"Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və əbədi rəmzidir"

 

"Gülüstan" sarayında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi

 

Mayın 7-də "Gülüstan" sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəbləri və peşə liseylərinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi oldu.

Mərasimdən əvvəl tədbir iştirakçıları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstəsi qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olundu.

Dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, təhsil ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbiri təhsil naziri Misir Mərdanov açaraq müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün ölkəmizin hər yerində - bütün idarə və təşkilatlarda, dövlət qurumlarında, təhsil müəssisələrində, eləcə də dünyanın bir çox ölkələrində geniş qeyd olunduğunu bildirdi. Nazir söylədi ki, ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz rolu və müstəsna xidmətləri nəzərə alınaraq, təhsil sahəsində bu tarixi günü yüksək səviyyədə qeyd etmək üçün cari ilin əvvəlindən başlayaraq Təhsil Nazirliyi tərəfindən müvafiq fəaliyyət planı hazırlanıb və ardıcıl olaraq həyata keçirilməkdədir. Gerçəkləşdirilən kompleks işlərdən biri də  Təhsil Nazirliyinin "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təhsil müəssisələrində keçiriləcək tədbirlər haqqında" 17 yanvar 2012-ci il tarixli, 59 nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərinin VII-XI sinif, eləcə də peşə liseylərinin şagirdləri arasında dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyatına və zəngin dövlətçilik fəaliyyətinə həsr edilən inşa yazı müsabiqəsidir. İnşa yazı müsabiqəsinin 2007-ci ildən etibarən  keçirilməyə başlandığını söyləyən nazir Misir Mərdanov tədbirə məktəblilərin böyük maraq göstərdiyini və ildən-ilə burada iştirak etmək istəyənlərin sayının artdığını bildirdi.

Mərasim iştirakçılarına müsabiqə haqqında ətraflı məlumat verən təhsil naziri qeyd etdi ki, "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və əbədi rəmzidir" nominasiyası üzrə ümumtəhsil və peşə liseylərinin 700 minədək şagirdinin qatıldığı bu nüfuzlu bilik yarışı 3 mərhələdə (məktəb, rayon (şəhər), respublika) təşkil olunub. Sonuncu respublika mərhələsinə vəsiqə qazanmış 112 məktəblinin adıçəkilən nominasiya üzrə yekun müsabiqəsi aprelin 17-də Bakıda - akademik Zərifə Əliyeva adına liseydə keçirilib.Təhsil Nazirliyinin xüsusi əmri ilə yaradılmış ekspert qrupu tərəfindən respublika mərhələsində iştirak edən 112 şagirdin inşa yazı işləri qiymətləndirilib. Həmin məktəblilərdən 26-sı qalib elan olunmuş, onlardan 5-i I yerə, 8-i II yerə, 13-ü III yerə, 54 nəfəri isə Təhsil Nazirliyinin Fəxri fərmanına layiq görülmüşdür. Nazir bir yeniliyi də diqqətə çatdıraraq    söylədi ki, bu il keçirilən müsabiqəyə ilk dəfə olaraq Rusiya Federasiyasının Həştərxan şəhərində yaşayan məktəblilər də qatılıb. Bunu yüksək qiymətləndirən təhsil naziri gələcəkdə inşa yazı müsabiqəsində digər ölkələrdən də iştirak etmək istəyənlərin sayının artacağına, onun coğrafiyasının daha da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Nazir Misir Mərdanov müsabiqənin respublika mərhələsində iştirak edən VII-XI sinif, eləcə də peşə liseylərinin şagirdlərinin ümummilli lider Heydər Əliyevin şərəfli ömür yoluna, parlaq siyasi və zəngin dövlətçilik fəaliyyətinə həsr olunan inşa yazılarının artıq ənənəyə çevrilmiş "Heydər Əliyev məktəblilərin gözü ilə" adı altında ayrıca kitab şəklində nəşr olunub qaliblərə və onların təhsil aldıqları məktəblərə hədiyyə verilməsinin qərara alındığını söylədi. Qeyd olundu ki, Naxçıvan Muxtar Respublikasında "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və əbədi rəmzidir" nominasiyası üzrə keçirilmiş müsabiqənin 6 nəfər qalibinin və Rusiya Federasiyasının Həştərxan şəhərində yaşayan məktəblilər arasında təşkil olunmuş müsabiqənin 3 nəfər qalibinin inşa yazıları da adıçəkilən kitaba daxil edilib.

Nazir artıq  6-cı ildir ki, Azərbaycanın təhsil ictimaiyyətinə təqdim olunan "Heydər Əliyev məktəblilərin gözü ilə" kitabında toplanan inşa yazılarında məktəblilərimizin böyük tarixi şəxsiyyət, çağdaş Azərbaycan dövlətinin rəmzinə çevrilmiş ulu öndər haqqında öz fikir və düşüncələrini yeniyetmə təbiətinə xas olan ülvi hisslərlə, sonsuz ehtiram duyğuları ilə ifadə etdiklərini söylədi. İnşa yazılarının hamısında Heydər Əliyev fenomeninə, Heydər Əliyev şəxsiyyətinə hörmət və tükənməz məhəbbətin onda xoş təəssürat oyatdığını qeyd etdi.

Çıxışının sonunda təhsil naziri bütün təşkilatçılara, müsabiqənin keçirilməsində əməyi olanlara təşəkkürünü bildirdi. Nazir Misir Mərdanov müsabiqənin qaliblərini, onların valideynlərini və təhsil aldıqları məktəblərin kollektivlərini təbrik etdi.

Tədbir iştirakçıları tərəfindən ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra dahi şəxsiyyətin Azərbaycan təhsilinə, məktəbinə, müəlliminə və uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edən film nümayiş olundu.

Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov keçirilən bu müsabiqənin artıq bir ənənəyə çevrildiyini deyərək onun  əhəmiyyətinə toxundu. Qeyd olundu ki, müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevin zəngin irsinin, ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsi onlarda dövlətçilik təfəkkürünün və baxışlarının formalaşmasına müsbət təsir göstərir. Natiq bildirdi ki, ümummilli liderin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilən inşa yazı müsabiqəsi kütləviliyi və ictimai əhəmiyyəti ilə də seçilir. Onun sözlərinə görə, müsabiqədə iştirak edən şagirdlər Heydər Əliyev siyasətinə və ideyalarına tərəfdar olduqlarını və onu dəstəklədiklərini göstərirlər.Ulu öndərin çoxşaxəli fəaliyyətini öyrənməklə gənclərdə  vətənpərvərlik hissi daha da güclənir, onlar vətəndaş kimi formalaşırlar, azərbaycançılıq məfkurəsini mənimsəyirlər.

YAP sədrinin müavini ötən illərdə olduğu kimi, bu il də I, II, III yeri tutan qaliblərin hər birinə gələcəkdə arzu etdikləri hansı ali məktəblərə qəbul olunmasından asılı olmayaraq Yeni Azərbaycan Partiyası tərəfindən hər ay  təqaüdlərin verilməsinin nəzərdə tutulduğunu dedi. O da qeyd olundu ki, bu günə qədər belə xüsusi təqaüd alan tələbələrin sayı 22 nəfərdir. Əli Əhmədov sonda bütün qaliblərə uğurlar arzuladı.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bu müsabiqədə iştirak edənlərin sayının ildən-ilə çoxaldığını, inşa yazılarında ölməz şəxsiyyətə məktəblilərin sevgi və ehtiramın dolğun şəkildə əksini tapdığını söylədi. Qeyd olundu ki, ulu öndər Azərbaycan təhsilinə, müəllimlərə, uşaqlara və gənclərə hər zaman qayğı ilə yanaşıb və bu hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən də diqqətdə saxlanılır.

Hazırda gənclər siyasətinin dövlətimizin prioritet istiqamətlərindən biri olduğunu qeyd edən millət vəkili bizim çoxlu sayda gənclərimizin dünyanın bir sıra inkişaf etmiş ölkələrinin aparıcı ali məktəblərində müvəffəqiyyətlə təhsil aldıqlarını dedi, dövlətimizin başçısı tərəfindən onların təhsil almaları üçün hər cür imkan və şəraitin yaradılmasını yüksək dəyərləndirdi. O, Azərbaycanda yüksək intellektə və istedada malik gənclərin çoxluq təşkil etməsindən məmnunluğunu ifadə edərək müsabiqə qaliblərinə nailiyyətlər arzuladı və onların pulla mükafatlandırılacaqlarını bildirdi.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ulu öndərin hər zaman müəllimlərə yüksək həssaslıqla yanaşdığını, bu şərəfli peşə sahiblərinə xüsusi önəm verdiyini dedi. Nazir son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılmasının ölkəmizdə aparılan islahatların əsas və vacib istiqamətlərindən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Ölkəmizin İKT sektorunun inkişaf etdirilməsi üzrə regionda artıq lider bir dövlətə çevrilməsinin sevindirici hal olduğunu bildirən natiq təhsildə İKT-nin  tətbiqinin yüksək səviyyədə həyata keçirildiyini söylədi. Rəhbərlik etdiyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Təhsil Nazirliyi arasında qurulmuş əməkdaşlığın uğurlu nəticələrindən ətraflı bəhs edən Əli Abbasov bunun davamlı olacağına əmin olduğunu dedi. Çıxışında keçirilən müsabiqənin ulu öndərin həyat və fəaliyyətinin məktəblilər tərəfindən öyrənilməsi baxımından mühüm bir tədbir olduğunu xüsusi vurğulayan nazir sonda bütün qalibləri təbrik etdi.

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev Fondun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təbriklərini və xoş arzularını mərasim iştirakçılarına çatdırdı. İlqar Mustafayev əbədiyaşar liderin adını daşıyan Fondun yarandığı gündən etibarən təhsilimizə xüsusi diqqət göstərdiyini deyərək Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən danışdı. Heydər Əliyev Fondunun nümayəndəsi bir xoş xəbəri tədbir iştirakçılarına çatdıraraq bildirdi ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın qərarına əsasən bu bilik, intellekt yarışının qalibləri ölkəmizdə keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin final mərhələsinə dəvət olunacaqlar.

Rusiya Federasiyasının Həştərxan şəhərindəki ulu öndərin adını daşıyan 11 nömrəli məktəbin direktor müavini Tatyana Klenkova belə bir nüfuzlu müsabiqədə məktəbin şagirdlərinin iştirak etməsindən sevinc hissi keçirdiklərini dedi. Bildirdi ki, təmsil etdiyi məktəbin binası ötən il Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə beynəlxalq standartlar səviyyəsində yenidən qurulub. Tatyana Klenkova məktəbdə şagirdlərin təhsil almaları və müəllimlərin fəaliyyət göstərmələri üçün hər cür imkan və şəraitin yaradıldığını deyərək bunun üçün ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi. Şagirdlərin dahi şəxsiyyətin adını daşıyan məktəbdə təhsil almaqdan, müəllimlərin bu təhsil müəssisəsində işləməkdən qürur duyduqlarını, iftixar hissi keçirdiklərini söyləyən rusiyalı qonaq hər zaman ulu öndərin adına layiq olmağa, onlara göstərilən yüksək etimadı doğrultmağa çalışacaqlarını dedi  ölkəmizlə əməkdaşlığın bundan sonra daha sıx və geniş olmasını arzu etdi.

Sonra müsabiqənin nəticələrinə əsasən Fəxri fərmana layiq görülən 54 nəfər səhnəyə dəvət olundu. I, II, III yerlərin qaliblərinin adları açıqlandı. Diplomlara layiq görülən I, II, III yerlərin sahiblərinə noutbuklar, Fəxri fərmanla təltif edilən şagirdlərə isə  xatirə hədiyyələri təqdim olundu. İlk dəfə inşa yazı müsabiqəsində iştirak edən Rusiya Federasiyasının Həştərxan şəhərinin 3 məktəblisi də xüsusi hədiyyə ilə mükafatlandırıldı.

Mərasimi təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq qaliblərə ən xoş istəklərini bildirdi, onlara uğurlar arzuladı.

 

 

Samirə KƏRİMOVA

 

Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.2.