Təhsil
Nazirliyində görüş
Martın 13-də təhsil naziri Misir Mərdanov
Beynəlxalq Bakalavriat Təşkilatının (IBO -
International Baccalaureate Organization) Afrika, Avropa və Yaxın
Şərq regionu üzrə menecerləri Oke Sorman və
Fidelis Ntenge ilə görüşüb.
Misir Mərdanov qonaqları Təhsil
Nazirliyində görməkdən məmnunluğunu ifadə
edib. Beynəlxalq Bakalavriat Proqramının 6 nömrəli məktəb-liseydə
həyata keçirilməsini müsbət dəyərləndirən
nazir bununla bağlı lazımi dəstək göstəriləcəyini
vurğulayıb. Təhsil naziri Beynəlxalq Bakalavriat
Proqramının ölkəmizdə 3 özəl ümumi təhsil
müəssisəsində
reallaşdırıldığını, dövlət tədris
ocaqları arasında bu işə ilk dəfə 6 nömrəli
məktəb-liseydə başlanıldığını diqqətə
çatdırıb. Nazir həmçinin proqramın
mühüm əhəmiyyətini və müvafiq işin
uğurla həyata keçiriləcəyinə əminliyini
vurğulayıb, proqramın menecerlərinə Azərbaycandakı
fəaliyyətlərində müvəffəqiyyətlər
arzulayıb.
Beynəlxalq
Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın
Şərq regionu üzrə meneceri Oke Sorman
səmimi qəbula və proqramı dəstəklədiyinə
görə təhsil naziri Misir
Mərdanova təşəkkürünü bildirib.
6 nömrəli məktəb-liseyin Beynəlxalq Bakalavriat Proqramına qoşulmasını təqdirəlayiq
hal
kimi dəyərləndirən qonaq bu işin
sonunda uğurlu nəticələr
əldə olunacağına inandığını bildirib. O.Sorman müvafiq proqramın məqsəd və
üstünlükləri, burada təhsil
proqramının hər 3 pilləsinin (PYP- ibtidai
təhsil, MYP- orta təhsil, DP - Diplom proqramı- X-XI siniflər) təklif edildiyi barədə məlumat verib.
Beynəlxalq Bakalavriat Proqramının həyata
keçirilməsi üzrə birgə işçi
qrupunun yaradılmasını təklif edən
qonaq bunun işin gedişinə müsbət təsir edəcəyini
nəzərə çatdırıb.
Təhsil
naziri Misir Mərdanov
qonağın təklifini yüksək dəyərləndirib
və bildirib ki, 6
nömrəli məktəb-liseydə beynəlxalq təhsil
bazasının yaradılması gələcəkdə müvafiq proqramın digər məktəblərə
də şamil olunmasına zəmin yaradacaq.
Nazir həmçinin görülən
işlər haqqında ictimaiyyətin daha
geniş olaraq məlumatlandırılmasının
məqsədəuyğunluğundan söz
açıb.
Daha sonra
Beynəlxalq Bakalavriat Proqramının ümumi təhsil müəssisələrində
mövcud fənn kurikulumlarına uyğunluğu, müəllimlərin qeyd olunan proqram
üzrə işləmək bacarığı, habelə digər
bu kimi məsələlər
müzakirə olunub.
Görüşdə
6 nömrəli məktəb-liseyin direktoru
Gülşən Orucova və proqramın müvafiq məktəb üzrə koordinatoru Elşən Musayev
iştirak edib.
Azərbaycan
müəllimi.- 2012.- 16 mart.- S.3.