Tanınmış tənqidçi,
ədəbiyyatşünas alim
BDU-nun
filologiya fakültəsi dünya
ədəbiyyatı kafedrasının professoru,
filologiya elmləri doktoru
Əmirxan Məhərrəm oğlu Xəlilovun
bu günlərdə 75 yaşı tamam oldu. Ə.M.Xəlilov 1970-ci ildən
Bakı Dövlət Universitetində çalışır.
O, 1987-ci ildə doktorluq dissertasiyası
müdafiə etmiş və professor vəzifəsini tutmuşdur.
Moskva, Riqa, Daşkənd
şəhərlərində konfranslarda
çıxış etmiş, Azərbaycan
ədəbiyyatının təbliğində fəal iştirak etmişdir.
1975-76-cı illərdə bir neçə
dəfə Daşkənd Universitetində mühazirələr
oxumuşdur.
Professor Ə.Xəlilov universitetdə
işlədiyi müddətdə 15 kitab və
200-dən çox elmi-ədəbi məqalə
çap etdirmişdir.
2011-ci ildə onun yeni
dərs vəsaiti "Dünya ədəbiyyatı
(I cild, 450 səh.)" tələbələrin
istifadəsinə verilmişdir. O, ədəbi fəaliyyətinə
görə "İti qələm",
"Qızıl qələm" və "Məmməd Araz" mükafatlarını
almışdır. Professor Ə.Xəlilov
çalışdığı müddət ərzində
professor-müəllim kollektivinin dərin
hörmətini qazanmışdır, tələbələr
arasında xüsusi nüfuza
malikdir. O, universitetin
və fakültənin ictimai işlərində
fəal iştirak edir.
Uzun illərdir ki, dünya və şərqi
slavyan ədəbiyyatından mühazirələr
oxuyan professor Əmirxan
Xəlilov ali məktəb tələbələri
üçün yazılmış "Rus sovet ədəbiyyatı
tarixi" (1976), "XX əsr rus ədəbiyyatı tarixi"
(1992) dərsliklərinin əsas müəlliflərindən biridir.
Habelə "Aleksandr Blok"
(1980), "Sergey Yesenin:
Mərdəkanın payızı və yazı" (1996) və
s. kitabların müəllifi kimi özünü
yaxşı tanıtmışdır.
Azərbaycanın
müstəqilliyi dövründə o,
haqlı olaraq əsas diqqətini milli ədəbiyyatımızın tədqiqi
və təbliğinə daha çox yönəltmişdir. Bir-birinin
ardınca nəşr olunan "Günəşi
içirik, günəşlənirik"
(2001), "Məmməd Araz
dühası" (2002), "Ə.Kürçaylı"
(2003), "Olimpə gedən yolda"
(2005) kitab-monoqrafiyaları dediyimizə sübutdur.
Milli ədəbi-ictimai və estetik şüurun hərəkətinə
bilavasitə təsir göstərən, ona
istiqamət verən Məmməd Araz kimi sənətkar-mütəfəkkirlər ədəbiyyatımız
üçün tükənməz xəzinədir.
M.Araz bir sənətkar kimi,
yaradıcılıq qüdrətini 60-70-ci illərdən başlayaraq göstərməyə
başlamış və poeziyamıza yeni
ab-hava gətirmişdir. 80-90-cı illərdən
etibarən artıq o, şair-mütəfəkkir,
milli ideoloq kimi şöhrət qazanmışdır.
Onun bir çox əsərləri, xüsusilə son illərdə nəşr olunan
dördcildlik "Seçilmiş
əsərləri" Azərbaycan oxucularının stolüstu kitabına çevrilmişdir.
"Məmməd
Araz dühası" monoqrafiyası ilə
professor Ə.Xəlilov Azərbaycan ədəbi-tənqidinin
- ədəbiyyatşünaslığının böyük şairin
yaradıcılığı barədəki mülahizələrini
ümumiləşdirməklə, sözün
həqiqi mənasında, bütöv əsər-kompleks
yaratmağa
çalışmışdır. Bunun nəticəsidir
ki, monoqrafiyada sənətkarın
yaradıcılıq tərcümeyi-halı, düşüncə
metafizika, üslub-stilizasiya
imkanları, təfəkkür plastikası kifayət qədər
aydın təsəvvür yaradır. Kitab müəllifi M.Araz yaradıcılığına sənətin
ədəbi dəyərləri mövqeyindən qiymət verməklə
yanaşı, onu milli-ictimai
fikrin müasir tələbləri
baxımından araşdırıb nəticələr
çıxarmağa cəhd edir və həmin
cəhd bir daha sübut edir ki, M.Araz kimi
mütəfəkkir sənətkarlar həmişə
müasirdirlər, onların yaradıcılığı
zamanın "şıltaqlıqlarına", müxtəlif
fikir cərəyanlarının təzyiqinə
həmişə davam gətirir. Monoqrafiya
müəllifi şairin gözəl fikirləri,
qeyri-adi və mükəmməl
poetikası qarşısında
yalnız öz heyranlığını
bildirməklə kifayətlənmir, həmçinin professional ədəbiyyatşünas təfəkkürün
imkanları daxilində dürüst analitik şərh verməyə
çalışır. Bir mühüm məziyyət də budur ki, kitab
müəllifi Azərbaycan ədəbi-ictimai fikrinin
böyük şair
haqqındakı mülahizələrini heç
bir subyektivliyə yol
vermədən panoramlı bir şəkildə
tədqiq etməklə şairin milli təfəkkürdəki obyektiv
obrazını yaradır. Tədqiqatçı Məmməd
Arazı yalnız elmi təhlil
prizmasından deyil, həm də bədii-fəlsəfi
təfəkkürün bilavasitə ifadəsi olan
"söz çələngi" və
müasirlərinin şairə həsr edilmiş
şeirləri ilığında təqdim etmişdir.
"Ə.Kürçaylı"
monoqrafiyası isə mərhum gözəl şairimiz
Əliağa Kürçaylının
yaradıcılığına həsr olunmuşdur.
Ə.Xəlilov bəlkə də ilk dəfə
şairin ümumi
yaradıcılıq yolunu məhz bu əsərində
böyük sevgi
ilə təqdim etməyə
çalışmışdır.
Ə.Kürçaylı,
məlumdur ki, 60-cı illər ədəbiyyatını
öz ədəbi töhfələri ilə
zənginləşdirən bir şair idi. Onun şeir kitabları, ictimai-siyasi məzmunda poemaları
poeziyamıza yeni poetik
notlar, rənglər, ilmələr gətirmişdir.
Tədqiqatçı haqlı olaraq
kitabın birinci fəslini şairin
çağdaş şeirimizdəki
mövqeyinə həsr etmişdir. Kürçaylı poeziyasının özünəməxsusluğu,
sənətkarlıq xüsusiyyətləri, S.Vurğun
ənənələrinə sadiq
qalması və həmkarları arasında
orijinallığı ilə seçilməsi poetik
misallar əsasında
araşdırılır. İkinci fəsildə
şairin 20-yə qədər
poemasının ilk dəfə
müfəssəl təhlil edilməsi diqqəti cəlb edir. Bu poemaların ictimai-siyasi dəyəri
sələflərinin əsərləri ilə müqayisədə
təhlildən keçirilir. Şairin yüksək vətəndaşlıq
mövqeyindən yazılan, humanizm
duyğuları ilə aşılanmış lirik-epik
əsərləri öz
aktuallığını bu gün də qoruyub
saxlamaqdadır.
Ə.Kürçaylı
bədii tərcümə yaradıcılığı ilə
də ciddi və ardıcıl məşğul
olmuşdur. Monoqrafiya
müəllifi şairin S.Yesenindən,
V.Mayakovskidən, K.Simonovdan, A.Dantedən
dilimizə etdiyi tərcümələri
tədqiqata cəlb etmiş, paralellər,
müqayisələrlə məziyyət və
qüsurları üzə çıxarmışdır.
Xüsusilə Yeseninin "Anna Snegina",
"Qadına məktub", "Anama məktub",
"İran nəğmələri",
"Şahanə", "Əlvida, Bakı!" və s. əsərləri barədə deyilən
mülahizələr daha çox
maraq doğurur. Rus şairinin kənd mövzusunda yazdığı əsərlərlə
S.Vurğunun ilk əsərləri
arasında poetik müqayisələr və
müşahidələr elmi qənaətlər
və mülahizələrlə təsdiq və təsbit olunur. Kitabda maraqlı səhifələrdən
biri K.Simonovun
"Gözlə məni" məşhur şeirinin
dilimizə beş tərcüməsi barədə
aparılan təhlil və müqayisələrdir.
Kürçaylının bu tərcüməsini
orijinalın məzmun və forma vəhdətini
qoruyub-saxlaması ilə fərqləndirən və qiymətləndirən
kitab müəllifi, zənnimcə, düzgün nəticə
çıxarmışdır.
Ə.Xəlilovun
yeni kitabı xalq şairimiz Zəlimxan Yaqubun
yaradıcılığına həsr olunmuşdur.
Bəri
başdan deyək ki,
"Olimpə gedən yolda"
adlandırılan bu kitab-monoqrafiya
yüksək zövqlə tərtib olunmuşdur.
Zəlimxan
Yaqub, mənim zənnimcə, Azərbaycan
ədəbiyyatının səmasında ildırım kimi çaxdı, günəş kimi parladı. Gur səsi,
poetik enerji ilə şeiri geniş meydanlara, böyük auditoriyaya çıxardı. Ruhundan
cisminə qədər şair olan Z.Yaqub yalnız "öz şeirini"
yazıb oxumaqla kifayətləndi, nə qədər böyük istedad sahibi olsa da,
yalnız özündən demədi, klassik
poeziya xəzinəsinə yiyə durdu, ustadları özündə ehtiva etdiyinə görə özü
də ustalaşdı. Kitab müəllifi
çox düzgün
olaraq qeyd edir ki, Z.Yaqub
poeziyası sevgidən, məhəbbətdən,
Dədə Qorqud, Dədə Şəmşir,
Yunis İmrə, Aşıq Ələsgər,
S.Vurğun poeziyasından güc
aldığına görə qüdrətlidir. "Bəlkə
də sevda, məhəbbət bitər",
bu poeziyanın isə sonu
görünməz, solmaz və sönməz.
Hələ üfüqlər dalınca üfüqlər gəlir.
Z.Yaqub poeziyasının üfüqləri.
Üfüqlər isə yollar kimidir, bitməz, tükənməz... "Zənnimcə,
bir qədər emosiya,
aludəçiliklə deyilsə də, tədqiqatçı
reallığı, həqiqəti ifadə etmişdir.
Zəngin şifahi və
yazılı ədəbi ənənələri müasir dövrdə qürurla
danışmağı bacaran Z.Yaqub Azərbaycan ədəbi-bədii
düşüncəsinin, estetik fikrinin qarşısında həqiqətən
yeni bir meydan açdı. Məhz elə buna görə ondan kitablar, tədqiqatlar yazmağın vaxtı çoxdan çatmışdır. Professor Əmirxan
Xəlilovun zəmanəmizin bu böyük şairinə müraciət etməsini
yalnız alqışlamaq olar. Çünki Z.Yaqubdan yazmaq yalnız
Allahın böyük istedadı, mənəvi,
ruhi zənginlik bəxş etdiyi, öz lütfi ilə
mükafatlandırdığı bir bəşər
övladından yazmaq deməkdir. Mənim də iştirak etdiyim görüşlərdə, məclislərdə
Zəlimxan oda, alova dönür, Azərbaycan sözünü,
ədəbiyyatı və mədəniyyətini elə bir ehtirasla təbliğ edir ki, mən belə bir sözün, ədəbiyyat
və mədəniyyətin az-çox
daşıyıcısı olaraq milli mənəvi qürur
və xalqımızın belə söz
ustası olmasından əsil fəxarət duyuram.
Kitabın
"Zəlimxan Yaqub və çağdaş
şeirimiz" fəslində Ə.Xəlilov
şairin lirikasının əsas məziyyətlərindən,
habelə onun ədəbiyyatımızdakı
mövqeyindən inandırıcı dəlillərlə
danışır. İctimai-siyasi mövzularla yanaşı, məhəbbət,
gözəllik mövzusunda
da incə, zərif şeirlər yazan
Z.Yaqubu layiqincə qiymətləndirən
müəllif onun əsərlərindən
konkret misallar gətirməklə
öz elmi qənaətlərini
sübuta yertirə bilir.
Monoqrafiya müəllifinin dəqiq
müşahidələrindən birini
oxucuların nəzərinə çatdırıram: "Şeirin hər növündə əsərlər
yazmaq mümkündür
və doğrudan da
yazılır. Lakin poeziyanın ən incə,
kövrək, həzin və müdrik qolu olan bayatı yazmaq və gözəl, mənalı yazmaq oğul işidir. Z.Yaqub məhz bu çətin, şərəfli janrın da qabil
yaradıcısı olduğunu sübut etdi. Zərdə
zərgər, sözdə sərraf nədir və kimdirsə,
bayatı "zəmisində" də Zəlimxan odur. Bayatının rəngarəng, ətirli
çələngini yaratmaq əsil şair hünəridir. Dünya
ilə, həyatla cidala çıxanda isə
o, həqiqi cəngavərə dönür. Vətəndaş-şair
missiyasını yaşamaq-yaratmaq
eşqində görür:
Məni
öldürən həyat,
nifrət
edirəm sənə!
Məni
yaşadan ölüm,
hardasan, tez gəlsənə!..
"Yaşamaq gözəldir, yaratmaq pək
gözəl!" deyən sələfi, filosof - şair H.Cavid
də məhz bu ideala sadiq qalmışdır.
Sərrast
deyilmiş bu fikrə
onu da əlavə etmək
lazımdır ki, Z.Yaqub
sağlam, büllur kimi saf bir
Azərbaycan türkçəsinin şairidir.
Onun
şeirlərində, söhbət -
çıxışlarında ana dili təbii axarı ilə elə poetik güc, elə
möhtəşəm müdriklik ifadə
edir ki, həmin gücün, müdrikliyin
yalnız bir şair -
mütəfəkkirin ürəyinə, beyninə
sığışdığını təsəvvür etmək
çətindir. Onun
yaradıcılığının cövhərində,
mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc,
qüdrət var, əgər belə
olmasaydı, o, Zəlimxan Yaqub
olmazdı!.. O, yaradıcılıq imkanlarının genişliyi, istedadının təbii sonsuzluğu ilə ana
dilinə - Azərbaycan türkcəsinə onun
öz materialından elə bir abidə yaradır ki, bu abidə, bu üsul - texnologiya
yalnız ona aiddir. O, öz simasında xalq dilinə
cəsarətlə "rəsmi status"
verə bilmişdir. Tədqiqatçı
haqlı olaraq qeyd edir ki, indi
Z.Yaqubun səsi dünyanın müxtəlif
ölkələrindən gəlir, tribunaları titrədir,
auditoriyanı heyran qoyur.
Coşqun səsi, nəfəsi ilə, mənalı,
ürəyəyatımlı şeirləri ilə
oxucuları, dinləyiciləri vəcdə gətirir,
poeziyamızı sevərək sevdirir.
"Eşqi başa tac bilib, hər dərdə
əlac bilib, sevgini merac bilib, göylərə
varan mənəm" deyən şairin qəlbi həqiqətən "sazla havalıdır, sözlə doludur". Borçalı
torpağının adına şərəf-şöhrət
gətirən Zəlimxan Yaqub eyni zamanda bu
torpağın sayəsində yetişən,
sazlı-sözlü adamların xeyir-duası ilə böyük şeir
dünyasına qovuşan şəxsiyyətdir".
Əmirxan
Xəlilov öz kitabında "Şairin poemaları haqqında bir neçə söz"
fəslində ilk dəfə olaraq onun "Böyük ömrün
dastanı", "Əlli yaşın dastanı", "Yurd ağrısı", "Haqq-ədalət",
"Qurtuluş dastanı" kimi əsərləri təhlil edərək düzgün elmi qənaət
və nəticələrə
gəlir. Məsələn, kitabın bir
yerində qeyd edilir ki, poetik əsər üçün həcm ümumiyyətlə heç vaxt təyinedici amil olmamalıdır. Əsas məsələ
mətləbdir. Nədən yox, necə
yazmaqdır. Bax, bu
"necə"yə Z.Yaqub həmişə
daha çox diqqət
yetirir. Özünün
yığcam poemalarında şair dərin,
ağrılı məsələləri çox
lakonik, mənalı bir
tərzdə ifadə etmişdir. Az sözlə
çox fikir ifadə
etməkdə, onun demək olar ki, bütün
poemaları fərqlənir. Əsl şairin
də hünəri ondadır ki, onun şeir və
poemalarında "söz üçün
meydan dar, məna, fikir üçün geniş olsun...". Şairin lirik şeirində
olduğu kimi,
poemalarında da Sabir
yanğısı, Vurğun nəfəsi
açıq-aşkar duyulur.
"Olimpə
gedən yolda" kitabındakı
sonrakı fəsillər "Söz
haqqın yaraşığı, eşqim Allah işığıdır"
başlığı altında verilmişdir.
Buradakı bölmələr şairə həsr olunmuş şeirləri, şair
haqqında deyilənlərdən qısa sətirləri, şairin həyatından fraqmentləri, əlamətdar
günlər və çap olunmuş kitabları əhatə edir. Maraqlıdır ki,
"Şahanə misralar, müdrik
deyimlər" bölməsinə şairin
500-dən çox misra
və beyti daxil edilmişdir. Aşıq Şəmşir,
Hüseyn Arif, Xəlil
Rza Ulutürk, Sönməz,
Mikayıl Azaflı, Osman Sarıvəlli,
Hacı Sədrəddin Xəlilov, Aşıq Kamandar,
Barat Vüsal kimi şəxslərin şairə həsr
etdikləri şeirlər Z.Yaqubun hansı
mərtəbəyə ucalmağından xəbər verir.
Professor Əmirxan Xəlilovun bu kitabları şairə, sözə,
şeirə bəslədiyi böyük məhəbbətdən
yaranmışdır.
İnanıram
ki, Məmməd Araz, Əliağa
Kürçaylı barədə tədqiqatçının
yazdığı kitablar mətbuat səhifələrində
geniş təqdir olunduğu
kimi, "Olimpə gedən yolda" əsəri də layiqli
qiymətini tapacaqdır.
Bu günlərdə Azərbaycan
Respublikası təhsil nazirinin əmri ilə
BDU-nun dünya ədəbiyyatı
kafedrasının professoru, filologiya elmləri doktoru Əmirxan
Xəlilov yüksək ixtisaslı kadrların
hazırlanması sahəsində uzunmüddətli səmərəli
elmi-pedaqoji fəaliyyətinə görə
və anadan olmasının 75 illiyi münasibətilə Təhsil Nazirliyinin "Azərbaycan Respublikası
qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.
Əmirxan
müəllimi 75 yaşının tamam
olması münasibətilə təbrik edir,
həmişə cavan kimi
gördüyümüz əziz müəllimimə
yenə də eyni gənclik eşqi ilə yazıb-yaratmağı
arzulayıram.
Nizami
CƏFƏROV,
AMEA-nın müxbir
üzvü,
Milli Məclisin deputatı, Atatürk Mərkəzinin direktoru,
əməkdar elm xadimi,
professor
Azərbaycan
müəllimi.- 2012.- 16 mart.- S.7.