Novruz bayramınız mübarək!

 

Artıq  baharın ilıq nəfəsi duyulmaqdadır. Ana torpaq nazlı baharın pişvazına çıxıb; çəmənlər yaşıl xalısı ilə, çaylar, çeşmələr züm-züməsi ilə. Sanki Günəş də yerə bir iynə boyu yaxınlaşıb, torpağı isitmək, insanların qəlbinə hərarət bəxş etmək üçün. Bax, elə belə bir ərəfədə xalqımız baharın yaz ətirli, yaz təravətli bayramı olan Novruzu böyük sevinclə, sonsuz fərəhlə qeyd etməyə hazırlaşır. Axı xalqımızın  ən böyük, ən əziz bayramıdır Novruz. Novruzun bayram kimi qeyd olunması tarixi çox qədimdir.

 Novruz tarixən əkinçilik bayramı, əkin-səpin, əmək bayramı kimi yaranmış, xalqımızın mövsüm bayramı olmuşdur. Novruzun əkinçilik təqviminin başlanğıcı olduğunu, həm də bu zaman yaşıllığın, həyatın, əkinin, bolluğun rəmzi olan səməni göyərdilməsi adəti təsdiq edir.

Yazın gəlişi yaxınlaşdıqca ulu çağlardan azərbaycanlılar sinilərdə, məcməilərdə buğda, arpa və digər taxıl məhsullarından səməni göyərdər, ona baxıb sevinər, fərəhlənərdilər:

 

Səməni, saxla məni,

İldə göyərdərəm səni.

 

Səməni göyərtmək Novruzun ən müqəddəs mərasimidir. Səməni həm yaşıllığın, həm də əkinçiliyin rəmzidir. Səməninin varlığı da, həyat verəni də, mənası da taxıldır. Əkinçilərimiz səməni göyərtməklə növbəti təsərrüfat ilinə bolluq, bərəkət arzulamışdır.

Novruz şənlikləri dəbdəbədən çox təbiiliyi, səmimiliyi ilə səciyyəvidir. Xalq Novruzu başdan-ayağa toy-büsata çevirir.

Axır çərşənbədə şam yandırılar, xonça düzəldilər, tonqal qalanar, hərə bacardığı kimi Novruza hazırlıq görər.

Çərşənbələr ərəfəsində xalq evdarlıqla bağlı təmizlik işlərilə məşğul olar.

Novruz süfrəsi xalqın ən milli süfrəsidir. Buraya, əsasən milli yeməklər, , şirniyyat, qovurğa, ləpə və s. qoyular, süfrədə şam yandırılar. Ümumiyyətlə, süfrədə yeddi cür meyvə olar.

Bayram süfrəsi Novruz şamları yandırıldıqdan sonra açılar. Ailənin bütün üzvləri süfrə qırağında əyləşər, bayram xörəklərindən yeyərlər.

Bayram axşamı bacalardan torbalar sallanar, qapılardan papaq atılar, xoş xəbər eşitmək üçün qapılar pusular, uşaqların şən nəğmə səsləri bir-birinə qarışar.

Novruz günlərində yaxın adamlar, qohum-qardaş bir-birinə qonaq gedər, əziz adamlarına bayram şirnilərindən apararlar. Nişanlı qızlara Novruz payı göndərmək də dəbdədir. Bütün bunlar isə adamlar arasında mehribanlıq, xoş ünsiyyət doğurar, yaxşı əhvali-ruhiyyə yaradar.

Novruz bayramının xalqımızın həyatındakı rolunu yüksək dəyərləndirən böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev demişdir: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir".

Beləliklə, biz də xalqımızı min illərdən soraq verən əziz el bayramı-Novruzun gəlişi münasibətilə ürəkdən təbrik edirik. Bu baharın xalqımıza səadət və firavanlıq, müstəqil dövlətimizə möhtəşəm qələbə müjdəsi gətirməsini arzu edirik.

Bayramınız mübarək olsun!   

 

 

Ədalət DAŞDƏMİRLİ

 

Azərbaycan müəllimi.- 2012.- 16 mart.- S.1.