12 yetirməsi Nobel
mükafatı almış müəllim
Yeni Zelandiya dünya elminə
bir sıra dahilər bəxş edib. 4443000 əhalisi olan bu
ölkə 3 Nobel mükafatçısı yetişdirib.
Onların arasında ən məşhuru, mübaliğəsiz
olaraq demək olar ki, radioaktivlik
və atomun quruluş nəzəriyyəsinin banilərindən
biri Ernest Rezervorddur. Rezervordun adı elm tarixində həm də
ona görə yüksək zirvədədir ki, onun 12 tələbəsi
Nobel mükafatı laureatıdır.
O, alfa və beta şüalarını kəşf
etmiş və onların təbiətinin izahını
vermişdir. 1903-cü ildə F.Soddi ilə birlikdə
radioaktivlik nəzəriyyəsini yaradıb. 1911-ci ildə
atomun planetar modelini təklif edən alim 1921-ci ildə neytronun
mövcudluğunu əvvəlcədən xəbər
vermişdi. 1908-ci ildə kimya üzrə Nobel mükafatı
alıb.
Məktəb illəri
İngilis
fiziki Ernest Rezervord 1871-ci il avqustun 30-da Yeni Zelandiyada Nelson
şəhəri yaxınlığında anadan olub. O, tikinti
ustası olan Ceyms Rezervord və şotlandiyalı məktəb
müəllimi Marta (Tompson) Rezervordun ailəsində
doğulmuş 12 uşaqdan biri
idi. Həkim olmadığından uşaqlardan 3-ü
müxtəlif xəstəliklərdən vəfat etmişdi.
Balaca Ernest iricüssəli, heyrətləndirici yaddaşa,
qeyri-adi gücə malik idi. O, əvvəlcə
yerli ibtidai və orta məktəbi bitirib, daha sonra Nelson
Kollecinə daxil olaraq xüsusi təqaüdə layiq
görülüb. Burada
özünü xüsusən də riyaziyyat sahəsində
istedadlı tələbə kimi göstərib. Təhsildə qazandığı
uğurları sayəsində Ernest tezliklə daha bir təqaüdə
layiq görülməklə ölkənin ən böyük
şəhəri olan Kreytçerdəki Keterberi Kollecinə
daxil olmaq imkanı
qazanıb. Kollecdə oxuyarkən
fizika və kimya müəllimləri E.Bikerton və
riyaziyyatçı C.Kuxun ona böyük təsiri olub. 1892-ci
ildə Ernest humanitar elmlər sahəsində bakalavr dərəcəsi
aldıqdan sonra riyaziyyat üzrə aldığı təqaüd
hesabına kollecdə məşğələləri davam
etdirib. Növbəti il Ernest
fizika və riyaziyyat imtahanlarını hamıdan yaxşı
verərək humanitar elmlər
magistri olub. Onun magistrlik işi hələ 10 il əvvəl kəşf
olunmuş yüksəktezlikli radiodalğaların tədqiqinə
həsr olunmuşdu. Ernest bu hadisəni öyrənmək
üçün simsiz radioötürücü icad
etmişdi. Bu qurğu vasitəsilə
o, uzaq məsafədən həmkarlarının göndərdiyi
radiosiqnalları qəbul edirdi.
1894-cü
ildə E.Rezervorda təbiətşünaslıq sahəsində
bakalavr dərəcəsi təqdim olundu. Keterberi Kollecində
belə bir ənənə mövcud idi: humanitar sahədə
magistr dərəcəsi almış və kollecdə
qalmış hər bir tələbə elmi
araşdırmalarını davam etdirməli və təbiət
elmləri sahəsində bakalavr dərəcəsi almalı
idi. Beləliklə də Ernest 23 yaşında 3 dərəcə
- humanitar elmlər sahəsində bakalavr, təbiətşünaslıq
sahəsində bakalavr, humanitar
sahədə magistr dərəcələri alıb.
Kreytçerdə qısa zaman ərzində yerli məktəbdə
müəllimliklə məşğul olan Rezervord elm sahəsində
qeyri-adi qabiliyyətləri sayəsində Böyük
Britaniyada Kembric Universitetinin təqaüdünə layiq
görülür. Ernest bu xəbəri atasının kartof
tarlasında işləyərkən alıb. O, ətrafındakılara
baxaraq uzaqgörənliklə deyib: "Bu, yəqin ki, mənim
qazıb çıxardığım sonuncu kartofdur". O, zəhmətkeş
ailədə anadan olmuşdu. Buna görə də uşaq yaşlarından
əməyə alışmışdı. Məhz zəhmətsevərliyi
nəticəsində o, mümkün olan 600 baldan 580-i toplayaraq
İngiltərədə təhsilini davam etdirmək imkanı
qazanmışdı.
Rezervordun parlaq kəşfi
O,
Kembricdə məşhur Kavendiş laboratoriyasında,
dünyanın ən böyük elmi-tədqiqat mərkəzlərindən
birində araşdırmalar aparıb. Kavendiş
laboratoriyası dünyaya 15 Nobelçi alim bəxş edib.
Rezervord burada ingilis fiziki Con Tompsonun rəhbərliyi altında
işləyib. Rezervordun radiodalğaların tədqiqi sahəsində
işləri Tompsonda dərin təəssürat yaradıb və
o, 1896-cı ildə cəmi bir il əvvəl kəşf
olunmuş rentgen şüalarının qazlarda elektrik
boşalmalarına təsirini öyrənməyi təklif
edib. Onların birgə əməkdaşlığı və
Tompsonun mənfi elektrik yükə malik elektronu kəşf etməsi
uğurla nəticələnib. Öz tədqiqatlarına əsaslanan
Tompson və Rezervord belə bir mülahizə irəli
sürdülər ki, rentgen şüaları qazdan keçərkən qaz atomları parçalanır, nəticədə
eyni sayda müsbət və mənfi yüklü zərrəciklər
ayrılır. Alimlər bu zərrəcikləri ion
adlandırıblar. Bu işlərdən sonra Rezervord atom
strukturunun öyrənilməsi ilə məşğul olub.
1899-cu
ildə Rezervord Kanadanın Monreal şəhərindəki
Makginli Universitetində professor
vəzifəsini qəbul edib. O, burada
uran elementinin radioaktiv şualanması ilə bağlı bir
sıra vacib eksperimentlərə başlayıb. Təcrübələrin
nəticəsi kimi alimin 66 elmi məqaləsi,
"Radioaktivlik" kitabı nəşr olunub. Alim tezliklə alfa və beta
şüalanmalarını kəşf edib. Daha sonra fizik
müəyyən edib ki, radioaktiv torium elementi qazabənzər
radioaktiv məhsul buraxır. O, bu məhsulu şüalanma
adlandırıb. Sonrakı tədqiqatlar göstərib ki, digər
radioaktiv elementlər - radium və aktinium da şüalanma
buraxırlar. Bu və digər kəşflər əsasında
Rezervord belə bir əhəmiyyətli
elmi nəticəyə gəlmişdi ki, bütün radioaktiv
elementlər alfa və beta şüalar buraxır. Daha
çox maraq kəsb edən məqam isə ondan ibarət idi
ki, istənilən radioaktiv elementin radioaktivlik xüsusiyyəti müəyyən
zaman keçdikdən sonra zəifləyir. Bu nəticələr
belə bir elmi qənaətə gəlməyə əsas
verirdi ki, bütün radioaktiv elementlər atomların vahid ailəsinin
məhsuludur. Makginli Universitetində aparılan elmi tədqiqatlar
əsasında Rezervord və onun həmkarı Frederik Soddi
yaratdıqları radioaktivlik nəzəriyyəsinin müddəalarını
ifadə etdilər. Bu müddəaya əsasən, radioaktivlik
o zaman baş verir ki, atomdan
böyük sürətlə zərrəcik ayrılır və
bu itki nəticəsində bir
kimyəvi elementin atomu digər elementin atomuna çevrilir.
Rezervord və Soddinin bu nəzəriyyəsi atomların dəyişilməz və
bölünməz olmasına dair əvvəllər mövcud
olmuş konsepsiyalarla ziddiyyət
təşkil edirdi. Rezervord əldə olunmuş nəticələri
daha da inkişaf etdirmək üçün bir sıra
eksperimentlər apardı, bu araşdırmalar onun təklif
etdiyi nəzəriyyəni təsdiq etdi. Rezervordun elmi işləri
bütün dünyada alimlər tərəfindən dərin maraqla
qarşılanmışdı.
Aparıcı elmi-tədqiqat
mərkəzləri, Avropanın məşhur universitetləri
Rezervordu əməkdaşlığa dəvət edirdilər.
Elmi araşdırmalar mərkəzinə yaxın olmaq məqsədilə
Rezervord tezliklə İngiltərədəki Mançester Universitetində
professor vəzifəsini tutdu. O, burada radioaktivliyin öyrənilməsi
üzrə məktəb yaratdı. 1908-ci ildə radioaktiv maddələrin
kimyasında elementlərin parçalanması sahəsində
tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq
görüldü. İsveç
Kral Akademiyası bildirirdi ki, "Rezervordun kəşfi parlaq nəticəyə
yol açıb: elementE digər elementə çevrilə bilər".
Rezervord mükafatı alarkən zarafatla demişdi ki, "Eelə
mən özüm də fizikdən
kimyaçıya çevrildim".
Planetar model
Nobel
mükafatını aldıqdan sonra Rezervord nazik qızıl
folqaların uranın radioaktiv parçalanma məhsulu olan alfa zərrəciklərlə
bombalanması nəticəsində müşahidə olunan
hadisələrin öyrənilməsi ilə məşğul
olub. Alim müəyyən
etmişdi ki, alfa zərrəcikləri
əksetmə bucağının köməyi ilə
davamlı elementlərin strukturunu öyrənmək
mümkündür. O zaman mövcud olmuş təsəvvürlərə
görə, atom tərkibində
müsbət və mənfi yüklərin bərabər
paylandığına görə alfa zərrəciklərin hərəkət
istiqamətini dəyişə bilməyən modeldir. Qüvvədə
olan Tompson modeli atomu içərisində yüklənmiş
elektron olan cism kimi təsvir edirdi. Lakin bu model atomun xassələrini
açmırdı. Rezervord müəyyən etmişdi ki,
qüvvədə olan nəzəriyyədən fərqli
olaraq, alfa zərrəciklərinin
müəyyən qismi gözlənilən istiqamətlərdən
böyük məsafədə uzaqlaşır. Öz
araşdırmaları ilə
Rezervord təsdiq etmişdi ki, alfa zərrəciklərinin
kifayət qədər böyük hissəsi gözləntilərə
rəğmən daha uzaq məsafədə, bəziləri hətta
90 dərəcədən artıq məsafədə ayrılırlar. Bütün bu
proseslər üzərində fikirləşən Rezervord
1911-ci ildə atomun yeni modelini təklif etmişdi. Bu gün
hamı tərəfindən qəbul olunmuş modelə əsasən,
yüklənmiş müsbət zərrəciklər atomun
ağırlıq mərkəzində, mənfi zərrəciklər
(elektron) nüvənin orbitində, ondan kifayət qədər
uzaq məsafədə yerləşib.
Bu model Günəş
sisteminin modelinə uyğun
olaraq onu nəzərdə tutur ki, atomlar əsas olaraq boş məkandan
ibarətdir. Rezervordun elmi qənaətləri klassik
mexanikanın prinsipləri ilə bir araya gəlmirdi.
Fırlanan yüklü zərrəcik özündən
elektromaqnit dalğaları buraxaraq enerji itirməlidir.
Hesablamalara görə isə elektronun nüvəyə
düşməsi vaxtı çox qısadır. Rezervordun nəzəriyyəsi
1913-cü ildə danimarkalı fizik Nils Borun elmi işlərindən
sonra birmənalı qəbul olunmağa başladı. Məhz
Bor Rezervordun planetar modelinə prinsipcə yeni keyfiyyət -
kvant ideyasını gətirmişdi. Bor sübut edirdi ki, Rezervordun
terminlərdə təklif etdiyi strukturlar hidrogen atomunun, eləcə
də daha ağır elementlərin atomlarının artıq
elmə məlum olan fiziki xassələri ilə izah oluna bilər. Nils Borun məşhur
postulatlarına görə, elektronlar müəyyən enerji vəziyyətində
şüalanırlar. O göstərmişdir ki, atomu təsvir
etmək üçün klassik mexanika kifayət deyil.
Atomların sonrakı tədqiqatı kvant mexanikasının
yaranmasına gətirib çıxarmışdır. Bu sahə
bir çox müşahidə olunan faktların izahını
mümkün etmişdir. Rezervord atomun planetar
modelini kəşf etmək üçün on ildən
çox vaxt sərf etdi. Alim alfa zərrəciklərinin
qızıl folqadan səpilməsi təcrübəsinin 20 minə
yaxın fotoşəklini çəkdi və onları
araşdırdı. 1900-cü ildə başlanmış iş 1913-cü ildə başa
çatdı. Bu, elm naminə fədakarlıq idi. Rezervord 1920-ci ildə
neytron və deytronların mövcudluğunu əvvəlcədən
xəbər vermişdi. Onun bu sahədə işləri
nüvə energetikasının əsasını təşkil
edirdi.
Böyük alim,
böyük müəllim
Məlumdur
ki, Ernest Rezervord təkcə
böyük alim yox, həm də
böyük müəllim olub. "Mən onun müasiri
olan digər hər hansı bir böyük alimin laboratoriyasında bu qədər
görkəmli fizikin işlədiyini yadıma sala bilmirəm.
Elmin tarixi göstərir ki, böyük alimin böyük
insan olması məcburi deyil, lakin böyük müəllim
hökmən böyük insan olmalıdır",-deyə
Rezervordun tələbəsi olmuş Nobel mükafatı
laureatı, akademik Pyotr Kapitsa 1966-cı il mayın 17-də
London Kral Cəmiyyətində müəlliminin xatirəsinə
həsr olunmuş
çıxışında qeyd edirdi. Onun sözlərinə görə,
bir çox fiziklər, xüsusilə, nəzəriyyəçilər elmi mübahisələri çox
sevirlər; mübahisə prosesi onlar üçün təfəkkür
üsuludur. "Mən heç vaxt eşitməmişəm
ki, Rezervord mübahisə etsin.
O, öz fikrini çox qısa və tam
aydınlığı, konkretliyi ilə ifadə edərdi; Əgər ona
etiraz edərdilərsə, o, maraqla onlara qulaq asardı, bununla
da diskussiyalar başa çatardı. Rezervord hələlik
heç bir konkret nəticə əldə etməyən tələbəsinə çox az diqqət yetirərdi. O,
xırda himayəçiliklə məşğul
olmazdı. Rezervord tez-tez
qısa müddətə laboratoriyaya gələr və hər
dəfə belə bir irad bildirərdi: "Nədi bu, yenə bir yerdə
toplaşmısınız? Nəticələr nə vaxt
olacaq?". Mən Kavendiş laboratoriyasında yeni
çalışmağa başlayanda onun bu cür iradları
mənə çox güclü təsir edirdi, xüsusən
də ona görə ki, onlar uca səslə və onun
üzünün sərt ifadəsi ilə deyilirdi. Sonradan mən
əmin oldum ki, bu, onun ani fikirləridir:
Rezervord bunları Yeni Zelandiya fermerlərindən əxz
etmişdi. Onlar öz tabeliklərində olan işçiləri
ruhlandırmaq üçün bəzən bu kimi
"xoş" sözlər deyirdilər".
Bir haşiyə: Bir axşam dahi fizik laboratoriyaya daxil
olub. Gec olsa da, alim tələbələrindən birini laboratoriya cihazına doğru əyilmiş
vəziyyətdə görüb. Tələbə və
müəllim arasında belə bir dialoq olub:
- Siz bu gec saatda nə edirsiniz?
- İşləyirəm.
- Bəs
gündüz nə edirsiniz?
- Əlbəttə, işləyirəm.
- Bəs, səhər tezdən yenə
işləyirsiniz?
- Bəli, professor, səhər tezdən də
işləyirəm,-deyən tələbə təriflənəcəyi
ümidilə müəlliminə baxıb. Rezervord tutulub və
əsəbiliklə soruşub:
- Qulaq asın, bəs siz nə vaxt düşünürsünüz?
Tələbələri
üstündə əsən
müəllim
Tələbələrinin elmi təşəbbüslərini
dəstəkləmək, əldə olunan nəticələri
düzgün qiymətləndirmək, onlara istiqamət vermək
bacarığı Rezervordun bir
alim kimi ən gözəl xüsusiyyətləri olub. Dahi
fizik tələbələrinin üstündə əsirdi.
Onun şagirdlərində qiymətləndirdiyi
ən yaxşı keyfiyyətlər
təfəkkürün müstəqilliyi, təşəbbüskarlıq,
şəxsiyyət idi. Bununla
belə, demək lazımdır ki, Rezervord çox həssas
psixoloq kimi insanın fərdi xüsusiyyətlərini üzə
çıxarmaq üçün əlindən gələn hər
şeyi edirdi. Akademik Kapitsa xatirələrində qeyd edirdi:
"Kembricdə işləyərkən mən bir dəfə
Rezervorda dedim ki, tələbələrindən biri uğursuz
ideya üzərində işləyir, boş yerə vaxt itirməklə
məşğuldur. Cavabında Rezervord gözlənilmədən
dedi: "Mən bilirəm ki, o, ümidsiz problem üzərində
işləyir, lakin bu problem onun özünə məxsusdur və
əgər bu iş nəticəsiz başa çatsa belə,
əvəzində o, müstəqil surətdə
düşünməyi öyrənəcək və bu onu digər
problemə gətirəcək ki, bunun da eksperimental nəticəsi
olacaq". Kapitsann sözlərinə
görə, Rezervord insanda orijinal düşüncəni və
müstəqilliyin tərbiyə olunması üçün hər
şeyi qurban verməyə hazır idi. Və əgər bu
keyfiyyətlər üzə çıxardısa, Rezervord
öz qayğısını əsirgəməz, hər vasitə
ilə onun işini həvəsləndirərdi. Rezervord hesab edirdi ki, elmi tədqiqatlara
yenicə başlamış alimə texniki cəhətdən
çətin iş tapşırmaq düzgün deyil. Yeni
işçiyə, hətta o, əgər istedadlı olsa belə
uğur lazımdır, ən xırda uğursuzluqlar onda əsaslandırılmamış məyusluq
yarada bilər. Əgər şagirdin uğuru varsa, onu ədalətli
olaraq qeyd etmək və qiymətləndirmək
lazımdır. O, hər bir yeni tədqiqat işini tələbələrinə
təqdim edərkən qeyd edərdi ki, "ümid edirəm
ki, bu, vacib mövzudur, çünki hələ bilmədiyimiz
çox şeylər var".
Yetirmələrinə qayğı ilə
yanaşar, onlara axşam saat 6-dan sonra işləməyə
icazə verməzdi. O deyirdi ki, pis o insandır ki, həddən
artıq çox işləyir və çox az
düşünür.
"Şagirdlərim məni gənc qalmağa məcbur
edir",-deyən alim hesab edirdi ki, sadəlik ən
böyük müdriklikdir. Dünya şöhrətli alim
olmasına baxmayaraq, Rezervord elmi dairələrdə, həm də
həyatda sadə insan kimi tanınırdı. Elmi diskussiyalarda alim "mən sadə insanam, mənə
sadə cavab verin",- deyirdi.
Timsah ləqəbli
alim
Mehriban və səmimi xasiyyətinə
görə tələbələri və həmkarları
Rezervordu timsah ləqəbi ilə
çağırırdılar. Bunun öz tarixçəsi
vardı. 1931-ci ildə Rezervord
bütün səylərini səfərbər edərək
sevimli tələbəsi Pyotr Kapitsa üçün
laboratoriya binasının tikintisinə 15 min funt-sterlinq
topladı. 1933-cü
ilin fevralında Kembricdə laboratoriyanın təntənəli
açılışı oldu. İkimərtəbəli
binanın daş divarında nəhəng timsah təsviri həkk
olunmuşdu. Kapitsanın xahişi ilə bu işi məşhur
heykəltəraş Erik Qill görmüşdü.
Laboratoriyanın giriş qapısının açarı
qızıldan hazırlanmış və timsah formasında
idi. Rus yazıçısı D.Danilin "Rezervord"
adlı kitabında qeyd edir ki, Kapitsa anasına
yazdığı məktubunda Rezervordu timsah
adlandırmasından bəhs edib. Rezervord özü də izah
edirdi ki, daş divardakı timsah təsviri ona həsr
olunub. Bu heyvan heç vaxt geri
dönmür, gözüaçıqlığı və
sürətli, cəld hərəkətləri ilə
Rezervordun həmişə irəliyə doğru canatma səylərini
simvolizə edirdi. Rezervord tələbələrinin onu timsah
adlandırmasından heç vaxt inciməmişdi. O, həmişə
irəliyə baxar və məqsədinə doğru inamla,
sürətlə irəliləyərdi. Onun 12 tələbəsi fizika və
kimya sahəsində tədqiqatlara görə Nobel
mükafatına layiq görülüb. Pyotr Kapitsa, Mark Olifant,
Patrik Blekett, Qans Qeyqer, Frederik Soddi, Nils Bor, Ernest Uolton, Ceyms Çedvik, Con
Kokroft, Eduard Eplton, Otto Qann, Henri Mozli alimin ən
tanınmış tələbələridir. Almaniyada Hitlerin
hakimiyyətə gəlməsindən sonra Rezervord daha narahat
günlər keçirməyə başlayıb. O,
Almaniyanın ən məşhur elm adamlarını nasistlərin
təqibindən xilas etmək üçün
yaradılmış Akademik Yardım Şurasına rəhbərlik
edib.
Rezervord
kəşflərinin praktikada tətbiq olunmasına heç
vaxt inanmayıb. Bir dəfə ondan soruşublar ki, kəşf
etdiyi nüvə enerjisi nə zaman praktiki tətbiqini tapacaq.
Cavabında alim "Heç vaxt!" deyib. Daha sonra əlavə
edib ki, bunun üçün azı 200-300 il gözləmək
lazım gələcək. Rezervordun bu
açıqlamasından 5 il sonra dünyada ilk atom reaktoru
işə salındı, daha 8 il sonra isə dünyada ilk atom
bombası yaradıldı.
1914-cü ildə ona zadəgan titulu
verilib. 1923-cü ildə Britaniya Assosiasiyasının prezidenti
seçilib. 1925-1930-cu illər ərzində London Kral Cəmiyyətinin
prezidenti olub. Dünyanın ən məşhur universitetlərinin
və elmi cəmiyyətlərinin fəxri üzvü
seçilib. 1931-ci ildə baron
titulu alan alim lord Rezervord of Nelson adlandırılmağa
başlanıb. O, Yeni Zelandiyaya anasına bu məzmunda teleqram
vurmuşdu: "Mənim lord Rezervord olmağım məndən
çox sənin xidmətindir. Oğlun Ernest". Lord titulu
alsa da Rezervord bu imtiyazdan istifadə
etmədi, həmişə sadə fermer oğlu olduğunu bildirirdi. Ernest Rezervord
bir vaxtlar Kreytçerdə yaşadığı pansion
sahibinin qızı Meri Corcine Nyuton ilə evlənib. 1901-ci il martın 30-da onların
yeganə qız övladları dünyaya gəlib. O, fizikada yeni
elm sahəsinin - nüvə fizikasının banilərindən
biri olan atasının doğum günündə göz
açıb. 1903-cü ildə Rezervordun London Kral Cəmiyyətinin
üzvü seçilməsi onun üçün
qızının doğulmasından sonra ikiqat sevinc idi.
Ömrünün sonuna kimi çox sağlam və gümrah
olan alim 1937-ci il oktyabrın 17-də
Kembricdə qısa sürən xəstəlikdən vəfat
edib.
Ötən əsrdə çox haqlı
olaraq fizikanın ən nəhəng simalarından hesab olunan
Ernest Rezervordun kəşfləri, onun tələbələrinin
bir neçə nəslinin gördüyü işlər elm və
texnikanın inkişafına, həm də milyonlarla insanın
həyatına böyük təsir edib. Rezervord xüsusilə də həyatının
son günlərində bu təsirin xeyirli olacağı barədə
düşünməyə bilməzdi. Lakin o, nikbin idi,
insanlara və bütün həyatını həsr etdiyi elmə inanırdı.
Hazırladı: Oruc MUSTAFAYEV
Azərbaycan
müəllimi.- 2012.- 11 may.-
S.9.