Təhsil işçiləri
internet-konfransda görüşdülər
Bildiyimiz kimi,
2008- 2009-cu dərs ilindən etibarən ölkəmizin
ümumtəhsil məktəblərində yeni
fənn proqramları (kurikulumları) tətbiq edilir.
Bu da yeni dərsliklərin
hazırlanması, müəllim kadrlarının ixtisasının
artırılmasında yeni modellərin tətbiqini,
şagird nailiyyətlərinin qiymətləndirilməsi
mexanizminin daha da təkmilləşdirilməsini zəruri edir. İldən-ilə bu
istiqamətdə aparılan işlər təhsilin keyfiyyətinə
müsbət təsir göstərir.
Ayrı-ayrı
şəhər və rayonların ümumtəhsil məktəblərində
aparılan zona konfranslarında müzakirələr,
təcrübə mübadiləsinin aparılması artıq ənənə halı alıb. Təhsil
işçiləri üçün böyük əhəmiyyət daşıyan bu ənənə iyunun
22-də yeni formada davam etdirildi.
Həmin
gün Təhsil Nazirliyi
Gəncə Şəhər Təhsil İdarəsi ilə
birlikdə internet- konfrans
təşkil etmişdi. Bakıdakı
132-134 nömrəli Təhsil Kompleksindən Təhsil Nazirliyinin, 27 nömrəli riyaziyat-
informatika təmayüllü liseydən isə
Gəncə Şəhər Təhsil İdarəsinin
nümayəndələri internet məkanında
görüşdülər.
İnternet-konfransda Bakıdan Təhsil
Nazirliyinin şöbə müdiri,
"Kurikulum islahatının davam etdirilməsi və kurikulumun
tətbiqinə dəstək" alt-komponenti
üzrə koordinator Aydın Əhmədov
Gəncədəki təhsil işçilərinə təbriklərini
çatdırdı. Belə internet-konfransların hər iki tərəfin təhsil işçiləri
üçün bir-birlərinin təhsil sahəsində
qazandıqları təcrübənin öyrənilməsi
baxımından olduqca faydalı və mühüm əhəmiyyət kəsb etdiyini söylədi. Sonra A.Əhmədov bu internet-konfransda iştirak edən Təhsil Nazirliyinin
Məktəbəqədər təhsil sektorunun
müdiri N.Alnağıyevanı, Kurikulum Mərkəzinin direktoru
Ə.Abbasovu, AMİ-nin
prorektoru R.Əzizovu, Təhsil Problemləri
İnstitutunun, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin, VMA-nın əməkdaşlarını,
Bakının qabaqcıl məktəblərinin
direktorlarını, qabaqcıl müəllimləri və
valideynləri qarşı tərəfin təhsil
işçilərinə təqdim etdi.
Konfransda çıxış edən
Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov hazırda Gəncə şəhər
təhsil sistemində aparılan uğurlu
islahatlardan, məktəblərdə informasiya və kommunikasiya
texnologiyalarından geniş istifadə
olunmasından, qarşıya çıxan problemlərin həlli
yollarından geniş söhbət
açdı.
Sonra Gəncə məktəblərinin
rəhbərləri, qabaqcıl müəllimləri, valideynlər
İnternet məkanında fikir
mübadiləsi apardılar. Onlar öz fəaliyyətləri haqqında məlumat
verdilər, iş zamanı
qarşılaşdıqları problemlərlə bağlı
suallar səsləndirdilər.
Qeyd edilən müəllim
hazırlığı, gənc kadrların işə qəbulu,
12 illik təhsilə keçid,
yeni hazırlanan dərsliklərdə
hansı yeniliklərin olacağı, elektron
dərsliklərin yaradılması haqqında, iş
dəftərlərində olan bəzi
problemlər, istedadlı şagirdlərlə iş
və digər çoxsaylı sualları Təhsil Nazirliyinin
şöbə müdiri Aydın Əhmədov,
Kurikulum Mərkəzinin direktoru
Ənvər Abbasov və Məktəbəqədər
təhsil sektorunun müdiri Nərminə Alnağıyeva yerindəcə
cavablandırdılar və müvafiq
tövsiyələrini verdilər.
Eyni zamanda
konfransda Bakıdakı akademik
Zərifə Əliyeva adına liseyin direktoru Məhəbbət Vəliyeva,
Bakıdakı 189 nömrəli tam orta məktəbin direktoru
Ceyran Kuliyeva,
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin
direktoru Sara Xanlarova və başqaları
çıxış edərək fəaliyyət göstərdikləri
təhsil
müəssisələrində əldə edilmiş
müəyyən təcrübə ilə gəncəli həmkarlarını
tanış etdilər. Həmçinin qarşı tərəfi
maraqlandıran sualları da ətraflı
cavablandırdılar. Onu da
xüsusi vurğuladılar ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasəti möhtərəm
Prezidentimiz İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Daha sonra
çıxışçılar ölkədə təhsil
sahəsində qazanılan müvəffəqiyyətlərdən
də danışdılar. Azərbaycan təhsilinin
inkişafında, maddi-texniki
bazasının gücləndirilməsində Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyevanın rolunu xüsusi qeyd etdilər.
İki saata
yaxın davam edən konfransda
bir-birlərini İnternet vasitəsi ilə
yaradılan görüntülərlə seyr
edən hər iki tərəfin təhsil
işçiləri gələcəkdə belə
internet-konfransın digər şəhər və
rayonlarımızda da keçirilməsini,
həmçinin təhsil müəssisələrində
əldə edilən təcrübə ilə yaxından
tanışlıq məqsədilə qarşılıqlı
səfərlərin olmasını arzuladılar.
Sonda Təhsil Nazirliyinin
şöbə müdiri Aydın Əhmədov
bir daha internet-konfransda iştirak
edən təhsil mütəxəssislərinə və Gəncə
təhsil işçilərinə fəaliyyətlərində
uğurlar diləyərək onlara ən xoş istəklərini
çatdırdı. Bu konfransın təşkil
edilməsində əməyi olan insanlara
öz təşəkkürünü bildirdi.
Ədalət
DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 29 iyun.- S.4.