Sələflərini heyrətləndirmiş alim

 

Albert Eynşteynə əbədi şöhrət gətirmiş nəzəriyyə 

 

1999-cu ildə "Taym" jurnalı nisbilik nəzəriyyəsinin banisi, Nobel mükafatı laureatı Albert Eynşteyni XX əsrin adamı elan edib. Lakin dahi alimin bəşəriyyətin elm məbədində xidmətləri bu günə qədər qızğın mübahisələr mövzusudur. Bu əfsanəvi fizik  atom və kainatın sirlərini açmağa imkan verən, zaman, məkan və materiya, kainat haqqında nəzəriyyəsi ilə dünyanın ən məşhur alimlərini geridə qoyub.

XX əsr elm və texnikanın ən sürətli inkişaf etdiyi əsr kimi yadda qalıb. Bu inkişafın əsasında Eynşteynin  dahi nəzəriyyəsi durur.  Onun elmi xidmətləri, xüsusən də nəzəri fizika sahəsində  yaradıcılığı barədə fərqli fikirlər söylənilir. Bir çoxları onu fizikada inqilab etmiş böyük dahi hesab edir, digərləri isə onun elmi irsinə uzun müddət skeptik yanaşıb. Həqiqətdə bu insan kim olub?

 

Uşaqlıq illəri

 

Albert Eynşteyn 1879-cu il martın 14-də Bavariyanın Ulm şəhərində anadan olub. Onun atası German Eynşteyn xırda kommersant, anası Polina Kok isə ştutqartlı qarğıdalı ticarətçisinin qızı idi. Alimin əleyhdarları qeyd edirlər ki, o, yalnız 3 yaşında ikən danışmağa başlayıb.  7 yaşına qədər isə onda  hər bir ifadəni asta-asta təkrar etmək aludəçiliyi olub.   Hətta 9 yaşda ikən o, fikirlərini kifayət qədər cəld ifadə edə bilməyib. Uşaq həddən ziyadə qeyri-təbii narahat idi,  özünə çox qapılardı. Lakin bu narahatlığın fonunda bəzən onun üzündə qəzəb partlayışı müşahidə olunurdı, bu zaman onun üzü tabaşir kimi olardı. Bu fakta diqqət yetirən tədqiqatçılar qeyd edirlər ki, gənc Albert uşaqlıqdan çox şıltaq və məhdud qabiliyyətli olub.   Digər tədqiqatçılar isə qeyd edirlər ki, Albert uşaqlıqdan özünə qapılıb, kəskin etirazları digər şəxslərin onun daxili aləminə nüfuz etmək səyləri ilə, qəlbən bağlanmadığı işlərə məcbur edilməsi ilə bağlı olub. İbtidai məktəbdə oxuyarkən Albert uşaq səmimiyyəti və sadəliyi  ilə ətrafdakıları cəlb edib. Ona "səmimi sadəlövh" ləqəbi veriblər. 10 yaşında Eynşteyn gimnaziyaya daxil olub, o, burada da qeyri-adiliyi ilə fərqlənməyib. Sonralar o xatırlayırdı ki, gimnaziyada oxuyarkən hər şeyi bilmək həvəsi və inadkarlığı ona çox kömək edib. Maraqlı məqam odur ki, gənc Albert məktəb proqramı ilə kifayətlənməyib, o, bir-birinin ardınca elmi-populyar kitabları oxuyurdu. Atasının kitabxanasında kifayət qədər elmi sanballı kitablar toplanmışdı. Albert artıq 12 yaşında Evklid həndəsəsini öyrənmişdi. 14 yaşında isə diferensial tənliklər və inteqral hesablamaları mənimsəmişdi. "Bütün bunlar mənim hədsiz, fantastik dərəcədə azadfikirliliyimin nəticəsi idi", - deyə Eynşteyn sonralar yazırdı. Lakin azadfikirliliyi onun özünə  problem yaratdı. Sinif rəhbəri Eynşteyndən gimnaziyanı  tərk etməsini tələb edib. "Mən istərdim ki, siz gimnaziyanı tərk edəsiniz. Yalnız sizin sinifdə olmağınız müəllimi nüfuzdan salmaq üçün kifayəfdir".

1895-ci ilin yazında 16 yaşlı Albert gimnaziyadan qaçıb. Onun təbiət elmləri sahəsində yüksək tədris ənənələri ilə məşhur olan Sürix Məktəbinə daxil olmaq səyləri uğur qazanmadı. O, fransız dilibotanika imtahanlarını verə bilməyib. Məktəbin direktoru atalıq qayğısı ilə Alberti sakitləşdirməyə çalışırdı: "Kədərlənməyin. Cüzeppe Verdiilk cəhddən Milan Konservatoriyasına daxil ola bilməyib". O, Albertə İsveçrənin Aapau şəhərində yerləşən kanton məktəbinə daxil olmağı tövsiyə edib.  "Bu məktəb özünün liberal ruhu ilə, eləcə də pedaqoqlarının ciddiliyi və sadəliyilə  məndə silinməz təəssürat yaratdı", - deyə sonralar Eynşteyn tərcümeyi-halında yazırdı. O, buradakı pedaqoji mühitin 6 il təhsil aldığı və avtoritarizmin hökm sürdüyü alman gimnaziyasından fərqli olaraq sərbəst düşünmə səylərini, azadfikirliliyi dəstəklədiyini  qeyd edirdi. Və bu faktorlar da dahi alimin bütün gələcək həyatı və elmi fəaliyyətində başlıca faktora çevrilmişdi. 1896-cı ildə o, Politexnik Məktəbə daxil olur. Lakin o, təhsilə yenə də əvvəlki kimi yanaşırdı. "Bəzi mühazirələrə mən böyük maraqla qulaq asırdım. Çox  cidd-cəhdlə nəzəri fizikanın dahilərini öyrənirdim", - deyən Albert Eynşteyn bundan əlavə, bəzi müəllimlərinin ünvanına tənqidi fikirlərini də bildirməyə imkan tapmışdı. Bu isə onun üçün pis nəticələnmişdi. 1900-cu ilin yazında 22 yaşlı Albert Eynşteyn fizika  müəllimliyi ixtisası üzrə imtahan verərək  diplom aldı. Lakin bütün günü elmi fikirlərinin təsiri  altında  məktəb şəhərciyində gəzib dolaşan, həddən artıq xəyalpərəst,  daima düşüncəli, müəllimliyə o qədər də həvəs göstərməyən gənci pedaqoq kimi heç kim işə qəbul etməyə tələsmirdi.   Yalnız 1902-ci ildə o, dostlarının tövsiyə məktubu ilə Berndəki Federal Patent bürosunda ekspert  kimi  işə başlayır. Buna qədər isə o, vətəndaşlığını dəyişir və İsveçrə vətəndaşlığı alır. Büroda, Eynşteyn buranı "dünyəvi monastr" adlandırırdı, 7 il çalışan alim bu illəri həyatının ən xoşbəxt illəri hesab edirdi. Ekspert kimi  müxtəlif elmitexniki məsələlərə həsr olunmuş müzakirələrdə iştirak edirdi. Bununla belə, müstəqil elmi fəaliyyəti onun qarşısında geniş imkanlar açırdı. Berndə keçirdiyi sevincli günlərdə yazdığı elmi məqalələr müasir fizikanın simasını dəyişməklə Eynşteynə dünya şöhrəti qazandırdı. 

 

Heç kimin anlamadığı inqilabi nəzəriyyə

 

Dahi alimin elmi irsini araşdıran tədqiqatçılar qeyd edirlər ki, Eynşteynin müasirlərinin anlaya bilmədiyi bir çox  elmi nəzəriyyələrinin bünövrəsi məhz burada, Patent bürosunda qoyulmuşdu. İşdən sonra boş vaxtlarda Eynşteyn dostları ilə birlikdə yaratdıqları "Olimpiya" dərnəyində vaxt keçirirdi. Burada E.Max, D.Yum, Spinoza, Averaius, Puankaranın elmi irsi öyrənilirdi. Onu həmişə daha vacibdaha çətin məsələlər maraqlandırıb. Əvvəlcə fizik məkan və zaman problemləri ilə məşğul  olub. 1905-ci ildə Albert Eynşteyn bir neçə elmi məqalə dərc etdirir. Məqalələrinin birində o, işığın təbiətinə dair inqilabi fərziyə irəli sürüb. "Hərəkət edən cismlərin elektrodinamikası" məqaləsi  isə elmi dairələrdə daha böyük  səs-küyə səbəb olub. Bu məqalə Nyuton dövründən qalma zaman-məkan barədə klassik təsəvvürləri alt-üst edirdi. Albert Eynşteynin məqaləsinə ilk olaraq tanınmış alman fiziki, işığın kvant nəzəriyyəsinin banisi Maks Plank diqqət yetirib. O, xəstə yatırdı,   Eynşteynin məqaləsini çarpayıda oxuyan Plank "Daha xəstələnmək olmaz!" qışqıraraq tez yataqdan qalxıb. O, məqalə müəllifinə məktub yazaraq onun fikirlərini Kopernikin kəşfləri ilə müqayisə edib. Plank, eyni zamanda Bern Universitetinə müraciət edərək ali təhsil ocağının bütün professor və müəllimlərinə şəhərdə Albert Eynşteyn adlı dahi bir fizikin yaşadığını xəbər verib. Universitetin elmi jurnalı o dövrün bütün alimlərini  ayağa qaldırmış məqaləni dərc ediröz münasibətini belə bildirir: "Nəzəriyyə necə də təəccüblüdür. Ondan çox az şeyi başa düşmək mümkündür". Bir çox alimlər də eyni mövqedə idilər. Rus "kosmonavtikasının atası" hesab olunan Siolkovski Albert Eynşteynin nəzəriyyəsini ciddi hesab etmirdi: "Nyuton mexanikasından imtina edilməsinə heç bir zərurət görmürəm. Məni Eynşteyn kimi bir sıra alimlərin bu cür riskli nəzəriyyələri çox  məyus edir". Digər tanınmış alimlər də  Eynşteyni məzəmmət edərək bildirirdilər ki, o, məqaləsində öz sələflərini, LorentsPuankare kimi məşhur fiziklərin elmi irsindən bir dənə də olsa sitat gətirməyib. Bundan başqa, alimlər bir məqama da diqqət yetirirdilər ki, Eynşteyn qeyri-təkmil riyazi aparatdan istifadə edir. O, son iradla barışmağa hazır idi: "Tələbə olarkən mən bütün sadəlövhlüyümlə hesab edirdim ki, fizik üçün sadə elementar riyaziyyatı  mənimsəmək kifayətdir, qalanları isə fizika üçün mənasız incəliklərdir ki, mən bu səhvimi sonralar təəssüflə başa düşdüm". Riyaziyyatçılar bu məqamı əldə əsas tutaraq onun nəzəriyyəsini rədd etməyə qalxdılar, lakin tezliklə də məyus oldular. Albert Eynşeyn isə özünəxas saymazlıqla bir neçə parlaq aforizm söyləyərək riyaziyyatçıları gülünc vəziyyətdə qoyub. Məşhur alimlər gənc Albertin elmi nəzəriyyəsi üzərində baş sındırır, o isə şəkil çəkir, o qədər də pis hesab olunmayan şeirlər yazır, saatlarla skripkada çalırdı. O, dövrünün ən məşhur alimlərini öz nəzəriyyəsi ilə tam məşğul etmişdi.  

 

Mən vəzifəmi yerinə yetirdim...

 

Maks Plank Eynşteynə patent bürosundan Berlin Fizika İnstitutunun rəhbəri vəzifəsini tutmaqda kömək etdi. 1915-ci ilin dekabrında Berlində Akademiyanın iclasında Eynşteyn nadir hesab olunan nisbilik nəzəriyyəsinin təqdimatını keçirib. Əvvəlcə alimlər bu məsələyə şübhə ilə yanaşdılar. Hətta məşhur Konrad Rentgen (rentgen şüalarını kəşf etmiş məşhur alman alimi) şikayətlənirdi: "Bütün bunlar nəsə beynə sığışmır". Bir sıra fiziki hadisələrlə yanaşı bu nəzəriyyə işıq şüalarının qravitasiya sahəsində kənaraçıxmaları da öncədən müəyyən edirdi. Bu isə 5 il sonra Günəşin tam  tutulması zamanı öz təsdiqini tapmışdı. Böyük Britaniya alimlərinin eksperimentinin nəticələrinin  dərc olunmasından cəmi bir gün sonra Eynşteyn artıq bütün dünyada ən məşhur alim kimi qəbul olunurdu. 1921-ci ildə Nobel komitəsi Albert Eynşteyni "Fotoelektrik effekti qanununu kəşf etdiyinə və nəzəri fizika sahəsində digər işlərinə görə" Nobel mükafatına layiq gördü. Eynşteyn çoxsaylı elmi simpozium, konfranslara, universitetlərdə mühazirə oxumağa dəvət olunurdu. Çoxları onun mühazirələrinə can atır, ondan elə bir şey eşitməyi gözləyirdilər  ki, sanki indi bütün aləm onun əlində cəmləşmişdi. Ondan hətta barmaqhesabı bütün mürəkkəb fiziki nəzəriyyələrin mahiyyətini izah etməyi xahiş edirdilər. Bir dəfə amerikalı jurnalistlərdən biri Eynşteynə belə bir sualla müraciət edir: "Zaman və məkan arasında fərq nədədir?". Eynşteyn gülümsəyərək bildirir ki, "əgər mənim bu iki anlayış arasında fərqi izah etmək üçün vaxtım olsa idi, onda sizin onu anlamağınız üçün əbədi  vaxt lazım gələrdi". Eynşteyn hər gün bütün dünya ölkələrindən qalaq-qalaq məktub alırdı. Növbəti məktubu oxuyan alim qeyd edirdi: "Yalnız iki əbədi şey var; Kainat və ağılsızlıq. Birinciyə gəldikdə mən tam arxayın deyiləm". O, hər bir ciddi məktuba cavab yazardı. Onu xüsusən insan sivilizasiyasının gələcəyi narahat edirdi. "Necə ola bilər ki, mədəniyyəti bu qədər sevən əsr qeyri-insani  dərəcədə mənəviyyatsız olsun? Mən getdikcə daha çox əmin olmağa başlamışam ki, mərhəmət və yaxın adama sevgi bütün digər qalanlardan qiymətlidir. Bizim bütün tərifli texniki tərəqqi, eləcə də bütün bizim sivilizasiya  sanki psixi xəstə olan cinayətkarın əlindəki  baltaya bənzəyir".  Albert Eynşteyn 1955-ci ilin aprelində Prinstonda vəfat edib. Ölümündən bir qədər əvvəl o qeyd edib: "Hər bir insan ən azından dünyadan aldığını onun özünə qaytarmalıdır". Ölüm ayağında dahi fizik pıçıltı ilə "mən öz vəzifəmi yerinə yetirdim", - deyib.                                             

 

"Mənim ərim dahidir! O, puldan başqa hər şeyi edə bilib!.."

 

Bir dəfə arvadından soruşurlar ki,  Eynşteynin nisbilik nəzəriyyəsi  barədə nə bilir. Cavabında o deyir ki, demək olar ki, heç nə. "Lakin bütün dünyada Eynşteyni məndən başqa heç kim yaxşı tanımır", - deyə alimin xanımı etiraf edir. Eynşteyn barədə nə bilir sualına gəlincə, o deyib ki, "mənim ərim dahidir! O, puldan başqa hər şeyi edə bilib!..". Mühazirələrinin birində Eynşteyndən soruşurlar ki, böyük kəşflər necə baş verir. O, bir qədər düşünərək cavab verir: "Deyək ki, bütün ağıllı adamlar bilirlər ki, nəyisə etmək mümkün deyil. Lakin bir nəfər cahil adam tapılır ki, bunu bilmir. Kəşfi də elə bu adam edir". Bir dəfə jurnalistlərdən biri  Eynşteynə yaxınlaşaraq ona belə bir sualla müraciət edir: "Sizin öz dahi fikirlərinizi qeyd etdiyiniz yazı dəftərçəsi və ya bloknotunuz varmı?". Alim ona baxaraq deyir: "Cavan oğlan! Əsl, ən dahi ideyalar insan beyninə nadir hallarda gəlir, buna görə də onları yadda saxlamaq o qədər də çətin deyil". Bir dəfə alim fikirli halda küçədən keçiröz tanışlarından birinə rast gəlir. O, tanışını evinə qonaq dəvət  edir. "Axşam bizə gəlin, professor Stimson mənim qonağım olacaq". Tanışı gülümsəyir: "Axı, professor Stimson mən özüməm".  Eynşteyn qətiyyətlə "Fərqi yoxdur, gəlin!", - deyir. Eynşteyn Çarli Çaplinin filmlərinə heyranlıqla baxırdı. Bir dəfə Eynşteyn Çaplinə  məktub göndərib: "Sizin "Qızıl hərisliyi" filmini bütün dünya  tanıyır.  Mən əminəm ki, siz bütün dünyada məşhur olacaqsınız. Eynşteyn!". Çaplin isə cavab məktubunda yazıb: "Mən sizə daha artıq heyranam. Sizin nisbilik nəzəriyyənizi bütün dünyada heç kim başa düşmür, lakin Siz artıq məşhur insan ola bildiniz! Çaplin".

Bir dəfə onu xanımı ilə yeni astronomik teleskopun açılışına dəvət edirlər. Təqdimatdan sonra qısa ekskursiya təşkil  olunur. Onları müşayiət edən gid teleskopu göstərərək bildirir  ki, bu teleskopun köməyi ilə biz kainatın sirlərini aça biləcəyik. Lakin alimin xanımı əlavə edir ki, "qəribədir, bundan ötrü mənim ərimə karandaş qırıntısı və bir parça kağız kifayətdir".

 

Alim vicdanı

 

Albert Eynşteyn 1932-ci ildə "Mənim kredom" adlı kiçik bir məqalə yazır. Burada alimin dünyaya münasibəti əksini tapıb. "Mən heç vaxt şəxsi firavanlığa və rifaha can atmamışam. Hətta müəyyən dərəcədə onlara  nifrət bəsləmişəm. Sosial ədalətə can atmağım, eləcə də hər cür əlaqə və asılılıqlara mənfi münasibətim məni çox zaman insanlarla münaqişələrə girməyə məcbur edirdi". Bu sözlər boşuna deyilməmişdi. Bu fikirlərinin təsdiqi olaraq Albert Eynşteyn faşist Almaniyasını tərk etmişdi. O, 1940-cı ildə Amerika vətəndaşlığını qəbul etmişdi. 

Onun bioqrafları xatırlayırlar ki,  Eynşteyn rəsmi portretlər üçün şəkil çəkdirməyi sevməzdi, lakin əgər rəssam ona deyəndə ki,  onun şəklini çəkib satmaqla yaşamaq üçün pul qazanacaq, onda dahi alim rəssam qarşısında saatlarla hərəkətsiz dayanmağa hazır idi.  "Fizikanın təkamülü" kitabı məhz belə yazılmışdı. Bu kitabda fiziki formullar yoxduro, yalnız Qaliley dövründən başlayaraq kvantlar əsrinə qədər mövcud olan elmi ideyaların izahına həsr olunub.  Hər cür zorakılığın və müharibənin əleyhdarı olan Eynşteynin taleyinə Avropada atom silahının qarşısını almaq kimi bir missiya düşmüşdü. İkinci Dünya müharibəsi ərəfəsində Avropada vəziyyəti (uranın parçalanmasının kəşfi, nüvə fizikası sahəsində aparılan işlərin ictimaiyyətə məlum olması, Çexoslovakiyanın Almaniya tərəfindən işğalı, uran yataqlarının tapılması) dərindən təhlil edən alimlər belə bir qənaətə gəlirlər ki, Almaniya atom bombasının yaradılmasına başlayır. Elmi ictimaiyyətin xahişi ilə Eynşteyn Amerika prezidenti Franklin Ruzveltə məktub yazaraq analoji işlərin Birləşmiş Ştatlarda aparılmasını təklif edir. Bu məktub öz rolunu oynayıb: baxmayaraq ki, Almaniyada atom bombasının yaradılması işi dayandırıldı, Amerika atom bombasını əldə etdi,  hətta Xirosima və Naqasakidə sınaqdan keçirdi. Bu hadisə Eynşteyni sarsıtmışdı. O, həyatının son günlərinə qədər bu faciədə özünü günahkar hesab edirdi, baxmayaraq ki, atom bombasının yaradılmasında bilavasitə iştirak etməmişdi.

 

 

Hazırladı: Oruc MUSTAFAYEV

 

Azərbaycan müəllimi.- 2012.- 30 mart.- S.8.