Şuşa məktəblərində təlim kursları keçirilir

  

Azərbaycan Respublikası Təhsil Nazirliyi "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində  təhsil sisteminin pedaqoji heyətinin  İKT  üzrə savadlılığının artırılmasına yönəldilmiş treninqlər və digər  kompleks tədbirlər həyata keçirir.

Bu proqram Azərbaycan dövlətinin təhsilə göstərdiyi qayğının ən bariz nümunələrindən biridir. Proqram  çərçivəsində həyata keçirilən  işlərdən biri də Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə birgə nazirliyin tərəfdaşlarından biri olan "MƏDƏD" təşkilatının həyata keçirdiyi inzibati-idarə heyətinin Peşəkarlıq Səviyyəsinin  Təkmilləşdirilməsi kurslarıdır. Bu təlim kursları  respublikanın  digər rayonları ilə yanaşı, Şuşa rayonunun Malıbəyli kənd məktəbində  fevral ayının 27-dən başlayaraq bütün ümumi  təhsil məktəblərinin inzibati-idarəetmə heyəti üçünuğurla həyata keçirilir.

Təlimlər 2 nəfər təlimçi ilə 6 gün aparılır. Təlimlərdə 12-15 nəfərlik  qruplar iştirak edir. İnzibati-idarəetmə heyətinin kurslara cəlb edilməsi təhsil şöbəsi tərəfindən tənzimlənir. Təlim zamanı iştirakçılar 5 kompüter proqramı ilə tanış olurlar. Bu da onların gələcəkdə işlərini İKT və digər avadanlıqlarla zənginləşdirmələrinə çox kömək edəcək. Kursun son günü isə  iştirakçılar təlimçilər tərəfindən imtahandan  keçirilir. Onlara sertifikatların verilməsi bu imtahanların nəticələrinə görə müəyyənləşdirilir.

 

 

Tamella KAZIMOVA

 

Azərbaycan müəllimi.- 2012.- 30 mart.- S.12.