90 yaşlı məktəb

  

Bakıdakı M.Rahim adına 7 nömrəli tam orta məktəb respublikamızın qabaqcıl təhsil ocaqlarındandır. Məktəb ötən əsrin əvvəllərində, yəni 1921-ci ildə ibtidai orta məktəb (I-VII siniflər) kimi fəaliyyətə başlayıb və Paris Kommunasının adını daşıyıb. Dərslər rus dilində keçirilib. İlk direktor Popova Yekatrina Minayevna olub.

1940-1946-cı illərdə məktəbin binasından hərbi hospital kimi istifadə olunub. 1950-ci ildən başlayaraq 7 nömrəli məktəb Azərbaycan dilində tədrisə başlayıb. 1977-ci ildə xalq şairi M.Rahimin 70 illik yubileyində məktəbə onun adı verilib. Müstəqil ölkəmizdə təhsil islahatlarına başlanan vaxtdan 7 nömrəli məktəb bir sıra layihələrin həyata keçirilməsində pilot məktəb kimi iştirak edir. Elmi-metodik layihələrin işlənməsi və tədrisə tətbiqi, innovasiyaların öyrənilməsi və pedaqoji-ictimai mühitə ötürülməsi digər pilot məktəblər kimi bu təhsil ocağının da adı ilə bağlıdır. Məktəbin tanınmış pedaqoqlarının elm, tədris və mədəniyyət, habelə, sosial-siyasi və iqtisadi sahələrdə yetirmələri çox olub. Məktəbin məzunlarından olmuş Böyükxanım Atakişiyeva, Yeganə Mirzəzadə, Gülirə Yoldaşova, Sona Məmmədova, Səidə Behbudova, Lalə Qurbanova, Zahirə Kəsimova, Sevinc Əliyeva kimi müəllimlər vaxtilə təhsil aldıqları bu məktəbdə indi tanınmış pedaqoqlar kimi gənc nəslin təlim-tərbiyəsi keşiyində dayanırlar.

7 nömrəli məktəbin böyük şagird kontingenti və pedaqoji kollektivi var. İnnovasiyaların öyrənilməsi və tətbiqi sahəsində tanınmış alim, metodist və əməkdar müəllimlərdən Xoşqədəm İbrahimova, Rəna Ağasıyeva, Telli Şabanova, Zenfira Əsgərova, Elmira İbrahimova, Nuridə Abdullayeva, Təranə Hüseynova, Firəngiz Mustafayeva, Kübra Məmmədova və başqalarının məktəbdə əməyi çoxdur. Onlar gənc nəslin təlim-tərbiyəsi və gələcək kadrların hazırlanması sahəsində böyük əmək sərf edirlər. Məktəbin pedaqoji uğurları çoxdur. Bunların əldə olunmasında, əlbəttə, müasir təhsilə verilən demokratik tələblərlə bərabər, xüsusi tədris üsulları və təlim metodları mühüm əhəmiyyət kəsb edir. Məktəb yeni layihələrlə işləyir. Konstruktiv təlim metodları artıq neçə illərdir ki, təlim-tərbiyə prosesinə tətbiq edilir. Müəllimlər konstruktiv təlimin üsul və vasitələri ilə elmi-nəzəri və metodik biliklərini zənginləşdirir, seminar və treninqlər keçirirlər. Pilot məktəb artıq 3 ildir ki, "İnnovativ məktəb" layihəsinə qoşulub. Hazırda innovativ layihəyə əsaslanan iki başqa məktəb də dayaq məntəqəsi olan bu məktəbin hamiliyindədir. Məqsəd innovasiya yolunda monitorluq etmək, qabaqcıl pedaqoji təcrübənin yayılmasına, unifikasiya olunmasına kömək göstərməkdən ibarətdir. Məktəbdə daha bir yenilik "İngilis dilinin intensiv tədrisi" layihəsidir. Həmin layihə I-VIII sinif şagirdlərini əhatə edir. Şagirdlər ingilis dilində danışmaq, fikirlərini ifadə etmək, şifahi və yazılı nitq vərdişlərinə yiyələnmək, disput və "gecələr" keçirmək imkanları əldə edirlər. Bu layihə çərçivəsində başqa orta məktəblərlə maraqlı görüşlər keçirilir. Müəllimlər elmi-metodik bilik və vərdişlərini gücləndirmək məqsədi ilə treninqlərdə vaxtaşırı iştirak edirlər.

7 nömrəli tam orta məktəb, həm də "Elektron məktəb" layihəsinə daxil olan 10 pilot məktəbdən biridir. Artıq bütün müəllimlər kompüter texnologiyasına demək olar ki, yiyələniblər. Tədrisdə DVD versiyalarından geniş istifadə edilir. Mövzuların tədrisində ciddi əhəmiyyət kəsb edən resurslar sırasına demək olar ki, hər dərsi əhatə edən "Power Point" təqdimatları daxil edilib ki, bu da şagirdlərə geniş məlumatların vizual səsli və animasiyalı şəkildə verilməsinə şərait yaradır. Dərslərdə şagirdlər tədqiqatlar (araşdırmalar) aparmaq məqsədilə İnternet şəbəkəsindən müvafiq məlumatlar əldə edir və İKT-nin fəal istifadəçisinə çevrilirlər. Əldə olunan məlumatlar hər bir fənn, sinif üçün yaradılan qovluqlarda yığılıb saxlanılır.

Məktəbdə tətbiq olunan layihələrdən biri də "İntel-gələcək üçün təhsil" layihəsidir. Məqsəd layihə metodikasına əsaslanan müasir səviyyəli dərslərin təşkili və müəllim kadrlarının hazırlığıdır. Bu sahədə kollektivin fədakar köməkçisi məktəbin informatika müəllimi Gülnarə Səlimovanın böyük əməyi vardır.

Tədris prosesində tətbiq olunan innovasiya layihələri, pedaqoji yeniliklər məktəbin iş təcrübəsini zənginləşdirir. Təbii ki, problemlərin kollektiv, demokratik həllində məktəb direktoru aparıcı simaya malikdir. Tanınmış pedaqoq və təşkilatçı Gülnaz Mehdizadə 2006-cı ildən 7 nömrəli məktəbə rəhbərlik edir. Məktəbdə normal iş şəraiti və səmərəli öyrənmə mühiti yaradılıb.

Müəllim şagird şəxsiyyətinə dərin hörmət, düzgün münasibət məktəb fəaliyyətinin, pedaqoji prosesin əsasını təşkil edir. Gülnaz Mehdizadə hesab edir ki, məktəbdə hər bir şagird və müəllimin təhsil prosesində öz sözü, öz yeri olmalıdır. Öyrədən müəllim öyrənən şagirdin səsinə həssaslıqla qulaq asmalı, onun tələbatına tam cavab verməlidir. Belə yanaşmanın bir vizual modeli demokratik qaydada seçilmiş "Şagird parlamenti"dir. Parlament üzvləri hər həftənin sonunda məktəbin radio qovşağı vasitəsi ilə rəhbər orqanlara və məktəb kollektivinə hesabat verirlər.

Məktəbin müəllim şagirdləri yeni layihələr axtarışındadır. Əbəs deyil ki, XI sinfin şagirdləri ötən ilin noyabrında Kiprdə keçirilən "Qlobal istilik və sualtı ekologiya" mövzusunda beynəlxalq konfransda uğurlu nəticə əldə edib. Daha üç şagird Almaniyada M.Lomonosovun xatirəsinə həsr edilmiş beynəlxalq olimpiadanın sertifikatını alıb və ikinci tura dəvət olunub.

Direktorun təşkilatçılıq bacarığı axtarışlara, innovasiyalara meyilliliyi, əzmkarlığı nəticəsində məktəb "Dünya innovativ məktəblər şəbəkəsi"nin üzvü olub. Hazırda həmin şəbəkə dünyanın 61 ölkəsindən olan qabaqcıl məktəbləri əhatə edir. Burada, eyni zamanda baş verən yeniliklər haqqında məlumat verilir və müvafiq müzakirələr keçirilir. Şübhəsiz, qlobal iş təcrübəsinin öyrənilməsi, Avropa təhsil məkanına inteqrasiya məktəblərdə yeni layihələrin hazırlanmasına yol açır. Bütün bunların nəticəsidir ki, artıq 3 ildir məktəbdə "Diferensial siniflər" layihəsi işlənib həyata keçirilir.

Hazırda 7 nömrəli məktəb demokratik şəraitdə fəaliyyətini davam etdirməkdə, pilot məktəb statusunu daha artıq möhkəmləndirmək, qoruyub saxlamaq əzmindədir. Biz məktəbin rəhbərliyi, şagird və müəllim kollektivini bu təhsil ocağının yaradılmasının 90 illiyi münasibəti ilə ürəkdən təbrik edir, öz fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq. 

 

 

Əlizadə ƏSGƏRLİ,

AMEA Nizami adına Ədəbiyyat

İnstitutunun baş elmi işçisi,

filologiya elmləri doktoru,

professor

 

Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.6.