Şahmat üzrə Azərbaycan çempionu
Məğrurə Məhəmməd qızı İmanlı idmanı çox sevir. İdmanın şahmat növü üzrə məşğul olur. O, iki dəfə Azərbaycan və üç dəfə Bakı çempionudur. 1998-ci ildə Bakıda həkim ailəsində anadan olub, Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 nömrəli tam orta məktəbin VIII sinif şagirdidir. 14 yaşlı Məğrurə şahmat oynamağa 4-5 yaşlarından başlayıb. Sonralar valideynləri bu idman növünə olan böyük həvəsini görüb onu Bakı Şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər İdman Şahmat-Dama məktəbinə qoyurlar. O, burada təcrübəli müəllim, beynəlxalq qrossmeyster Fərid Abbasovdan şahmatın sirlərini öyrənməyə başlayır.
- Məğrurə,
səndə idmanın şahmat
növünə olan həvəs hardan yarandı və ilk qələbəni
necə xatırlayırsan?
- Əvvəlcə fürsətdən istifadə edərək üstümdə əməyi olan müəllimlərimə və valideynlərimə sonsuz təşəkkürümü bildirirəm. Babam şahmatı çox sevir və gözəl oynayır. O, mənim demək olar ki, ilk müəllimim olub. Boş vaxtlarında həmişə məni öyrədər, etdiyim səhvləri oyun zamanı deyərdi. 4-5 yaşlarımdan şahmatı seçdim və ilk sirlərini öyrəndim. Təxminən 5-6 yaşlarımda sərbəst oynamağa başladım. Ailəmizdə bacımın da şahmata marağı çox olub. Valideynlərim məndən qabaq onu şahmatçı görmək istəyirdilər. Bu məqsədlə onu şahmat məktəbinə qoydular. Mən də bacımın yanında şahmatı öyrənirdim. Valideynlərim mənim şahmata olan həvəsimi, bacımdan yaxşı oynadığımı gördülər. Onun yerinə məni şahmat məktəbinə apardılar.
Şahmatda ilk addımlarımı atmağa başladım. 2007-ci ilin yanvarında 10 yaşlı qızlar arasında Bakı və Azərbaycan çempionu oldum. Sonralar dəfələrlə Bakı və Azərbaycan çempionatlarında I yerə çıxdım.
- Şahmatda hansı fiqurları daha çox sevirsən?
- Bütün fiqurların öz yeri var. Ancaq mən üç fiquru çox sevirəm. Vəzir, fil və at fiqurlarını həmişə özümə yaxın bilmişəm. Oyunlarımda həmin fiqurlara daha çox üstünlük verirəm.
- Şahmat
oynayanda hansı hissləri keçirirsən?
- Həmişə həyəcanlı oluram. Oynamağa başlayanda çalışıram ki, həyəcanımı boğum və heç bir səhvə yol verməyim. Tələsmədən düzgün qərarlar vermək istəyirəm. Hər bir rəqib oyunçudan yaxşı nəsə öyrənməyə çalışıram.
- Güclü rəqiblərlə mübarizə
aparmaq azyaşlı Məğrurəyə çətin gəlmirki?
- Bir oyunçu kimi gücümə güvənirəmsə, heç vaxt güclü rəqiblərlə oynamaq çətin deyil. Çempion olmaq hər bir idmançının arzusudur. Bu yolda mübarizə aparmaq lazımdır. Ən böyük arzum Avropa və dünya çempionu olmaqdır. Gələcəkdə özümü tanınmış və məşhur şahmatçı kimi görmək istəyirəm.
Bakı Şəhəri üzrə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat-Dama məktəbinin direktoru Natiq Ələkbərov:
- Son on ildə idman məktəbinin nəticələri yüksək səviyyədədir. 2006-cı ildən bəri dünya və Avropa çempionatlarında yetirmələrimiz çoxlu medallar qazanıb. Bu da biz müəllimləri çox sevindirir. Bundan başqa, biz 2011-ci ilin nəticəsinə görə Təhsil Nazirliyinin keçirdiyi ilin ən yaxşı məktəbi, 2011-ci ilin dekabr ayında Gənclər və İdman Nazirliyinin keçirdiyi "Yaxşıların yaxşısı" nominasiyalarının qalibi olduq. 2011-ci ildə üç məşqçimiz əməkdar məşqçi adına, 1 idmançımız beynəlxalq qrossmeyster, iki idmançımız isə beynəlxalq usta adına layiq görüldü. Bu yaxınlarda 14,16,18 yaşlı şahmatçılar arasında Azərbaycan çempionatı keçirildi. Həmin çempionatda məktəbimizin iki idmançısı, dəfələrlə Azərbaycan çempionu Məğrurə İmanlı və Elxan Bayramov Avropa çempionatına vəsiqə qazandılar.
Məğrurə İmanlı çalışqanlığı, iti zəkası, idmana olan marağı ilə digərlərindən həmişə fərqlənir. O, şahmat məktəbinə qəbul olanda bu idman növü haqqında kifayət qədər anlayışı var idi. Məğrurəni irəliyə aparan yaxşı cəhətlərindən biri həmişə öz üzərində işləməsidir. O, 2011-ci ildə Azərbaycan çempionu adını qazanmışdır. Məğrurə İmanlı haqqında onu demək olar ki, qısa müddət ərzində bu qədər yüksək nəticəni qazanan yeniyetmə şahmatçının böyük gələcəyi var. İnanırıq ki, o, ölkəmizin adını həmişə dünya arenalarında uca tutacaq, üçrəngli bayrağımızı zirvələrə ucaldacaq.
Məğrurə İmanlının qazandığı uğurlarda peşəkar və təcrübəli şahmat müəllimi, beynəlxalq qrossmeyster Fərid Abbasovun də əziyyəti böyükdür. O, yetirməsi haqqında bu fikirdədir:
- Məğrurə özünə güvənən, prinsipial, nümunəvi və nizam-intizamlı bir oyunçudur. O, güclü yaddaşa malik şahmatçıdır. Onunla işləmək rahatdır, çünki o, boş vaxtlarında öz üzərində çalışmağı çox sevir və verilən tapşırıqlara düzgün əməl edir. Şahmatda böyük məsuliyyət, özünə qarşı tələbkarlıq və əzmkarlıq lazımdır. Mən bunların hamısını Məğrurədə görürəm. Belə davam eləsə, onu tezliklə Avropa və dünya çempionu kimi görərik. Biz ona güvənirik.
Məğrurə
İmanlı həm də dərs əlaçısıdır
Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 307 nömrəli tam orta məktəbin direktoru İqbal Kərimov Məğrurənin nümunəvi bir şagird olduğunu dedi. Bildirdi ki, o, dərs əlaçısı kimi məktəb kollektivinin hörmətini qazanıb. Müəllimləri həmişə onun güclü hafizəyə, iti zəkaya malik olduğunu söyləyirlər.
"Ailəmizin arzusu Məğrurəni məşhur şahmatçı kimi görməkdir"
Babası Feyzulla Qasımov: O, ailədə ortancıl övladdır. Ailəmizin arzusu Məğrurəni məşhur şahmatçı kimi görməkdir. Biz onun əldə etdiyi uğurlarına ürəkdən sevinirik.
Öyrəndik ki, Məğrurə bu il Avropa və dünya çempionatlarında iştirak edəcək. İnanırıq ki, o, qarşıdakı mötəbər yarışlarda ölkəmizi layiqli təmsil edərək üçrəngli dövlət bayrağımızı zirvələrə qaldıracaq. Bu şərəfli və çətin yolda ona uğurlar arzulayırıq.
Rəşad
ZİYADOV
Azərbaycan müəllimi.- 2012.-
11 may.- S.11.