Hidayətin arzusu dünya və olimpiya
çempionu olmaqdır
Heydərov Hidayət Minayət oğlu 1997-ci il aprelin 4-də Bakıda anadan olub. Uşaq yaşlarından idmana böyük həvəsi olan Hidayət 6 yaşından Bakı şəhəri 13 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbində cüdo
ilə məşğul
olur. O, Bakının Nizami rayonundakı 277 nömrəli idman təmayüllü tam orta
məktəbin IX sinif
şagirdidir.
- Hidayət, idmanı sənə sevdirən nə oldu?
- Balaca vaxtlarımda
həmişə nadinc uşaq olmuşam. Küçəyə çıxanda fikir
vermədən güclü-gücsüz
məhəllə uşaqları
ilə döyüşürdüm.
Gücüm çatmasa da,
davadan qorxmurdum. Cüdo ilə bərabər futbola da marağım
olub. Məhəllədə uşaqlarla futbol
oynayardıq. Qohumlarımız atama deyirdi ki,
bu uşağı idman məktəbinə qoyun. Bu mənim
də ürəyimcə
idi. Həmişə arzu etmişəm
ki, güclü və tanınmış idmançı olum. Böyük uşaqların
idmanla məşğul
olduğunu görəndə
qəlbimdən belə
bir hiss keçirdi ki, kaş mən də onlar kimi
idman çantamı götürüb məşqlərə
gedəydim. Şükürlər olsun ki, indi artıq valideynlərimin və müəllimlərimin sayəsində
mən də idmanla çox ciddi məşğul oluram.
- Səncə, yaxşı idmançı olmaq üçün nə etmək lazımdır?
- Güclü idmançı
olmaq üçün
həmin idman növünə olan həvəs böyük olmalıdır. Heç vaxt ruhdan düşməmək, həmişə
inadla, yorulmadan çalışmaq lazımdır.
Məqsədə, arzuya çatmaq
üçün mübarizə
aparmalısan. Güclü rəqiblərdən
qorxmamalısan.
- Uğurların barədə
nə deyə bilərsən?
- 2008-ci və 2009-cu illərdən uğurlarım
artmağa başladı.
2008-ci ildə cəmiyyətlər arasında
və Bakı çempionatında qələbə
qazandım. 2009-cu ildə
60 kq çəki dərəcəsində iki
dəfə Azərbaycan
çempionu olaraq beynəlxalq turnirlərə vəsiqəni
özümə təmin
etdim. 2010-cu ildə
Tbilisi şəhərində keçirilən beynəlxalq
turnirdə II yerə çıxdım. 2011-ci ildə
Türkiyənin Ankara şəhərində
8 ölkənin idmançılarının iştirakı
ilə keçirilən Avropa kuboku uğrunda turnirdə I yeri tutdum. Yığma komandanın tərkibində
5 dəfə Avropa kuboku və beynəlxalq turnirlərdə
iştirak etmişəm.
Həmin yarışların
üçündə də
I yerə çıxaraq
qızıl medal əldə
etdim, ikisində isə V yerlə
kifayətlənməli oldum. Ən böyük
arzum hər birimiz üçün müqəddəs olan üçrəngli bayrağımızı
dünya və olimpiya yarışlarında
zirvələrə qaldıraraq
ölkəmizi layiqli təmsil etməkdir.
Yığma komandanın üzvü, əməkdar məşqçi,
təcrübəli müəllim
Tərlan Həsənov
yetirməsi barədə
deyir:
- Hər bir müəllim kimi mən də
yetirməmin uğurlarına
ürəkdən sevinirəm.
Hidayət səkkiz ildir
ki, cüdo ilə məşğul olur. Uşaq yaşlarından idmana
böyük həvəs
göstərir. O, bir dəfə də olsun məşq buraxmır. Nizam-intizamlı bir idmançıdır.
Yarışlarda çalışır ki, etdiyi səhvləri
bir daha təkrarlamasın. Daim uğursuz
fəndinin üzərində
çalışır. Hidayəti digər idmançılardan
fərqləndirən odur
ki, o, çətin hallarda döşəkdə
müqavimətini saxlaya
bilir. Onun üçün güclü və gücsüz rəqib yoxdur. Heç bir rəqibdən
çəkinmir. Onda psixoloji
gərginlik olmur, yarışlarda çox sərbəst olur. Hidayət bu ildən yeniyetmələrin Avropa kubokuna qatılmalıdır.
Ancaq o, keçən ildən buna addım atıb. O, yeniyetmə
Avropa idmançıları
arasında öz çəkisində birinci
yerdədir.
Bu yaxınlarda keçiriləcək Avropa
çempionatında iştirak
edəcək. Onu gələcəkdə
dünya və olimpiya çempionu kimi görmək arzusundayam. Bu işdə ona uğurlar arzulayıram.
Bakı şəhəri 13 nömrəli
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbinin direktoru
Rüfət Eyyubov:
- Hidayət böyüyün və kiçiyin yerini bilən idmançıdır.
Həmişə təlim-tərbiyəsi ilə digərlərindən
fərqlənir. Məşqlərə ciddi yanaşır. Artıq bu günə kimi kifayət qədər beynəlxalq yarışlarda ölkəmizin
idman şərəfini
layiqli təmsil edib. İstəyir ki, erməni
idmançısı ilə
rəqib kimi döşəyə çıxsın.
Deyir ki, erməni idmançısını yüksək
ustalıqla məğlub
etsəm rahatlıq taparam.
Ayaz Süleymanov,
Bakıdakı 277 nömrəli
idman təmayüllü
tam orta məktəbin
direktoru:
- Hidayət Heydərov təhsilinə
elə bu məktəbdə
başlayıb. Nizam-intizamı və tərbiyəsi ilə müəllimlərinin
hörmətini qazanıb.
O, idmanla bərabər
dərslərindən də
yaxşı nəticələr
əldə edir. Onun şəkli məktəbin
həm idman, həm də şərəf lövhəsini
bəzəyir. O, çox vətənpərvərdir.
Azərbaycanın tarixi ilə
daha yaxından maraqlanır.
Məktəbdə keçirilən vətənpərvərlik mövzusunda
inşa yazı müsabiqələrində həmişə
fərqlənir. Məktəblərarası idman
yarışlarında, hərbi-idman oyunlarında oxuduğu məktəbin adını uca edir. Vətənimizi Hidayət kimi ləyaqətlə təmsil
edən, üçrəngli
dövlət bayrağımızı
beynəlxalq turnirlərdə
zirvələrə qaldıran
gənclərimizlə təkcə
onların valideynləri
deyil, hamımız fəxr edirik.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2012.- 22 iyun.- S.7.