İngilis
dili müəllimləri üçün
ixtisasartırma təliminin qiymətləndirilməsi ilə
bağlı "dəyirmi masa" keçirilib
İyunun 16-da Təhsil Nazirliyində
ingilis dili müəllimləri üçün
ixtisasartırma təliminin qiymətləndirilməsi ilə
bağlı "dəyirmi masa" keçirildi.
Tədbiri Təhsil Nazirliyinin Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması
şöbəsinin müdiri Fərzəli Qədirov giriş
sözü ilə açaraq
Britaniya Şurasının ("British Council") ingilis
dili müəllimlərimizin ixtisasartırma təhsili
üçün yeni kurikulum hazırladığını
bildirdi. Azərbaycanda fəaliyyət göstərən
adıçəkilən beynəlxalq təşkilat tərəfindən
ixtisasartırma təhsili üçün yeni kurikulumun
hazırlanmasının əlamətdar bir hadisə
olduğunu qeyd edən şöbə müdiri belə bir
missiyanı öz üzərilərinə götürdüklərinə
görə onlara təşəkkür etdi. Ümumiyyətlə,
Britaniya Şurası ilə Təhsil Nazirliyi arasında
işgüzar bir əməkdaşlığın
qurulduğunu və ildən-ilə daha da genişləndiyini deyən Fərzəli Qədirov son
illər birgə həyata keçirilən "İngilis
dilinin intensiv tədrisi layihəsi" çərçivəsində
görülən uğurlu işləri tədbir
iştirakçılarının diqqətinə
çatdırdı. Həmin layihə üzrə təlim-seminar keçmiş müəllimlərimizin peşəkarlıq
və hazırlıq səviyyəsinin daha da
artdığını, ingilis dilinin tədrisinin keyfiyyətinin
yüksəldiyini söylədi. Şöbə müdiri ixtisasartırma təhsili
üçün yeni kurikulumun hazırlanmasının Britaniya
Şurasının təhsilimizin inkişafı istiqamətində
atdığı növbəti addımlardan biri olduğunu deyərək
çıxış üçün sözü İngiltərədə
müəllimlərin təkmilləşdirilməsi, ixtisasartırma
təhsili ilə məşğul olan "UNİMENTA" təşkilatının
direktoru xanım Emma-Syu Prinsə verdi.
Xanım Emma-Syu Prins "Azərbaycanda
ingilis dili müəllimlərinin təkmilləşdirilməsi"
mövzusunda təqdimatla çıxış etdi. İngiltərəli
qonaq Azərbaycana artıq 3-cü dəfədir ki, gəldiyini,
ölkəmizin onda xoş təəssürat
oyatdığını söylədi. Rəhbərlik etdiyi
"UNİMENTA" təşkilatının müəllimlərin
təkmilləşdirilməsi, ixtisasartırması,
onların dəstəklənməsi, xüsusi materiallar və
resurslarla təmin olunması və digər məsələlərlə
məşğul olduğunu deyən Emma-Syu Prins Britaniya
Şurası ilə birgə fəaliyyətindən
danışdı. 2011-ci ilin
sentyabrında Azərbaycana ilk gəlişi zamanı
müəllimlərimizin əsas ehtiyaclarının,
hazırlanacaq kurikulumun
onların ehtiyaclarına nə dərəcədə uyğun
olmasının öyrənildiyini, ölkəmizə növbəti
səfəri zamanı - 2012-ci ilin yanvarında ingilis dili
müəllimlərinin hazırlanan bu kurikulumla işləmək
bacarığına malik olması məqsədilə təlimçilər
üçün treninqlər keçirildiyini, bu ilin
fevral-aprel aylarında isə Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunda ingilis dili müəllimlərimizlə
6 qrup olmaqla 10 həftə ərzində 60 saatlıq təlimlərin
təşkil edildiyini söylədi. Qeyd olundu ki, 18 azərbaycanlı
təlimçi 85 nəfərə yaxın ingilis dili müəllimi
ilə təlim kursu keçib.
Təqdimatında ingilis dili müəllimlərimizin
ixtisasartırma təhsili üçün
hazırlanmış yeni kurikulumların tətbiqi ilə
bağlı həyata keçirilən pilot layihənin məqsəd
və məramından, layihə çərçivəsində
treninq keçmiş azərbaycanlı təlimçilərin
hazırlıq səviyyəsindən, onların məşğələ
keçdiyi ingilis dili müəllimlərinin tədrislə
bağlı yeni-yeni məlumatları öyrənməyə maraqlı
olmalarından razılıq hissi ilə danışan Emma-Syu
daha sonra iştirakçıların diqqətini slaydlarda
öz əksini tapan bir sıra məsələlərə
yönəltdi. Qeyd olundu ki, burada əsas məqsəd ingilis
dilindən səmərəli və
interaktiv şəkildə istifadə etməyin
metodologiyasının müəllimlərimizə öyrədilməsi,
onların bilik və kommunikativ
bacarıqlarının inkişaf etdirilməsi,
hazırlıq səviyyələrinin daha da yüksəldilməsi,
yaradıcılıq fəaliyyətlərinin gücləndirilməsi,
şagirdlərə həyati bacarıqları aşılamaq
yollarının göstərilməsidir. Təlimçilərin
apardıqları hər bir məşğələ
mövzuya uyğun olaraq hazırlanmış xüsusi slaydlar,
tapşırıqlar və interaktiv çalışmalarla təmin
olunmuşdur. İnternetdə Azərbaycanın ingilis dili
müəllimləri üçün ayrıca bir səhifə
açılmışdır ki, buradan da təlimçilərimiz
çox rahatlıqla istifadə edərək bütün
kurikuluma aid materiallardan, əlavə mənbələrdən,
resurslardan, müxtəlif saytlardan faydalana bilirdilər.
Xanım Emma-Syu həmçinin sinifdə ingilis dilinin daha
düzgün və səmərəli şəkildə
işlədilməsinin vacib bir məsələ olduğunu da
qeyd etdi. Bununla bağlı kurikulumda öz əksini tapan
müddəalardan danışdı. O da bildirildi ki, təlim
kursunun sonunda müəllimlər yalnız testlə deyil, həm
də praktik işlə qiymətləndiriləcəklər.
Keçirilən məşğələlərin hər biri
ilə bağlı ayrı-ayrı hesabatların
hazırlandığını və onların ətraflı
şəkildə təhlil olunduğunu deyən beynəlxalq məsləhətçi
tədbir iştirakçılarını əldə
olunmuş nəticələrlə tanış etdi,
görülməsi vacib olan bir sıra məsələlərdən
danışdı. Təqdimatda
daha sonra pilot layihənin qüvvətli və zəif cəhətlərindən
söz açıldı. Azərbaycanlı təlimçilərin
işlərinin öhdəsindən uğurla gəldiyini
söyləyən qonaq bu pilot layihənin həyata
keçirilməsində onlara dəstək olan Təhsil
Nazirliyinə, Britaniya Şurasına, Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutuna öz təşəkkürünü bildirdi.
Sonra təqdimat ətrafında
müzakirələr oldu. Azərbaycan
Müəllimlər İnstitutunun əlavə təhsil
üzrə prorektoru Rahim Əzizov, institutun əlavə təhsilə
metodik xidmət kabinetinin müdiri Xuraman Nağızadə, bu təlimləri aparan paytaxtın
bir sıra məktəblərinin ingilis dili müəllimləri
çıxış edərək təqdimatda bütün məsələlərin
dolğun şəkildə öz əksini
tapdığını dedilər, ixtisasartırma təhsili
üçün hazırlanmış yeni kurikulumla, həmçinin təlim
keçən müəllimlərlə bağlı fikir və
mülahizələrini söylədilər.
Bakı Pedaqoji Kadrların
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun
rektoru, professor Asəf Zamanov rəhbərlik etdiyi institutla Britaniya Şurası arasında 28
yanvar 2012-ci il tarixdə Anlaşma Memorandumunun
imzalandığını deyərək, ingilis dili müəllimlərimizin
ixtisasartırma təhsili ilə bağlı həyata
keçirilən bu layihəni birgə əməkdaşlığın
yerinə yetirilməsi istiqamətində görülən
işlərdən birincisi olduğunu vurğuladı. Rektor
layihə çərçivəsində aparılan işlərin
Azərbaycanda ingilis dilinin öyrənilməsinə, bu dili tədris
edən müəllimlərin peşəkarlıq səviyyəsinin
artırılmasına, təkmilləşdirilməsinə
xidmət etdiyini söyləyərək əməkdaşlığın
davamlı olacağına ümidvar olduğunu dedi.
Geniş diskussiya və fikir mübadiləsi
şəraitində keçən "dəyirmi
masa"nı Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli
Qədirov yekunlaşdıraraq təqdimatda pilot layihə, bu
layihə çərçivəsində
görülmüş işlər, əldə olunan nəticələr
haqqında məlumatların əhatəli şəkildə
öz əksini tapdığını söylədi, xanım
Emma-Syu Prinsə təşəkkür etdi. Pilot layihə ilə
bağlı gələcək perspektivlərdən
danışan şöbə müdiri həmçinin tədbirdə
səsləndirilən fikir və təkliflərə də
münasibətini bildirdi.
Samirə
KƏRİMOVA
Azərbaycan
müəllimi.- 2012.- 22 iyun.- S.4.