Peşə təhsilinin qarşısında duran əsas vəzifə yüksək peşəkarlığa malik mütəxəssislər hazırlamaqdır

 

Respublikamızda təhsil quruculuğu istiqamətində əsaslı islahatların aparılması artıq öz müsbət nəticələrini verməkdədir. Bu istiqamətdə geniş imkanların yaradılması, bütün fəaliyyət növləri üzrə keyfiyyətin yaxşılaşdırılması, təhsil müəssisələrinin ixtiyarında olan proqramların əsaslı şəkildə yeniləşdirilməsi, təlim-tərbiyə işində çoxcəhətliliyin təmin edilməsi, dünya təhsil sisteminə inteqrasiya, müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi və atılan digər məqsədyönlü addımlar bu sahədə daha böyük uğurların əldə olunmasını təmin edir.

Müasir təhsil konsepsiyasında gənc nəslin həyata sosial yönümdən hərtərəfli hazırlanması ideyası aparıcı yer tutur. Bu intensiv hazırlama təlim-tərbiyə prosesinin texnologiyasına yeni baxış tələb edir. Ölkəmizin iqtisadi qüdrətinin getdikcə artması, maddi imkanların güclənməsi yeni sahələrin inkişafı üçün də zəmin yaradıb. Turizm, bank sektoru, qida sənayesi, inşaat  və digər sahələrdə baş verən irəliləyiş bu istiqamətdə  ixtisaslı kadrlara tələbatı artırıb. Bu tələbatın ödənilməsində isə texniki peşə məktəblərinin rolu getdikcə artmaqdadır.

Müstəqilliyin ilk illərində texniki peşə məktəblərinə maraq xeyli azalmışdı. Bu isə bir sıra obyektivsubyektiv səbəblərdən  qaynaqlanırdı.  Maddi-texniki bazanın, işəgötürən təşkilatlarla peşə məktəbləri arasında əlaqələrin zəifləməsi, təcrübə keçmək üçün istifadə olunan sahələrinin bağlanması və digər amillər bu sahənin inkişafı üçün ciddi əngəllər yaradırdı. Sevindirici haldır ki, ölkə iqtisadiyyatı gücləndikcə bu sahəyə yönəldilən dövlət vəsaiti də artmağa başlayıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev  təhsilin bu sahəsini hər zaman diqqət mərkəzində saxlayır. Dövlət başçısı 2007-ci ildə "Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nı təsdiq etməklə bu sahənin sürətli inkişafı üçün güclü stimul formalaşdırıldı. Bu çox mühüm bir sənəd idi. Maddi-texniki bazanın möhkəmləndirilməsi, idarəetmə strukturunun təkmilləşdirilməsi, adambaşına maliyyə idarəetmə sisteminə keçid, hər bir iqtisadi rayonda əhalinin texniki peşə təhsilinə olan tələbatını ödəmək üçün mövcud peşə məktəbləri və peşə liseyləri bazalarında peşə təhsili mərkəzlərinin yaradılması və digər məsələlər Dövlət Proqramında öz əksini tapıb. Sənəddən irəli gələn vəzifələrin icrası istiqamətində intensiv aparılır. Peşə təhsilinin ictimai statusunun yüksəlməsi, işəgötürən təşkilatlarla təhsil müəssisələri arasındakı problemlərin həlli məqsədilə müxtəlif dövlət və qeyri-dövlət təşkilatlarının nümayəndələrindən ibarət əlaqələndirmə şurasının yaradılması, peşə məktəblərinin təmir olunması, onlara əyani vəsaitlərin verilməsi və digər görülən işləri misal göstərmək olar. Peşə təhsili müəssisəsi kimi bizim təhsil ocağı da müasir tipli avadanlıqlarla - stol, stul, kompüter, mebellərlə təmin olunub. Həmçinin liseyin bədii ədəbiyyat fondu artırılıb, dərsliklər fondu zənginləşdirilmişdir. Əlbəttə ki, bütün bunlar bizi daha əzmlə işləməyə həvəsləndirir.

Təhsil Nazirliyi son illər peşə məktəblərinin inkişafı istiqamətində mühüm vəzifələr müəyyənləşdirərək onların icrasını uğurla həyata keçirməkdədir. Nazirlik bir çox xarici təşkilatlarla işgüzar əməkdaşlıq şəraitində hazırlanan layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Peşə təhsilinin sürətli inkişafını təmin etmək məqsədilə Təhsil Problemləri İnstitutu nəzdində Peşə Təhsilinin İnkişaf Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında əsas məqsəd peşə təhsili sahəsində mövcud problemlərin araşdırılması və onların  həlli ilə əlaqədar elmi tədqiqatların aparılması, peşə təhsili standartlarının, kurikulumun hazırlanması, peşə təhsili  müəssisələrinin idarəetmə və mühəndis-pedaqoji heyətinin ixtisas səviyyəsinin yüksəldilməsi üzrə tədbirlərin həyata keçirilməsi və regionların sosial-iqtisadi inkişafına uyğun olaraq yeni peşə təhsili müəssisələrinin yaradılması ilə əlaqədar təkliflərin hazırlanmasını təmin etməkdir.

Düşünürəm ki, peşə təhsilinin inkişafı üçün bu sahəyə ənənəvi baxışların yenilənməsinə ehtiyac var. Peşə məktəbləri, ilk növbədə, şagirdlərin ixtisaslara  peşəkar formada yiyələnməsini təmin etməlidirlər. Daha dəqiq desək, onların istehsal sahəsində yenidən təcrübə toplamasına ehtiyac qalmamalıdır. Məktəbin nəzdində təlim-təcrübə keçmək üçün lazımi şərait yaradılmalı, müəllim və ustalar sənətin sirlərini xırdalıqlarına qədər şagirdlərə öyrətməlidirlər.

Texniki peşə məktəblərinin yetirmələri elm-bilik cəhətdən də öz yaşıdlarından geri qalmamalıdır. Çünki savadsız adam sürətlə inkişaf edən cəmiyyətlə ayaqlaşa bilməz. Müasir elmi biliklərin təcrübədə yaradıcılıqla tətbiq olunması, dərk edilməsi və mənimsənilməsi təfəkkürün yüksək inkişaf səviyyəsinin formalaşdırılmasını tələb edir. Bu isə texniki peşə məktəbi və liseylərdə fəaliyyət göstərən müəllim və ustaların qarşısında əlavə öhdəliklər qoyur. Bəs şagirdlərin idrak qabiliyyətini inkişaf etdirmək üçün müəllimlər öz fəaliyyətlərində hansı prinsiplərə əsaslanmalıdır? Fikrimcə, hər müəllim öz imkanlarını, şəraitini, şagirdlərin səviyyəsini, mövcud maddi-texniki bazanı nəzərə alıb ilk gündən müəyyən mərhələlərlə onların növbəti inkişaf səviyyələrini müəyyənləşdirməklə uğura zəmin yaratmağı bacarmalıdır. Yəni məqsədə çatmaq üçün təlim prosesinin intensivləşdirilməsi və humanistləşdirilməsi, həmçinin müasir təlim texnologiyalarından geniş istifadə etməklə çalışmaq lazımdır ki, tədris olunan materiallar  günün tələblərinə cavab versin. Keyfiyyətli təhsil uğura aparan yolun başlanğıcıdır. Sadəcə vətənə faydalı övladlar yetişdirmək üçün səyləri daha da artırmaq lazımdır. Bu, bizim müəllimlik və vətəndaşlıq borcumuzdur. Vətənə layiqli vətəndaşlar yetişdirmək vəzifəsi çətin və şərəfli, eyni zamanda müqəddəs missiyadır. Gəlin hər birimiz öz vəzifəmizi layiqincə yerinə yetirək. Bu Vətən bizim hamımızındır.   

 

 

Rəna QURBANOVA,

15 nömrəli Bakı Peşə

Liseyinin direktoru

 

Azərbaycan müəllimi.- 2012.- 11 may.- S.8.