Xaricdə təhsil almaq ən böyük arzum idi
Ölkəmiz müstəqillik
qazandıqdan sonra azərbaycanlı gənclərin
dünyanın istənilən ölkəsinin ali
məktəblərində təhsil almalarına geniş imkanlar yaranıb.
Hər il yüzlərlə gənc təhsil
almaq üçün
xarici ölkələrin ən nüfuzlu ali məktəblərinə
gedir. Xaricdə təhsil almaq
həmişə mənim də ən böyük
arzum olub və çox sevinirəm ki, builki qəbul imtahanlarını uğurla verib məqsədimə
çata bildim.
Hazırda Şimali Kipr
Doğu Akdeniz Universitetinin tələbəsiyəm.
Yeri gəlmişkən, bu təhsil ocağı haqqında məlumat
vermək istərdim. 1979-cu ildə təsis olunmuş
Doğu Akdeniz Universiteti son 30 ildə
beynəlxalq miqyasda tanınan və
akkreditasiyaları olan ali
məktəb səviyyəsinə yüksələ bilmişdir. Hazırda bu təhsil
müəssisəsində 16 mindən çox
tələbə oxuyur. Onların
arasında yerli tələbələrdən
savayı, 68 ölkənin təmsilçiləri də var. Beynəlxalq Universitetlər Birliyi, Avropa Universitetlər
Birliyi, Aralıq Dənizi Universitetlər Birliyi və İslam
Ölkələri Universitetləri Federasiyasının
İdarə Heyətinin üzvü olan DAU-nun diplomları bütün ölkələrdə
tanınır. Fərəhləndirici haldır ki, bu universitetdə çox sayda azərbaycanlı gənc də təhsil
alır və məhz bu səbəbdən
mən özümü heç
vaxt qəriblikdə hiss
etmirəm. Onu da qeyd edim ki,
bu ölkədə Azərbaycana hədsiz
rəğbət bəsləyirlər və bizə hörmətlə
yanaşırlar. Doğu Akdeniz
Universitetində azərbaycanlılara çox
böyük güzəştlər tətbiq
olunur. İdmanda və
digər sahələrdə xüsusi
istedadları, bacarıq və qabiliyyətləri ilə fərqlənənlərə
müxtəlif təqaüdlər verilir.
Təhsildə yüksək bilik səviyyəsi nümayiş
etdirən tələbələr isə, ümumiyyətlə,
təhsil haqqını ödəməkdən azad
olunurlar.
Şimali Kipr Doğu Akdeniz Universiteti bir neçə
tədris korpusu, idman kompleksi, kitabxana və
klubları olan şəhərcikdən
ibarətdir. Təhsil ocağında yerli
müəllimlərlə yanaşı, dünyanın inkişaf etmiş ölkələrindən
gəlmiş alimlər də çalışır.
Burada tələbələrin
yüksək səviyyədə təhsil almaları və
asudə vaxtlarını maraqlı keçirmələri üçün hər cür
şərait yaradılıb. Dərsə hazırlaşarkən
4 mərtəbədə yerləşən zəngin kitabxanadan istifadə edirik.
Dərsdən sonra tələbələr
vaxtlarını istədikləri dərnək və klublarda keçirir, idman kompleksində müxtəlif idman növü ilə məşğul
olurlar. Bütün bunlardan başqa, tələbələr
üçün müntəzəm olaraq gəzinti turları və digər
maraqlı tədbirlər təşkil olunur.
Təhsil
aldığım bir neçə ay ərzində ən xoşuma
gələn cəhət isə azərbaycanlı tələbələr
arasında çox səmimi münasibətin
olmasıdır. Mənimlə
birlikdə hüquq fakültəsində
11 nəfər azərbaycanlı tələbə də təhsil
alır. Biz digər fakültələrdə
oxuyan həmyerlilərimizlə daim sıx ünsiyyətdə oluruq,
mehriban dolanırıq, qayğı və
problemlərimizi birlikdə həll
edirik. Buna görə
də biz hətta tətil zamanı Azərbaycanda
olduğumuz günlərdə də tez-tez görüşməyə,
vaxtımızı birlikdə keçirməyə
çalışırdıq. Mütəşəkkil qaydada fəaliyyət göstərmək üçün universitetdə Azərbaycan Tələbələrinin
Cəmiyyətini yaratmışıq. Cəmiyyətin prezidenti hər il seçki yolu ilə tələbələrin
arasından seçilir. Biz həftədə bir dəfə bir yerə toplaşaraq cari məsələləri,
qarşıya çıxan problemlərin həlli
yollarını, görəcəyimiz işləri müzakirə
edirik. Ən önəmlisi odur ki, bütün
tarixi günlərimiz və milli bayramlarımızla bağlı möhtəşəm
tədbirlər keçiririk. Bu tədbirlərə tanınmış
dövlət adamları, siyasətçilər, ictimai xadimlər, ziyalılar və sənətçiləri
də dəvət edirik. Bu
günlərdə çox ciddi şəkildə Xocalı
soyqırımı ilə bağlı anım mərasimi keçirdik.
Qeyd edim ki, ümumiyyətlə, Doğu
Akdeniz Universitetində tez-tez
maraqlı tədbirlər, xüsusilə beynəlxalq səviyyəli
elmi konfranslar, seminar və görüşlər təşkil
edilir. Onlardan biri də noyabrda
"Azərbaycan-Türkiyə: ortaq tariximiz və gənclər" mövzusunda keçirilən elmi-praktik
konfrans idi. 1-5 noyabr tarixlərində baş
tutan tədbirdə Şimali
Kiprdə işgüzar səfərdə olan millət vəkillərimiz Gülər Əhmədova
və Musa
Qasımlı da iştirak
edirdilər. Konfransdan öncə onlar bizimlə görüşərək azərbaycanlı
tələbələrin Kiprdəki həyatı, universitetdə
yaradılan şəraitlə yaxından tanış oldular. Deputatlarımızla söhbət
zamanı onlar bütün
qayğı və problemlərimizlə maraqlandılar və təhsilimizlə
bağlı dəyərli tövsiyələrini verdilər.
Konfransdan sonra
millət vəkillərimiz universitetin rektoru, professor Abdullah Öztopraqla
görüşdülər. Abdullah bəy
görüş zamanı qonaqlara
rəhbərlik etdiyi ali
təhsil ocağı haqqında geniş
məlumat verib. Tələbələrlə
görüşdüyünü rektorun nəzərinə çatdıran
Gülər Əhmədova Şimali Kiprdə
"Azərbaycan-Şimali Kipr Gənclər
Cəmiyyəti"nin yaradılması fikrini
professor Abdullah Öztopraqla müzakirə edib
və bu təşəbbüs çox müsbət qarşılanıb.
Əli
ƏLİYEV,
Doğu
Akdeniz Universiteti
hüquq
fakültəsinin I kurs tələbəsi
Azərbaycan
müəllimi.- 2012.- 2 mart.- S.4.