Danil
Piri oğlu Quliyev
Danil Piri oğlu Quliyev 1923-cü
ildə Bakının Əmircan kəndində anadan
olub. 1940-cı ildə Azərbaycan
Dövlət Pedaqoji İnstitutuna
daxil olub, 1941-ci ilin avqustunda sovet ordusu sıralarına
çağırılıb. Bakı Hərbi Piyada
Məktəbinə daxil olan
Danil Quliyev hərbi
texnikanın sirlərini mənimsəyib. Hərbi məktəbi
bitirib leytenant rütbəsi
ilə 416-cı diviziyanın tərkibində tankvuran
taqımın komandiri kimi
döyüşlərə başlayıb, 402-ci, 216-cı
diviziyaların tərkibində 1946-cı ilə kimi ordu sıralarında olub. O, "Qafqazın müdafiəsinə
görə", "Böyük Vətən
müharibəsində Almaniya üzərində
qələbəyə görə" medalları,
"Qırmızı Bayraq" ordeni və digər döyüş
medalları ilə təltif olunub.
Hərbi
xidmətdən tərxis edildikdən sonra
"Azneft" Texniki
Təchizat Trestində böyük mühəndis
kimi çalışıb. 1947-ci ildə
Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil
olub, üçüncü
kursdan Mixail Vasilyeviç Lomonosov
adına Moskva Dövlət Universitetinin müvafiq
fakültəsinə köçürülüb.
1952-ci ildə ali təhsilini başa vurduqdan sonra aspiranturada
saxlanılıb. 1956-cı il sentyabrın
24-də Mixail Vasilyeviç
Lomonosov adına Moskva
Dövlət Universitetində "Azərbaycan partiya
təşkilatının neft sənayesinin
texniki tərəqqisi uğrunda
mübarizəsi (dördüncü
beşillikdə)" mövzusunda namizədlik
dissertasiyası müdafiə edib.
1958-ci
ildən 1959-cu ilə qədər Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi işləyib.
Hələ Partiya Tarixi
İnstitutunda çalışarkən əvəzçilik
qaydası ilə 1959-cu ilin yanvarından
1961-ci ilin iyununa qədər
Bakı Ali Partiya Məktəbində Sov.İKP
tarixi kafedrasının müdiri
vəzifəsində çalışıb. 1961-ci ildən
1970-ci ilə kimi Bakı Ali
Partiya Məktəbinin rektoru
işləyib.
Danil Quliyev
1967-ci ildə Azərbaycan KP MK-nın üzvü,
1968-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
"Azərbaycan
Kommunist Partiyasının tarixi
oçerkləri", "Azərbaycan tarixi"
kitablarının hazırlanmasında yaxından iştirak edib. 1989-cu ildə
onun redaktorluğu ilə
Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması tarixinə dair sənədlər toplusu
buraxılıb.
Böyük ictimai-siyasi
xadim Nəriman Nərimanov barədə monoqrafiya yazıb.
Danil Quliyev
1987-ci ildə tarix elmləri doktoru adına layiq görülüb.
1970-ci il avqustun 24-də Azərbaycanın
ali və orta ixtisas təhsili naziri vəzifəsinə
təyin edilib. Bu vəzifədə
çalışdığı 1970-1971-ci illərdə
müəyyən səmərəli işlər görüb. 1971-1976-cı illərdə Azərbaycan
KP MK-nın ideologiya üzrə katibi işləyib.
1995-ci
ildə təqaüdə çıxan Danil
Quliyev ömrünün
sonuna kimi Almaniyada yaşayıb. 2001-ci ildə
dünyasını dəyişib, Berlində dəfn olunub.
Azərbaycan müəllimi.- 2012.- 2 mart.- S.6.