M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

  

Bakıdakı 87 nömrəli tam orta məktəbdə Azərbaycanın böyük satirik şairi Mirzə Ələkbər Sabirin 150 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. AMEA-nın əməkdaşı, folklorşünas Elxan Məmmədli, 226 nömrəli tam orta məktəbin direktoru Əli Məmmədov, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti rejissorluq fakültəsinin tələbəsi Zarina Quliyeva, 3 nömrəli incəsənət məktəbinin direktor müavini Elmira Məmmədovanın, valideynlər, müəllimlər və şagirdlərin iştirak etdikləri tədbiri şagird-aparıcılar açaraq Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər. Böyük şairin yaradıcılığında satirik şeirlərlə bərabər dəyərli lirik nümunələrinin, uşaqlar üçün şeirlərin də mühüm yer tutduğu  qeyd olunub, lirik şeirlərinin mövzu və üslub baxımından təsnifatı aparılıb. Aparıcılar çıxışlarında Sabirin yaradıcılığını yüksək qiymətləndirib onun dövrün ictimai-siyasi hadisələrinə operativ və tənqidi münasibət bildirdiyini, satirik əsərlərində zəmanəsinin eybəcərliklərini, cəhaləti, nadanlığı, özbaşınalığı və digər mənfi təzahürləri kəskin tənqid etdiyini qeyd ediblər.

Məktəbin şagirdləri Emin Məmmədov, Samirə Talıbova, Leyla Mirzəyeva, Elnur Qurbanov, Qismət Mirzəyev, Nigar Əliyeva, Zemfira Əsgərova şairin şeirlərini söyləyib, mahnılar ifa ediblər. Şagirdlər habelə M.Ə.Sabirin satiraları və təmsilləri əsasında hazırladıqları "Olmur olmasın", "Uşaqdır", "Qoyma gəldi", "Ağacların bəhsi", "Qarğa və tülkü" səhnəciklərini nümayiş etdiriblər.

Məktəblilərin çıxışları qonaqlarda xoş təəssürat oyadıb. 226 nömrəli tam orta məktəbin direktoru Əli Məmmədov, tələbə Zarina Quliyeva, 3 nömrəli incəsənət məktəbinin direktor müavini Elmira Məmmədova şagirdlərin Sabir haqqında verdikləri məlumatları və ifalarını yüksək qiymətləndirib, məktəbin Azərbaycan dili və ələbiyyat müəllimləri Kifayət Məmmədova və Solmaz Nəcəfovanın köməyi ilə tədbiri yüksək səviyyədə hazırladıqlarını qeyd ediblər. Tədbirin məktəblilərin bədii-estetik tərbiyəsində, M.Ə.Sabir yaradıcılığına marağın artırılmasında rolu vurğulanıb.

Ədəbi-bədii gecəni yekunlaşdıran 87 nömrəli tam orta məktəbin direktoru Elmira Ələkbərova tədbiri  araya-ərsəyə gətirmək üçün şagirdlərin öz müəllimlərinin rəhbərliyi altında əsl tədqiqat işi apardıqlarını, Sabirin yaradıcılığı ilə dərindən tanış olduqlarını, hazırlanmış ssenarini yüksək məharətlə təqdim etdiklərini bildirib və onlara təşəkkür edib.

Direktor ölkəmizdə klassik ədəbi irsə göstərilən dövlət qayğısından söz açıb, rəhbərlik etdiyi tədris ocağında Azərbaycanın klassik və çağdaş yazıçı və şairlərinin yubileyləri ilə bağlı müntəzəm tədbirlər keçirildiyini vurğulayıb, iştirakçılara minnətdarlığını bildirib.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 16 mart.- S.8.