Ümumtəhsil məktəblərində
ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin
daha dərindən öyrədilməsi tədbirləri
haqqında
Azərbaycan
Respublikası təhsil nazirinin əmri
Ulu öndər Heydər Əliyev XX əsr
tarixində Azərbaycanın inkişafı yolunda ən
böyük xidmətlər göstərmiş dahi şəxsiyyətdir.
Onun ömür yolu Vətənə, doğma xalqa və millətə
sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir.
Azərbaycanın
iftixarı, qüdrətli dövlət xadimi
və yenilməz siyasətçi Heydər Əliyev özünün möhtəşəm fəaliyyəti
ilə dünya azərbaycanlılarının
ümummilli lideri səviyyəsinə
yüksəlmiş, Azərbaycan xalqının
yaddaşında və qəlbində şöhrəti və nüfuzu
sərhəd tanımayan polad iradəli rəhbər
olaraq qalmışdır.
Əbədiyaşarlıq
zirvəsinə ucalmış ümummilli liderimiz Heydər Əliyev nəsillərə
nümunə bir şəxsiyyətdir. Onun mübarizə və qələbələrlə
zəngin fəaliyyəti bu günün və gələcəyin
insanları, xüsusən də gənclər üçün
əsl tərbiyə məktəbidir. Ulu öndərin ölkə
vətəndaşlarına qiymətli əmanəti hesab edilən əvəzolunmaz irsi-xarici
və daxili siyasət quruculuğuna,
iqtisadiyyatın, elmin, təhsil və mədəniyyətin
inkişafına, dövlətçilik ənənələrinin
qorunub saxlanmasına və möhkəmləndirilməsinə,
dövlətin idarə olunması texnologiyalarına,
cəmiyyətdə insan amilinin
və mənəvi ucalığın, Vətən təəssübünun
prioritet dəyərlər kimi
qiymətləndirilməsinə həsr edilmiş
proqram istiqamətli nitq
və çıxışları, müsahibələri XXI əsr
Azərbaycan vətəndaşının yetkin şəxsiyyət
olaraq formalaşması üçün
daim öyrənməli zəngin xəzinədir.
Dahi rəhbərin dünyanın nüfuzlu dövlət
başçıları, siyasi xadimləri
ilə keçirdiyi görüşlərdə
nümayiş etdirdiyi
taktiki ustalıq, dialoq
mədəniyyəti və müsahibini öz təsir dairəsində saxlamaq
istedadı isə gələcək siyasətçilər üçün ibrətamiz ustad
dərsləridir.
Azərbaycana
rəhbərlik etdiyi dövrlərdə,
eləcə də Sovetlər Birliyində ali
dövlət vəzifəsi daşıdığı illərdə
ulu öndərin genişmiqyaslı gərgin
fəaliyyətinə həsr edilmiş xeyli sayda sənədli
filmlər, xronikalar çəkilmişdir.
Xüsusilə, ölkəmiz müstəqillik
qazandıqdan sonra ayrı-ayrı telekanallar, habelə tanınmış kino xadimləri bu vacib məsələyə daha
ciddi diqqət yetirməyə
başlamış, nəticədə ümummilli
liderimizin möhtəşəm fəaliyyəti
ilə bağlı vətəndaşlarımıza
indiyədək məlum olmayan tarixi məqamları əks etdirən
qiymətli sənədli filmlər yaranmışdır. Belə
filmlərin ərsəyə gətirilib ictimaiyyətə təqdim
olunmasında görkəmli kinorejissor Vaqif Mustafayevin əməyi
xüsusilə təqdirəlayiqdir.
Birmənalı
qeyd edilməlidir ki, bu filmlər mühüm tarixi əhəmiyyətə malikdir
və ümumtəhsil məktəb şagirdlərinin ulu öndərin mənalı ömür
yolu ilə, təkcə Azərbaycanda deyil, eləcə də keçmiş
Sovetlər Birliyi hüdudlarında
göstərdiyi böyük xidmətlərlə
əyani olaraq yaxından tanış
olmalarında önəmli rol oynaya bilər.
Bununla belə, o
da nəzərə alınmalıdır ki, həmin filmlər televiziya
kanallarında daha çox
müəyyən olunmuş əlamətdar
günlərdə nümayiş
etdirildiyindən şagirdlərin bir qismi bu və ya digər səbəblərdən onlara baxmaq imkanı əldə
etmir, izləyənlər isə uşaq
təfəkkürləri ilə bu filmlərin
əsl mahiyyətini dərk etməkdə müəyyən
çətinlik çəkirlər.
Yerli təhsil orqanları və
ümumtəhsil məktəblərindən daxil
olan təkliflərdə də xüsusi vurğulanır ki,
əslində həmin filmlər geniş
ictimaiyyət üçün nəzərdə
tutulsa da, bilavasitə
məktəblərdə şagirdlərin vətəndaş tərbiyəsində
ciddi əhəmiyyətə malik tədris resursu statusunda
istifadə olunmalı, fənlərin tədrisi prosesində ulu öndərin elmi-nəzəri irsinin öyrədilməsi
ilə yanaşı, bu filmlər sistemli şəkildə nümayiş
etdirilməklə əyani təbliğat və təşviqat
rolu oynamalıdır.
Qeyd olunanları nəzərə
alaraq
ƏMR EDİRƏM:
1. Naxçıvan MR Təhsil
Nazirliyi, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil
İdarəsi, rayon (şəhər) təhsil
şöbələri:
1.1. Müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi və siyasətçi Heydər Əliyevin
nəsillərə nümunə olan mənalı
ömür yolu, həyat
və fəaliyyəti, zəngin yazılı irsi
ilə uşaq və gəncləri sistemli şəkildə daha
yaxından tanış etmək məqsədi ilə
aşağıdakı məsələlərin də əhatə
olunduğu Fəaliyyət planı
hazırlayıb icrasına müntəzəm nəzarəti həyata
keçirsinlər:
1.1.1. Hər
il mayın 10-da ümumtəhsil məktəblərində
ilk dərslərin ulu
öndər Heydər Əliyevin həyat və fəaliyyətinə
həsr olunması.
1.1.2. Bütün ümumi orta və tam orta ümumtəhsil məktəblərində,
lisey və gimnaziyalarda
tədris ili ərzində daimi
fəaliyyət göstərən "Heydər Əliyev
lektoriyası"nın yaradılması.
1.1.3.
Ümumtəhsil məktəblərində tanınmış alim və mütəxəssislərin
iştirakı ilə ulu öndər Heydər
Əliyevin Azərbaycan dili, ədəbiyyatı
və tarixi, iqtisadiyyat,
mədəniyyət və incəsənət, milli-mənəvi
dəyərlər barədə irəli sürdüyü
müddəaların
izahı və şərhinə həsr olunmuş
tədbirlərin təşkili.
1.1.4. Məktəb
kitabxanalarında ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət
ayrıca bölmənin yaradılması və bu kitabların məzmunu ilə şagirdlərin
tanış olmalarının təmin olunması.
1.1.5.
Görkəmli şəxsiyyətlərin ulu
öndər Heydər Əliyev haqqında fikirlərinin
şagirdlərə çatdırılması.
1.1.6.
Şagirdlər arasında "Dahi rəhbər
Heydər Əliyev haqqında bildiklərim" mövzusunda təqdimat
müsabiqəsinin keçirilməsi.
1.1.7.
Şagirdləri maraqlandıran digər tədbirlərin təşkili.
2. Görkəmli kinorejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr edilmiş sənədli filmlərinin xüsusi əhəmiyyətli tədris resursu və tərbiyə vasitəsi olaraq ümumtəhsil məktəblərində
sistemli şəkildə nümayişi
məqsədəmüvafiq hesab edilsin və nazirliyin
aparatı (İ.Pirməmmədov) aidiyyəti şöbələrlə
birlikdə bu işin
təşkili üzrə təkliflər hazırlayıb 1 həftə
müddətinə rəhbərliyə təqdim etsinlər.
3. Təhsil
Problemləri İnstitutu (A.Mehrabov)
1 ay müddətinə ulu
öndər Heydər Əliyevin irsindən tədris prosesində
istifadə məsələlərini əhatə edən
nümunəvi tövsiyələr hazırlayıb yerli təhsil orqanlarına
çatdırılmasını təmin etsin.
4. İctimaiyyətlə əlaqə
şöbəsi (B.Hüseynzadə) bu əmrin
"Azərbaycan müəllimi" qəzetində və
"Təhsil xəbərləri" məcmuəsində dərc
olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarəti
öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
10 may
2012-ci il
Azərbaycan
müəllimi.- 2012.- 11 may.- S.3.