"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyinin
uğurları günbəgün artır
Bu günlərdə
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyi Beynəlxalq
"Ticarət Liderləri Klubu" tərəfindən
keçirilmiş müsabiqədə "Keyfiyyətə
görə" qızıl medal, xüsusi priz və
döş nişanı ilə mükafatlandırılıb.
Mükafatın təqdimat mərasimi İspaniyanın
paytaxtı Madrid şəhərində qurumun baş ofisində
təşkil edilib.
Bu münasibətlə martın 1-də
"Təhsil" Nəşriyyat-Poliqrafiya Birliyində təşkil
edilmiş tədbir mükafatın təqdimat mərasiminə
həsr edilmiş videomaterialın nümayişi ilə
başlayıb.
Birliyin baş direktoru Bəhruz Axundov mərasim
iştirakçılarına rəhbərlik etdiyi müəssisənin
fəaliyyəti, poliqrafiya bazası və yeni
qazanılmış uğurla bağlı məlumat verib. Bildirib
ki, müxtəlif nəşr növləri ilə məşğul
olan müəssisənin hazırladığı kitablar dəfələrlə
ölkə və beynəlxalq müsabiqələrdə fərqlənərək
yüksək mükafatlara layiq görülüb.
Beynəlxalq "Ticarət Liderləri
Klubu" haqqında məlumat verən B.Axundov deyib ki, qurumun
90 ölkədən 7700 üzvü vardır. Təşkilatın
müxtəlif ölkələrdə ofisləri fəaliyyət
göstərir. Qurumun fəaliyyətində əsas məqsəd
iqtisadiyyatın və biznesin daha çox və dinamik
inkişafına nail olan ayrı-ayrı ölkələr
arasında tanışlığın və
qarşılıqlı əlaqələrin yaranmasına və
daha da artırılmasına, eləcə də müştərək
biznes və yaradıcılıq fəaliyyətinin
yaranmasına kömək göstərməkdir.
Natiq diqqətə çatdırıb
ki, bu müsabiqə 35 ölkə üzrə
keçirilmiş və qalib 7 min üzvün səsverməsi
yolu ilə müəyyən edilmişdir. Mükafatın 40
illik yubileyi ilə əlaqədar qızıl medalın üzərində
simvolik rəsm verilib.
Xüsusi olaraq qeyd edilib ki, "Təhsil"
Nəşriyyat-Poliqrafiya Birliyi bu yüksək beynəlxalq
mükafata layiq görülmüş ilk Azərbaycan nəşriyyatıdır.
Tədbirdə Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Vaqif Abbasov, professor
Cahangir Məmmədli, şair Çingiz Əlioğlu, Təhsil
Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı, Mədəniyyət
və Turizm Nazirliyinin sektor müdiri Vaqif Bəhmənli,
"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid,
Mədəniyyət və Turizm Nazirliyinin "Mədəniyyət"
jurnalının baş redaktoru Leyla Əfəndiyeva və
başqaları nəşriyyatın qazandığı bu
uğuru yüksək qiymətləndirmiş və müəssisə
rəhbərliyinə işlərində yeni-yeni uğurlar
arzulayıblar.
Ə.DAŞDƏMİRLİ
Azərbaycan
müəllimi.- 2012.- 2 mart.- S.5.