Peterburqda oxumuş tələbələrimiz
(Sankt-Peterburq
Mərkəzi Tarix Arxivinin
materialları əsasında)
9. İsrafilov
Əbumüslüm Cəbrayıl bəy oğlu
(15.4.1885, Dərbənd
şəhəri -?)
(SPb. MTA, f.14, s.3, iş
59691, 1911-ci il)
Doğum şəhadətnaməsi
Anamız Azərbaycanın 5 min ildən
artıq yaşı olan ən qədim
şəhərlərindən biri Dərbəndin yetirmələri də Piter ali
məktəblərində ən
müxtəlif ixtisaslara
yiyələnərək vətənə
qayıdır, xalqını
maarifləndirməyə, ona
fayda verməyə çalışırdılar. Sankt-Peterburq Mərkəzi Tarix Arxivində araşdırdığımız növbəti iş həmin dərbəndli balalarından birinindir. Kimliyini öyrənməkçün öncə
doğum şəhadətnaməsini
gözdən keçirirəm.
Oxuyuram: bu sənəd 1 fevral 1897-ci ildə Dərbənd ruhani məhkəməsindən
Dərbənd sakini Əbumüslüm bəy’ə
o haqda verilib ki, o, kollej asessoru
Mirzə Cəbrayıl
bəy İsrafilov’un qanuni arvadı Sona xanım Göbək qızı’ndan
15 aprel 1888-ci ildə doğulmuş qanuni oğludur. Şəhadətnaməni Dərbənd ruhani
məhkəməsinin qazısı
Hacı Molla Məhəmmədsadıq Pişnamaz
təsdiqləyib.
Tarixi gerçəkliyi düzgün göstərməkçün
burada əksini tapmış bir məqama münasibət bildirməyə borcluyam.
Kollej asessoru mülki çini çar Rusiyasında dərəcələr
haqqındakı cədvəldə
VIII dərəcəli məmurlara
verilirdi və o, hərbidəki mayor rütbəsinə
bərabərdi. Bu çini alanlara şəxsi zadəganlıq
(bəylik) adı və imtiyazları verilir, ancaq bu imtiyazlar onun
övladlarına keçmirdi.
Buna görə də Əbumüslümün
rəsmi sənəddə
"bəy" adlandırılması
hüquqi baxımdan doğru deyildi - bu adı yalnız
onun atası daşıya bilərdi.
Teymurxanşura məktəbinin yetirməsi
Dərbənddə yaşayanların çoxu orta təhsilini əsasən ya Bakıda, ya da Teymurxanşura’da
(bu Türk şəhərinin adını
1922-dən Buynaksk ediblər)
alırdı. Əbumüslüm İsrafilov da
Teymurxanşuranı seçənlərdəndi.
Onun arxivdəki şəxsi işində Teymurxanşura
real məktəbini bitirməsi
haqqında iki şəhadətnamə var.
24 iyun 1909 tarixli şəhadətnamədə
bildirilir ki, Əbumüslüm İsrafilov
Teymurxanşura real məktəbində
1 sentyabr 1897-ci ildən
9 iyun 1904-cü ilədək
oxuyaraq 6 sinfin tam kursunu bitirib və onun attestatının
əsli həmin məktəbin dəftərxanasında
saxlanılır. 9 iyun 1905 tarixli şəhadətnamədə isə
Ə.İsrafilovun adıkeçən
məktəbdə əlavə
- 7-ci sinfi bitirdiyi də qeyd olunub.
Şərqşünas olmaq istəyi
Artıq real məktəbi başa vurmuş Ə.İsrafilov 24 sentyabr
1905-ci ildə Xalq Təhsili Nazirliyinə yazdığı ərizədə
SPb. İmperator Universiteti şərqşünaslıq fakültəsinin ərəb-fars-Türk-tatar bölməsinə
qəbul olunmasını
xahiş edir, çünki bu dillərin hamısıyla
tanışdır və
bir neçə Dağıstan ləhcəsini
də bilir.
Bu ərizədən az sonra o, həmin fakültəyə
sərbəst dinləyici
kimi götürülüb.
Sərbəst dinləyicidən pektora ərizələr
Əbumüslüm İsrafilovun 7 sentyabr 1906-da SPb. Universitetinin rektoruna yazdığı ərizədə
1905-də real məktəbi qurtardıqdan sonra sərbəst dinləyici kimi qəbul edilərək mühazirələri
dinlədiyi şərqşünaslıq
fakültəsində yenidən
oxumağa ona icazə verilməsini xahiş edib.
Deməli, bu müddətdə
onun oxumasında fasilə yaranıbmış.
16 sentyabr 1909-da rektora ünvanladığı
ikinci diləkçəsində
4 semestr oxuduğunu, ancaq yalnız 1-ci semestrin pulunu ödədiyini bildirir,
5-ci semestrə keçmək
istədiyini deyərək
3 semestr üçün
yalnız universitetin pulunu keçirməsinə,
müəllimlərin qonorarını
isə təhsil ili boyunca ödəməsinə
icazə verilməsini
xahiş edir. Rektora 10 avqust 1910-da yazdığı
üçüncü ərizədən
aydınlaşır ki,
ona bu icazə
verilməyib. Oradan bilinir
ki, o, şərqşünaslıq
fakültəsində 4 semestr
sərbəst dinləyici
olub və özündən asılı
olmayan səbəblər
üzündən (təhsilhaqqını
ödəyə bilmədiyinə
görə) təhsilini
yarımçıq qoymalı
olub; indi isə oxumağa imkanı var və hüquq fakültəsinə keçirilməsini
xahiş edir (əlbəttə, yenə
sərbəst dinləyici
kimi). Xatırladım
ki, onun gerçək tələbə
olmasına əngəl
törədən həlledici
amil latın
dilindən imtahan verməməsiydi.
Latın dilindən imtahan
Rusiya ali məktəblərinin
tələbəsi olmaq
üçün 7 sinfi
bitirmək yetərli deyildi - əlavə bir il də
oxumaq və hökmən latın dilindən imtahan vermək də gərəkdi, çünki
dərsliklərin və
elmi əsərlərin
xeyli hissəsi bu dildəydi. 17 yanvar 1911 tarixli şəhadətnamədən görünür
ki, kollej asessorunun oğlu, 15 aprel 1888 doğumlu, müsəlman Əbumüslüm
İsrafilov S.-Peterburq
Təhsil Dairəsindəki
Sınaq Komitəsində
kişi gimnaziyasının
səkkiz sinfi həcmində imtahan verərək kafi qiymətlər alıb. Başqa sözlə, o, latın dilindən
də imtahan verib.
Sərbəst dinləyicilikdən tələbəliyə
Əbumüslüm İsrafilov SPb. İmperator Universitetinin rektoruna yeni ərizə yazaraq özünü hüquq fakültəsinin
tələbələri sırasında
görmək istədiyini
bildirib. İş burasındadır ki, o, indiyədək universitetdə
yalnız sərbəst
dinləyiciydi. Latın dilindən
imtahan verməsisə
artıq tələbəlik
qapılarını onun
üzünə açırdı.
12 noyabr 1911-də onun arzusu çin
oldu - gerçək tələbələr sırasına
qəbul edildi və 25 manat təhsilhaqqı da ödədi.
Təhsilhaqqını tam ödəyib
Universitetdən verilmiş bir arayış Ə.İsrafilovun təhsilhaqqını
ödəməsiylə bağlıdır.
31 may 1914 tarixli həmin
bəlgədə tələbə
Əbumüslüm İsrafilovun
1906-cı ilin payızından
1914-cü ilin yazınadək
olan müddət üçün universitetə
təhsilhaqqını keçirdiyi
təsdiqlənir.
Buraxılış şəhadətnaməsi
26 iyun 1914-də verilmiş, diplomu əvəz edən buraxılış şəhadətnaməsində
qeyd olunub ki, Ə.İsrafilov SPb. Universitetinin hüquq fakültəsində
8 yarımilin (deməli,
4 ilin) proqramını
yerinə yetirib.
Təhsili bu səviyyədə
başa vurmaq ona Rusiyanın dövlət idarə və müəssisələrində
işləmək hüququ
verdiyinə görə
bu sənəd onu tam təmin edirdi.
Boyəhmədli kəndinin sakini
İsrafilovun şəxsi işindəki ən maraqlı bəlgələrdən
biri SPb. Universiteti dəftərxanasından
1 iyul 1914-cü ildə
verilmiş 9461 saylı
məktubdur. Həmin sənəddən aydın
olur ki, keçmiş tələbə
Ə.İsrafilov Zaqafqaziya
dəmiryolunun Goran stansiyasında, Gəncə
vilayətinin Boyəhmədli
kəndində yaşayır.
Görünür, ona universitetdəki
sənədləri gərək
olub və onları oradan istəyib. Universitet dəftərxanası həmin sənədləri
siyahı üzrə Gəncə vilayətinin rəhbərliyinə göndərərək
xahiş edib ki, bu sənədlər
Ə.İsrafilova qol çəkdirilməklə təhvil
verilsin və onlara ehtiyac qalmadığı andan lazımi qaydada yenidən dəftərxanaya
qaytarılsın.
Buradan ciddi güman edə bilərik ki, Ə.İsrafilovun ilk iş yeri görkəmli
maarifçi və dövlət xadimi Əsgər ağa Adıgözəlov Gorani’nin
(1857-1910) ana yurdu Boyəhmədli kəndi olub.
Bakı Dairə Məhkəməsi sistemində
Bütün Qafqazın tarixini öyrənməkdə əvəzsiz
qaynaqlardan biri sayılan "Kavkazski kalendar"ın 1917-ci il üçün buraxılışından
(səh. 654) Əbumüslüm
İsrafilovun 1916-cı ildə
Bakı Dairə Məhkəməsi sistemində
Məhəmmədyusif Cəfərov,
Rüstəm xan Xoyski, Əli xan Kantemirov, Qasım Qasımov, Həmid bəy Şahtaxtinski kimi görkəmli hüquqşünaslarla
birgə vəkil köməkçisi işlədiyini
öyrənirik.
Dərbənddə partiya qurucusu
Həm dost-tanışları arasında,
həm də bir çox sənədlərdə ad-soyadı
"Müslüm İsrafilov"
kimi də çəkilən gənc
hüquqşünas siyasətlə
də ciddi maraqlanır, bir Türk oğlu olaraq millətinin rifahı və xoş gələcəyi üçün çalışmağı
özünə vətəndaşlıq
borcu sayırdı. O,
əqidəcə sosial-demokratdı.
Dağıstanda ictimai-siyasi
fikir tarixini araşdıran tarix yazarları Rusiya Sosial-Demokrat Fəhlə (bolşevik) Partiyasının
[RSDF(b)P-nin] Dərbənd
təşkilatını Müslüm
İsrafilovun görkəmli
siyasətçi və
dövlət xadimi İbrahim bəy Heydərov (1879-1949) və
başqaları ilə
birgə yaratdığını
göstərirlər.
Azərbaycan Milli Şurasında
Qafqazdakı Türk sosial-demokratlarının həlledici
qismi müəyyən
vaxtdan sonra bu ideyadan uzaqlaşdı,
çünki onlar birgə çalışdıqları
rus sosial-demokratlarının
qeyri-rus xalqların mənafeyini nəzərə
almadığına, onların
dini və milli duyğularına sayğısızlıq göstərdiyinə
əmin oldular.
Milli duyğuları onların əksərini Azərbaycanın
millətçi-vətənpərvər qüvvələriylə birləşdirdi.
Əbumüslüm İsrafilov da
onların arasındaydı.
Məhəmmədəmin Rəsulzadə’nin
redaktorluğu altında
nəşr edilən
"Açıq söz"
qəzetinin 7 sentyabr
1917 tarixli 561-ci sayındakı
bir yazıdan (səh. 3) onun Azərbaycan Milli Şurasının 5 avqust
1917-də keçirilən iclasında iki katibdən biri seçildiyini öyrənirik.
Bu fakt Ə.İsrafilovun
həyat yolu və mübarizə istiqaməti haqqında ötəri də olsa təsəvvür yaratmağa yetərlidir.
Təəssüf ki, Ə.İsrafilovun
sonrakı yaşamı
haqqında əlimizdə
heç bir bilgi yoxdur.
Ancaq onu araşdırıb öyrənməyə
dəyər!
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com
Tel.:
+994-50-612-68-13
Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.5.