Belarus Respublikasının təhsil sistemi

 

Belarus Respublikası

       

Ərazisi:                    207,6 min kv.km  

Əhalisi:                    9,6 milyon nəfər

Paytaxtı:                 Minsk

Dövlət dili:              Belarus və rus dili

Pul vahidi:              Belarus rublu

  

 

Təhsil sistemi

 

Belarus Respublikasının təhsil sistemi müstəqillik illərində ciddi dəyişikliklərə məruz qalmasa da, islahatların həyata keçirilməsinə də kifayət qədər diqqət yetirilib. 1991-ci ildə "Təhsil haqqında" Qanun qəbul edilib.

Ölkədə əhalinin savadlılıq səviyyəsi 99,7 faiz təşkil edir. İbtidai və orta təhsil pilləsində oxuyan şagirdlərin nisbəti Avropanın inkişaf etmiş ölkələrinin göstəriciləri ilə uyğundur.

Dövlət məktəblərinin daha çox olduğu Belarusda təhsilin bütün səviyyələri üzrə təxminən 10 minə yaxın təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində təhsil alanların sayı 2 milyona yaxındır.

Təhsil sisteminin qarşısında duran prioritet məsələlərdən biri hamı üçün bərabər təhsil imkanlarının yaradılmasıdır. Məktəbəqədər, orta, texniki peşə, orta ixtisas və ali təhsilə marağı artırmaq üçün kompleks tədbirlər həyata keçirilir.

Belarusda ümumi orta təhsil səviyyəsi 3 pilləyə bölünür:

* ibtidai təhsil pilləsi (I-IV siniflər);

* əsas təhsil pilləsi (V-IX siniflər);

* tam orta təhsil pilləsi (X-XI siniflər, axşam məktəblərində isə X-XII siniflər).

Uşaqlar 6 yaşına qədər məktəbəqədər təhsil müəssisələrinə, daha sonra isə məktəbə qəbul edilir. Məktəbəqədər təhsil icbari deyil. İbtidai təhsil pilləsində şagirdlər ibtidai və ya orta məktəblərdə, eləcə də gimnaziyalarda oxuya bilərlər.

Əsas təhsil pilləsi bütün uşaqlar üçün icbari xarakter daşıyır. İcbari təhsil pilləsinin sonunda şagirdlərə əsas təhsil səviyyəsinə dair sertifikat təqdim edilir. Bu sertifikat şagirdlərə öz təhsillərini X-XI siniflərdə, texniki peşə məktəblərində və ya texnikumlarda davam etdirməyə imkan verir.

Ümumi orta təhsilə orta məktəblər, gimnaziyalar, liseylər, kolleclər, o cümlədən ixtisaslaşmış orta məktəblərdə yiyələnmək mümkündür. Orta məktəbi bitirən şagirdlərə orta təhsil haqqında sertifikat təqdim edilir.

Gimnaziya və liseylərdə daha yüksək səviyyəli tədris mühiti formalaşdığına görə şagirdlər həmin təhsil müəssisələrində oxumağa üstünlük verirlər. Bir qayda olaraq, liseylərdə universitetlərdə tədris aparan müəllimlər işləyir, müasir tədris ləvazimatları və avadanlıqlarından istifadə olunur. Gimnaziya və liseylərdə əsasən, daha istedadlı və qabiliyyətli şagirdlər təhsil alır. Ölkədə 212 gimnaziya, 29 lisey fəaliyyət göstərir.

Belarusda ümumi, humanitar, elmi, incəsənət və politexnik təmayüllər üzrə 5 növ lisey fəaliyyət göstərir. Liseylərə uyğun olaraq şagirdlərin müvafiq profil üzrə ixtisaslaşması aparılır.

 Kolleclərdə isə əsasən peşə təhsilinə istiqamətlənmiş xüsusi orta təhsil təklif edilir. Belə ki, kolleclərdə texniki peşə təhsili ilə yanaşı, ümumi  orta təhsil proqramı da tədris olunur.

Şagirdlər texniki peşə təhsilini, həmçinin 9 illik əsas təhsil bazasını bitirdikdən sonra da ala bilərlər. Ölkədə 219 texniki peşə məktəbi fəaliyyət göstərir.

Ölkə müstəqillik qazandıqdan sonra başlanmış təhsil islahatları bu gün   uğurla davam etdirilməkdədir. Bu islahatlar ölkənin 2020-ci ilə qədər sosial-iqtisadi inkişafını nəzərdə tutan strateji proqram çərçivəsində həyata keçirilir. Təhsillə bağlı qanunvericilik bazası yenidən formalaşdırılır, təhsilin ayrı-ayrı səviyyələri üzrə normativ-hüquqi sənədlər hazırlanır. "Təhsil haqqında" Qanuna əsasən, 2003-cü ildə "Texniki peşə təhsili haqqında", 2004-cü ildə xüsusi təhsil ehtiyacları olan uşaqlar üçün "Xüsusi təhsil haqqında", 2006-cı ildə "Ümumi orta təhsil haqqında" və 2007-ci ildə "Ali təhsil haqqında" qanunlar qəbul edilib.

2011-ci ildə təhsilin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən Təhsil Kodeksi qəbul olunub. Bu sənədin qəbulundan sonra təhsil sahəsində bir sıra müsbət dəyişikliklər baş verib. Belə ki, təhsilin strukturu dəqiqləşdirilib, təhsil səviyyələrinin ad və məzmununda müəyyən dəyişikliklər edilib.

2006-2010-cu illərdə orta məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra ciddi işlər görülüb, tədris prosesində kompüter texnologiyalarının tətbiqinə daha geniş yer verilib. Bu dövrdə dərslik nəşri üçün 96,2 milyard rubl (təxminən 35 milyon dollar) vəsait ayrılıb. 843 adda dərslik, dərs vəsaiti və 192 adda  metodiki-tədris vəsaiti hazırlanıb.

Ölkənin ali və orta ixtisas təhsili sistemi dövlət və özəl sektora bölünür. Digər postsovet respublikalarında olduğu kimi, dövlət təhsil müəssisələri daha nüfuzlu hesab olunur.

Orta ixtisas təhsili dövrü şagirdlərin 9, yaxud da 11 il orta təhsil almasından asılı olaraq, 2 və ya 4 il davam edir. Orta ixtisas təhsili müəssisələrinə texnikumlar, texniki məktəblər və kolleclər daxildir.

Ölkədə 121 dövlət, 11 özəl orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 167,6 min nəfər təhsil alır.

Belarus Boloniya prosesinə qoşulduqdan sonra ali təhsil sahəsində beynəlxalq əlaqələrini genişləndirib, inkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqinə geniş yer verib. Ölkəyə gələn əcnəbi tələbələrin və oxumaq üçün xaricə gedən gənclərin sayı ilbəil artır.

Yüksək bal toplayaraq dövlət ali təhsil müəssisələrinə qəbul olan tələbələr üçün ödənişsiz təhsil imkanları yaradılır. Özəl ali məktəblərdə isə təhsil hamı üçün ödənişlidir.

Ölkədə təhsil siyasətinin həyata keçirilməsini Təhsil Nazirliyi təmin edir.

 

Məktəbəqədər təhsil

 

Belarus Respublikasında məktəbəqədər təhsil erkən yaşlı və məktəb yaşlı uşaqların yaş və fərdi imkanlarını nəzərə almaqla, hərtərəfli şəxsiyyətyönümlü inkişafını təmin etməyə istiqamətlənib. Qeyd etdiyimiz kimi, məktəbəqədər təhsil icbari deyil.

Ölkədə 104 məktəbəqədər təhsil mərkəzi, 87 sanatoriya rejimli uşaq mərkəzi, 981 uşaq bağçası, 2518 günüqısaldılmış qrup, həmçinin psixi və fiziki imkanları məhdud olan uşaqlar üçün 376 tərbiyə və təhsil qrupları fəaliyyət göstərir. Körpələr evi və bağçalarına uşaqların cəlb olunması 70 faiz təşkil edir.

Məktəbəqədər təhsil müəssisələrində çalışan ali təhsilli pedaqoqların sayı ilbəil artır. Bu sahənin gələcək inkişafı üçün "2009-2014-cü illərdə Belarus Respublikasında məktəbəqədər təhsil sisteminin inkişaf proqramı" qəbul edilib. Bu proqramda əsasən, məktəbəqədər təhsil müəssisələrinin optimallaşdırılması, uşaqların sağlamlığının qorunması, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və maddi-texniki bazanın, o cümlədən məktəbəqədər təhsil sistemində işləyən işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər əks olunub.

 

Ümumi orta təhsil

 

 Belarusda 6 yaşı tamam olmuş uşaqlar ibtidai təhsilə başlaya bilərlər. İcbari təhsil mərhələsi olan I-IX siniflər ümumi orta təhsil səviyyəsinin əsas pilləsini təşkil edir.

 Ümumi orta təhsil səviyyəsi şagirdləri mənəvi və fiziki inkişafa təkan verən zəruri biliklərlə təmin etməklə yanaşı, gələcəkdə əmək və təhsil fəaliyyətinin davam etdirilməsinə şərait yaradır. Qeyd etdiyimiz kimi, Belarusda ümumi orta təhsil səviyyəsi 3 pilləyə bölünür:

* ibtidai təhsil pilləsi (I-IV siniflər);

* əsas təhsil pilləsi (V-IX siniflər);

* tam orta təhsil pilləsi (X-XI siniflər, axşam məktəblərində isə X-XII siniflər).

2011-ci ilin statistik göstəricilərinə görə, ölkə üzrə 3516 ümumi orta təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 2265-i kənd, 1251-i isə şəhər məktəbləridir. Həmin təhsil müəssisələrində 940360 şagird təhsil alır ki, onların da 220158-i (23,4 faiz) kənd, 720202-si isə (76,6 faiz) şəhər məktəblərinin payına düşür.

Ümumi təhsil müəssisələrində tədris prosesi altıgünlük dərs rejiminə əsaslanır. Həftənin bir gününü şagirdlər əsasən, idman, əmək və yaxud da tədris istehsalat müəssisələrində dərs keçirlər.

Təhsil müəssisələrində tədris əsasən, Belarus və rus dillərində aparılır. Bundan əlavə, məktəblərdə, ingilis, alman, fransız, ispan və Çin dilləri də tədris olunur. Milli azlıqlara (polyak, Litva, Ukrayna və digər xalqların) öz ana dillərini, mədəniyyətlərini və ənənələrini öyrənmək imkanları yaradılır.

Tədris planına uyğun olaraq icbari fənlərlə (74 faiz) yanaşı, fakültativ fənlər (26 faiz) də tədris edilir. Fakültativ fənlər şagirdlərin istəyindən asılı olaraq seçilir. Həmin dərslərdə adətən hər qrupda 3-5 nəfər şagird olur.

Qeyd etdiyimiz kimi, gimnaziya və liseylərdə daha yüksək səviyyəli tədris mühiti formalaşdığına görə şagirdlər həmin təhsil müəssisələrində oxumağa üstünlük verirlər. Bir qayda olaraq, liseylərdə universitetlərdə tədris aparan müəllimlər işləyir, müasir tədris ləvazimatları və avadanlıqlarından istifadə olunur. Gimnaziya və liseylərdə əsasən, daha istedadlı və qabiliyyətli şagirdlər təhsil alır. Ölkədə 212 gimnaziya, 29 lisey fəaliyyət göstərir.

Belarusda ümumi, humanitar, elmi, incəsənət və politexnik təmayüllər üzrə 5 növ lisey fəaliyyət göstərir. Liseylərə uyğun olaraq şagirdlərin müvafiq profil üzrə ixtisaslaşması aparılır.

 Kolleclərdə isə əsasən peşə təhsilinə istiqamətlənmiş xüsusi orta təhsil təklif edilir. Belə ki, kolleclərdə texniki peşə təhsili ilə yanaşı, ümumi  orta təhsil proqramı da tədris olunur.

Belarus məktəblilərinin əldə etdikləri biliklər beynəlxalq olimpiada və müsabiqələrin nəticələrində də özünü göstərir. Belə ki, son beş il ərzində keçirilmiş beynəlxalq bilik yarışmalarında ölkə məktəbliləri 123 medal qazanıblar. Bunlardan 15-i qızıl, 48-i isə gümüş medaldır.

 

Texniki peşə təhsili

 

Belarusda 219 texniki peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Bu tədris ocaqlarında 100 mindən artıq şagird təhsil alır.

Texniki peşə təhsili müəssisələri ilə yanaşı, tam orta təhsil kolleclərində də peşə təhsilinə istiqamətlənmiş xüsusi təhsil təklif edilir. Ancaq həmin kolleclərdə texniki peşə təhsili ilə yanaşı, ümumi orta təhsil proqramı da tədris olunur. 9 illik əsas təhsil bazasını bitirmiş şagirdlər də texniki peşə təhsili ala bilərlər.

Bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, Belarusun iqtisadi həyatında texniki peşə təhsilli kadrların özünəməxsus yeri var.  2006-2010-cu illərdə iqtisadi və sosial sahələrdə çalışmaq üçün 236000 nəfər texniki peşə təhsilinə yiyələnib.

Texniki peşə təhsilinin inkişafına dövlət tərəfindən hərtərəfli qayğı göstərilir. Bu sahənin müasir tələblər səviyyəsinə qaldırılması üçün müvafiq dövlət proqramı həyata keçirilir, kadr hazırlığında işəgötürənlərin təklifləri nəzərə alınır.

Görülmüş işlərin nəticəsidir ki, texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, istehsalat təcrübələrinin daha səmərəli təşkili məsələləri həllini tapır. Texniki peşə təhsili müəssisələrində təhsil alanların 96 faizindən çoxu işəgötürən təşkilatların sifarişi əsasında hazırlanır. Bütün bu məsələləri tənzimləmək üçün işəgötürənlə texniki peşə məktəbləri arasında  müvafiq müqavilələr imzalanır.

Texniki peşə təhsili üzrə Belarusun əldə etdiyi təcrübə bir sıra ölkələrdə tətbiq edilməkdədir. Təsadüfi deyil ki, ölkənin bu sahədə qazandığı uğurlar Avropa Təhsil Fondu tərəfindən də yüksək qiymətləndirilir.

 

Ali və orta ixtisas təhsili

 

Belarusda ali və orta ixtisas təhsili sistemi dövlət və özəl sektora bölünür. Digər postsovet respublikalarında olduğu kimi, dövlət təhsil müəssisələri daha nüfuzlu hesab olunur.

Orta ixtisas təhsili müəssisələrində tələbələrin şəxsiyyət kimi inkişafına və iş həyatına hazırlanmasına xüsusi diqqət yetirilir, onlara dərin nəzəri biliklər verilir. Ölkə üzrə ümumilikdə orta ixtisas təhsili almış 900 minə yaxın işçi ayrı-ayrı sahələrdə çalışır. Bu isə respublikadakı ümumi işçi qüvvəsinin 23 faizinə bərabərdir.

Qeyd etdiyimiz kimi, ölkədə 121 dövlət, 11 özəl orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Həmin məktəblərdə 167,6 min şagird təhsil alır. 2006-2010-cu illərdə orta ixtisas təhsili müəssisələrində ölkə həyatının müxtəlif sahələri üçün 216 min mütəxəssis hazırlanıb.

Son illərdə həyata keçirilən tədbirlər sayəsində orta ixtisas təhsilli kadrların məşğulluq məsələlərinin həlli göstəriciləri xeyli yaxşılaşıb. Bu, əsasən, orta ixtisas təhsilli mütəxəssislərin hazırlanması zamanı sosial-iqtisadi tələblərin düzgün proqnozlaşdırılması sayəsində mümkün olub.

Dövlət ali təhsil müəssisələrində yüksək bal toplamış şəxslər üçün ödənişsiz təhsil imkanları yaradılır. Özəl ali məktəblərdə isə təhsil hamı üçün ödənişlidir.

Ali təhsil müəssisələrinin fəaliyyətinə də Təhsil Nazirliyi nəzarət edir. Akkreditasiya, lisenziya verilməsi, o cümlədən Dövlət Təhsil Standartlarının işlənilib hazırlanması və tətbiq edilməsi məsələlərini Təhsil Nazirliyi tənzimləyir. 1998-ci ildə ali təhsil müəssisələrinin daha səmərəli idarə olunmasının təşkili ilə bağlı Ali Təhsilin İnkişafı Konsepsiyası qəbul edilib.

1994-cü ildən ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura pillələri) tətbiqinə başlanılması Belarusun təhsil tarixində mühüm hadisələrdən biridir. Hazırda ali təhsil 4 illik bakalavriat və 2 illik magistratura pillələrindən ibarətdir.

Bakalavriat pilləsində tələbələrə öz ixtisaslarına dair ümumi bilik və bacarıqlar aşılanır, onların intellektual, eləcə də yaradıcılıq potensialı inkişaf etdirilir. Magistratura təhsili pilləsində mütəxəssis hazırlığı daha da dərinləşdirilir, tələbələr elmi tədqiqat işlərinin aparılması vərdişlərinə yiyələnirlər.

Belarusda 45 dövlət və 10 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. Belarus Dövlət Universiteti, Dövlət İncəsənət Akademiyası, Dövlət Pedaqoji Universiteti, Minsk Dövlət Ali Radiotexniki Kolleci, Dövlət Kənd Təsərrüfatı Akademiyası, Dövlət Fiziki Tərbiyə Universiteti, Belarusiya-Rusiya Universiteti, Minsk Dövlət Dillər Universiteti və digər ali təhsil müəssisələrində 300000-ə yaxın tələbə təhsil alır.

Ali təhsil müəssisələri içərisində öz nüfuzuna görə fərqlənən Belarusiya Dövlət Universiteti 1921-ci ildə təsis olunub. Zəngin ənənələri olan universitetin 17 fakültəsində tələbələr üçün geniş təhsil imkanları yaradılıb.

Ali məktəblərdə bakalavriat pilləsi üzrə 438, magistratura pilləsi üzrə isə 192 ixtisas tədris olunur. Belarusda 2006-2010-cu illərdə 302000-dən artıq ali təhsilli mütəxəssis hazırlanıb. Son beş il ərzində tələbə kontingentinin ümumi sayı 400000-ə yaxınlaşıb.

 

Elmi tədqiqatlar

 

Son illər Belarusda müşahidə edilən iqtisadi inkişaf meyilləri elmi tədqiqat sahəsindən də yan keçməyib. Aspirantura və doktorantura səviyyələrində mütəxəssislər müstəqil elmi araşdırmalar aparır, konkret sahələr üzrə dərin nəzəri biliklərə yiyələnirlər. Müvafiq statistikaya görə, ölkədə ictimai və humanitar elmlərə (46,5 faiz), texniki (18,7 faiz), incəsənət (14,1 faiz), tibb (13,2 faiz), kənd təsərrüfatı (4,1 faiz) sahələrindən daha çox maraq göstərilir.

Elmi tədqiqat işlərinin yerinə yetirilməsində ali məktəblər xüsusi çəkiyə malikdir. 2010-cu ildə ali təhsil müəssisələri dövlət tərəfindən sifariş olunmuş, fundamental və tətbiqi elmləri əhatə edən 1766 tədqiqat işindən 735-ni həyata keçirib. Universitetlər həmçinin ölkənin 300 istehsal müəssisəsi ilə əməkdaşlıq edir, onların sifarişi əsasında elmi tədqiqat layihələrini yerinə yetirirlər.

Biznes strukturlarının yaradılması layihələri də universitetlərin innovasiya fəaliyyətinin səmərəli inkişaf istiqamətlərindən birini təşkil edir. Ali təhsil müəssisələri belə layihələrdən kifayət qədər iri məbləğlərlə ölçülən qazanc götürür. Həmçinin, müvafiq elmi tədqiqat layihələri əsasında əldə edilən məhsulların ixracı həyata keçirilir. Həmin məhsullar dünyanın 30-dan artıq ölkəsinə göndərilir.

2010-cu ildə innovasiya infrastrukturunun yaradılması və inkişaf etdirilməsi məqsədilə Viteb Texnoloji Universiteti və Poloç Dövlət Universitetində elmi-texnoloji parklar, Xarbin şəhərində müştərək Belarus-Çin innovasiya mərkəzləri, A.D.Saxarov adına Beynəlxalq Dövlət Ekoloji Universiteti nəzdində Texnologiya Transfer Mərkəzi, Çinin Çan Çun şəhərində müştərək Belarus-Çin texnoparkı yaradılıb. Bu sahədə çalışan kadrların təkmilləşdirilməsi üçün də müvafiq addımlar atılır.

Belarus universitetləri 58 ölkənin tədqiqat qurumları ilə elmi və elmi-texniki əlaqələr yaradıb. Bu baxımdan imzalanmış 700-dən çox müqavilə çərçivəsində əməkdaşlıq inkişaf etdirilir, birgə elmi tədqiqat layihələrinin əhatə dairəsi genişləndirilir.

Belarus Milli Elmlər Akademiyası 1929-cu ildə təsis edilib. Akademiyanın işçi heyətinə və tabeliyində olan institutlarda 5900 tədqiqatçı, 11200 laborant və texniki işçi çalışır. Akademiya müxtəlif ixtisaslar və elmi tədqiqat işlərini özündə birləşdirir. Hazırda 89 akademik, 126 müxbir üzv akademiyada və universitetlərdə kənd təsərrüfatı, sənaye, səhiyyə xidməti və digər çoxsaylı sahələr üzrə tədqiqat işləri aparır.

 

Əlavə təhsil

 

Belarusda ixtisasartırma təhsili ilə bağlı 390-dan artıq tədris müəssisəsi fəaliyyət göstərir. İxtisaslar üzrə təkmilləşdirmə, təcrübə keçirilməsi və kadrların yenidən hazırlanması prosesinə 550000 işçi (ölkə üzrə ümumi işçi qüvvəsinin təxminən 14 faizi) cəlb olunub.

Müxtəlif peşə sahiblərinin ixtisaslarının təkmilləşdirilməsi təhsilin ayrı-ayrı pillələri üzrə aparılır. Yaşlıların əlavə təhsili proqramının əsas hədəfi əhalinin məşğulluq probleminin həllinə təkan verməkdən, istehsal müəssisələrini müvafiq bilik və bacarıqlara yiyələnmiş işçilərlə təmin etməkdən ibarətdir.

Ölkədə uşaq və gənclərin əlavə təhsilinə də maraq böyükdür. Uşaqların bilik və bacarıqlarının inkişafı, peşə seçiminin müəyyənləşdirilməsi və onların cəmiyyətin tələblərinə uyğun şəkildə hazırlanması baxımından əlavə təhsil mühüm əhəmiyyət kəsb edir. Uşaq və gənclərin əlavə təhsili çərçivəsində idmanın müxtəlif növləri üzrə ixtisaslaşmış tədris-idman kompleksləri fəaliyyət göstərir. Bu tədris müəssisələrində 70 minə yaxın şagird və gənc məşğul olur.

Fasiləsiz peşə təlimi, ali və orta ixtisas təhsil səviyyələrində əlavə təhsil imkanları da kifayət qədər genişdir.

Yaşlıların əlavə təhsili müəssisələri və ixtisaslaşmış tədris mərkəzləri əmək bazarının tələblərini öyrənir, daha sonra isə işsizləri əlavə təhsilə cəlb edir. Yaşlıların əlavə təhsili müvafiq bacarıqlara yiyələnmək üçün təcrübə keçən, təhsilini davam etdirmək və əmək bazarının tələblərinə uyğunlaşdırmaq istəyən şəxslərin peşə baxımından təkmilləşdirilməsinə imkan verir.

Yaşlıların əlavə təhsili sistemini inkişaf etdirmək məqsədilə Belarusda ömürboyu təhsil prinsipinə əməl olunur. Gələcəkdə ölkənin innovativ inkişaf tələblərinə uyğun olaraq kadrların yenidən hazırlanması və təkmilləşdirilməsi işinin daha səmərəli təşkili nəzərdə tutulur.

 

Beynəlxalq əməkdaşlıq

 

Belarus Avropa ali təhsil məkanında ixtisasların qarşılıqlı tanınması-Boloniya prosesinə qoşulmaqla dünya təhsil məkanının fəal iştirakçısına çevrilib. Ölkə milli və mədəni özünəməxsusluğunu saxlamaqla dünya təhsil məkanına inteqrasiyanı reallaşdırmaq, elmi tədqiqat sahəsində əməkdaşlığı genişləndirmək üçün ardıcıl addımlar atır.

Təhsil sahəsində müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla 60-dan çox müqavilə imzalanıb. Beynəlxalq müqavilələrin tərəfdaşları arasında Rusiya, Venesuela, Hindistan, Çin, Qazaxıstan, İsveçrə, Almaniya və digər ölkələrin adlarını çəkə bilərik. Fransa, Finlandiya, Avstriya, Belçika, Polşa, Çexiya, Böyük Britaniya, Latviya, Litva, ABŞ, Koreya və digər ölkələrlə daha çox elmi tədqiqat sahəsində əlaqələr yaradılıb.

YUNESKO, YUNİSEF, Avropa Təhsil Fondu kimi nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrə də xüsusi diqqət yetirilir. Ölkədə TEMPUS, TASİS, ERASMUS, MUNDUS və digər beynəlxalq təhsil proqramları uğurla həyata keçirilir. Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlıq tələbə mübadiləsinin genişlənməsinə yol açır.

Beynəlxalq təhsil proqramlarından hər il təxminən 16 min nəfər yararlana bilir. Əcnəbi tələbələrin də təhsil proqramlarından bəhrələnməsi üçün çevik sistem yaradılıb.

Belarusda təhsil almaq istəyən əcnəbi tələbələrin maraqları, ixtisas tələbləri nəzərə alınır. Rus dilini bilməyən əcnəbi tələbələr üçün hazırlıq kursları təşkil edilir. Təsadüfi deyil ki, ölkənin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı son 5 il ərzində 10 min nəfərə çatıb.

 

Bəşarət MƏMMƏDOV,

 

Dilrubə BAYRAMOVA

 

Yazının hazırlanmasında Belarus Respublikası Təhsil Nazirliyinin rəsmi məlumatlarından istifadə olunub.

 

Azərbaycan müəllimi.- 2012.- 8 mart.- S.6.