Ədəbiyyat dərslərində
vətənpərvərlik hisslərinin aşılanması
Tarixin qəhrəmanlıq səhifəsini
vərəqlədikcə gözümüz
önündə gözəl bir məmləkət
- Odlar yurdu Azərbaycan
canlanır. Elə bir məmləkət ki, neçə-neçə
illərin, əsrlərin sınağından iftixarla
çıxıb. Neçə-neçə ərənlər,
qəhrəmanlar bu torpağın qoynunda öz əbədiyaşar adını həkk
edib, əbədiyyətə qovuşub, tarixə öz
layiqli imzasını atıb.
Təsadüfi deyil ki, bu gün
çalışdığım təhsil ocağı məhz
həmin qəhrəmanlardan biri - Roman Yusifovun adını
daşıyır. Məktəbimiz lisey tiplidir. Liseyin müəllim
və şagirdləri qəhrəmanın adına layiq təhsil
və fəaliyyətləri ilə nümunə göstərməyə çalışırlar. Məktəbdə
tədris olunan tarix dərsləri
mütəmadi olaraq qəhrəmanın şərəfinə
təşkil olunmuş sinif-guşədə keçirilir.
Şagirdlər sinif-guşədə
qəhrəmanın keçdiyi qəhrəmanlıq və həyat yolu barədə tam
məlumat əldə edir, tariximizin
şanlı səhifəsinin bir hissəsinin də
şabranlılardan ibarət olduğunu qürur hissi ilə
yad edirlər. Bu ənənə ədəbiyyat dərslərində
tarixi qəhrəmanlıq
mövzulu dərslərin tədris olunduğu zaman da təkrarlanır.
Şagirdlərlə tədris prosesində tez-tez şanlı
tarixi salnaməmizdən bəhs edən inşa yazılar
üzərində işləyirik. Bu missiyanın əsas məqsədi
şagirdlərdə Vətənə olan məhəbbət və
vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir.
Bu yaxınlarda V sinifdə Mehdi
Hüseynin "Odlu qılınc" əsərini tədris
edərkən şagirdlərə
"Azərbaycanın azadlığı uğrunda
mübarizə aparmış qəhrəmanlar"
mövzusunda kiçik bir inşa yazmağı
tapşırdım. Hər kəs öz inşasını bir
tarixi qəhrəmana həsr etmişdi. Kimi "Kitabi-Dədə
Qorqud" dastanı qəhrəmanlarının igidliyindən,
kimi xalq qəhrəmanı Koroğlu
və onun dəlilərindən, kimi Babək və Cavanşirin, kimi Qaçaq Nəbi
və Qaçaq Kərəmin dağlara çəkilərək
ağır və çətin şəraitdə xalqın
azadlığı uğrunda apardığı ləyaqətli və şərəfli
mübarizəsindən söhbət açaraq onlara bənzəmək istədiklərini,
lazım gələrsə onlar kimi Vətənin azadlıq və
müstəqilliyinin qorunması yolunda canlarından keçməyə
hazır olduqlarını inamla əks etdirmişdilər.
Şagirdlər Böyük Vətən müharibəsi qəhrəmanlarından
M.Hüseynzadə, H.Əliyev, H.Aslanov kimi qəhrəmanları
da unutmamış, onların adını çəkmiş,
keçdikləri qəhrəmanlıq
yolu haqqında məlumat vermişdilər. Onlar Qarabağ
münaqişəsi, 1995-ci ildə dövlət
çevrilişinə cəhdi də xüsusilə diqqətə
çatdırmağa çalışmışdılar.
Mübariz İbrahimov, Fərid Əhmədov kimi mərd, cəsur, igid, qorxmaz vətən
oğullarının ermənilərə qarşı
mübarizədə canları bahasına yurdlarını
müdafiə etmələri bu kiçikyaşlı məktəblilərin
qəlbini böyük iftixar və
qürur hissi ilə döyündürür.
Şagirdlərdən birinin
inşası diqqətimi xüsusilə cəlb etdi. Bu
kiçik, vətənin gələcək
müdafiəçisi və əsgəri inşasını bu
sözlərlə başlamışdı: "Vətən
müqəddəsdir, Vətən pakdır, Vətən
ülvidir. Vətən sevənlərin gözü tək
safdır, aydan arı, sudan durudur. Vətən ana südü
qədər şirin, ana qucağı tək isti, ana nəfəsi
kimi doğmadır, əzizdir. Vətəni yaşadan da, onu
ucaldan da, şərəfləndirən də bizik, Vətən
övladlarıyıq". Sonra o, Azərbaycan xalqının
azadlıq və müstəqillik uğrunda mücadiləsi tarixində
şanlı səhifələr açmış el qəhrəmanı
Cavanşirdən bəhs etmiş, inşasını bu
sözlərlə davam etdirmişdi: "Mən bilirəm ki,
odlu qılınc olmur. Lakin həyatını
xalqın azadlığı uğrunda mübarizəyə həsr
etmiş bu el igidinin qılıncı düşmən
başına enəndə od-alov kimi parlayır. Bu rəmzi məna daşıyır. Cavanşir, Babək kimi qəhrəmanlarımız bu gün
də az deyil. Bunlardan biri oxuduğum məktəbin
adını daşıyan Roman Yusifovdur. Mən fəxr edirəm
ki, qəhrəmanın adını daşıyan məktəbdə
təhsil alıram".
R.Yusifov Şabran rayonunda anadan olub. Orta təhsilini
adını daşıdığı
2 nömrəli tam orta
məktəb-liseydə alıb.
Orta məktəbi bitirdikdən sonra ordu sıralarına, həqiqi
hərbi xidmətə 1992-ci ilin
ilk günlərində çağırılmışdır.
Torpaqlarımızın müdafiəsi uğrunda
erməni işğalçılarına
qarşı döyüşlərdə
boğazından ağır
yara alan döyüşçü
Naxçıvanda hospitalda
müalicə olunmuşdur.
Sədərəkdən sonra
Romanın döyüş
yolu az qala
bütün cəbhə
boyu bölgələrdən
keçmişdi: Füzuli,
Tərtər, Kəlbəcər,
Ağdam. Roman igid, cəsur, vətənini göz bəbəyi kimi sevən bir gənc idi. Onun cəsurluğu komandirlərinin
gözündən yayınmamışdı.
Roman təhsil almaq üçün qısamüddətli zabitlər
kursuna göndərildi.
Kursu müvəffəqiyyətlə
bitirən kiçik
leytenant tağım komandiri təyin edildi.
1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərdə
qiyamçılara qarşı
mübarizədə R.Yusifov
müstəqilliyimizin, dövlətçiliyimizin
qorunub saxlanması yolunda qəhrəmancasına
həlak oldu.
Bu gün R.Yusifovun
təhsil aldığı
2 nömrəli tam orta
məktəb-lisey iftixarla
onun adını daşıyır. Milli Qəhrəmanın
yaşadığı küçəyə
onun adı verilmiş, böyüyüb
boya-başa çatdığı
evin qarşısında
barelyefi vurulmuşdur.
Məktəbin önündə büstü qoyulmuşdur.
Bu, məktəbimizin və
rayonumuzun fəxri, Azərbaycanın Milli Qəhrəmanı R.Yusifovun
xatirəsinə olan hörmət və ehtiramın bariz nümunəsidir. Qəhrəmanın
xatirəsini əziz tutan məktəblilər hər il
dekabrın 28-də - doğum
günündə qəhrəmanı
yad edərək onun büstü və adına təşkil olunmuş sinif-guşədəki şəkli
önünə tər
çiçəklər qoyurlar.
Məktəbimizin şəhid qəhrəmanları təkcə
bununla bitmir. Daha dörd nəfər canını Vətən uğrunda fəda etmiş şəhid bu məktəbin məzunudur:
Rahib Mirzəyev, İbrahim Həsənov, Sabit Əmiraslanov, Elman Məmmədov. Məktəb kollektivi bu şəhidləri də yaddan çıxarmır,
xatirəsini əziz tutur, adlarına sinif-guşə təşkil
edərək stendlərdə
onların keçdiyi
həyat və döyüş yolu haqqında geniş və ətraflı məlumat vermişdir.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün
qorunmasında vətən
uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur, yaddan çıxmır. Qədirbilən xalqımız
belə qəhrəmanları
ilə fəxr edir, onları qəlbində yaşadır,
əbədi yad edir.
Kəmalə ŞEYDAYEVA,
Şabran şəhər Roman Yusifov
adına 2 nömrəli texniki fənlər
təmayüllü tam orta
məktəb-liseyin
Azərbaycan dili və
ədəbiyyat müəllimi
Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.7.