yunusov bölmələrdə
maraqlı müzakirələrin getdiyini söylədi.
Müzakirələrdə 22 ali məktəb və bir sıra
ümumtəhsil müəssisələrinin nümayəndələrinin fəal iştirak etdiyi qeyd edildi.
Konfransın bölmə rəhbərləri
- professorlar Bilal İsmayılov, Dilarə İsmayılova,
Gülnar Hüzeynzadə, Azad Məmmədov, Ələkbər Qubatov və dosentlər
Gülbəniz Camalova, Aytən Bayramova çıxış
edərək konfransın uğurlu təşkilinə görə
universitet rəhbərliyinə təşəkkür etdilər. Xarici dillərin tədrisinin
inkişafı baxımından
belə konfrans və iclasların mütəmadi
keçirilməsinin vacibliyi vurğulandı.
Şakir
CƏFƏROV
Azərbaycan
müəllimi.- 2012.- 15 iyun.- S.5.