Bakı Dövlət
Universitetində "Cinayətkarlıq və cəza" kitabının təqdimat
mərasimi keçirilib
Bakı
Dövlət Universitetində Xocalı
soyqırımının 20-ci ildönümü
ərəfəsində hüquq elmləri
doktoru, professor İlham Rəhimovun Moskvada
çap olunmuş
"Cinayətkarlıq və cəza" kitabının təqdimat
mərasimi keçirilib. Tədbir Azərbaycan
tarixində ən faciəvi hadisələrdən biri olan Xocalı
soyqırımı qurbanlarını bir dəqiqəlik
sükutla yad edilməsi
ilə başlayıb. Giriş sözü ilə
çıxış edən rektor, akademik Abel Məhərrəmov
bildirib ki, təqdimat
mərasiminin Xocalı soyqırımının 20-ci ildönümü ilə üst-üstə
düşməsi böyük əhəmiyyət
kəsb edir, çünki
XX əsrin ən böyük cinayəti olan Xocalı soyqırımını
törədənlər hələ də cəzalandırılmamış,
dünya ictimaiyyəti isə bu cinayətlə bağlı qəti
etirazını bildirməmişdir. A.Məhərrəmov bildirib ki, ümummilli
lider Heydər Əliyev deyirdi
ki, dövlətə iki
amil zərər gətirə bilər: Günahkar cəzasız qalanda
və günahsız cəzalandırılanda. Professor
İ.Rəhimov tərəfindən bu problem hərtərəfli, hüquqi,
tarixi planda təhlil edilib və ona fəlsəfi
əsaslandırma verilib.
"Cinayətkarlıq
və cəza" kitabının təqdimatının məhz
Bakı Dövlət Universitetində keçirildiyinin
təsadüf olmadığını bildirən rektor, ölkəmizdə hüquq
elminin məhz bu ali təhsil ocağında
formalaşdığını qeyd edib.
AMEA-nın
müxbir üzvü,
BDU-nun kafedra müdiri Məsumə Məlikova, Rusiya İstintaq Komitəsinin
sədri Aleksandr Bastrıkin, BDU-nun kafedra müdiri Kamil Səlimov, Rusiya Federasiyası Dövlət
Dumasının komitə sədri Vladimir Pligin, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Rüstəm
Usubov çıxış edərək
kitabın əhəmiyyətindən
bəhs ediblər. Qeyd ediblər ki, Azərbaycan aliminin
monoqrafiyasında cinayət və cəzanın xüsusiyyətləri
araşdırılır və yaranan
problemlər təhlil edilir, cinayətə
qarşı mübarizənin yeni
yolları nəzərdən keçirilir.
Hüquq fakültəsinin tələbələri,
müəllimləri və bu mövzu ilə maraqlananlar
üçün nəzərdə tutulan bu kitabın rəyçiləri
Rusiyanın nüfuzlu
hüquqşünasları Aleksandr
Bastrıkin və Yuriy Qolikdir.
Sonra İlham
Rəhimov bütün
çıxış edənlərə, o
cümlədən tədbirə qatılanlara təşəkkür
edib.
Tədbirdə
Rusiya Federasiyasının Baş
Prokurorluq nəzdində Hüquq
İnstitutunun direktor müavini Aleksey Salnikov, general-leytenant Vitali Vladimiroviç Mozyakov, general-leytenant İqor Sobolevski,
tanınmış vəkil Viktor Xmarin, Azərbaycan Respublikasının hərbi
prokuroru Xanlar Vəliyev,
Konstitusiya Məhkəməsinin sədri Fərhad
Abdullayev və b. iştirak ediblər.
Qeyd edək ki,
keçmiş SSRİ-də ən gənc
hüquq elmləri doktoru
olan İlham Rəhimov
100-ə yaxın elmi məqalənin və
5 monoqrafiyanın müəllifidir.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.- 2012.- 2 mart.- S.3.