İxtisasartırma təhsili
kredit-modul sistemində
Azərbaycan
Respublikasının təhsil sistemində ixtisasartırma təhsilinin
özünəməxsus yeri var. Azərbaycan təhsilində
çalışan hər bir rəhbər və digər
pedaqoji işçilər qloballaşan dünyada baş verən
yeniliklərdən, elmi-texniki tərəqqinin nailiyyətlərindən
xəbərdar olmasa, ölkədə gedən təhsil
prosesində müasirliyi təmin edə bilməz. Ümummilli
liderimiz Heydər Əliyevin təşəbbüsü ilə
1999-cu ildə qəbul edilmiş Təhsil İslahatı
Proqramı çərçivəsində müxtəlif səpgidə
dövlət sənədləri möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilən təhsilin
inkişafı istiqamətində 17 dövlət proqramı qəbul
edilmişdir. Haqqında söhbət
açacağımız ixtisasartırma təhsili əlavə
təhsilin bir istiqamətidir. Bu təhsil istiqaməti hazırda
pedaqoji sahədə çalışan həm rəhbər
pedaqoji işçilər, həm də digər kateqoriyalardan
olan pedaqoji kadrlara olduqca vacib təhsil sahəsidir. Ənənəvi
ixtisasartırma təhsilindən fərqli olaraq yeni
texnologiyalara əsaslanan, məzmun etibarilə müasirliyi təmin
edilən, tələbyönümlülüyü ilə
seçilən, təfəkkürə əsaslanan, nəticəyönümlülüyə
stimul verən və müasir qiymətləndirmə ilə
yekunlaşan kurikulumların ixtisasartırma təhsilinə tətbiq
edilməsi dövlətimizin əlavə təhsilə olan
qayğısının nəticəsidir.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 06 sentyabr 2010-cu il tarixli 163 nömrəli qərarı
ilə "Əlavə təhsilin məzmunu, təşkili və
hər hansı istiqaməti üzrə təhsil alan şəxslərə
sənədlərin verilməsi qaydaları" təsdiq
edilmişdir. Həmin qərar Təhsil Nazirliyinin 1297 nömrəli
əmri ilə elan edilmişdir.
İxtisasartırma təhsilinin yeni
mexanizmi, kredit-modul sisteminə keçilməsi Azərbaycan
Respublikası Təhsil Nazirliyinin "İxtisasartırma təhsilinin
Kurikulum Çərçivəsi və ixtisasartırma təhsili
proqramlarının qiymətləndirilməsinə dair təlimatın
təsdiq edilməsi barədə" 18 aprel 2012-ci il tarixli
597 nömrəli əmri ilə təsdiq edilmişdir. Əmrin
əsas məzmunu məktəbəqədər, ümumi, ilk
peşə-ixtisas və məktəbdənkənar təhsil
müəssisələrinin rəhbər və pedaqoji
kadrları üçün ixtisasartırma təhsilinin
modul-kredit əsaslı yeni model üzrə həyata
keçirilməsini, ixtisasartırma təhsil sistemində rəqabət
mühitinin formalaşdırılmasını, müvafiq
ixtisasartırma təhsili proqramlarının qiymətləndirilməsi
və tətbiqi mexanizminin yaradılmasını təmin etməkdir.
Yeni ixtisasartırma təhsilinə verilən əsas tələblər
məqsədli olaraq pedaqoji işçilərin ixtisası
üzrə intellektual və peşə
hazırlığı səviyyəsinin yüksəldilməsini
və təkmilləşdirilməsini daim dəyişən və
yeniləşən əmək şəraitinə
uyğunlaşdırılmasını, ölkənin sosial,
iqtisadi, siyasi və mədəni həyatında fəal, səmərəli
iştirakını təmin etməkdir.
İxtisasartırma təhsilinin yeni
modul-kredit sisteminə keçməsində gözlənilən
nəticələr aşağıdakılardan ibarətdir:
* ümumi pedaqoji-psixoloji biliklər,
bacarıqlar və müasir düşüncə tərzi;
* ixtisaslar üzrə biliklər,
bacarıqlar və müasir təlim strategiyaları;
* ümumi mədəni səviyyəni və
yenilikləri əks etdirən biliklər, bacarıqlar və vərdişlər.
Yuxarıda qeyd olunan gözlənilən
nəticələr reallığa çevrilərsə, ixtisasartırma
təhsili alan hər bir pedaqoji işçi yeni istiqamətlər
əldə edərək real bacarıq və vərdişlər
əldə edəcəklər. Həmin istiqamətlər
aşağıdakılardır:
* əməkdaşlıq;
* biliklərlə, texnologiya və məlumatla
işləmək;
* cəmiyyətdə işləmək
kimi bilik və bacarıqlara malik olur.
İxtisasartırma təhsilində məzmun
əsas amildir. Bu təhsil istiqamətinin məzmununu təmin
etmək üçün üç modullu təlimlərin
keçirilməsi vacibdir. Hər bir
modulun vəzifəsi və öhdəliyi
var.
Qeyd etməliyik ki, ixtisasartırma təhsilinin kredit-modul
sisteminə keçməsi ilə əlaqədar tərtib olunmuş proqramlar
ixtisasartırma dövrü ərzində
(minimum hədd) 90-120 saat
təlim keçərək 15-20 kredit
ödənməlidir. İxtisasartırma təhsilində 6 saat 1 kredit təşkil edir.
Hər bir modulun
müəyyən edilmiş müddətlərə
görə proqramı tərtib edilir.
Hazırda Azərbaycan Müəllimlər İnstitutunda
modullara əsaslanaraq 300-ə qədər
proqram hazırlanır. Həmin proqramlar təlimata uyğun
olaraq Təhsil Nazirliyində akkreditasiyadan keçdikdən sonra
fəaliyyətinə razılıq veriləcəkdir. Yeri gəlmişkən qeyd
etməliyik ki, təlimatın təsdiq
edilməsi məqsədi ilə verilmiş
əmrdə həmin proqramların yoxlanılması ilə əlaqədar
komissiya yaradılmışdır.
Modulların proqramları ixtisasartıranların seçimindən
asılıdır.
I modul - peşə fəaliyyətinin
ümumi əsasları üzrə təlim:
bu modulun müddəti
30-60 saatlıq olmaqla 5-10 kredit
ödənilməlidir. I-II-III modullarda
saatların və ödəniləcək kreditlərin
miqdarı proqramlardan asılıdır. I
modul üzrə hazırlanmış proqramlar üzrə dinləyicilər təlim
zamanı təxmini olaraq tələblər
əsasında ümumi məqsədlər,
peşə fəaliyyətinin ümumi əsasları,
təhsilin idarə edilməsi, pedaqogika, psixologiya, metodologiyalar
öyrənəcək. Həmin proqramların tələbləri
nəticəsində gözlənilən nəticələr əldə
ediləcəkdir. I modulda gözlənilən
nəticələr aşağıdakılardır:
*
peşə fəaliyyətinin ümumi əsaslarını
şərh edir;
* təhsilin
fəlsəfi, elmi-metodoloji, sosial-iqtisadi, hüquqi, təcrübi
və s. əsaslarını şərh edir;
* ümumi pedaqogika, psixologiya və sosiologiyanın məzmununda və
metodologiyasında edilən yenilikləri izah
edir və şərh edir;
*
onları öz peşə fəaliyyətində
tətbiq edə bildiyini nümayiş
etdirir.
II modul - ixtisas
sahələri üzrə təlim: bu modulun müddəti kateqoriyalardan
asılıdır. Məsələn: məktəbəqədər
təhsil müəssisələrinin rəhbərləri,
ümumtəhsil məktəblərinin rəhbərləri və
s. 30 saat - 5 kredit, ilk peşə-ixtisas
məktəblərinin müəllimləri 60 saat
- 10 kredit ödəməlidir. Bu modulda rəhbər və
pedaqoji kadrların ixtisasları üzrə
təmin didaktikası və metodologiyası, təmin məzmununda
və tədrisi metodikasında edilən yeniliklər,
kurikulumların tətbiqi, pedaqoji
texnologiyaları öyrənərək yeni
bilik və bacarıqlar əldə edəcəklər.
Həmin modulda gözlənilən nəticələr
aşağıdakılardır:
* kurikulum islahatının əhəmiyyətini
əsaslandırır;
* müvafiq kurikulumların strukturunu,
məzmunu və səciyyəvi xüsusiyyətlərini şərh
edir;
* müvafiq kurikulumların tətbiqi üzrə
zəruri bilik və bacarıqlar əldə
etdiyini, peşə vərdişlərinə
malik olduğunu nümayiş etdirir;
* ixtisas üzrə fənn didaktikasını və
metodologiyasını izah və şərh
edir;
* fənnin
tədrisində İKT-dən istifadə üzrə yeni bilik və
bacarıqlara, peşə vərdişlərinə və müasir dünyagörüşünə malik olduğunu nümayiş etdirir.
III modul bütün
kateqoriyalar üzrə 30 saat
- 5 kredit ödəməklə yekunlaşacaq. Modulda
peşə fəaliyyəti üzrə innovativ
nəzəriyyələrə, üsullara
və təcrübəyə, təlim və tədris üzrə
yeni texnologiyalara (fəal
təlim, tənqidi təfəkkür, birgə təlim və
s.) İKT-nin tədrisə
tətbiqi, təhsil işçilərinin fərdi maraq dairələri və əsas fəaliyyət
sahələri ilə əlaqədar olan yeni bilik və
bacarıqlar əldə edəcəklər. Bu
mərhələdə gözlənilən nəticələr
aşağıdakılardan ibarətdir:
*
peşə fəaliyyəti üzrə yeni
texnologiyalardan, innovativ
nəzəriyyələrdən, üsullardan
və qabaqcıl təcrübədən istifadənin əhəmiyyətini
şərh edir;
* öz peşə fəaliyyətində yeni texnologiyalardan, innovasiyalardan və qabaqcıl təcrübədən
istifadə etmək üçün
bacarıq və vərdişlərə, müasir
dünyagörüşünə malik olduğunu nümayiş etdirir;
* fərdi
maraqlarının, tələbat və ehtiyaclarının təmin
olunduğunu nümayiş
etdirir.
Bu modulun
nəticələrinə görə dinləyicilərə sertifikatlar verilir. Sertifikat almış dinləyicilər növbəti
ixtisasartırma təhsilinə 5 ildən sonra
cəlb olunur. Yeri gəlmişkən
qeyd etməliyik ki, tərtib
olunmuş proqramlar akkreditasiyadan keçdikdən sonra
4 il müddətinə qəbul olunur. Əlavə təhsil müəssisələri
hər 4 ildən bir proqramların yeniləşməsini
təmin etməlidirlər.
İxtisasartırma
təhsilində monitorinqin keçirilməsi və qiymətləndirilməsi
yenilikdir. Monitorinqlər daxili (əlavə təhsil müəssisəsi
keçirir) və xarici
(Təhsil Nazirliyi tərəfindən) olmaqla diaqnostik, formativ və summativ qiymətləndirmələr
aparılır. Summativ qiymətləndirmədən
sonra yekun olaraq sertifikatlar verilir. Sertifikatların dərəcəsi və
toplanan kreditlər müvafiq
stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi zamanı nəzərə alınır.
Bütün yuxarıda qeyd olunanlar Azərbaycan
Müəllimlər İnstitutunda təxirəsalınmaz
tədbirlər əsasında həyata keçirilir.
Azərbaycan
Respublikası Təhsil Nazirliyinin
"İxtisasartırma təhsilinin Kurikulum
Çərçivəsi və ixtisasartırma təhsili
proqramlarının qiymətləndirilməsinə dair təlimatın təsdiq edilməsi barədə"
əmri institutun rektoru,
professor, Milli Məclisin
deputatı A.Naxçıvanlının təşəbbüsü
ilə institutda geniş
müzakirə edilir və proqramların hazırlanması,
ixtisasartırma təhsilində monitorinqlərin keçirilməsi,
qiymətləndirilməsi və sertifikatların verilməsi
ilə əlaqədar geniş müzakirələr
keçirilir. Hazırda ixtisasartırma təhsilinin
kredit-modul sisteminə keçməsi ilə
bağlı müasir proqramlar
hazırlanır. Bunun üçün
müvafiq kafedra və
şöbələrə tapşırıqlar verilmişdir.
İxtisasartırma
təhsilinin keyfiyyətinin yüksəldilməsi və
müasirləşdirilməsi üçün
institutumuzda beynəlxalq təcrübədən
geniş istifadə olunur.
Artıq 7 ildən çoxdur ki, institut rəhbərliyi
Rusiya, Türkiyə, İngiltərə, Almaniya, Avstraliya, Fransa, Ukrayna, Gürcüstan, Belarus,
Qazaxıstan və digər ölkələrlə təcrübə
mübadiləsi aparır.
İxtisasartırma
təhsilində beynəlxalq təcrübəyə əsaslanan
mövcud yanaşmalar
vardır. Yüksək
ixtisas dərəcəsi əldə etmək,
ömür boyu
öyrənmək, fəallıq və təcrübə
mübadiləsi aparmaq və tərəfdaşlıq
etmək yenilik
olaraq ixtisasartırma təhsilinə dəstək
verir və onun
aktuallığını artırır.
İnstitutumuzun rəhbərliyi belə qənaətə
gəlir ki, təhsil kurikulumlarının
hazırlanması ağır bir prosesdir. Ona cəmiyyətin
bütün zümrələrindən olan insanlar (mütəxəssislər,
müəllimlər, valideynlər, şagirdlər və b.) cəlb edilirlər. Dünyada
kurikulumların yaradılması işi ilə
xüsusi qurumlar məşğul
olur. Həmin qurumlar öz ətrafına fəal qüvvələri
toplayaraq cəmiyyətin tələbatlarına
uyğun məzmun və texnologiyalar sistemi
hazırlayırlar. Azərbaycan Müəllimlər İnstitutu həmin qurumlardan
biridir. Respublikanın müxtəlif regionlarından
ixtisasartırma təhsilinə cəlb olunan
hər bir pedaqoji işçi ilə yeni təlim
texnologiyaları, xüsusən kurikulumların tətbiqi sahəsində
məqsədyönlü iş aparır.
Belə ki, hər tədris ili ərzində ümumtəhsil məktəblərinin
4 min nəfərədək müəllimi
kurikulumların tətbiqi ilə əlaqədar 24 günlük treninqlərdə iştirak
edib sertifikat alır. Hazırkı dövrü əvvəlki
illərlə müqayisə edəndə kurikulumların tətbiqində
qazanılan müvəffəqiyyətlər kifayət qədər
uğurludur. Ənənəvi
ixtisasartırma təhsilinin yeni modeldə
olması həmin uğurları xeyli
artıracaq. İnstitutumuzda əvvəllər
müasir təlim texnologiyaları əsasında
dərs aparan müəllimlərin
sayı kifayət qədər deyildisə, indi
institutumuzda belə təlim keçən
müəllim və metodistlərin sayı xeyli
artıb. İxtisasartırma təhsilinin maddi-texniki
bazası möhkəmləndirilib. İndi
institutda 12 auditoriya, 2
akt zalı, 6 treninq
otağı, 5 kompüter mərkəzi, elektron lövhə ilə təchiz edilmiş 7 otaq
ixtisasartırma təhsilinə cəlb olunan
pedaqoji işçilərin ixtiyarına verilib. Məqsədimiz Azərbaycan təhsilində
tətbiq olunan yenilikləri,
tendensiyaları və təhsilin müasirləşdirilməsi
istiqamətində görülən işlərin davamlı
olmasını təmin etməkdir.
Rahim
ƏZİZOV,
Azərbaycan Müəllimlər
İnstitutunun
əlavə təhsil üzrə prorektoru
Azərbaycan
müəllimi.- 2012.- 11 may.- S.7.