İki dəfə Nobel mükafatı almış amerikalı alim

 

Görkəmli Amerika biokimya alimi Laynus Polinq ötən əsrin elm aləmində özünəməxsus yer tutmuş dahidir.  Onun adı "Bütün dövrlərin ən dahi 20 alimi"nin siyahısına daxil edilib. O bu siyahıda Qalileo Qaliley, İsaak Nyuton, Çarlz Darvin və Albert Eynşteyn kimi elm nəhəngləri ilə bir sıradadır. Albert Eynşteyn onun haqqında "o, əsl dahidir" ifadəsini işlətmişdir. Laynus Polinq iki dəfə Nobel mükafatına - 1954-cü ildə kimyəvi rabitənin təbiətinə dair fundamental işlərinə, 1962-ci ildə isə atom bombasının sınaqlarına qarşı cəsarətli və ardıcıl  mübarizəsinə görə layiq görülüb. O, atom sınaqlarının yaratdığı anadangəlmə inkişaf qüsurları nəticəsində cəmiyyətin məruz qaldığı ciddi təhlükələr barədə də araşdırmalar aparıb.

 

Uşaqlıq və tələbəlik illəri 

 

Laynus Polinq 1901-ci il fevralın 28-də ABŞ-ın Oreqon ştatının Portlend şəhərində Lüsi Ayzabell və Xerman Henri Uilyamın ailəsində anadan olub. Atası farmasevt, anası evdar qadın olub. Balaca Laynus uşaqlıqdan kitab oxumağı çox sevirdi. 1910-cu ildə atası 9 yaşlı oğlunun qeyri-adi istedadı ilə əlaqədar yerli Portlend qəzetlərindən birinə məktub yazaraq oğluna hansı kitabları oxuması barədə məsləhət istəyib. O, məktubunda "Bibliya və  Darvinin "Növlərin mənşəyi" kitabını təklif etməyin, o, bu kitabları artıq oxuyub" yazırdı. 1910-cu ildə  atası dünyasını dəyişib. Ailə çətin maddı sıxıntılarla üz-üzə qalıb. Anasını, iki bacısını və özünü maddi cəhətdən təmin etmək üçün o, restoranda qab yumaqla və yerli nəşriyyatlar üçün kağız toplamaqla pul qazanıb.  Anasının etirazlarına baxmayaraq, Polinq Portlenddəki Vaşinqton orta məktəbinə gedib, lakin kamal attestatı ala bilməyib. Ruhdan düşməyən Polinq Oreqon Dövlət Kənd Təsərrüfatı Kollecinə (Oreqon Dövlət Universiteti) daxil olub. Lakin pul çatmırdı. Polinq ikinci kursdan sonra işləməyə başlayıb. O, yataqxanaların sobaları üçün odun yarır, kollec mətbəxini yığışdırır və bir saata 25 sent qazanırdı. Anasının xəstələnməsindən sonra pul çatışmazlığı daha çox hiss olunurdu. Laynus pul qazanmaq üçün ən müxtəlif işlərə əl atırdı: süd daşıyırdı, kinomexanik işləyirdi, qəssabxanada çalışırdı. Yay istirahətində 3 il fasiləsiz olaraq yol tikintisində işləmişdi. Qazandığı pulların böyük hissəsini iki bacısına baxan anasına göndərirdi. Bu cür həyat ritmi Laynusa vaxtı qiymətləndirməyə kömək edirdi. O, hər bir boş dəqiqəsini qiymətli işə və məşğuliyyətə sərf etməyə öyrəşmişdi.  Polinq uşaq yaşlarından elmə maraq göstərib. İlk vaxtlarda mineral və həşəratlar toplayıb. Laynus  qapalı və daim  düşüncəli uşaq kimi böyüyürdü. O, saatlarla həşəratların həyatını müşahidə etməkdən doymazdı, lakin onu minerallar, xüsusilə cəlb edirdi. Rəngli daşlar dünyası onu  heyran edirdi və o, uzun müddət əlvan daşların cazibəsindən qurtula bilmirdi. Kristallara olan uşaq ehtirası hələ sonralar da Polinqin yaşlı dünyasını məşğul edirdi.  13 yaşı olanda dostlarından biri onda kimya elminə maraq oyadıb və gələcək alim uşaq yaşlarından ilk təcrübələrini aparmağa başlayıb. Polinq ilk təcrübələrini evdə aparıb. Təcrübələr üçün  lazım olan qabları isə anasının razılığı ilə mətbəxdən götürüb. Polinq Oreqon Dövlət Kənd Təsərrüfatı Kollecində əsasən kimya texnologiyası, kimya və fizika elmini öyrənib. Sonuncu kursda oxuyarkən Polinqi nadir istedadlı tələbə kimi analitik kimya kafedrasında assistent saxlayıblar. 1922-ci ildə kimya texnologiyaları sahəsində təbiət elmləri bakalavrı dərəcəsini alan Polinq Pasadendəki Kaliforniya Texnologiya İnstitutunda doktorluq dissertasiyası üzərində işləməyə başlayıb.    Polinq Kaliforniya Texnologiya İnstitutunda ilk tələbə idi ki, ali məktəbi bitirdikdən sonra onu əvvəlcə assistent, sonra isə  müəllim kimi işə götürmüşdülər.    Sonralar bu institutda kimya kafedrasına rəhbərlik edib. 1925-ci ildə Polinq qeyri-üzvi birləşmələrin rentgenstruktur analizi sahəsində tədqiqatların nəticələrinə dair doktorluq dissertasiyası müdafiə edib. 1927-ci ildə Polinq assistent-professor, 1929-cu ildə adyunkt-professor, 1931-ci ildə isə kimya üzrə professor olub. Daha sonra xüsusi təqaüdə layiq görülərək Münhen, Sürüx və Kopenhagendə Arnold Zommerfeld, E.Şredinger, Nils Bor kimi məşhur alimlərin rəhbərliyi altında təkmilləşmə kurslarında iştirak edib. O, adıçəkilən alimlərin təsiri altında tezliklə öz elmi fəaliyyətini kvant nəzəriyyəsi və atom fizikasına həsr edib. 

 

Kimyəvi rabitənin banisi  

 

Polinq fizika və kimyanın müxtəlif məsələləri ilə o qədər yaxşı tanış idi ki, tezliklə əsaslı şəkildə kimyəvi rabitənin kvant-mexanika problemlərinin tədqiqi ilə məşğul olmağa başlayıb. Tədqiqatlar aparmaqla Polinq rentgen kristalloqrafiya üzrə mütəxəssis oldu. O, rentgen şüalarının kristallardan keçməklə yaratdığı  özünəməxsus şəkilləri təhlil edirdi. Bu şəkillərə əsasən həmin maddənin atom strukturu barədə fikir yürütmək olardı. Bu metodu tətbiq edən Polinq  benzol və digər aromatik birləşmələrdə kimyəvi  rabitənin təbiətini öyrənməyə başladı.

  Onun 1939-cu ildə çap etdirdiyi "Kimyəvi rabitənin təbiəti" kitabı kimyanın müasir strukturuna həsr olunmuş ən sanballı monoqrafiyalardan biri idi. E.Xyükkel və K.İnqold kimi kimyaçılarla birlikdə Polinq kimyanın struktur nəzəriyyəsinin inkişafına diqqətəlayiq töhfələr verib.  Maks Plankın kvant nəzəriyyəsini inkişaf etdirərək kvant və ya dalğa mexanikasına əsaslanan  Polinq və onun müasirləri olan məşhur alimlər getdikcə daha aydın surətdə anlamağa başladılar ki, kimya və fizika arasında dəqiq  sərhəd yoxdur.  Kimyəvi rabitə probleminin həlli üçün kvant nəzəriyyəsindən istifadə olunması ona gətirib çıxardı ki, bir sıra dağınıq elmi faktları vahid nəzəri mövqedən izah etmək mümkün oldu. Polinq kimyəvi rabitə təliminin kimyanın inkişafında rolunu yüksək qiymətləndirirdi. "Əgər bugünkü elmi-texniki tərəqqinin inkişaf tempi saxlanarsa, onda alimlərin gələcək nəsli elə bir valentlik nəzəriyyəsinə malik olacaq ki, bu, kimyanı nəzəri fizika kimi dəqiq və təsirli elmə çevirəcək",-deyə Polinq sonralar yazırdı.   

Bir sıra daha ümumi qanunauyğunluqlar kimyəvi  birləşmələrin əmələ gəlməsi və yenidən yaranması zamanı davam edən proseslərin xarakteri haqda nəticə çıxarmağa imkan verir. Bu qanunauyğunluqlar haqda biliklər hələlik elmə məlum olmayan birləşmələrin kimyəvi, fiziki və bioloji xassələri barədə nəzəri mühakimə yürütməyə imkan verir. Lakin bundan ötrü atom və molekulların quruluşu və onların qarşılıqlı təsiri barədə dəqiq bilgilərə malik olmaq lazım idi. 30-cu illərdə Polinq kvant mexanikası nəzəriyyəsinə əsaslanaraq alman alimi Qeyzenberqin "kvant-mexanika rezonansı" klassik təlimi əsasında maddələrin molekulyar quruluşunun izahını verməyə cəhd edib. Polinq klassik struktur nəzəriyyəsi əvəzinə işləyib hazırladığı "rezonans nəzəriyyəsi"ni təklif etdi. "Rezonans" terminindən alim metafora kimi istifadə etmişdi. Rezonans nəzəriyyəsi ona əsaslanır ki, heç də hər bir molekulu yalnız elektron strukturun köməyi ilə təsvir etmək olmaz və bu cür hallarda müxtəlif mümkün elektron strukturlar bir-biri ilə rezonans vəziyyətində olurlar. Buna görə də bu cür maddələrdə kimyəvi rabitə hibridləşib.

Polinqin yaratdığı nəzəriyyədə onun hazırladığı kimyəvi elementlərin əks-elektrik şkalası xüsusi əhəmiyyət daşıyır. Bu şkala əsasında iki elementin birləşməsi enerjisini qiymətləndirmək və beləliklə də elementlərin xarakteri və davamlılığı barədə nəticə çıxarmaq olardı. Məhz bunun əsasında Polinq ion rabitədən atom rabitəyə keçidi nəzəri cəhətdən izah edə bilərdi. O öz nəzəriyyəsi əsasında bir çox maddələrin quruluşunu izah etmişdi.  Rezonans nəzəriyyəsi Polinqə yeni eksperimental nəticələri kimyəvi rabitənin klassik nəzəriyyəsindən daha yaxşı izah etməyə imkan verirdi. Rezonans nəzəriyyəsi əsasında Polinq zülal molekullarının quruluşunu tədqiq edir və antitelin immunitetin təmin olunmasındakı rolunu  öyrənirdi.  Fizika və kimya sahəsində əldə olunmuş nailiyyətlərin biologiya və təbabətdə istifadə olunmasının əsas istiqamətlərini müəyyən etmiş tədqiqatlarına görə Laynus Polinq 1954-cü ildə kimya sahəsində Nobel mükafatına layiq görülüb. 

 

Ölümə qalib gələn alim

 

1941-ci ildə həkimlər 40 yaşlı alimə Brayton diaqnozu qoymuşdu. O vaxtlar bu böyrək xəstəliyi ölüm hökmünə bərabər idi. Polinq bununla barışa bilmirdi. Polinq əslində təbiətlə mübarizə aparırdı.  O, ciddi dietaya əməl etməyə və hər gün S vitamini qəbul etməyə başladı. 12 il sonra alim öz xəstəliyinə qalib gəldi. Əvvəlcə insanlar onu "S vitamini adamı" kimi gülməli ləqəblə çağırırdılar. Lakin insanların onun adını hörmətlə çəkməsi üçün illər lazım gəldi. Özünün parlaq həyatı ərzində Polinq yüzlərlə kitab yazdı. Vitaminlərin böyük əhəmiyyətini sübut etdi. Özünü sağaltdı və dünyada milyonlarla insanın sağalması üçün onlara kömək əlini uzatdı. "Mənim vitaminlərlə ciddi məşğul olmaq niyyətim yox idi. Məni yalnız öz sağlamlığım və vitaminlərin mənə kömək edə bilməsi maraqlandırırdı", - deyə alim sonralar yazırdı. İlk dövrlərdən Polinq gözəl bilirdi ki, genetik olaraq uzun həyat sürməyə meyilli deyil. Atası 34 yaşında vəfat etmişdi, anası isə 45 il ömür yaşamışdı.   "Mən əminəm ki, əgər siz gəncliyinizdə zəruri miqdarda vitaminlər qəbul etməyə başlasanız, öz həyatınızın firavan hissəsini 25 il,  hətta 35 il uzada bilərsiniz.  Məhz  həyatın insanın xoşbəxt olduğu hissəsi uzanacaq", - deyə Polinq yazırdı. 

 

Polinq və S vitamini 

 

Çoxları bilmir ki, özünün uzun həyatının və parlaq karyerasının  son 30 ilini alim askorbin turşusunun ( S vitamini) tədqiqinə və onun kliniki tətbiqinə həsr edib. Polinqdə S vitamininə maraq necə yaranıb? Alim çıxışlarının birində (o zaman onun 65 yaşı vardı) söyləyirdi ki, işləyib hazırladığı elmi  prinsiplərin necə həyata keçirilməsini  öz gözləri ilə görmək üçün  daha 25 il ömür sürmək istəyir. O, həddindən artıq sağlam olduğunu, nadir hallarda xəstələndiyini, yalnız hərdən soyuqdəymədən şikayətləndiyini bildirirdi. Onun bu açıqlaması əks-səda yaratmışdı. Məşhur Amerika yazıçısı, dahilərin həyatından 25 kitab yazmış İrvin Stoun Polinqə soyuqdəymədən qaçmaq və uzun müddət yaşamaq istəyirsə, gün ərzində bir neçə qram S vitamini qəbul etməyi təklif edib.   Hədsiz dərəcədə hər şeyə maraq göstərməsi ilə seçilən Polinq bu təklifi qəbul edib. Lakin o, bu problemin dərinliklərinə vararaq S vitamininin orqanizmə təsiri mexanizmini araşdırıb. O öz üzərində apardığı təcrübələri tezliklə  "Vitamin S and the Common Cold" ("S vitamini və soyuqdəymə") kitabında ümumiləşdirib.

Doktor Polinq  Kaliforniya ştatında Elm və Tibb İnstitutunda ürək, xərçəng, virus xəstəliklərində askorbin turşusunun təsirinə dair araşdırmalarda fəal iştirak edib.  S vitamininin müdafiə, preventiv və terapevtiv  təsirlərini təsdiqləyən  məlumatların sayı gündən-günə artırdı. Məlum olmuşdu ki, pis qidalanma zamanı vitaminlər insana kömək etmir, lakin onlar orqanizmin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün əlavə şans verir. Bunu alim Polinqin uzunsürən və fəal həyat tərzi sübut edir. O, 70 yaşdan başlayaraq 23 il  gün ərzində 18 mq S vitamini və 800 ME tokoferola asetat (E vitamini) qəbul edib.  80 yaşında velosiped sürən Polinq 93 yaşa qədər ömür sürüb. Onun həyatı vitaminlərin müsbət təsirinə dair əla  nümunə hesab olunur.  Qrip və soyuqdəymənin müalicəsinin  "Polinq metodu" artıq elm aləmində çoxlarına məlumdur. Askorbin turşularının böyük dozada müntəzəm olaraq qəbul olunması xəstəliklərə tutulma riskini azaldır. Artıq "Polinq  qaydası"na heç kim şübhə ilə yanaşmır. 1973-cü ildə Polinq Palo-Alto şəhərində onun adını daşıyan Elmi Tədqiqat Tibb İnstitutunu təsis edib. O, iki il ərzində institutun prezidenti, sonralar isə professoru oldu. Polinq və onun həmkarları vitaminlərin  terapevtik təsirinin öyrənilməsi işini davam etdiriblər. Burada S vitamininin xərçəng xəstəliklərinin müalicəsində rolu problemi öyrənilirdi. 1979-cu ildə Polinq "Xərçəng və S vitamini" kitabını dərc etdirib. Bu kitabda qeyd olunurdu ki,  S vitaminlərindən müntəzəm dozada qəbul olunması ömrü uzadır və xərçəngə tutulmuş xəstələrin vəziyyətinin yaxşılaşmasına kömək edir.  Aparılmış 47 tədqiqat işindən 34-də S vitamininin xərçəngin müxtəlif növlərinin inkişafının qarşısını alması sübuta yetirilmişdi.   Polinq hesab edirdi ki, yalnız vitaminlərin köməyi ilə insan orqanizminin gizli mənbələri azad oluna bilər. Yalnız bu yolla insan həyatını uzunömürlü etmək və aktivliyi, qocalıq dövrünə qədər güc və sağlam zəkanı qoruyub saxlamaq mümkündür. Alim daha sonra bir sıra kimyəvi elementlərin insan orqanizmi üçün fəlakətli təsirlərini  də öyrənib. Radioaktiv zəhərlənmə təhlükəsini əyani şəkildə təsəvvür etmək üçün Polinq çoxsaylı elmi tədqiqat işləri aparıb və sübut edib ki, stronsium-90  leykemiya və sümük xərçəngi, yod-131 qalxanabənzər vəzinin xərçəngini, karbon -14 və sezium-137 isə digər qorxulu xəstəliklər törədirlər.

 

Nəzəriyyəçi müəllim

 

Polinq yazırdı: "Mən Nobel mükafatını hər şeyə maraq göstərdiyimə görə aldım". O, dünyanın 15 Elmlər Akademiyasının fəxri üzvü seçilmişdi. Onun elmi fəaliyyəti olduqca çoxşaxəlidir. 250-dən artıq elmi əsərin müəllifi olan Polinq müəllimlik fəaliyyəti ilə də məşğul olub.  "Nəyi öyrənmək lazımdır" sualına cavab olaraq ali məktəb professoru belə cavab vermişdi: "İndiki şəraitdə, mənim fikrimə görə, kimya sahəsində uğur qazanmaq istəyən gənc əsasən elmin nəzəri aspektlərinin öyrənilməsinə xüsusi diqqət ayırmalıdır".  Əgər insan istedadlıdırsa, o, bütün sahələrdə istedadlıdır. Eynşteyndən sonra Polinq 20-ci əsrin ən böyük alimi oldu. İctimai fəallığına və  siyasi nüfuzuna görə onun elmi cəmiyyətdə tayı-bərabəri yox idi.  Tələbələrin ümumnəzəri əsasları və təcrübi texnikanı mənimsəməsinə Polinq onların faktiki kimya  meterialını düzgün başa düşməsinin açarı kimi baxırdı, qeyd edirdi ki, bu bilikləri şagirdlərə ancaq məhdud həcmdə təqdim etmək lazımdır. Onun müəllimlik fəaliyyətində önəm verdiyi tezislər ali məktəb tələbələri arasında ən populyar dərsliklərdən sayılan "Ümumi kimya" dərsliyində əksini tapıb. Kitabın giriş hissəsində alim yazırdı ki, kimyaçılar - əslində dünyanı ən yaxşı başa düşən insanlardır. "Yaxşı ideya tapmağın ən yaxşı yolu çoxlu ideya toplamaq və onlardan ən pisini atmaqdır",-deyə Polinq tələbələrinə deyirdi. 

 

Həbs olunmaq təhlükəsi ilə üz-üzə 

 

Həyatının 50 ilini  elmə həsr etmiş böyük alim 1946-cı ildə Xirosima və Naqasakinin atom bombasına məruz qalmasından sonra kütləvi qırğın silahlarının qadağan olunması hərəkatına qoşulmuşdu. Danimarkalı alim Nils Bor kimi Amerika atom strategiyasının fəlakətlərini düşünən Polinq 1958-ci ilin yanvarında BMT Baş katibinə müraciət ünvanlayıb. O, beynəlxalq təşkilat tərəfindən  atom silahının sınağının qadağan olunmasına nail olmaq üçün çox işlər görüb.  Bu müraciəti dünyanın 49 ölkəsindən 11 min alim imzalayıb. 1960-cı il iyunun 21-də Polinq Amerika Daxili Təhlükəsizlik Nazirliyinin alt-komitəsinə dəvət olunub. Komitənin iclasına sədrlik edən T.C.Dudd Polinq qarşısında ultimatum qoyub: Polinq ya BMT-yə ünvanladığı müraciətdə imzaların toplanmasında ona kömək etmiş insanların adlarını çəkməli, ya da o, həbs olunacaq.  Beləliklə, nəinki Polinqin sülh uğrunda hərəkatda fəal iştirakının qarşısının alınmasına, eyni zamanda Amerika sülh hərəkatının nüfuzdan salınmasına cəhd olundu. Lakin Polinq təzyiqlərə boyun əyməyərək Amerika Konstitusiyasında təsbit olunmuş insan haqlarının pozulmasına görə Senatın alt-komitəsinə, ölkənin Ali Məhkəməsinə şikayət göndərib. Polinq müxtəlif ölkələrdə sülh uğrunda mübarizəsini davam etdirib. Alimin "Müharibəyə yol vermək olmaz!" kitabı bütün dünyada böyük maraqla oxunurdu.  1961-ci ildə Laynus Polinq  Norveçin paytaxtı Osloda atom silahının yayılmasına qarşı konfrans təşkil edir.  Elə həmin ilin sentyabrında SSRİ-nin o vaxtkı rəhbəri Nikita Xruşşova müraciət etməsinə baxmayaraq,  sovet rəhbərliyi atmosferdə atom bombasının sınağını keçirib. Növbəti ilin martında isə artıq Amerika da öz atom bombasının sınağını keçirib. Polinq atom bombasının atmosferdə sınaqlarının  qadağan olunmasını nəzərdə tutan layihə hazırlamışdı. 1963-cü ilin iyulunda ABŞ, SSRİ və Böyük Britaniya Polinqin  hazırladığı layihə əsasında nüvə sınaqlarının qadağan olunmasına dair üçtərəfli müqavilə imzalamışdılar. Bu hadisə məhz Laynus Polinqin bir görkəmli alim, nüfuzlu  elm xadimi, fəal ictimai xadim kimi böyük səylərinin bəhrəsi idi.  1963-cü ildə beynəlxalq sülh hərəkatında fəal iştirakına görə Laynus Polinq Nobel sülh mükafatına layiq görülüb. Tom Heyger "Laynus Polinq və həyatın kimyası"  (Tom Hager, "Linus Pauling and the chemistry of life", New York, 1998) kitabında yazırdı: "Nobel sülh mükafatının təsis olunması tam sürpriz və möcüzəvi yenilik oldu. Polinq qısa mətbuat konfransı keçirdi. "Mən ümid edirəm ki, bu mükafat sayəsində sülh naminə fəaliyyət Amerikada hörmətə layiq məşğuliyyət olacaq",-deyə o bildirirdi.   Polinq təntənə içində idi. İllər ərzində o, hücumlara məruz qalmışdı, onun peşəkar elmi karyerası illər ərzində atom bombasına qarşı apardığı mübarizə üzündən zərər çəkmişdi. İndi o, qalib idi. Nobel sülh mükafatı doğrudan da böyük şərəf idi. Xüsusən də ona görə ki, mükafatı Polinq təkbaşına qazanmışdı. Polinqin əleyhdarları da tapılmışdı. Bəzi qəzet və jurnallar Nobel komitəsini tənqid edərək Amerika prezidenti Kennedinin Polinqdən daha çox Nobel sülh mükafatına layiq olduğunu qeyd edirdi".

Qeyd edək ki, bütün tarixi ərzində Nobel mükafatını iki dəfə 4 nəfər - Mariya Skladovskaya Küri (1903-cü il fizika, 1911-ci il kimya), Laynus Polinq kimya (1954), sülh (1963), Con Bardin fizika (1956, 1972-ci illər), Frederik Senger kimya (1958, 1980-ci illər) üzrə  alıblar.  Digər laureatlardan fərqli olaraq yalnız Laynus Polinq Nobel mükafatını təkbaşına alıb.  

 

Böyük alim və qeyri-adi şəxsiyyət

 

 Polinq 1923-cü ildə Eyva Helen Miller ilə evlənib. Onlar 58 il uzun və xoşbəxt ailə həyatı yaşadılar. Eyva Helen Polinq üçün həm həyat yoldaşı,  köməkçi və həm də silahdaş oldu. O, ərinə ən ağır sınaqlardan çıxmağa yaxından kömək etdi. Opponentlərinin "Xərçəngin ənənəvi metodlarla müalicəsində tərəqqiyə inanırsınızmı" sualına Polinq qətiyyətlə "Şübhəsiz!" deyirdi. "Lakin mən hesab edirəm ki, xərçəng üzərində tam qələbə dərmanların deyil, vitaminlərin köməyi ilə əldə olunacaq", - deyə alim bildirirdi.  O hesab edirdi ki, XXI əsr vitamin əsri olacaq. Laynus Polinq 1994-cü ildə 93 yaşında Kaliforniyadakı rançosunda vəfat edib. O, son anlara qədər aydın təfəkkür və zəkasını itirməyib. Alim özündən sonra nəhəng elmi irs qoyub. Onun 4 övladı, 15 nəvəsi, 19 nəticəsi elmin müxtəlif sahələrində onun işini davam etdiriblər.  Polinq haqqında müxtəlif fikirlər, fərziyyələr dolaşırdı. Ölkəsinin atom siyasətinə qarşı çıxdığına görə onun adı Amerikanın ən etibarsız sakinlərinin siyahısında çəkilirdi, ABŞ Federal Təhqiqatlar Bürosu (FBR) tərəfindən təqib olunurdu. Alim Kaliforniya ştatından Amerika Senatına namizədliyini vermişdi. Onun təkəbbürlüyündən inciyir, yumor və səmimiyyətinə isə heyran idilər. Lakin hamı bir fikirlə razı idi ki, Polinq böyük alim və qeyri-adi şəxsiyyətdir.

 

 

Hazırladı: Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2012.- 29 iyun.- S.6.