Qərarın elan edilməsi barədə

 

Azərbaycan Respublikası təhsil nazirinin əmri

   

Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli   103 nömrəli   qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nda dəyişikliklər edilməsi haqqında" 2012-ci il 19 yanvar tarixli 9 nömrəli qərarını elan edirəm:

"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, ¹ 6, maddə 549; 2011, ¹ 3, maddə 235) ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 12.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"12.1. Ümumi təhsil müəssisələrində siniflər şagirdlərin sayı 20 nəfər olmaqla müəyyən edilir.";

1.2. aşağıdakı məzmunda 12.2-ci-12.4-cü bəndlər əlavə edilsin:

"12.2. Ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.

12.3. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqdaya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

12.4. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı azaldıqda və ya artdıqda, siniflər bu dövlət standartlarının müvafiq olaraq 12.1-ci-12.3-cü bəndləri ilə müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir.".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri"

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərilən qərarının icrası ilə əlaqədar 

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 19 yanvar tarixli 9 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.

2. Naxçıvan  Muxtar  Respublikasının  Təhsil  Nazirliyi,  Bakı  Şəhəri  üzrə Təhsil İdarəsi, Gəncə  Şəhər  Təhsil İdarəsi,   rayon  (şəhər)  təhsil  şöbələri,  nazirliyin birbaşa tabeliyindəki  mərkəzləşdirilmiş  xərclərdən maliyyələşən bütün tipdən olan  ümumi təhsil məktəblərinin, gimnaziya və liseylərin rəhbərləri siniflərin komplektləşdirilməsini qərarın tələblərinə uyğun olaraq təmin etsinlər.

3. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müvafiq yerli təhsil orqanlarının, eləcə də nazirliyin birbaşa tabeliyində olan və mərkəzləşdirilmiş xərclərdən maliyyələşən bütün tipdən olan ümumi təhsil məktəbləri, gimnaziya və liseylərin şəbəkə göstəricilərinin qeyd olunan qərarın tələblərinə uyğun olaraq müəyyən edilməsinə nəzarəti və bununla bağlı digər zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Ümumi şöbə (X.Fərəcov) əmrin çoxaldılaraq yerlərə çatdırılmasını təmin etsin.

5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil xəbərləri" məcmuəsində dərc olunmasını, nazirliyin İnternet saytında yerləşdirilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.

 

 

Misir  MƏRDANOV,

Azərbaycan Respublikasının təhsil naziri

1 mart 2012-ci il

 

Azərbaycan müəllimi.- 2012.- 16 mart.- S.2.