"Azərbaycan qadını və müasir media" mövzusunda konfrans keçirilib

  

Martın 6-da Qafqaz Universitetində 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə "Azərbaycan qadını və müasir media" mövzusunda ümumrespublika konfransı keçirilmişdir.

Azərbaycan Respublikasının  Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Televiziya və Radio Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Qadın Jurnalistlər Birliyi, Jurnalist Qadınlar Assosiasiyası və Qafqaz Universitetinin  birgə təşkilatçılığı ilə baş tutan konfransda təşkilatçı qurumların nümayəndələri, Milli Məclisin deputatları, tanınmış qadın jurnalistlər, Qafqaz Universitetinin professor-müəllim və tələbə heyətinin üzvləri, KİV təmsilçiləri iştirak edirdilər.

Tədbiri  Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç açaraq iştirakçıları salamladı, dəvətlərini qəbul edib gəldikləri üçün qonaqlara minnətdarlığını bildirdi. Cəmiyyətin inkişafında qadınların, o cümlədən media sahəsində çalışan qadınların xidmətlərini yüksək qiymətləndirən rektor əlamətdar gün münasibətilə xoş arzularını bildirdi. Mövzunun əhəmiyyətini vurğulayan professor Ə.Saniç diqqətə çatdırdı ki, konfransda edilən çıxışların mətnləri, habelə iştirakçıların bu mövzuda təqdim edəcəkləri məqalələr ayrıca kitab şəklində çap olunacaqdır. Professor Ə.Saniç eyni zamanda ötən ildən başlayaraq universitetdə jurnalist ixtisası üzrə mütəxəssis hazırlandığını söyləyib, bu ixtisasa qəbul olunan tələbələrin qəbul imtahanlarında topladıqları orta balın 600-ə yaxın olduğunu, onları gələcəyin ən yaxşı jurnalistləri kimi yetişdirməyi hədəfə aldıqlarını bildirdi.

Qeyd etdi ki, bu iş İstanbul Universitetinin jurnalistika fakültəsi ilə birlikdə görülür və tələbələr bəlli dönəmlərdə İstanbul Universitetində təhsillərini tamamlayacaqlar

Ə.Saniç konfransda çıxış edəcək natiqlərdən tələbələrə öz tövsiyələrini vermələrini xahiş etdi.

Konfransda çıxış edən Milli Məclisin deputatı Elmira Axundova ümummilli lider Heydər Əliyevin qadınların, gənclərin inkişafına və təhsilinə daim böyük önəm verdiyini xatırlatdı. Müasir media barədə fikirlərini açıqlayan deputat bu sahədə çalışan Azərbaycan qadınlarının səmərəli fəaliyyətindən bəhs etdi. E.Axundova müasir dünyada elektron medianın artan rolunu və əhəmiyyətini də diqqətə çatdırdı.

Çıxışında qadınlara göstərilən dövlət qayğısından danışan Milli Məclisin deputatı Qənirə Paşayeva xalqımızın milli mənəvi dəyərlərinin qorunub saxlanılmasında onların mühüm rolunu vurğuladı. Cəmiyyətdə kütləvi informasiya vasitələrinə böyük əhəmiyyət verildiyini qeyd edən Q.Paşayeva bu sahədə çalışan qadınlara uğurlar arzuladı.

Milli Məclisin deputatları Flora Qasımova, Jalə Əliyeva, Sevinc Hüseynova, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Türkiyənin İstanbul Universitetinin dosenti xanım Pınar Erarslan Yayınoğlu və digər çıxış edənlər Azərbaycan jurnalistikasının inkişafında qadınların xidmətləri, qadın problemlərinin mediada işıqlandırılması, yazılı mətbuatın, ekran-efir materiallarının auditoriyaya təsiri, İnternet mediasının müasir inkişaf meyilləri və digər məsələlər barədə fikirlərini bildirdilər, gənc jurnalistlərə öz tövsiyələrini verdilər.

Konfransda tədbirin təşkilatçıları olan qurumların rəhbərlərinə Qafqaz Universitetinin xatirə plaketləri təqdim olundu.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 8 mart.- S.1-3.