BDU-nun rektoru Pakistan
nümayəndə heyəti ilə görüşüb
Bakı
Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Pakistan İslam Respublikası
Senatının sədr müavini Mir Can Camalinin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb. Görüşdə Azərbaycan-Pakistan
iqtisadi, siyasi və mədəni əlaqələri barədə
fikir mübadiləsi aparılıb, Pakistan İslam
Respublikası Senatı tərəfindən Ermənistanın
Azərbaycana təcavüzü və Xocalı
soyqırımını tanıyan qətnamənin əhəmiyyəti
qeyd edilib.
Həmçinin
iki ölkənin ali təhsil müəssisələri
arasındakı əlaqələrdən də məmnunluq
ifadə olunub. 2001-ci ildən
Bakı Dövlət Universitetinin şərqşünaslıq
fakültəsində urdu dilinin tədris edildiyini bildirən
rektor qeyd edib ki, hazırda bu ixtisas üzrə 32 tələbə
təhsil alır və tələbələrə urdu dili və
ədəbiyyatı ilə yanaşı, Pakistanın tarixi,
coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti və
hüquq sistemi fənləri tədris olunur. İndiyə qədər
isə urdu dilini 56 bakalavr və 4 magistr bitirib.
Rektor həmçinin
BDU ilə Pakistanın ölkəmizdəki səfirliyi arasında sıx
münasibətlərin olmasını qeyd edərək bir müddət
öncə səfir İnayatullah Kakarla
görüşünü xatırladıb. Səfirin
universitetin urdu otağına 165 kitab, televizor, videomaqnitofon və
kompüter hədiyyə etdiyini deyərək ona minnətdarlıq
edib.
Daha
sonra geniş tələbə auditoriyası
qarşısında çıxış edən cənab Mir
Can Camali Ermənistanın Azərbaycana təcavüzünü,
ermənilərin Xocalıda törətdikləri
soyqırımını qəti şəkildə pisləyib.
Dağlıq Qarabağ və Kəşmir problemi arasında
oxşar cəhətlərin çox olduğunu xatırladan sədr
müavini insan amilinə hörmətin islam dininin ən əsas hissəsini təşkil
etdiyini deyib. Qonaq həmçinin Azərbaycanın gələcək
nəslini təmsil edəcək gənclərin
qarşısında çıxış etməsindən məmnun
olduğunu bildirib və Azərbaycan xalqı ilə Pakistan
xalqının eyni canda bir qəlb olduğunu xüsusilə
vurğulayıb. Senatın Xarici Əlaqələr Komitəsinin
sədri Səlim Seyfullah Xan isə hər iki ölkənin təcavüzün
qurbanı olduğunu və dünya birliklərinin qəbul
etdikləri qətnamələrin hələ də yerinə
yetirilmədiyindən təəssüf hissi keçirdiyini
bildirib.
Daha
sonra çıxış edən Azərbaycan-Pakistan parlamentlərarası
qrupun üzvü, millət vəkili Eldar İbrahimov iki
ölkənin əlaqələrinin tarixindən bəhs edib.
Qonaqlar
görüş çərçivəsində şərqşünaslıq
fakültəsinin urdu dili ixtisası üzrə təhsil alan
tələbələrlə də görüşüblər.
BDU-nun Mətbuat
və informasiya şöbəsi
Azərbaycan
müəllimi.- 2012.- 8 mart.- S.2.