Təhsil Nazirliyində elektron xidmətlərin
tətbiqinə başlanılıb
Azərbaycanın
davamlı və dayanıqlı sosial-iqtisadi
inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin
müasir prinsiplər əsasında həyata keçirilməsi
məqsədi ilə informasiya və kommunikasiya texnologiyalarından
istifadə olunması dövlət siyasəti prinsiplərindən
birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər
görülmüşdür.
Son illər informasiya və kommunikasiya
texnologiyalarının inkişafı ilə bağlı qəbul
edilən normativ-hüquqi aktlar əsasında dövlət
orqanlarının əhaliyə beynəlxalq standartlara
uyğun elektron xidmətlər göstərməsi sahəsində
hüquqi baza formalaşmışdır.
İndi modern və çevik idarəetmənin
təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində
şəffaflığın artırılması və
korrupsiyaya şərait yaradan halların aradan
qaldırılması üçün əhaliyə elektron
xidmətlərin göstərilməsi zərurəti
yaranmışdır. Azərbaycan Respublikasının dövlət
siyasətinə uyğun olaraq Təhsil Nazirliyində də
elektron xidmətlərin tətbiqinə
başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin
23 may 2011-ci il tarixli "Dövlət orqanlarının
elektron xidmətlər göstərməsinin təşkili sahəsində
bəzi tədbirlər haqqında" Fərmanına
uyğun olaraq Təhsil Nazirliyində
elektron hökumət xidmətləri interaktiv və
informasiya istiqamətləri üzrə formalaşmaqdadır.
Elektron xidmətlər bölməsi Təhsil Nazirliyinin
www.edu.gov.az rəsmi İnternet səhifəsində fəaliyyət
göstərir.
İnteraktiv xidmətlərə
"Ümumi təhsil müəssisələrinə qəbulla
bağlı e-ərizə", "Tam və ümumi orta təhsil
pilləsi üzrə sınaq və yekun buraxılış
imtahanlarının nəticələri haqda məlumatların
əldə edilməsi", "Ümumi təhsil müəssisələrinə
müəllimlərin işə qəbulu üçün ərizələrin
qəbulu, imtahanların keçirilməsi və imtahan nəticələri
haqda məlumatların əldə edilməsi",
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin
xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" üzrə
elektron ərizələrin qəbulu", "Şagirdlərin
təhsildə qazandıqları cari nailiyyətləri əks
etdirən məlumatların əldə
edilməsi (Valideyn Nəzarət Sistemi)" kimi bloklar daxildir.
Ümumi təhsil müəssisələrinə
müəllimlərin işə qəbulu ilə bağlı
bölmədə vakant yerlərə müəllimlərin
işə qəbulu üzrə reqlament, müəllimlərin
işə qəbulu üzrə elektron ərizə, şəxsi
kabinet, namizədlər tərəfindən vakant yerlərin
seçilməsi və elektron ərizənin doldurulmasına
dair Təlimat, test suallarının
cavablandırılmasına dair Təlimat və s. funksionallar və
məlumatlar yerləşdirilmişdir.
"Ümumi təhsil müəssisələrinə
qəbulla bağlı e-ərizə" bölməsində ərizələr
e-məktəblərdə 2012-ci ilin avqustundan qəbul edilməyə
başlanacaqdır. Sonra isə Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulmuş digər məktəblərin şagirdləri və
valideynlər "Ümumi təhsil müəssisələrində
sınaq və yekun buraxılış imtahanlarının nəticələri"
bölməsi vasitəsilə imtahanların nəticələri
ilə taniş ola biləcəklər.
"Respublikada fəaliyyət göstərən
bütün növ təhsil müəssisələri
haqqında məlumatların əldə edilməsi" istiqaməti
üzrə interaktiv "Məktəb xəritəsi"
proqramı (www.schoolmap.edu.az) qurulmuşdur. Həmçinin məktəb
haqqında lazım olan ətraflı məlumatları
özündə birləşdirən (www.ned.edu.az) Milli Təhsil
Məlumat Bazası yaradılmışdır. Məlumat
bazasında məktəbdənkənar, ilk peşə-ixtisas,
orta ixtisas və ali təhsil müəssisələrinin siyahısı, əlaqə nömrələri,
ünvanları, sayt və elektron poçt ünvanları
göstərilmişdir.
Təhsil Nazirliyinin İnternet səhifəsindən
həmçinin elektron xidmətlər vasitəsilə
respublikada fəaliyyət göstərən bütün
növ təhsil müəssisələrinə qəbul
qaydaları, ümumtəhsil məktəblərində
şagird nailiyyətlərinin məktəbdaxili, milli və
beynəlxalq qiymətləndirilməsi, təhsil müəssisələrində
təhsil alanların təhsil müəssisələrini dəyişmək
qaydaları, de-institutlaşma və uşaqların müdafiəsi
barədə məlumatların əldə edilməsi, Təhsil
Nazirliyinin rəhbər işçiləri ilə əlaqə,
xarici dövlətlərin ali təhsil sahəsində
ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən
edilməsi (nostrifikasiyası) qaydaları və etik standartlar
modeli haqqında məlumatları almaq olar.
Hicran ƏKBƏROVA
Azərbaycan
müəllimi.- 2012.- 8 mart.- S.2.