Bacarıqlı rəhbər,
əsl pedaqoq
Bəşəriyyət
tarixində müəllimin müdrik insanlar arasında həmişə xüsusi yeri olub. Müəllimlik bütün
zamanlarda cəmiyyətdə ən
yüksək qiymətə layiq peşə
sayılıb. Gənc nəslin müstəqil həyata
hazırlanması, dünyagörüşünün
formalaşması, gələcəyin mütəxəssisinin ilk hazırlığı məhz orta məktəb illərindən
başlayır. Cəmiyyət ən əziz, ən qiymətli
sərvətini - uşaqları, öz ümidini, gələcəyini məhz müəllimə
etibar edir.
Respublikamızda müəllim adını şərəflə
daşıyan və bütün
varlığı ilə təhsilə bağlı olan pedaqoqlar çoxdur. Belə müəllimlərdən biri də ömrünün
60-cı baharını yaşayan
Bakıdakı Heydər Əliyev adına liseyin
direktoru, əməkdar müəllim Fikrət
Xəlilovdur.
Fikrət Xəlilov 1952-ci ildə Azərbaycanın
qərb bölgəsində yerləşən zəngin mədəniyyət
və təhsil ənənələri olan Qazax rayonunun Qazaxbəyli
kəndində anadan olub. 1974-cü ildə indiki Azərbaycan
Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini
bitirən Fikrət müəllim təyinatla Sabirabad rayonuna
göndərilmiş və burada pedaqoji fəaliyyətə
başlamışdır. Sonra fəaliyyətini
Bakıdakı 254 nömrəli orta məktəbdə
riyaziyyat müəllimi kimi davam etdirən F.Xəlilov 1992-ci
ildən 2004-cü ilədək
287 nömrəli "Zəkalar" liseyində,
2004-cü ildən etibarən isə ümummilli liderin
adını daşıyan Heydər Əliyev adına liseydə
direktor vəzifəsində çalışır. F.Xəlilov
işlədiyi dövrlərdə bir çox fəxri adlar və
diplomlarla təltif olunub. Belə ki, 1986-cı ildə "Xalq
maarif əlaçısı" döş nişanı,
1989-cu ildə "Metodist müəllim", 2005-ci ildə isə
ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə "Əməkdar müəllim" fəxri adına
layiq görülüb. Dövri mətbuatda elmi və metodiki məqalələrlə
çıxış edən Fikrət müəllim
"Fizika və riyaziyyat tədrisi" jurnalında
"İrrasional tənliklərin tədrisi metodikası"
və "İbtidai məktəb və məktəbəqədər
tərbiyə" jurnalında "Hərəkətə aid
məsələlərin tədrisi haqqında" metodik məqalələrin,
Təhsil Nazirliyinin müvafiq əmri ilə qrif verilmiş və
riyaziyyat müəllimi Adil Asalıyevlə birgə
hazırladığı iki hissədən ibarət
"Riyaziyyatdan testlər" adlı dərs vəsaitinin
müəllifidir. Təhsil Nazirliyinin göndərişi ilə
müxtəlif illərdə
İsrail və Kanadada olan F.Xəlilov bir çox
mövzularda keçirilən beynəlxalq seminar və
konfransların iştirakçısıdır.
F.Xəlilovun
yüksək peşəkarlığı, müəllimlik sənətinə
olan sevgisi, gənc nəslin
təlim-tərbiyəsinə göstərdiyi qayğı, bu yolda fədakarcasına
çalışması rəhbərlik tərəfindən daim yüksək qiymətləndirilmiş və
2004-cü ildə ulu öndərin
adını daşıyan Heydər Əliyev adına liseyə
direktor vəzifəsinə təyin olunmuşdur. Yüksək təşkilatçılıq
və idarəçilik keyfiyyətlərinə malik olan F.Xəlilov qısa müddət ərzində
Heydər Əliyev adına liseyi layiq olduğu uca yerlərə yüksəltmiş və lisey respublikamızda nümunəvi təhsil
müəssisəsinə çevrilmiş,
2008-ci ildə isə ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə
"Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsinin qalibi olmuşdur.
Rəhbərlik etdiyi kollektivin
böyük rəğbətini qazanan F.Xəlilov perspektivli
gənc müəllimlərin və xüsusi
istedada malik olan şagirdlərin potensialının aşkar edilməsində də xüsusi bacarığa malikdir.
Təsadüfi deyil ki, onun rəhbərlik etdiyi Heydər Əliyev adına liseyin şagirdləri istər Tələbə
Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında, istər
ölkədaxili, istərsə də beynəlxalq səviyyəli
olimpiada və müsabiqələrdə
yüksək nəticələr əldə edərək
bu təhsil ocağının
adını şərəflə yüksəldirlər.
Fikrət
Xəlilovun dediklərindən:
Müəllim sənətini seçməyimdə uzun müddət
məktəb direktoru işləmiş, tanınmış
pedaqoq, dayım Nuru Fərzəliyevin və Qazax şəhər
1 nömrəli orta məktəbdə təhsil aldığım
illərdə bacarıqlı riyaziyyat müəllimim mərhum
Qara Hacıyevin böyük rolu olub. Onları özümə örnək
seçərək müəllimlik peşəsinə yiyələnmək
üçün ali məktəbə
daxil oldum. Ali məktəbi bitirdikdən sonra
təyinatım üzrə 3 il Sabirabad rayonunun
Talış kənd orta məktəbində
işlədim. Həmin məktəbin mənim gələcək
fəaliyyətimdə və həyatımda xüsusi
rolu olub. Məktəbin direktoru İmanqulu Həsənovun rəhbərliyi altında işə
başladığım ilk illərdən
gələcək pedaqoji fəaliyyətimdə
son dərəcə mühüm
olan əsl müəllimlik, pedaqoji ustalıq və idarəetmə keyfiyyətlərini
öyrəndim. Bəlkə də məndə həmin
illərdən qalan adətdir ki, rəhbərlik etdiyim
liseyə hamıdan yarım saat tez gəlirəm. Liseyimizin
çıxışında
şagirdlər üçün nəzərdə
tutulmuş "Nə öyrənib gedirsən?",
müəllimlər üçün isə
"Nə öyrədib gedirsən?" başlıqlı
müraciət var. Məncə, hər bir insan
qarşısına məqsəd qoymalı və bu məqsədə çatmaq
üçün var gücü ilə
çalışmalıdır. Pedaqoji kollektivimiz bu gün qloballaşan dünyada hərtərəfli biliyə malik yüksək intellektual
səviyyəli gənclərin hazırlanmasını
qarşısına məqsəd qoyub. Qeyd edim ki,
bu günün
şagirdlərini gələcəyin ixtisaslı mütəxəssisi
kimi qəbul etməliyik. Bu
baxımdan qloballaşmanın geniş
vüsət aldığı informasiya cəmiyyətində
sosial-iqtisadi fəaliyyət sahələrində
rəqabətin gücləndiyi, habelə təbii
resursların tədricən tükəndiyi bir
vaxtda təhsilin rolu daha da artmaqdadır. Hazırda respublikamızda şagirdlərin yüksək
səviyyədə təhsil alması üçün
dövlət tərəfindən hər bir
şərait yaradılıb. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında
formalaşan müasir
Azərbaycan təhsili dünya təhsil
sisteminə uğurla inteqrasiya
olunur. Ölkə başçısı
cənab İlham Əliyevin təhsilə
göstərdiyi diqqət və qayğı nəticəsində
respublikamızda yeni məktəblər tikilir. Biz təhsil
işçiləri yaradılan şəraitdən maksimum istifadə etməli və gələcək
nəslin inkişafı üçün var gücümüzlə
çalışmalıyıq.
Liseyin
müəllimi Hökümə Əliyeva:
-1999-2000-ci
tədris ilindən etibarən respublikamızın təhsil
sahəsində İslahat Proqramı həyata
keçirilməyə başladı. Mən o
zaman bu İslahat Proqramını həyata keçirmək
üçün Təhsil Nazirliyi
tərəfindən seçilən 20 pilot
məktəbindən biri olan
181 nömrəli məktəbdə
işləyirdim. Pilot məktəblər əldə etdikləri təcrübəni
aralarında bölüşmək məqsədi ilə "dəyirmi
masa"lar,
"açıq dərs"lər, "açıq
qapı günləri" keçirirdilər. 2002-ci ildə
işlədiyim məktəbdə bu cür tədbir keçirildi.
Mənim 3-cü sinifdə hazırladığım
"açıq dərs"də bir çox qonaqlar, eləcə
də həmin illərdə "Zəkalar" liseyinin direktoru olan F.Xəlilov da iştirak etdi. F.Xəlilov
dərs haqqında yüksək fikir
söylədi. Sonra məni öz məktəbində keçirdiyi
"dəyirmi masa"ya
dəvət etdi. Çox
böyük hörmətlə kollektivinə yaradıcı bir
müəllim kimi təqdim etdi. Bir müddət
keçdikdən sonra F.Xəlilov Heydər
Əliyev adına liseyə direktor təyin
edildi. Fikrət müəllimin məqsədi
ulu öndərimizin adını
daşıyan liseydə güclü kadr potensialı yaratmaq, məktəbin
nüfuzunu günü-gündən
artıraraq, daşıdığı adı doğrultmaq
idi.
Fikrət
müəllim məqsədini söyləyərək pedaqoji fəaliyyətimi məhz bu məktəbdə davam
etdirmək üçün məni liseyə
dəvət etdi. Beləliklə,
2006-cı ildən etibarən mən F.Xəlilovun rəhbərlik
etdiyi kollektivdə
çalışıram. İşimdən çox
məmnunam. Çünki məktəbimizdə
sağlam mənəvi-psixoloji mühit var, işləyən
müəllim üçün gözəl
şərait mövcuddur. Yenilikləri
həyata keçirmək üçün
rəhbərlik tərəfindən əlverişli əmək
şəraiti yaradılmışdır. İslahatın tələblərinə
uyğun olaraq liseyimiz səmərəli öyrənmə mühiti yaratmaq üçün geniş sinif otaqları, İKT avadanlıqları və
digər texniki təlim vasitələri ilə
təchiz edilmişdir. Bu
məktəbdə işləyən hər bir
müəllim dərk edir ki,
təcrübəsini daim yeniləşdirməli,
daha da zənginləşdirməlidir.
Fikrət müəllim deyir
ki, müəllim sözünün
məsuliyyət yükü çox ağırdır. Əsl müəllimin
dərin elmi biliyi, dünyagörüşü ilə
yanaşı, böyük ürəyi də
olmalıdır.Bütün bunları F.Xəlilovda görmək
olar.
Yadımdadır
ki, pedaqoji şurada Fikrət müəllim Nazim Hikmətin belə bir
fikrinə istinad etdi:
"Xoşbəxt o şəxsdir ki, səhər işə, axşam
isə evə tələsir!". Fikrət
müəllimin rəhbərlik etdiyi liseyin kollektivi istər pedaqoji, istər texniki heyət,
istərsə də şagird kontingenti hər səhər böyük
həvəslə məktəbə tələsir. Çünki hər birimiz
bilirik ki, bizi xoşrəftar, səmimi, hər insana fərdi olaraq yanaşan diqqətli rəhbər, ən
əsası isə gözəl insan
gözləyir.
Hər
birimiz fəaliyyətimizlə, nailiyyətimizlə
Fikrət müəllimin etimadını doğrultmağa
çalışırıq. İskəndərdən soruşublar: "Atanı çox
sevirsən, yoxsa müəllimini? Cavab verib ki
, müəllimimi! Atam məni fani dünyaya gətirib,
müəllimim isə mənə əbədi həyat bəxş
edib". Fikrət müəllim də məhz
belə müəllimlərdəndir. O, rəhbərdən əvvəl
bilikli, elmin
qapılarını şagirdlərinin üzünə açan fədakar riyaziyyat
müəllimidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi:
"Mən yer üzündə müəllimdən
yüksək ad tanımıram". Fikrət
müəllim məhz müəllim adını yüksəklərə
qaldıran bir
müəllimdir.
Fürsətdən
istifadə edib 60 illik
yubileyi münasibətilə F.Xəlilovu
təbrık edirəm, ona Tanrıdan
cansağlığı arzulayıram ki, bundan sonra da
uzun illər təhsilimizə xidmət etsin.
Pedaqoji
fəaliyyətə Heydər Əliyev adına liseydə başlamış
gənc tarix müəllimi Hafiz Cabbarov:
- Hər bir insanın həyatının yaddaqalan
anları olur. Bu anlar insan həyatını, onun fəaliyyətini istiqamətləndirir.
Yaxşı yadımdadır,
BDU-nun tarix fakültəsini
bakalavr və magistr pillələri üzrə fərqlənmə
diplomu ilə bitirdikdən sonra yeni ümid, yeni başlanğıc axtarışında
idim. Çox sevdiyim, dəyər
verdiyim bir sənət seçmişdim.
Müəllim olmaq istəyirdim.
Təsadüfən Xətai
rayonunda yeni təhsil ocağının
- Heydər Əliyev adına liseyin
fəaliyyətə başladığını
eşitmişdim. Ulu öndərin adını
daşıyan məktəbdə
işləmək şərəfli
və eyni zamanda məsuliyyətli iş idi. Hələ pedaqoji
fəaliyyətinə yeni
başlamış şəxs
üçün daha həyəcanlı idi.
Bu həyəcan və ümidlə liseyə gəldim. Qəbul otağına yaxınlaşdım.
Liseydə işləmək istəyimi bildirdim. Lakin müəllimlərin işə
qəbul müsabiqəsinin
artıq başa çatdığını dedilər.
Taleyin işimi, yoxsa təsadüfmü, açıq
qapıdan bu söhbəti dinləyən
direktor məni içəri dəvət
etdi. Otağa daxil oldum.
Tanış olduq. Məqsədimi, məramımı bildirdim.
Direktorun
nurani görünüşü
və alicənab qəbulu artıq bütün həyəcanıma
son qoymuşdu. Bu, direktor, mənim pedaqoji fəaliyyətimin başlanmasına təsir
göstərmiş Fikrət
Xəlilov idi. Səmimi olaraq etiraf edirəm: Mən bütün uğurlarımın başlanğıcını
o qısa və səmimi qəbulda görürəm. Artıq 8 ildir
ki, bu liseydə
çalışıram. Əgər tarix elmini kitablardan
öyrənmişdimsə, pedaqoji fəaliyyəti Fikrət müəllimdən
öyrəndim. Qısa müddət
ərzində əvvəlcə
dərsliklərin rəyçisi,
daha sonra isə müəllifi oldum. 2010-cu ildə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev cənablarının
sərəncamı ilə
"Ən yaxşı
müəllim" müsabiqəsinin
qaliblərindən oldum.
Müəllimlik peşəsini bütün peşələrdən
üstün hesab edən Fikrət müəllim nizam-intizamı,
müəllimlərə və
şagirdlərə həssas,
səmimi münasibəti
uğurun açarlarından
hesab edir.
Yaxşı xatırlayıram. Bir dəfə dərsə gecikmişdim. Fikrət
müəllim isə adəti üzrə yenə hər kəsdən öncə gəlib iş gününə başlamışdı.
Tələsik addımlarla liseyin
girişinə daxil oldum. Açığı çox utanırdım.
Sanki bunu hiss edibmiş
kimi, Fikrət müəllimin məni görməməzliyə vuraraq
uzaqlaşdığını gördüm. Bu jestdən
çox təsirləndim.
Özüm-özümə bir daha gecikməyəcəyimə söz
verdim. O hadisə
mənə sübut etdi ki, pedaqoji
ustalıq yalnız kitablarda yazılmır, fəaliyyətdə öz
ifadəsini tapır.
Bəli, hamıya ömründən pay verən
bir müəllim ömrünü də beləcə vərəqlədik.
Vərəqlədikcə 60 il yaşamış
və həyatının
40 ilinə yaxınını
Azərbaycan təhsilinə
həsr etmiş şərəfli və mənalı bir ömrün şahidi olduq. Biz də
Fikrət müəllimi
60 illik yubileyi münasibətilə təbrik
edir, uzun ömür, cansağlığı
arzulayırıq.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2012.- 29 iyun.- S.5.