12 illik
ümumi təhsil - gələcəyə
nəzər
"Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda ümumi təhsilin müddəti
11 il müəyyənləşdirilmişdir: ibtidai təhsil
(I-IV siniflər), ümumi orta təhsil
(V-IX siniflər), tam orta (X-XI siniflər). 9 illik ümumi orta təhsil icbaridir. Tam
orta təhsil səviyyəsində təhsilin təmayüllər
üzrə təşkili nəzərdə tutulmuşdur.
Beynəlxalq təcrübəyə nəzərə
salsaq, inkişaf etmiş əksər dövlətlərdə
(ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Finlandiya,
Hollandiya, İsveç və s.) ümumi təhsilin müddəti
12 il və daha artıqdır. Hazırda dünyada çox az
ölkə var ki, bunlarda həmin müddət 10 (11) il təşkil
edir.
12 illik ümumi təhsilin prioritet qəbul
olunduğu bir vaxtda dinamik iqtisadi inkişaf tempinə malik Azərbaycanda
bu modelin tətbiqi zəruri ehtiyac kimi meydana
çıxır. Ölkəmizdə aparılan təhsil
islahatlarının uğurlu nəticələrindən biri
kimi mütərəqqi dünya təcrübəsi əsasında
yeni dövlət təhsil standartlarının qəbul edilməsi,
ümumi təhsilin məzmununun şəxsiyyətin
formalaşdırılmasına, şagirdlərdə təfəkkürün,
məntiqi düşüncənin, tədqiqatçılığın,
ünsiyyət mədəniyyətinin və digər zəruri
həyati bacarıqların inkişafına yönəldilməsi
və bununla da pedaqoji kadrlara, şagirdlərin hazırlıq
səviyyəsinə verilən tələblərin xeyli
yüksəlməsi, təlim texnologiyalarının mahiyyət
etibarı ilə yeniləşməsi, təhsildə
inteqrativlik meyillərinin güclənməsi hazırkı
dövrdə 12 illik təhsilə keçidi şərtləndirən
başlıca arqumentlərdən hesab edilir. Təbii ki, yeni vəzifələri
yalnız yeni meyarlarla həyata keçirmək mümkündür.
12 illik ümumi təhsilə keçidi
hazırkı müddətin mexaniki sürətdə 1 il
artırılması kimi başa düşmək
düzgün deyildir. Bu, çox mürəkkəb, ciddi
hazırlıq və gərgin əmək tələb edən
prosesdir. İlk növbədə, təhsil rəhbərləri,
pedaqoji kollektivlər və valideynlər psixoloji cəhətdən
həmin prosesə hazır olmalıdırlar, bu məqsədlə
geniş maarifləndirmə işləri görülməlidir.
Eyni zamanda ümumtəhsil məktəblərinin tədris
planları, təhsil proqramları (kurikulumları), dərsliklər
yenidən işlənməli, müvafiq normativ-hüquqi sənədlərdə
dəyişikliklər edilməlidir.
12 (13) illik ümumi təhsilin tətbiq
olunduğu ölkələrdə təhsil səviyyələri
üzrə müddət müxtəlif cür modelləşdirilir.
Bəziləri ibtidai, digərləri isə, bizim terminologiya
ilə desək, ümumi orta təhsilin müddətinə
önəm verirlər.
Uzun müddətdir ki, Azərbaycanın
11 illik ümumi təhsilində 4+5+2 modeli tətbiq edilir.
"Təhsil haqqında" Qanuna görə, 9 illik ümumi
orta təhsil icbari elan olunduğundan 12 illik təhsilə
keçid zamanı məhz ümumi orta təhsil səviyyəsinin
müddətinin 1 il artırılaraq 10 il müəyyən
edilməsi və beləliklə də 12 illik ümumi təhsilin
4+6+2 şəklində modelləşdirilməsi daha məqsədəuyğundur.
Bu, gələcəkdə yalnız icbari ümumi orta təhsil
almaqla kifayətlənən şagirdlərin fənlər
üzrə bilik və bacarıqlara
yiyələnməsinin səmərəliliyini xeyli
artıra bilər.
12 illik ümumi təhsilə keçid
ideyası ictimaiyyətə məlum olduqdan sonra yəqin ki,
hamını bu sual daha çox maraqlandırır: yeni təhsil
modelinin üstünlükləri
nədən ibarətdir? Bunları, əsasən,
aşağıdakı kimi qruplaşdırmaq olar:
* Tədris proqramları nisbətən
yüngülləşəcək, şagirdlərin fənlər
üzrə həftəlik təlim
yükü azalacaqdır.
* Təhsil proqramlarının
yüngülləşməsi ilə tədris prosesində
psixoloji gərginlik minimuma enəcək və bu amil şagirdlərin
sağlamlığına, təhsilin keyfiyyətinə
müsbət təsir göstərəcəkdir.
* Proqram materiallarının, əsasən,
sinifdə mənimsədilməsi, ev
tapşırıqlarının həcminin nisbətən
azalması, şagirdlərin inkişafetdirici tədbirlərə
cəlbi üçün imkanlar genişlənəcəkdir.
* Əlavə dərs saatları yaranacaq
və bu, müəllimlərin maddi vəziyyətinin
yaxşılaşması ilə nəticələnəcəkdir.
* 11-12-ci sinifləri əhatə edəcək
tam orta təhsil səviyyəsində təhsil şagirdlərin
meyil və marağı əsasında müxtəlif təmayüllər
üzrə xüsusi tədris planları və təhsil
proqramları (kurikulumları) tətbiq edilməklə təşkil
olunacaqdır ki, bu da ali məktəblərə
hazırlıq üçün hərtərəfli şərait
yaradacaq və repetitorluğun qarşısını xeyli
alacaqdır.
Aydın
ƏHMƏDOV,
Təhsil
Nazirliyinin şöbə müdiri
Azərbaycan
müəllimi.- 2012.- 2 mart.- S.3.