Peterburqda oxumuş tələbələrimiz

 

(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin materialları əsasında)

 

4. Əfəndiyev Əbdülqədir Molla Şüayb oğlu

 

(12.9.1877, Axtı k./Samur dairəsi-?)

 

(SPb. MTA, f.14, s.3, 34649, 1897-ci il)

 

Axtılılar - dünənki qardaşlarımız

 

Çar dönəmində Samur dairəsində yerləşən Axtı kəndi bu gün Dağıstanın Axtı rayonunun mərkəzidir. Əhalisi əsasən ləzgilərdən oluşan bu kənd hətta sovet hakimiyyətinin ilk onilliklərində Azərbaycanla ən sıx ictimai-siyasi iqtisadi-mədəni ilişgilərdə bulunub. Bir vaxtlar həmin kənddən birbaşa Şəkiyə at yolu vardı. Axtılıların çoxu təhsil almaq üçün Bakıya gəlir, burada gimnaziya bitirdikdən sonra Rusiya ali məktəblərinə oxumağa gedirdi. Azərbaycan Cümhuriyyəti illərində (1918-1920) Dağıstan Azərbaycana birləşmək məsələsini qaldırmış bu, axtılıların da lap ürəyindən olmuşdu. Yeri gəlmişkən, Azərbaycan Cümhuriyyəti Dağıstana (Dərbənd daxil) yaxın gələcəyin Azərbaycan ərazisi kimi baxır (bunun gerçəkləşməsini Denikin əngəllədi), ölkənin daxili xarici siyasətində Dağıstan məsələsi önəmli yer tuturdu. Cümhuriyyətimizin Dağıstana (Dağlılar Cümhuriyyətinə) verdiyi milyonlarca manatlıq faizsiz borclar, Dağıstanı Denikin hücumundan qorumaq üçün gerçəkləşdirdiyi tədbirlər bir yana, Azərbaycan Parlamentində Axtı kəndinin nümayəndəsi Xanbaba bəy (Qazıəhməd bəy) Məhəmməd bəy oğlu Məhəmmədbəyov (1889-1937) deputat kimi "İttihad" fraksiyasında təmsil olunurdu. Cümhuriyyətimizin dövlət hesabına ali təhsil almaq üçün Almaniyaya göndərdiyi tələbələrdən biri Bakı Real Məktəbini 1907-ci ildə bitirmiş Abdulla bəy Molla İbrahimxəlil əfəndi oğlu Əfəndiyev (30.9.1897-?) idi. Xatırladım ki, həmin Abdulla bəyin babası (Molla İbrahimxəlil əfəndinin atası) Molla Şüay’dır. Bu ad yadımda qaldığına görə Sankt-Peterburq arxivində çalışarkən Piter universitetində oxumuş tələbələrin siyahısında Əbdülqədir Molla Şüayb oğlu Əfəndiyev’in adını oxuduqda onun da şəxsi işiylə tanış olmağı qərara aldım. İşə baxarkən Əbdülqədir Əfəndiyevin Axtıdan olduğu aydınlaşdı. Deməli, Molla Şüay Molla Şüayb eyni adammış (adlarda belə yanlışlıq o dönəm üçün adi haldı) Peterburq tələbəsi Əbdülqədir Cümhuriyyət tələbəsinin atası Molla İbrahimxəlil əfəndinin qardaşıymış. Belə olduqda Cümhuriyyətimizin axtılılara, o sıradan Abdulla bəyə göstərdiyi sevgini mən niyə onun əmisi Əbdülqədir Əfəndiyevə göstərməyim - azərbaycanlı tələbələr içərisində ondan da danışmayım?! 

 

1897-ci ilin tələbəsi

 

Onun tələbə şəxsi işi 22 sentyabr 1897-ci ildə açılıb. Deməli, tələbəlik tarixi bu zamandan başlayır. Bunu işin 5-ci vərəqindəki arayış da təsdiqləyir. Orada göstərilib ki, Ə.Əfəndiyev Stavropol gimnaziyasını bitirib Sankt-Peterburq İmperator Universitetinə 1897-ci ilin sentyabrında qəbul olunub. Yeri gəlmişkən, sənədlərdən öyrənirik ki, Əbdülqədir Əfəndiyev universitetin fizika-riyaziyyat fakültəsinin riyaziyyat bölməsinə girib.

 

Doğum şəhadətnaməsi

 

1 noyabr 1889-cu ildə Axtı kəndinin sakini Əbdülqədir Molla Şüayb oğluna verilmiş doğum şəhadətnaməsində oxuyuruq ki, o, atası Molla Şüaybın qanuni arvadı Pəri qazı Əbdülxalıq əfəndi qızı’ndan 12 sentyabr 1877-ci ildə doğulub.

Şəhadətnaməni Axtı kənd mollası Əbdülcəlil Rizaqov verərək təsdiqləyib.

 

Yoxsul imiş

 

16 dekabr 1898-ci ildə Samur dairəsi idarəsindən Sankt-Peterburq İmperator Universitetinin tələbəsi, həmin dairənin Axtı kəndinin sakini Əbdülqədir Əfəndiyevə verilmiş arayışda bildirilir ki, o, yoxsuldur, özünü universitetdə dolandırmaq üçün heç bir vəsaiti yoxdur. Təəssüf ki, bu arayışın onun universitetdən təqaüd almasına yardımçı olub-olmadığını dəqiqləşdirə bilmədik. 

 

Universitetdən Dağ İnstitutuna

 

Hansı səbəbdənsə Ə.Əfəndiyev 30 sentyabr 1899-cu ildə (3-cü kursa keçərkən) rektora ərizə yazaraq xahiş edib ki, məni universitetdən xaric edərək sənədlərimi II Yekaterina adına Peterburq Dağ İnstitutuna göndərəsiniz. Onun xahişinə əməl edilib bundan sonra universitetlə əlaqəsi kəsilib. Ancaq arxivdə saxlanılan Peterburq Dağ İnstitutunun sənədləri içərisində Əbdülqədir Əfəndiyevə 1904-cü ildə həmin institutun verdiyi diplomun surəti saxlanılır (SPb. MTA, f. 963, s. 1, 13955, v. 531). Deməli, o, ali təhsilli mühəndis olmağı bacarıbmış. yazıq ki, Əbdülqədir Əfəndiyevin sonrakı taleyi haqqında heç bir bilgi əldə edə bilmədik.

 

 

5. Sultanov Zülfüqar bəy Nəzər(əli) bəy oğlu

 

(4.2.1894, Pirçivan k./Zəngəzur qəzası-?)

 

(SPb. MTA, f.14, s.3, 68517, 1915-ci il)

 

İstisnalardan biri

 

Bu silsilənin ilk yazısında bildirmişdim ki, Peterburqda oxumuş tələbələr haqqında oçerklər onların oxuma tarixinə görə ardıcıllıqla veriləcək. Ancaq indi görürəm ki, bu, müəyyən problem yaradır, çünki yazılacaq tələbələrin hamısı haqqında əldə geniş bəlgə bilgi yoxdur, o üzdən istisna şəklində bəzən iki, hətta üç tələbəni bir yazıda birləşdirməli olacağam. Bu yazı da həmin istisnalardan biridir. Arxivdə çalışdığım son gündə vaxt çatışmazlığına görə bütün sənədləriylə yaxından tanış ola yetərincə qeydlər götürə bilmədiyim tələbələrdən biri Zülfüqar bəy Sultanovdur, buna görə onu oxuculara Ə.Əfəndiyevlə birgə təqdim etməyi uyğun saydım.

 

Hüquq fakültəsinin tələbəsi

 

 Əlimizdə Z.b.Sultanovla bağlı yalnız bir foto iki bəlgə var. Ancaq götürdüyüm ümumi qeydlərə söykənərək deyə bilərəm ki, Zülfüqar bəy 1915-1916-cı dərs ilində İmperator Petroqrad Universitetinin hüquq fakültəsində oxuyub.

 

Kamal attestatı

 

Sənədləri arasındakı attestatda bildirilir ki, Zülfüqar bəy Sultanov 14 sentyabr 1910-cu ildə əlahəzrət Böyük Knyaz Mixail Nikolayeviç adına 2-ci Tiflis gimnaziyasına girərək 6 iyun 1914-cü ilədək orada oxuyub tam 8-illik kursu orada bitirib. Qiymətləri elə ürəkaçan deyil - "4" aldığı alman dilindən başqa bütün fənlər "3"-dür.

 

Doğum şəhadətnaməsi

 

Zəngəzur qəzası Pirçivan kəndinin sakini Zülfüqar bəyə ona görə verilib ki, o, atası Nəzər bəy Həsənəli bəy oğlu’nun qanuni arvadı Qönçə xanım Əbdüləli bəy qızı’ndan 4 fevral 1894-cü ildə doğulub.

 

Ənvər Çingizoğlu yazır...

 

Görkəmli araşdırıcı, özəlliklə Qarabağdakı əksər soyların tarixini arxiv bəlgələrinə əsasən incəliklə öyrənərək ortaya 40-dan artıq sanballı kitab qoymuş Ənvər Çingizoğlu bu Sultanovların da kökünü öyrənərək dəqiqləşdirib. Onun "Püsyan eli (tarixi-genealoji tədqiqat)" adlı dəyərli yazısında Zülfüqar bəyin nəsli haqqında geniş bilgi verilir onun özündən danışılır. Ənvər bəy yazır ki, Sultanovlar soyunun ulu babası XVII yüzilin sonlarında yaşamış, şahdan sultan rütbəsi almış Hacı Məhəmməd bəy Püsyan’dır. Hacı Məhəmməd sultanın törəmələri bəylərbəyilik xanlıq dönəmində Püsyan, rus üsul-idarəsi dövründə Sultanov soyadı daşıyıb. Zülfüqar bəy həmin Hacı Məhəmməd sultan’ın oğlu İbrahim sultan’ın oğlu Pənah sultan’ın oğlu Xanəmir sultan’ın oğlu İbrahim sultan’ın oğlu Həsən sultan’ın oğlu Nəsir sultan’ın oğlu Məhəmmədəli bəy’in oğlu Həsənəli bəy’in oğlu Nəzər(əli) bəy’in oğludur.

Zülfüqar bəydən söz açan Ə.Çingizoğlu yazır: "Zülfüqar bəy 1894-cü ildə Zəngəzur qəzasının  Pirçivan kəndində doğulmuşdu. İkinci Tiflis kişi gimnaziyasını Petroqrad Hərbi Tibb Akademiyasını bitirmişdi. AR ordusunda əvvəl poruçik, sonra isə ştabs-rotmistr kimi xidmət etmişdi".

Göründüyü kimi, Ənvər bəyin yazdıqlarını Peterburq arxivi təsdiqləyir. Üstəlik, onun yazısından biz Zülfüqar bəyin Petroqrad Hərbi Tibb Akademiyasında ali təhsilini başa vurduğunu da öyrənirik.     

 

(Silsilənin ardı var)

 

 

Azərbaycan müəllimi.- 2012.- 30 mart.-S.4.