Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

 Azərbaycan Respublikası Prezidentinin "Fikrət Əmirovun 90 illik yubileyinin keçirilməsi haqqında" 06 fevral 2012-ci il tarixli, 1979 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Məşədi oğlu Əmirovun anadan olmasının 90 illik yubileyinin keçirilməsinə dair Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və nazirliyin birbaşa tabeliyində olan digər təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi"     qəzetində dərc etdirsin və tədbirlər planı ilə birlikdə Təhsil Nazirliyinin İnternet səhifəsində yerləşdirsin.

4. Ümumi şöbə (X.Fərəcov) əmr və tədbirlər planının çoxaldılıb yerlərə çatdırılmasını  təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə olunsun.

 

 

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

1 mart 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 8 mart.- S.2.