"Mənim səsim Qırxqız yaylağında dustaq qalıb"

 

 Xalq artisti Canəli Əkbərovla söhbət

 

Canəli Əkbərov 10 mart 1940-cı ildə Lənkəranın Tükəvilə kəndində musiqiçi ailəsində dünyaya göz açıb. İlk ibtidai təhsilini doğma kənddə alıb. 1956-cı ildə qonşu Separadi kəndindəki orta məktəbi bitirib. İki il Lənkəran Tibb Texnikumunda oxuyub. 1958-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurub. Bir müddət rayonda tibb işçisi işləyib. 1963-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinə - Seyid Şuşinskinin sinfinə qəbul olunub. Təhsil illərində Seyid Şuşinski ilə yanaşı, Xan Şuşinskidən də muğamın sirlərini öyrənib. 1968-ci ildə Musiqi Məktəbini bitirən Canəli Əkbərov 1976-cı ildə Əlibəy Hüseynzadə adına Teatr İnstitutuna (indiki ADMİU) daxil olub, 1981-ci ildə ali təhsilini başa çatdırıb. Canəli Əkbərov 1989-cu ildə respublikanın əməkdar artisti, 1992-ci ildə isə respublikanın xalq artisti fəxri adlarına layiq görülüb. 2000-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə C.Əkbərov 60 illik yubileyində "Şöhrət" ordeni ilə təltif edilib. 2002-ci ildə Prezident təqaüdünə, 2005-ci ildə isə Heydər Əliyev Fondunun təqaüdünə layiq görülüb. 2010-cu ildə 70 illiyilə əlaqədar Canəli Əkbərov Prezident İlham Əliyevin sərəncamı ilə "Şərəf" ordeni ilə təltif olunub. C.Əkbərov uzun illər çalışdığı muğam sənəti kafedrası üçün yeni proqram, bir neçə metodiki və dərs vəsaitinin müəllifidir.

 

- Mən el sənətkarının - Xanəli Əkbərovun övladıyam. İlk musiqi təhsilini atamdan almışam. Atam öz dövrünün tanınmış xanəndəsiydi. Elə el şənliyi olmazdı ki, atamı ora dəvət etməsinlər.  1972-ci ildə maestro Niyazinin vaxtında Dövlət Filarmoniyasında atamın, mənim kiçik qardaşım Məzahirin birgə konsertimiz oldu. İndi atam dünyasını dəyişsə , biz oğullar onun sənət yolunun davamçılarıyıq. 

- Canəli müəllim, tibb təhsili hara, xanəndəlik hara?

- Mənim tibbə də böyük həvəsim olub. Hərdən oturub fikirləşirəm ki, o vaxt həkimlikdən uzaqlaşmasaydım, təhsilimi davam etdirsəydim, yəqin ki, o sahədə də məşhur olardım. Çünki Allah mənə elə bir ürək verib ki... yəni, aciz adam deyiləm mən, indinin özündə də ciddi vəziyyət yaranarsa, ilk yardım baxımından özümə də, ailəmə də pasiban özüməm...

- Sizi həmişə qaynar nöqtələrdə görmüşəm. Əsgərlərimizin, yurd-yuvasından perik düşən soydaşlarımızın qarşısındakı çıxışlarınızı dinləmişəm.

- Bu, özübir vətənpərvərlikdi.

- Ailə sənət... Sizin taleyinizdə bunlar bir-biri ilə yola gedibmi?

- Ellada xanım, mən sənətimi həmişə uca tutmuşam. Ancaq sənətimlə yanaşı, ailəmi müqəddəs bilmişəm. Leylilərim, Əslilərim, Sənəmlərim, Ərəb Zəngilərim yalnız sənət taleyimdə olub. Öz taleyimdə isə... 1959-cu ildə atamın məsləhəti ilə qonşu kəndin qızı ilə evləndim. Bu gün peşman deyiləm. Atama seçimində səhv etmədiyi üçün rəhmət diləyirəm. Yoldaşım Arifə cəmi-cümlətanı 9 sinif oxumuş kəndçi qızıdı.

Mən ailə quranda atamın mənim üçün seçdiyi qızın 17 yaşı vardı, qısa zaman kəsiyində yoldaşımı elə yönləndirdim ki, sağ olsun, bu gün bir-birimizlə gözəl anlaşırıq. Hərdən zarafatla deyirəm ki, Arifə, atan sənin zəhmətini cəmi 17 il çəkib, amma mən az qala 60 ildi çəkirəm.

Ailəmdə üç qızım olub, iki oğlum. Qızımın biri - Azadə dünyasını vaxtsız dəyişdi. Qədərdi - söz keçirmək olmur. Beş övladımdan 13 nəvəm, 6 nəticəm var.

- Ailədə adınızı daşıyan varmı?

- Kiçik oğlum Asəf nəvəsinə mənim adımı verib.

- Sənət yolunuzun davamçısı necə?

- Xeyr. Estafet hələ ki, öz əlimdədir.

- Canəli müəllim, sizin üçün Vətən borcu nədir?

- Ailə qurduqdan sonra Bakıya köçdüm. Böyük incəsənət ordusuna qoşuldum. Mən Vətənə olan borcumu Milli muğamımızı yaşatmaqla, incəsənətimizi, mədəniyyətimizi sərhədlərimizdən kənarda tanıtmaqla, təbliğ etməklə ödəmişəm, qızım, bu da Vətəni sevməyin bir yoludu...

1961-ci ildə III Ümumrespublika Gənclər Festivalında laureat oldum qızıl medala layiq görüldüm.

1965-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında keçirilən gənc ifaçıların baxış-müsabiqəsində laureat oldum.

İki dəfə - 1978-ci 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunun da qalibi oldum.

1978-ci il dekabrın 16-18-də Kuybışev şəhərində keçirilən Şərq xalqlarının musiqi festivalında tarzən Bəhram Mansurovun kamançaçı Şəfiqə Eyvazovanın müşayiəti ilə çıxış edib qələbə qazandım.

1989-ci ildə İsveçin Falun şəhərində keçirilən Beynəlxalq Folklor Festivalında tarzən Vamiq Məmmədəliyev kamançaçı Elman Bədəlovla birgə çıxış edəndə qələbə mənim oldu.

Həmçinin müxtəlif illərdə Mali, Qərbi Berlin, İsveç, Avstriya, İraq, İran, Polşa, Almaniya, Türkiyə, Fransa, Səudiyyə Ərəbistanı bir çox ölkələrdə qastrollarda olmuşam. Muğam, xalq mahnı təsniflərimizi yad ölkələrin səhnəsində ifa edib Azərbaycanımızı təbliğ etmişəm. Bax, bütün bunlar mənim nəzərimdə Vətən borcunu ödəməkdir.

- Səhnədə hansı obrazları yaratmısınız?

- SSRİ xalq artisti, rejissor Mehdi Məmmədovun quruluşunda Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında əvvəllər İbn-Səlam, sonralar Məcnun, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Şah İsmayıl, Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasında Kərəm, Zülfüqar Hacıbəylinin "Aşıq Qərib" operasında Aşıq Qərib, Məmməd Quliyevin "Aldanmış ulduzlar" operasında Axund, Şəfiqə Axundovanın "Gəlin qayası" operasında Camal, Cahangir Cahangirovun "Xanəndənin taleyi" operasında Mir Səid, Fikrət Əmirovun "Sevil" operasında Azançı və b. obrazları yaratmışam.

- Tərəf-müqabillərinizdən yaddaşınızda silinməz izi qalanlar...

- Olub... Rübabə Muradovanın, Nəzakət Məmmədovanın həm yoldaşlıqda, həm də sənətdə payları və yerləri vardı. Allah hər ikisinə qəni-qəni rəhmət eləsin. Yerləri hər zaman görükən sənətkarlardı...

- Amma zamandı da, gəlir, gedir... zamana neyləmək olur ki?

- Dünyaya bir gün gələn, bir gün gedir, hamımız qonağıq, yəni "bir yandan boşalır, bir yandan dolur, sirrini verməyir sirdaşa dünya" deyən şair düz deyib. O sənətkarlar bu dünyadan köç ediblərsə , həyat davam eləyir, onların yerinə başqa ifaçılar gəliblər. Sıralarında Leylilərimiz, Sənəmlərimiz, Əslilərimiz, Ərəb Zəngilərimiz var.

- Bir qədər tələbələriniz barədə?

- Gülyaz - Gülyanaq bacıları, Babək Niftəliyev, Ehtiram Hüseynov, - əməkdar artist Prezident təqaüdçüləridir. Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Bəsti Sevdiyeva isə Prezident təqaüdçüləri xalq artistləridir. Opera teatr səhnəsində hazırladığım mütəxəssislər uğurla öz fəaliyyətlərini davam etdiriblər: Sahib İbrahimov, Səkinə İsmayılova, Qəndab Quliyeva, Səfa Qəhrəmanov (rəhmətlik), Gülyaz Məmmədova, Mənsum İbrahimov başqaları, həm operamızın tanınmış solistləridi.

- Bütün təltiflərinizi sadalasaq, uzun bir siyahı alınar - Prezident təqaüdçüsü, Heydər Əliyev Fondunun təqaüdçüsü, "Şöhrət" ordenli, "Şərəf" ordenli incəsənət xadimisiniz.

- Qızım, bunlar sənətimə verilən yüksək qiymətdi. Amma ən böyük mükafatım xalqın ürəyində olmağımdı.

- Həyatınızda, fəaliyyətinizdə çatmayan yenə nəsə varmı?

- Çatmayan çoxdan-çoxdu... 9-10 gün bundan əvvəl Xocalı qətliamının 20-ci ildönümünə həsr edilmiş yürüşü gördüm. Özümiştirak elədim. Ürəyim Xocalı faciəsinə nə qədər acısa da, o yürüş məndə qürur hissi oyatdı. Xalqımızda bir birlik gördüm o gün. Onda düşündüm ki, kaş bu birlik 20 il öncə belə olaydı. Onda qanlı-qadalı günləri də görməzdik, körpə-körpə balalarımız əlimizdən getməzdi, sağ qalanlar da o boyda psixoloji sarsıntı içində qalmazdılar.

Yeri gəlmişkən, mən Xocalının xatirəsinə iki dəfə xeyriyyə konserti vermişəm. Birincisi, Opera teatrında, ikincisi Mərdəkandakı mədə-bağırsaq sanatoriyasında.

Mən həmişə demişəm, biz balalarımızı milli ruhda böyütməyi bacarmalıyıq. Milli ruhda böyüyən uşaqlarda milli vüqar olur. Milli vüqarı olan uşaqda milli vətənpərvərlik güclü olur. Bu üç keyfiyyət - milli ruh, milli vüqar, milli vətənpərvərlik birləşsə, Vətən basılmaz. Mənim amalım vətənpərvərlikdi. Mən ölkəmin, xalqımın, Prezidentimin vicdanlı vətəndaşıyam, hər cür də naqislikdən, pislikdən uzağam.

- Səhnə stajınız 50 ildən artıqdır...

- Yarım əsrdən çoxdu ki, səhnədəyəm, həm oxuyuram, həm də tədrislə məşğulam. İşimi elə qurmuşam ki, zəhmətimdən zövq alıram, hazırladığım tələbələrim tanındıqca sevinirəm. Onlar mənim müəllim əməyimin bəhrələridi...

- Heç əməyinizi itirən olubmu?

- Vallah, nə gizlədim, tək bircə nəfər olub. Amma dünya dağıla, demərəm, onsuz da ustadına kəm baxanın, gözlərinə qan damar.

Mən naxələfliyi xoşlamıram, heç xoşlamıram. Mənim dünyamda xəyanətə yer yoxdu. Mən ziyalılığa söykənən adamam. İndi Xan əmi, Seyid əmi bizim dünyamızı tərk ediblər. Amma mən atamın adının yanında o iki nəhəng sənətkarın da adını həmişə ehtiramla çəkirəm. Çünki onlar mənə bu sənətdə addımlamağı öyrədiblər.

- Opera səhnəsində tərəf-müqabiliniz olanlardan daha kim var ki, ona həmişə mənəvi ehtiyac duyursunuz?

- Mən Zeynəb xanım Xanlarovanın diqqətindən çox razıyam. Bu yaxınlarda o mənə zəng vurmuşdu. Bir saatacan telefonda danışdıq. Kişinin qızının həm səsi var, həm sözü var, həm mənliyi var, həm mədəniyyəti var, bir sözlə, çox mərd, dəyanətli qadındır.

- Canəli müəllim, səsimiz çatmayan, ünümüz yetməyən yaralı torpaqlarımızdan hansını arzulayırsınız ki, yollar sizi ora aparsın?

- Özümü onda xoşbəxt sayardım ki, maşınımın getdiyi yollar məni Qırxqız yaylağına aparsın.

- Nədən məhz Qırxqız yaylağına...

- Çünki mənim səsim Qırxqız yaylağında dustaq qalıb... Laçın rayonunun 50 illik yubileyi keçirilirdi. Düzü ili yadımdan çıxıb.

Dövlət səviyyəsində təxminən 70 nəfərdən ibarət bir qrup, dövlət incəsənət xadimi getdik Laçına. Rəhbərimiz rəhmətlik Qurban Xəlilov idi, Ali Sovetin o vaxtkı sədri. Allah rəhmət eləsin, Sara Qədimova, Rəhilə Həsənova da dəstəmizdə idi. Onda Şuşa Partiya Komitəsinin I katibi, gözəl insan, gözəl ziyalı Qəşəm Aslanov, polis rəisi Hacı Dadaşov idi. Bir eşitdim kimsə mənim adımı çağırdı. Səsə çıxdım, gördüm Hacı Dadaşovdu, Şuşadan durub gəlib Laçına. Dedi məni Qəşəm Aslanov göndərib. Deyir ki, Canəli müəllimə mənim adımdan de ki, tədbirdən sonra onları Şuşaya dəvət edirəm, dəstəsini götürsün gəlsin Laçından Şuşaya.

Dəvəti qəbul etdik. Tədbirdən sonra biz  "oğurluq" qaçdıq maşınla Şuşaya. Axşam bərq vuran işıqların fövqündə Şuşanın gecə aləminin təkrarsız gözəlliyini seyr etdik. Səhər açıldı, yeməyimizi yeyib, at belində qalxdıq Qırxqız yaylağına. Yaylaqda mən hündürboy, yanaqlarından qan daman, gözləri büllur kimi par-par parıldayan nər kişiləri gördüm, yaylaq əhlinə baxdım, dağlara baxdım, ürəyim köksümə sığmadı, heyranlıq məni bürüdü, qavalı əlimə götürüb oxudum orda, səsim dağlarda əks-səda verib, özümə qayıtdı. İndi Şuşam əsirlikdədi... (Söhbətimizin bu yerində Canəli müəllim əməlli-başlı kövrəldi. Məni də kövrəltdi - müəllif), düşünürəm ki, mənim o vaxt dağlarda dolaşan səsim də orda dustaqlıqda qalıb.

- Bir də Qırxqıza çıxmaq qismətinizə düşsə...

- Of, of... Xoşbəxt  sayardım onda özümü... Özü ilk oxuduğum mahnı "Şuşanın dağları" olardı.

- Amin. Qismət olsun. Arzu edirəm ki, 80 illiyinizdə belə sağlam, gümrah olasınız, səsiniz kökdən düşməsin, arzunuz çin olsun.

- Mən "Azərbaycan müəllimi"nə Sizə həmişə reallığa xidmət eləməyi arzulayıram. Yazılarınız nurlu ötkəm olsun.

 

 

Söhbət etdi: Ellada UMUDLU

 

Azərbaycan müəllimi.- 2012.- 8 mart.- S.5.