Təhsil naziri Türkiyə Respublikası Baş nazirinin müavini ilə görüşüb

 

 Martın 13-də Təhsil Nazirliyində Azərbaycanda səfərdə olan Türkiyə Respublikası Baş nazirinin müavini Bəkir Bozdağın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

Təhsil naziri Misir Mərdanov qonaqları salamlayaraq onları Təhsil Nazirliyində görməkdən məmnun qaldığını söylədi və ölkəmizə səfər proqramının gərgin olmasına baxmayaraq görüşə vaxt ayırdığı üçün hörmətli qonağa minnətdarlığını bildirdi. Azərbaycanla Türkiyə arasında əlaqələrin ölkəmizin müstəqilliyini bərpa etdiyi zamandan başlandığını qeyd edən təhsil naziri ötən 20 il ərzində hər iki ölkənin dövlət başçılarının rəhbərliyi altında bütün sahələrdə, o cümlədən təhsildə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün çox böyük işlərin görüldüyünü diqqətə çatdırdı. Bildirdi ki, müstəqillik illərində ölkəmizdən 10 minə yaxın gənc Türkiyədə təhsil almışdır ki, onların da əksəriyyəti vətənə dönərək hazırda ölkədə aparılan quruculuq işlərində yaxından iştirak edir. Bu müddət ərzində Türkiyədən də bir o qədər gəncin Azərbaycanda oxuduğunu qeyd edən Misir Mərdanov bu işlərin hazırda da uğurla davam etdiyini söylədi. Diqqətə çatdırdı ki, hazırda 4 mindən çox azərbaycanlı gənc Türkiyənin nüfuzlu universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil alır. Həmin gənclərin əksəriyyəti öz hesablarına, müəyyən hissəsi isə dövlət təminatı ilə təhsil alanlardır.

Tibb təhsilinin dünya standartlarına uyğun təşkilinin hazırda ölkəmiz üçün ən vacib məsələlərdən biri olduğunu vurğulayan təhsil naziri cari dərs ilindən Azərbaycanda uzmanlıq hazırlığına başlandığını, bu sahədə ilk vaxtlar özünü göstərən bir sıra problemlərin qardaş Türkiyənin müvafiq qurumunun dəstəyi ilə öz həllini tapdığını bildirdi. Nazir bütün bunları, habelə hazırda Azərbaycanın ali təhsil müəssisələrində 4 minədək türkiyəli tələbənin təhsil almasını ölkələrimizin qardaşlıq münasibətlərinin təzahürü kimi səciyyələndirdi.

Həm dilcoğrafi məkan yaxınlığı, həm də tarixi əlaqələr baxımından Azərbaycanla Türkiyə arasında münasibətlər digər türkdilli dövlətlərlə münasibətlərdən fərqli olmalıdır fikrinin hər bir Azərbaycan türkünün qənaətinə çevrildiyinə diqqəti yönəldən nazir son bir ildə hər iki xalqın sevincinə səbəb olan hadisələrin baş verdiyini, xüsusən də Fransa parlamentinin qəbul etdiyi qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa Konstitusiya Şurası tərəfindən ləğv edilməsinə türk xalqı ilə yanaşı, Azərbaycan xalqının da sevindiyini vurğuladı. Bildirdi ki, bu qələbənin əldə olunmasında Azərbaycanla Türkiyənin birliyi həlledici rol oynamışdır.

Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi önəm verildiyini deyən Misir Mərdanov qardaş Türkiyənin ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsinin vacibliyini nəzərə çatdırdı.

Nazir Azərbaycanda daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə tələbə göndərilməsinin əhəmiyyətinə toxunaraq qardaş Türkiyə tərəfindən azərbaycanlı gənclər üçün ixtisaslar və universitetlər ayrılarkən Azərbaycanın istək və ehtiyaclarının mümkün qədər nəzərə alınmasını, bu məqsədlə daha nüfuzlu universitetlərin müəyyənləşdirilməsini təklif və xahiş etdi. Bunun üçün Türkiyənin müvafiq dövlət qurumları ilə əməkdaşlıq əlaqələri yaradılmasını vacib saydı.

Təhsil naziri çıxışında ölkəmizdə fəaliyyət göstərən Azərbaycan - Türkiyə özəl liseylərinin və Qafqaz Universitetinin işini yüksək qiymətləndirib bu təhsil ocaqlarının bir çox cəhətlərdən örnək olduqlarını, onların ictimaiyyət arasında nüfuzunun ildən-ilə artdığını söylədi. Nazir ümumi təhsil sahəsində mövcud əməkdaşlığın daha səmərəli təşkili, türkdilli ölkələrin tarixi, coğrafiyası, mədəniyyətləri haqqında öyrəncilərə geniş məlumatların verilməsi məqsədi ilə ümumtəhsil məktəbləri, xüsusən də liseylər üçün ortaq dərsliklərin yaradılması məsələsinə diqqət çəkdi, hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasını zəruri saydı.

Türkiyə Respublikası Baş nazirinin müavini Bəkir Bozdağ səmimi qarşılandıqları üçün təhsil nazirinə minnətdarlığını bildirdi. Dil, tarix, mədəniyyət birliyini türkdilli xalqlar və dövlətlər arasında birləşdirici körpülər adlandıran qonaq bu körpülərin daha da möhkəmlənməsinə xidmət edən görüşlərin, digər birgə tədbirlərin keçirilməsinin mühüm rolu olduğunu dedi, bu baxımdan Azərbaycanda keçirilən və özününiştirak etdiyi "Türk Ocaqları" dərnəyinin 100 illik yubileyi tədbirinin əhəmiyyətini yüksək qiymətləndirdi. Hər bir millətin intellektual potensialının inkişafında təhsilin mühüm rolu və əhəmiyyəti olduğunu vurğulayan Baş nazirin müavini təhsili həm də ölkələrimiz arasında ən möhkəm körpü adlandırdı, təhsil olmadandil, nə mədəniyyət, nə də din körpülərindən keçməyin mümkün olmadığını söylədi. Bildirdi ki, Azərbaycanda oxuyub Türkiyəyə qayıdan və Türkiyədə təhsil alıb Azərbaycana dönən gənclər ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verirlər.

Türkiyə ali məktəblərinin imkanları, son illər Türkiyənin ali məktəblərinə əcnəbi tələbələrin qəbulu ilə bağlı dəyişikliklər barədə məlumat verən Bəkir Bozdağ növbəti dərs ilində Türkiyədə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün qardaş ölkənin nüfuzlu universitetlərində 150 yer ayrılacağını nəzərə çatdırdı.

Təhsil əlaqələrimizin inkişafı baxımından qeyd olunan təkliflərin müzakirə edilməsinin zəruriliyini vurğulayan Baş nazirin müavini Bəkir Bozdağ Azərbaycanla bağlı münasibətlərin inkişafında Türkiyənin hər zaman maraqlı olduğunu söylədi.

Görüşdə təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, azərbaycanlı gənclərin Türkiyədə doktorantura səviyyəsinə qəbulu və bir sıra digər məsələlər ətrafında da müzakirələr aparıldı.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 16 mart.- S.3.