Şəmkir rayonunun Dəllər Cəyir kəndində Uşaq
İnkişaf və Məktəbəqədər
Hazırlıq Mərkəzi açılıb
2011-ci il ərzində Müasir Təhsil
və Tədrisə Yardım Mərkəzi BP və tərəfdaşlarının
maliyyə dəstəyi ilə Şəmkir rayonunun
Qılıncbəyli, Keçili, Sabirkənd, Dəllər Cəyir
və Dəllər Cırdaxan kəndlərində
"Mövcud məktəbəhazırlıq
proqramlarının keyfiyyətinin artırılması və
yeni məktəbəhazırlıq imkanlarının
yaradılması yolu ilə azyaşlı uşaqları olan
ailələrə dəstək" layihəsini həyata
keçirib. Bu layihənin böyük nailiyyətlərindən
biri də Dəllər Cəyir kəndində yerli bələdiyyə
nəzdində məktəbəhazırlıq qrupunun
yaradılmasının valideynlər tərəfindən
böyük maraqla qarşılanması olub. Ona görə
ki, bu layihə məktəbəqədər təhsilə xidmət
sahəsində Azərbaycanda bələdiyyə nəzdində
fəaliyyət göstərən ilk və yeganə alternativ
layihədir. 5-6 yaşlı uşaqlar üçün
yaradılan bu məktəbəhazırlıq qrupu tədricən
Dəllər Cəyir kəndində Uşaq İnkişaf və
Məktəbəqədər Hazırlıq Mərkəzinə
çevrilib. Ötən illər ərzində mərkəz
300-ə qədər kiçikyaşlı uşağa pullu xidmət
göstərib və hazırda 48 uşaq mərkəzin bu yeni
binasında məşğələ keçir.
İyunun 19-da Şəmkir rayonunun Dəllər
Cəyir kəndində layihə əsasında
yaradılmış Uşaq İnkişaf və Məktəbəqədər
Hazırlıq Mərkəzinin açılış mərasimi
oldu.
Valideynlərin, müəllimlərin, tərbiyəçilərin,
icma və bələdiyyə nümayəndələrinin, dəvət
olunmuş qonaqların iştirak etdiyi tədbiri Dəllər
Cəyir kənd icma qrupunun və idarə heyətinin sədri
Namiq Məmmədov açaraq bütün
iştirakçıları salamladı. Bildirdi ki, bu məktəbəqədər
hazırlıq qrupu əvvəllər kənd bələdiyyəsi
və yerli icra nümayəndəliyinin binasında yerləşirdi.
Həmin bina uşaqların məşğələ
keçməsi üçün əlverişsiz idi. Kəndimizin
icra nümayəndəsi Tünzalə Hüseynova
hazırlıq qrupunun kənd məktəbinin stadionunda istifadəsiz
qalmış, vaxtı ilə futbolçular üçün
soyunub-geyinmə otağı kimi tikilmiş bu binaya
köçməsini təklif etdi. Şəmkir Rayon Təhsil
Şöbəsi və Dəllər Cəyir kənd bələdiyyəsi
arasında əvəzsiz icarə müqaviləsi
imzalandıqdan sonra bina Uşaq İnkişaf və Məktəbəqədər
Hazırlıq Mərkəzinə verildi. Mərkəzin
binası BP şirkətinin maliyyə dəstəyi və kənd
icmasının əməyi ilə əsaslı təmir
edildi. Bütün zəruri avadanlıqlar alınaraq
quraşdırıldı. İndi gördüyünüz bu
binada kəndimizin 5-6 yaşlı uşaqları böyük həvəslə
həftənin beş günü məşğələlər
keçirlər.
Şəmkir Rayon Təhsil Şöbəsinin
müdiri Məcid Şıxlinski öz
çıxışında yeddi minə yaxın əhalisi
olan Dəllər Cəyir kəndində belə bir mərkəzin
yaradılmasının təqdirəlayiq hal olduğunu
bildirdi. O, bu mərkəzin bina ilə təmin edilməsinə
kömək etdikləri kimi təhsillə bağlı
bütün sahələrdə də onlara
yardımçı olacaqlarını söylədi və
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi
tərəfindən uğurla həyata keçirilən layihənin
rayon təhsilinə böyük dəstək verəcəyini
vurğuladı.
Mərasimdə çıxış edən
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin
icraçı direktoru Ülviyyə Mikayılova layihənin Dəllər
Cəyir kəndində həyata keçməsinə
yardımçı olan, dəstək verən rayon icra hakimiyyəti,
təhsil şöbəsi, bələdiyyə və icma
nümayəndələrinə dərin təşəkkürünü
bildirdi.
Sonra tədbirdə Şəmkir Rayon
İcra Hakimiyyəti iqtisadiyyat şöbəsinin müdiri
Sabir Quliyev, şəhər icra hakimiyyətinin nümayəndəsi
Çingiz Həsənov, BP-nin nümayəndəsi Vüqar Ərəbov,
14 saylı ərazi vergilər idarəsinin rəisi Fəxrəddin
Əliyev, Dəllər Cəyir kənd bələdiyyəsinin
sədri Şaban Həsənov, layihənin əlaqələndiricisi
Pərvin Qəhrəmanova və digərləri
çıxış edərək ümummilli lider Heydər Əliyevin,
onun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin
və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın ölkə təhsilinə
göstərdikləri qayğıdan minnətdarlıq hissi ilə
söhbət açdılar. Bildirdilər ki, Dəllər Cəyir
kəndində yaradılan mərkəz uşaqların məktəbəqədər
hazırlığında çox mühüm rol
oynayacaqdır. Onlar bu mərkəz üçün yaxın
günlərdə yeni su xəttinin çəkiləcəyini,
həyətyanı sahəsinin asfaltlanacağını və
digər abadlıq işləri görüləcəyini də vəd etdilər.
Çıxışlar bitdikdən sonra
mərkəzin qapısındakı qırmızı lent kəsildi.
İştirakçılar binada yerləşən beş
otaqda məktəbəqədər
hazırlıq qrupları üçün
yaradılmış şəraitlə, xüsusi zövqlə
tərtib olunmuş guşələrlə tanış oldular.
Biz də
mərkəzdə fəaliyyət göstərən müəllimlər
- Zülfiyyə Qurbanova və Aytəkin Məmmədova ilə
görüşdük. Onların 5-6 yaşlı uşaqlarla
apardıqları məşğələləri dinlədik.
Eyni zamanda burada məktəbəqədər
hazırlıq məşğələləri keçən
uşaqlar - Daşqın Əliyevlə, Səma Əsgərova
ilə, Elmir Sadıqovla sual-cavab xarakterli söhbətlər
etdik.Valideynlər - Rahilə Əsgərova, Lamiyə
Sadıqovanın, Dəllər Cəyir tam orta məktəbinin
ibtidai sinif müəllimi Südabə Məmmədovanın
burada məktəbəqədər hazırlıq mərkəzinin
açılmasına necə sevindiklərinin, razılıq
etdiklərinin də şahidi olduq.
Elə həmin gün Uşaq
İnkişaf və Məktəbəqədər
Hazırlıq Mərkəzinin açılışı
münasibəti ilə kənd sakinlərinə yeni-yeni
uğurlar diləyib ayrıldıq.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 22 iyun.- S.3.