Dərslərində
İKT-dən yaradıcılıqla istifadə edən müəllimin təcrübəsi seminarda müzakirə olundu
Son
illər ölkəmizdə təhsil sistemində İKT
infrastrukturunun inkişaf etdirilməsi və təhsildə
İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə
çatdırılması prioritet istiqamətlərdən
birinə çevrilmiş, bu məqsədlə müxtəlif
layihələr və tədbirlər hazırlanıb həyata
keçirilmişdir. Bütün bunlar isə təbii ki,
İKT-nin təlim prosesinə tətbiqinə də əlverişli
şərait yaratmış və nəticədə İKT
müasir təlimin ayrılmaz atributuna çevrilmişdir.
Hazırda ölkəmizin təhsil müəssisələrində
çalışan müəllimlərin böyük qismi təlim
prosesində, dərslərində İKT vasitələrindən,
İnternet resurslarından istifadə edir, bu sahədə
yaradıcı təcrübə nümayiş etdirirlər.
Belə müəllimlərimizdən biri Bakının Xətai
rayonundakı 264 nömrəli məktəb-liseyin fizika müəllimi
Aliyə Səlimovadır.
Ömrünün 40 ilini böyüməkdə
olan nəslin təlim-tərbiyəsinə, təbiət qanunlarının dərkinin
açarı sayılan fizika fənninin tədrisinə həsr
edən, yaradıcı fəaliyyəti ilə tədris etdiyi
fənnin metodikasına bir sıra yeniliklər gətirən
bu təcrübəli müəllim
hazırda nəinki Xətai rayonunda, eləcə də
paytaxtımızda İKT-ni tədrisə ustalıqla
inteqrasiya edən, elektron dərsliklərdən məharətlə
faydalanan, özü elektron resurslar hazırlayaraq dərslərində
geniş istifadə edən bacarıqlı pedaqoq kimi
tanınır. Onun yaradıcı müəllim kimi həmkarları
arasında nüfuz qazanmasında, şübhəsiz, daim təhsildə
gedən yeniliklərlə maraqlanması, onları öyrənməsi,
öz metodiki arsenalını yenilikçi
axtarışlarının nəticələri olan müxtəlif
metod vət üsullarla zənginləşdirməsi, dərslərini
müasir təlimə verilən tələblər səviyyəsində
qurması mühüm rol oynayıb. Aliyə Səlimova
çalışdığı məktəbdə interaktiv
metodları, İKT-ni tədrisə ilk tətbiq edən fizika
müəllimlərindən sayılır. O, 264 nömrəli
məktəb-liseydə zəngin fizika kabineti yaradıb. Kabinet
müasir televizor, kompüter, MİMİO qurğusu, interaktiv
lövhə, proyektor, DVD və digər vasitələrlə təchiz
olunub. Müəllimin köməyi ilə şagirdlər disklərdə
müxtəlif təqdimatlar hazırlayıb dərsdə
nümayiş etdirirlər ki, bu da onlarda fizika fənninə
marağı artırır.
Ümumiyyətlə, şagirdlərdə
təhsilə, təlimə maraq yaradılması Aliyə Səlimovanın
təcrübəsində ən çox diqqət yetirdiyi məsələlərdəndir.
Çünki təcrübəli pedaqoq bilir ki, dərketmə
prosesinə gedən yol maraqdan keçir və şagirdlərin
idrak fəallığını təmin etmək,
yaradıcı təfəkkürlərini inkişaf etdirmək
üçün onlarda təhsil-təlimə, təlimin əsas
təşkilat forması olan dərsə, təlim prosesində
yaradıcı fəaliyyətə güclü maraq yaratmaq lazımdır.
Belə marağın yaradılması yollarının
axtarışı fəaliyyətə başladığı
1972-ci ildən bəri onun bütün elmi-metodik fəaliyyətinin
əsas istiqamətinə çevrilmiş, 40 illik pedaqoji fəaliyyəti
dövründə onun bir sıra uğurlara imza
atmasını şərtləndirmişdir.
1950-ci
ildə Neftçala şəhərində
anadan olan, 1967-ci ildə
Salyan şəhər 1 nömrəli orta məktəbi gümüş
medalla, 1972-ci ildə Azərbaycan Dövlət
Universitetini (indiki BDU)
bitirən Aliyə Səlimova ilk əmək
fəaliyyətinə Salyan şəhər
1 nömrəli məktəbdə başlamış, 1972-ci
ildən
1978-ci ilədək burada fizika
müəllimi işləmişdir. Bu 6 illik müddət kifayət etmişdir
ki, Aliyə müəllim fizikanın tədrisi
sahəsində güclü mütəxəssisləri
və zəngin ənənələri olan
Salyan təhsilində ad
çıxarsın və fərqlənə bilsin.
Artıq rayonda yaxşı fizika müəllimi kimi
tanınan Aliyə müəllim 1978-ci ildə işlədiyi
məktəbə direktor müavini,
1982-ci ildə isə direktor təyin olunmuşdur. 1984-cü ildə ailə vəziyyəti
ilə əlaqədar Bakıya köçən Aliyə
müəllim həmin ilin oktyabr
ayından bütün sonrakı fəaliyyətini buradakı 264 nömrəli məktəblə
bağlamışdır. 1984-cü ildən kiçik
fasilələrlə 2007-ci ilədək bu
təhsil ocağında direktor müavini işləmişdir. İşlədiyi
müddət ərzində həmişə ön
cərgədə olmuş, təhsildə
gedən yeniliklərlə müntəzəm
maraqlanmış, onları işində və dərslərində
tətbiq etmişdir.
Təcrübəli
müəllim A.Səlimova gənc müəllimlərə həmişə
kömək göstərmiş, öz metodik ustalıqlarını artırmaq üçün onlara dəyərli
məsləhət və tövsiyələrini vermişdir.
Çoxillik pedaqoji fəaliyyəti, elmi-metodik
istiqamətdə axtarışları yüksək qiymətləndirilən
A.Səlimova dəfələrlə müxtəlif təşkilatların,
təhsil qurumlarının fəxri fərmanları ilə, diplomlarla təltif olunmuş,
2000-ci illərin əvvəllərində keçirilən pedaqoji mühazirələrin, "İlin ən yaxşı müəllimi"
müsabiqəsinin qalibi olmuşdur.
Yaşının
60-ı ötməsinə baxmayaraq, Aliyə
müəllim bu gün
də təhsilimizin öncülləri sırasındadır
və müasir təlim
texnologiyalarının tədrisə tətbiqi sahəsində
nəinki yaşlı həmkarlarına, həm də gənc
müəllimlərə əsl örnək göstərir.
Ötən
ilin may ayından başlayaraq Aliyə Səlimova elmi-metodik axtarışlarını yeni istiqamətdə davam etdirir, fizikanın ayrı-ayrı
mövzuları üzrə elektron dərslər
hazırlayır, dərslərində istifadə etmək üçün İnternet
resursları toplayır. İndiyədək o,
məktəb-liseydə İKT-nin tətbiqi
ilə silsilə "açıq dərs"lər vermiş, bu sahədəki
təcrübəsini həmkarlarına
çatdırmışdır.
8
mart - Beynəlxalq Qadınlar günü ərəfəsində isə 264
nömrəli məktəb-liseydə BŞTİ Metodik Mərkəzinin təşəbbüsü
ilə əsasən A.Səlimovanın təcrübəsi ilə
tanışlığa həsr olunmuş
Xətai rayonundakı ümumtəhsil məktəblərinin fizika fənni üzrə metodbirləşmə sədrlərinin
seminarı keçirilmişdir.
Seminarı Bakı Şəhəri üzrə Təhsil
İdarəsi Metodik Mərkəzinin Xətai-Suraxanı
bölməsinin fizika üzrə metodisti Vaqif Bayramov açaraq "İKT-nin dərslərdə tətbiqi, elektron dərslərdən istifadə, İnternet resurslarının
hazırlanması" mövzusunda
çıxış etdi. O,
çıxışında İKT-nin təhsilə
tətbiqi istiqamətində son illər
ölkəmizdə görülən işlər haqqında geniş məlumat verərək bu sahədə müəllimlərin, o cümlədən fizika
müəllimlərinin qarşısında duran
vəzifələrdən danışdı. Sonra
metodbirləşmə sədrləri 264 nömrəli məktəb-liseyin
direktor müavini, ixtisasca fizika müəllimi
olan Mehdi Həsənovun
"İKT-dən fizika dərslərində
istifadə etməyin yolları" adlı məruzəsini
dinlədilər. Məruzədə İKT-nin
tətbiqi ilə keçilən dərslərin
üstünlükləri diqqətə
çatdırıldı.
Seminarın
praktik hissəsində isə təcrübəsi
öyrənilən Aliyə Səlimova İKT-nin
tətbiqi ilə keçdiyi dərslər
haqqında təqdimatla çıxış etdi.
O, seminar iştirakçılarına son vaxtlar MİMİO qurğusu vasitəsi ilə keçdiyi
"Sabit elektrik cərəyanı",
"Ağırlıq qüvvəsi", "Səs
dalğaları", "Nyuton
qanunları" mövzularında dərsləri nümayiş etdirdi.
"Sabit elektrik cərəyanı"
mövzusunu tədris etmək üçün A.Səlimova İnternet
resurslarından istifadə etməklə 25 slayddan
ibarət elektron dərs
hazırlamışdır. Həmin slaydları interaktiv lövhədə nümayiş
etdirməklə dərsi necə aparması, motivasiya üçün
şagirdlərə hansı sualları verməsi, onların verdiyi cavabların düzgünlüyünün
necə müəyyənləşdirilməsi, düsturların
necə çıxarılıb, qrafiklərin necə
qurulması, mövzu ilə bağlı tətbiqi
xarakterli hansı tapşırıqlardan
istifadə olunması, klasterlə necə iş
aparması, tərtib olunmuş
krossvordlar üzərində şagirdlərin
necə işləməsi və s. kimi dərslərin bütün
mərhələlərində apardığı iş barədə geniş
məlumat verərək keçdiyi dərsin
aydın mənzərəsini yaratdı. Digər mövzularda dərslər də bu qayda ilə seminar iştirakçılarının
diqqətinə çatdırıldı. Sonra
A.Səlimova həmkarlarının suallarını
cavablandıraraq onları maraqlandıran ayrı-ayrı məqamlara
aydınlıq gətirdi.
Seminarda söz
alan metodbirləşmə sədrləri
A.Səlimovanın İnternet
resurslarından istifadə yolu ilə
hazırladığı elektron dərsləri
yüksək qiymətləndirdilər və onun
yayılmasını tövsiyə etdilər.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2012.-16 mart.- S.7.