Fənn
kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkili barədə
Azərbaycan Respublikası təhsil
nazirinin əmri
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin 03.12.2011-ci il tarixli kollegiya
iclasında 2012-2013-cü tədris ilində respublikanın
ümumi təhsil müəssisələrinin V siniflərində
işləyəcək müəllimlər üçün fənn
kurikulumlarının tətbiqi üzrə təlimlərin təşkili
ilə bağlı məsələ geniş müzakirə
olunaraq qeyd edilmişdir ki,
ümumi təhsil sistemində həyata keçirilməkdə
olan məzmun islahatları, o cümlədən yeni fənn
kurikulumlarının, qiymətləndirmə sisteminin tətbiqi,
müasir təlim metodlarının təlim prosesində
istifadəsi pedaqoji kadrların ixtisasının
artırılması zərurətini yaratmışdır.
Bununla əlaqədar respublikanın bütün ümumtəhsil
məktəblərinin ibtidai sinif müəllimləri
xüsusi proqram əsasında fənn kurikulumlarının tətbiqi
üzrə ixtisasartırma təhsilinə cəlb
olunmuşdur. 2010-cu ildən başlayaraq ixtisasartırma təhsili
sahəsində yeni modelin tətbiqi və modul-kredit sisteminə
keçidlə əlaqədar tədbirlər həyata
keçirilməkdədir.
Belə ki,
2010-2011-ci dərs ilində I siniflərdə dərs deyəcək
ibtidai sinif müəllimləri üçün təlim
kurslarının təşkili məqsədilə Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihə
(TSİİL) çərçivəsində respublikanın
bütün rayon və şəhərlərini əhatə
etməklə 12 iqtisadi zona üzrə təlimlərin həyata
keçirilməsi nəzərdə tutulmuş və bu məqsədlə
keçirilmiş tenderin nəticələrinə əsasən
4 təşkilat: "Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi", "İnkişaf" Elmi Mərkəzi,
"Azad Müəllimlər Birliyi", "Şəxsiyyətin
inkişafı və yeni pedaqoji texnologiyalar üzrə
İctimai Birlik" təlim kurslarını keçirmək
hüququ qazanmışdır. 2010-cu ilin iyun-sentyabr
aylarında 112 təlim mərkəzində
yaradılmış 355 qrupda 109 təlimçi tərəfindən
7778 nəfər ibtidai sinif müəllimi 6 günlük (36
saat) təlim kursundan keçmiş, əldə etdikləri
bilik və bacarıqların səviyyəsinə uyğun
olaraq onlara sertifikatlar verilmişdir.
6
günlük təlim kursunun müəllimlərə
müvafiq bilik və bacarıqların aşılanması
üçün kifayət etmədiyi nəzərə
alınaraq, 60 saatlıq (10 günlük) tədris planı və
proqram hazırlanıb təsdiq edilmişdir. 2011-2012-ci dərs
ilində 1-ci siniflərdə dərs deyəcək ibtidai sinif
müəllimlərinin fənn kurikulumlarının tətbiqi
sahəsində nəzəri və praktik
hazırlığını təmin etmək
üçün təlim kurslarını təşkil edəcək
təşkilatları müəyyənləşdirmək məqsədilə
2011-ci ilin yanvar-may aylarında tender keçirilmişdir. Tender
komissiyasının qərarına əsasən respublikanın
bütün rayon və şəhərləri əhatə
edilməklə 9 iqtisadi zona üzrə təlimləri
keçirmək hüququnu Abşeron, Aran, Dağlıq
Şirvan və Yuxarı Qarabağ iqtisadi zonaları üzrə
"Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi",
Bakı şəhəri və Lənkəran iqtisadi
zonaları üzrə "İnkişaf" Elmi Mərkəzi,
Gəncə-Qazax iqtisadi zonası üzrə "Azad Müəllimlər
Birliyi", Şəki-Zaqatala iqtisadi zonası üzrə
"Yaşlıların Təhsili Assosiasiyası"
İctimai Birliyi, Quba-Xaçmaz iqtisadi zonası üzrə
"Təhsilin humanistləşdirilməsi İctimai
Birliyi" qazanmış və təlim kurslarını təşkil
etmişlər. 2011-ci ilin iyul-avqust aylarında 79 təlim mərkəzində,
444 qrupda 10417 ibtidai sinif müəllimi təlim kursundan
keçmiş, kursu müvəffəqiyyətlə bitirən
10391 nəfərə sertifikat verilmişdir. Onlardan 5538 nəfəri
I dərəcəli, 4853 nəfəri isə II dərəcəli
sertifikat almışdır. Naxçıvan Muxtar
Respublikasında ibtidai sinif
müəllimləri üçün təlimlər Təhsil
Problemləri İnstitutunun Kurikulum Mərkəzi tərəfindən
təşkil edilmiş, 358 ibtidai sinif müəllimi
müvafiq təlim kurslarından keçərək sertifikat
almışdır.
Son 4 ildə
ümumilikdə 35 mindən çox ibtidai sinif müəllimi
fənn kurikulumlarının tətbiqi üzrə təlim
kurslarından keçərək müvafiq bilik və
bacarıqlara yiyələnmiş, bununla da ibtidai siniflərdə
işləyən müəllimlərin fənn
kurikulumlarının tətbiqi sahəsində nəzəri və
praktik hazırlığını təmin etmək məqsədilə
keçirilən təlimlər bir ixtisasartırma
dövrü üçün başa
çatdırılmışdır.
12.07.2011-10.08.2011-ci
il tarixlərində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin
dəstəyi ilə Respublika Milli Valideyn-Müəllim
Assosiasiyası tərəfindən ibtidai sinif müəllimləri
üçün keçirilən təlim kurslarının
monitorinqi aparılmışdır. Monitorinq 18 regionda 24 təlim
mərkəzini əhatə etmişdir. Monitorinq zamanı təlimlərin
təşkili vəziyyəti, davamiyyət, təlimlərin
proqrama uyğun keçirilməsi, İKT-dən istifadə, təlimçilərin
bacarıqları, təlim iştirakçılarının fəallığı,
əldə etdikləri bilik və bacarıqlar qiymətləndirilmiş,
müvafiq sorğular və təhlillər
aparılmışdır.
Monitorinqin
nəticələrinə dair Təhsil Nazirliyinə təqdim
olunmuş hesabatdan aydın olmuşdur ki, təlimlər
proqrama uyğun aparılmış, təlimçilər peşəkarlıq
və səriştəlilik nümayiş etdirmiş, təlim
iştirakçıları kurslarda fəal iştirak
etmişlər.
Monitorinq
zamanı aşağıda qeyd olunan nöqsanlar da aşkar
edilmişdir:
1.
"Yaşlıların Təhsili Assosiasiyası"
İctimai Birliyi tərəfindən keçirilən təlim
kurslarında bəzi təlimçilərin peşəkarlıq
və səriştəlilik səviyyəsinin kifayət qədər
olmaması müşahidə edilmişdir.
2.
"Müasir Təlim və Tədrisə Yardım Mərkəzi"
və "Azad Müəllimlər Birliyi" təşkilatlarının
keçirdiyi təlim kurslarında bəzi təlimçilər
tərəfindən neqativ hallara yol verilməsinə cəhd
olmuş, lakin bu hallar monitorinq zamanı aşkar olunaraq aradan
qaldırılmışdır.
3. Təlimlərə
cəlb olunmuş müəllimlərin siyahılarında
uyğunsuzluq müəyyən edilmişdir (Zaqatala RTŞ,
Balakən RTŞ).
4.
"Azad Müəllimlər Birliyi" tərəfindən
keçirilmiş təlimlərdə tam iştirak etməyən
müəllimlərə sertifikatların verilməsi
hallarına yol verilmişdir.
5. Təlimlərə
cəlb olunan müəllimlərin siyahılarının dəqiqləşdirilməsi,
təlim mərkəzlərinin müəyyənləşdirilməsi
və onların zəruri texniki avadanlıqlarla təchizi və
s. məsələlərin həllində bir sıra
rayonların yerli təhsil orqanları tərəfindən
gecikmə və laqeydlik hallarına yol verilmişdir.
6. Bəzi
təhsil şöbələri tərəfindən təyin
edilən əlaqələndiricilər öz
funksiyalarını icra etmək əvəzinə, təlimləri
keçirən təşkilatların və təlimçilərin
işinə yersiz müdaxilələr etmiş, müəllimlərin
təlim kurslarından yayınması, siyahıda adı
olmayanların kursa cəlb edilməsi kimi neqativ hallara şərait
yaratmışlar.
7. Bir
sıra hallarda təlim kursunu keçirən təşkilatlar
və ayrı-ayrı təlimçilər yerli təhsili idarəetmə
orqanlarının əlaqələndiriciləri ilə
razılaşma əsasında təlim kurslarının
müqavilə şərtlərinə zidd olan hərəkətlərə yol
vermişlər.
Monitorinqin
nəticələri barədə məlumat əsasında 2 nəfər
təlimçi ("Müasir Təhsil və Tədrisə
Yardım Mərkəzi", "Azad Müəllimlər
Birliyi") təlimlərdən kənarlaşdırılmışdır.
Eyni zamanda yuxarıda qeyd olunan nöqsanlar barədə təlim
keçirən təşkilatların və müvafiq rayon təhsil
şöbələrinin rəhbərlərinə həmin
nöqsanların qarşısının alınması və
aradan qaldırılması barədə xəbərdarlıq
edilmişdir.
Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihə
çərçivəsində 2012-2013-cü tədris ilində
ümumtəhsil müəssisələrinin V siniflərində
dərs deyəcək müəllimlərin fənn
kurikulumlarının tətbiqi sahəsində nəzəri və
praktik hazırlığını təmin etmək məqsədilə
müvafiq hazırlıq işləri aparılır. Təlim
kurslarının düzgün planlaşdırılması və
təşkili məqsədilə Təhsil Nazirliyinin
31.10.2011-ci il tarixli, 46-25-93-24/16 nömrəli məktubu
(müvafiq forma əlavə edilməklə) yerli təhsil
orqanlarına göndərilmişdir. Həmin məktubda
ümumtəhsil məktəblərinin rəhbərləri tərəfindən
V siniflərdə dərs deyəcək müəllimlərin
optimal sayının müəyyənləşdirilməsi
üzrə bir sıra tələblər müəyyənləşdirilmişdir.
Təlimlərə cəlb ediləcək müəllimlərin
sayının həddən artıq çox olması riskini
azaltmaq məqsədilə 2012-2013-cü tədris ilində fənn
kurikulumlarının tətbiqi üzrə təlimlərdən
keçəcək müəllimlərin tərkibi müəyyənləşdirilərkən
təlim dili nəzərə alınmaqla, fənn müəllimlərinin
aşağıdakı sayda siyahıya daxil edilməsi məqsədəuyğun
hesab edilmişdir: Ana dili, riyaziyyat və xarici dil fənlərindən
hər bir məktəb üzrə ən çoxu 2 müəllim;
Azərbaycan tarixi, informatika, həyat bilgisi, texnologiya, təsviri
incəsənət, musiqi və fiziki tərbiyə fənlərinin
hər birindən hər bir məktəb üzrə 1 müəllim.
Yeni fənn kurikulumlarının tətbiqinə keçidin
ciddi məsuliyyət tələb edən proses olduğunu nəzərə
alaraq, V siniflərdə kifayət qədər səriştəli
və yüksək peşəkarlıq səviyyəsinə
malik müəllimlərin dərs aparması, paralel siniflər
olduqda belə, imkan daxilində dərslərin həmin müəllimlərə
verilməsi tövsiyə olunmuşdur. Nəzərdə
tutulan müəllimlər təlim kursunu müvəffəqiyyətlə
bitirdikdən sonra ehtiyac yaranarsa, V siniflərdə uyğun
ixtisas üzrə işləyəcək digər müəllimlərə
fənn kurikulumunun tətbiqinə dair zəruri bilik və
bacarıqların çatdırılması məqsədilə
dərs ilinin əvvəlində, eləcə də ilboyu
seminarlar, nümunəvi dərslər, digər metodiki tədbirlər
təşkil etməlidirlər. Təlim kursları rayon və
şəhərlərdə müəllimlərə yaxın
olan mərkəzlərdə (məktəblərdə) təşkil
ediləcəkdir. Bilavasitə Təhsil Nazirliyinin nəzdindəki
ümumi təhsil müəssisələrinin V siniflərində
dərs deyəcək fənn müəllimləri həmin
müəssisələrin yerləşdikləri ərazilərdə,
məcburi köçkün məktəblərinin müəllimləri
isə məskunlaşdıqları şəhər və
rayonlarda təşkil edilən təlim kurslarına cəlb
olunacaqlar.
Təhsil
Nazirliyi tərəfindən müəyyən təhlillər
aparılmış və 2012-2013-cü illərdə V siniflərdə
işləyəcək və təlimlərə cəlb ediləcək
fənn müəllimlərinin təxmini sayı müəyyənləşdirilmişdir.
5 iqtisadi zona üzrə keçiriləcək təlimlərə
ilkin hesablamalara görə altmış minədək müəllimin
cəlb olunacağı
proqnozlaşdırılmışdır. Təlimlərin təşkili
ilə əlaqədar yerli təhsil orqanları da məsuliyyət
daşıyırlar. İlk növbədə, V siniflərdə
işləyəcək müəllimlərin dəqiq
sayının müəyyənləşdirilməsi və
onların siyahısının hazırlanaraq qeyd olunan tarixdə
nazirliyə təqdim edilməsi əsas vəzifələrdəndir.
Qeyd etmək
lazımdır ki, 2008-ci ildə ibtidai sinif müəllimləri
üçün fənn kurikulumlarının tətbiqi üzrə
təlim kurslarını keçirmək üçün 50 nəfər
təlimçi olmuşdursa, 2011-ci ildə təlimçilərin
sayı 200 nəfərə
çatdırılmışdır. 2012-ci ildə təlimlərdə
iştirak edəcək fənn müəllimlərinin
sayının xeyli artması ilə əlaqədar daha 500 nəfər
təlimçinin hazırlanması üçün Təhsil
Nazirliyi YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinə
müraciət etmişdir və bu istiqamətdə müvafiq
tədbirlər artıq həyata keçirilməkdədir.
Kollegiya
müəllimlərin ixtisasartırma təhsilinin müasir tələblər
səviyyəsində təşkili ilə bağlı
qarşıda duran aşağıdakı vəzifələri
müəyyənləşdirmişdir:
1.
İxtisasartırma üzrə yeni
modelin tətbiqi ilə əlaqədar dövlət
sifarişi əsasında yeni maliyyələşmə
mexanizmi hazırlanmalı və təsdiqinə nail
olunmalıdır.
2. Təhsil
müəssisələrinin rəhbər və pedaqoji
kadrlarının ayrı-ayrı kateqoriyaları
üçün ixtisasartırma təhsilinin minimum həddini,
ixtisasartırma modullarını və modullar üzrə təlim
proqramlarının siyahısını əhatə edən
Kurikulum Çərçivəsi təsdiq
olunmalıdır.
3.
Modul-kredit əsaslı ixtisasartırma təhsili proqramlarının
qiymətləndirilməsi və onların tətbiqinə icazə
verilməsini təmin etmək üçün nazirliyin
müvafiq struktur bölmələri ilə əlaqəli
işləyən xüsusi komissiya və ekspert qrupları
yaradılmalıdır.
4.
İxtisasartırma təhsili üzrə proqramların təqdim
edilməsi, qiymətləndirilməsi və tətbiqinə
icazə verilməsi mexanizmini əks etdirən Sənədin təsdiqinə
nail olunmalıdır.
5.
2012-2013-cü tədris ilində V siniflərdə fənn
kurikulumlarının tətbiqi üzrə təlimlərdən
keçəcək müəllimlərin siyahıları
hazırlanmalıdır.
6. Təlimlərlə
əlaqədar təşkilati işlər yüksək səviyyədə
həyata keçirilməli, o cümlədən təlimləri
həyata keçirəcək təşkilatların potensial
imkanları, onlarla müqavilə bağlayan təlimçilərin
bacarıqlarının obyektiv qiymətləndirilməsi
aparılmalıdır.
7. Məktəb
direktorları üçün "Yeni fənn
kurikulumlarının tətbiqinin idarə olunması"
mövzusunda 5 günlük (30 saatlıq) təlim
kurslarının keçirilməsi ilə əlaqədar təşkilati
işlər yerinə yetirilməlidir.
Qeyd
olunanları nəzərə alaraq
ƏMR EDİRƏM:
1.
2012-2013-cü tədris ilində respublikanın ümumi təhsil
müəssisələrinin V siniflərində işləyəcək
müəllimlər üçün fənn
kurikulumlarının tətbiqi üzrə təlimlərin təşkili
barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.12.2011-ci il tarixli kollegiya qərarı rəhbərlik və
icra üçün qəbul edilsin.
2.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə
Şəhər Təhsil İdarəsi, rayon (şəhər)
təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa
tabeliyində olan ümumi təhsil müəssisələri:
2.1.
2012-2013-cü tədris ilində V siniflərdə dərs deyəcək
fənn müəllimlərinin siyahısını dəqiqləşdirsinlər,
həmin siniflərdə səriştəli və müasir tələblər
baxımından yüksək peşəkarlıq səviyyəsinə
malik müəllimlərin işləməsini təmin etsinlər.
2.2. Təlim
kurslarına cəlb edilən müəllimlərin
siyahısını müvafiq forma üzrə tərtib etsinlər
və nazirliyə təqdim etsinlər.
2.3. Təlim
kurslarını həyata keçirəcək təşkilatla
birlikdə 2012-ci ilin iyun-avqust aylarında kursların səmərəli
keçirilməsi üçün müvafiq təlim mərkəzlərində
lazımi şəraitin yaradılması, hər bir təlim
otağının zəruri texniki vasitələrlə
(kompüter, noutbuk, proyektor) təchizatı ilə
bağlı müvafiq tədbirlər planı
hazırlayıb həyata keçirilməsini təmin etsinlər.
3. Təhsil
Nazirliyinin nəzdindəki ümumi təhsil müəssisələrinin
və məcburi köçkün rayonlarının təhsil
şöbələrinin rəhbərləri 2012-2013-cü tədris
ilində V siniflərdə işləyəcək fənn
müəllimlərinin məktəblərin yerləşdiyi ərazi
üzrə təşkil ediləcək mərkəzlərdə
təlim kurslarına cəlb edilmələrini təmin etsinlər.
4.
Strateji təhlil, planlaşdırma və kadrların idarə
olunması şöbəsi (F.Qədirov):
4.1.
2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil
məktəblərinin V siniflərində işləyəcək
fənn müəllimləri üçün fənn
kurikulumlarının tətbiqi üzrə 60 saatlıq (10
günlük) təlim kurslarının təşkili ilə əlaqədar
işləri davam etdirsin.
4.2.
2012-2013-cü tədris ilində V siniflərdə fənn
kurikulumlarının tətbiqi üzrə təlimlərdən
keçəcək müəllimlərin
siyahılarının hazırlanması və təlim
kurslarının keçirilməsi ilə əlaqədar
müvafiq tədbirlər planının
hazırlanmasını və həyata keçirilməsini təmin
etsin.
4.3. Təlim
kurslarını keçirəcək təşkilatlara və
onların təlimçilərinə əməli köməklik
göstərilməsini, kursların keçirilməsinə nəzarət
üçün əməkdaşların və monitorinq
qruplarının rayon və şəhərlərə ezam
olunmasını nəzərdə tutsun.
4.4. Təhsil
müəssisələrinin rəhbər və pedaqoji
kadrlarının ayrı-ayrı kateqoriyaları
üçün ixtisasartırma təhsilinin minimum həddini,
ixtisasartırma modullarını və modullar üzrə təlim
proqramlarının siyahısını əhatə edən
Kurikulum Çərçivəsinin işlənib
hazırlanmasını və təsdiqə verilməsini təmin
etsin.
4.5.
Modul-kredit əsaslı ixtisasartırma təhsili
proqramlarının qiymətləndirilməsi və onların
tətbiqinə icazə verilməsini təmin etmək
üçün nazirliyin müvafiq struktur bölmələri
ilə əlaqəli işləyən xüsusi komissiyanın
və ekspert qruplarının yaradılmasına dair təkliflər
hazırlayıb təqdim etsin.
4.6. Təhsil
müəssisələrinin rəhbər və pedaqoji
kadrlarının ayrı-ayrı kateqoriyaları
üçün ixtisasartırma təhsili üzrə
proqramların təqdim edilməsi, qiymətləndirilməsi
və tətbiqinə icazə verilməsi mexanizmini əks
etdirən sənədin işlənib hazırlanmasını
və təsdiqə verilməsini təmin etsin.
5.
TSİİL üzrə əlaqələndirici qrupun direktoru
(E.Rüstəmov):
5.1.
Respublikanın ümumi təhsil müəssisələrinin V
siniflərində işləyəcək müəllimlər
üçün fənn kurikulumlarının tətbiqi
üzrə təlim kurslarının təşkili ilə əlaqədar
məsləhətçi təşkilatların seçilməsi
üzrə tenderlərin keçirilməsini təmin etsin.
5.2. Məktəb
direktorları üçün "Yeni fənn
kurikulumlarının tətbiqinin idarə olunması"
mövzusunda 5 günlük (30 saatlıq) təlim
kurslarının keçirilməsi ilə əlaqədar təşkilati
işləri yerinə yetirsin.
5.3. Təlimlərlə
əlaqədar təşkilati işlərin yüksək səviyyədə
həyata keçirilməsi, o cümlədən təlimləri
həyata keçirəcək təşkilatların potensial
imkanlarının, onlarla müqavilə bağlayan təlimçilərin
bacarıqlarının obyektiv qiymətləndirilməsi
üçün bütün zəruri tədbirləri
görsün.
6.
İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Təhsil
Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə
Qrupu (E.Rüstəmov) layihə çərçivəsində
2012-ci ildə ayrılacaq vəsait hesabına 2012-2013-cü tədris
ilində respublikanın ümumi təhsil müəssisələrinin
V siniflərində dərs aparacaq müəllimlər
üçün fənn kurikulumlarının tətbiqi
üzrə təlim kurslarının keçirilməsi ilə
bağlı müvafiq xərclər smetasının
hazırlanmasını və təsdiq üçün rəhbərliyə
təqdim olunmasını təmin etsinlər.
7.
İqtisadiyyat şöbəsi (Ş.Əliyev), Strateji təhlil,
planlaşdırma və kadrların idarə olunması
şöbəsi (F.Qədirov), Təhsil Sektorunun
İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə
Qrupu (E.Rüstəmov) ixtisasartırma üzrə yeni modelin tətbiqi
ilə əlaqədar dövlət sifarişi əsasında
maliyyələşmə mexanizminin hazırlanıb təsdiq
edilməsi üçün Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim olunmasını təmin
etsinlər.
8. Təhsil
Problemləri İnstitutunun Kurikulum Mərkəzi (Ə.Abbasov)
Naxçıvan MR-in ümumtəhsil məktəblərində
2012-2013-cü tədris ilində V sinifdə işləyəcək
fənn müəllimləri üçün yeni fənn
kurikulumlarının tətbiqi, təlim kurslarının təşkili,
keçirilməsində yerli təhsil şöbələrinə
və təlimçilərə əməli köməklik
göstərmək üçün Mərkəzin əməkdaşlarının
2012-ci ilin iyul-avqust aylarında Naxçıvan MR-ə ezam
olunmasını nəzərdə tutsun.
9.
İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi"
qəzetində və "Təhsil xəbərləri" məcmuəsində
dərc olunmasını təmin etsin.
10. Əmrin
icrasına nəzarəti öz üzərimə
götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil
naziri
24 fevral 2012-ci il
Azərbaycan müəllimi.- 2012.- 2
mart.- S.2.