Vətəndaş şairin elmi tərcümeyi-halı
Azərbaycan
jurnalistlərinin ağsaqqalı Şirməmməd müəllimin
belə bir sözü
var: "Böyük
şəxsiyyətlərdən yazmaq üçün öncə özün şəxsiyyət olasan
gərək!". Bu gün
ədəbiyyatşünaslığa, mətbuatşünaslığa
dair faydalı və məhsuldar araşdırmaları ilə
tanınan Alxan Bayramoğlunun
böyük Azərbaycan şairi
Mirzə Ələkbər Sabirə müraciət etməsi məntiqlidir
və başa düşüləndir. "Bənzərəm bir qocaman dağa ki..." monoqrafiyası Sabir
şəxsiyyətinin və ədəbi irsinin
bir çox məqamlarını
araşdırmaq, elmi təhlil süzgəcindən
keçirmək, şairin
yaradıcılığına yeni prizmadan nüfuz etmək
baxımından və M.Ə.Sabirin qarşıdan gələn 150 illik yubileyinə qiymətli töhfədir. Alxan Məmmədovun əvvəllər
işıq üzü görmüş
"Şamaxıda maarif və maarifçilik (XIX əsrin ortalarından
1918-ci ilə qədərki ədəbi mühit)",
"Azərbaycan Demokratik Respublikası
dövründə ədəbiyyat", "M.Ə.Sabir
(qısa tərcümeyi-halı)", "Azərbaycan
mühacirət mətbuatına dair
mühazirələr", "Y.V.Çəmənzəminli:
Müstəqilliyimizi istəyiriksə..." və
s. kitabları
onun araşdırıcılıq məharətindən,
geniş, böyük
həvəs və yüksək erudisiya sahibi olmasından, böyük
elmi potensialından, zəngin mənəviyyat
sahibi olmasından xəbər verir.
Professor Alxan Bayramoğlunun "Bənzərəm bir qocaman dağa
ki..." tədqiqatını da böyük söz ustadının bioqrafiyası ilə
yazıları arasındakı boşluğu,
şəxsiyyət və sənətkar tandeminin
uyarlığını təsdiqləmək baxımından çox uğurlu
alınmış yaradıcılıq nümunəsi kimi qiymətləndirmək
olar.
A.Bayramoğlu
M.Ə.Sabirin elmi
tərcümeyi-halını yazarkən "qiymətli tarixi sənəd" kimi ədibin öz əsərlərinə də müraciət
etmişdir.
Belə ki, şairin
həyatında baş verən ən mühüm hadisələr ədibin müxtəlif
mətbuat orqanlarında dərc edilmiş
əsərlərində bu və ya başqa şəkildə
öz əksini tapmışdır. Tədqiqatçı alim də elmi tərcümeyi-halın yazılmasında bunun vacibliyini önə
çəkir və qeyd edir
ki, "...avtobioqrafik notlar satirik şeirlərdə tipin
ifşası zamanı, lirik əsərlərdə
isə qəhrəmanın lirik-psixoloji əhvali-ruhiyyəsi
fonunda özünü
büruzə verir". İctimai
məzmunun üstünlük təşkil
etdiyi bu satiralarda şairin "mən"i
dayanır.
Kitabda ədibin "Şərqi-rus",
"Həyat", "İrşad",
"Tazə həyat" "Səda" qəzetlərində,
"Molla Nəsrəddin" jurnalında
fəaliyyətinin əsas xüsusiyyətləri, onun naməlum müxbir yazıları tədqiq edilir, həm də digər tədqiqatçıların
araşdırmalarından kənarda qalan məqamlara
aydınlıq
gətirilir.
O
dövrün
digər mətbuat orqanları - "Həyat", "İrşad", "Tazə həyat",
"Tərəqqi", "Molla Nəsrəddin",
"İttifaq", "Səda",
"Həqiqət", "Yeni həqiqət",
"Günəş" və s. vətəndaş
şairin həyatına,
şəxsiyyətinə və yaradıcılıq taleyinə
biganə qalmamış, onun həyat və
fəaliyyətinin
müxtəlif məqamlarını işaqlandırmaqla ədibin
elmi tərcümeyi-halının
yazılmasında, eləcə də bugünkü
sabirşünaslıqda qiymətli
mənbə rolunu oynamaqdadır.
Tədqiqatda M.Ə.Sabirin
"Həyat" qəzeti ilə əməkdaşlığı, onun qəzetdəki
poetik və publisistik əsərləri,
sonuncu nömrəsindəki müxbir yazısı, Ə.Hüseynzadə və
Ə.Ağaoğlu ilə
yaradıcılıq əlaqələrinə aydınlıq gətirilir.
A.Bayramoğlu Sabirin öz satira ədəbi məktəbinin
poetik "manifestini"
hələ "Molla Nəsrəddin"
jurnalının nəşrindən xeyli əvvəl
- 10 fevral 1906-cı ildə "Həyat" qəzetində dərc olunan "Bir məclisdə
on iki kişinin
söhbəti"
satirası ilə elan etdiyi qənaətinə gəlir.
Həmin satirada oxucuya
təqdim olunan tiplər - vəkil, həkim,
tacir, molla, sofi, şair, əvam, qəzetəçi və s. rüsvayçılıq
kürsüsünə çıxaraq hərəsi təmsil etdiyi ictimai zümrəni oxuculara
təqdim edir. "Sabiranə poeziya üslubu"
adlandırılan bu vasitə öz geniş meydanını "Molla
Nəsrəddin"də tapdı. Müəllif yazır: "Sabir dərhal öz
yaradıcılıq proqramını həyata keçirməyə
başladı. Onun "Molla
Nəsrəddin"in
oxucularına təqdim etdiyi ilk əsərdə satira oxuna hədəf olan tip on iki kişinin
məclisində qəbul olunan qərara uyğun olaraq özünü oxuculara öz dili, satirik
monoloqu ilə təqdim etdi". Burada
şairin "Millət
necə tarac olur olsun, nə
işim var?!" satirasından da söhbət açılır,
hər iki satirik əsər ("Bir məclisdə on iki kişinin söhbəti", "Millət
necə tarac olur olsun, nə
işim var?!") arasında mövzu, ideya-bədii və üslub əlaqələrinin
möhkəmliyindən söhbət
açılır, Sabirə məxsus keyfiyyətlər -
bütün hadisələrin,
ifşa hədəfinin
daxili aləminin özünün
bütün eybəcərlikləri
ilə satirik tipin dialoq və monoloqları ilə açılması
qabardılır və
eyni poetik təfəkkürün - Sabir
sənətkarlığının təcəssümü kimi
qiymətləndirilir.
Yeni kitabda
"Həyat", "İrşad"
və "Tazə həyat" qəzetlərinin
Şamaxı üzrə
xüsusi müxbiri olmuş M.Ə.Sabirin Şamaxı və ətraf obalarda baş verən hadisələrə dair diqqətdən
kənarda qalan müxbir yazılarına həsr edilən təhlillər də maraq doğurur.
1906-1907-ci illərdə
Bakıda müsəlman
müəllimlərinin iki
qurultayı olmuşdur.
M.Ə.Sabirin həmin
qurultaylara olan marağının bir çox cəhətlərini
işıqlandıran A.Bayramoğlu ədibin maarifçilik sahəsində
xidmətlərini yüksək qiymətləndirir. Qafqaz məktəblərində müntəzəm
bir proqram olmadığından şagirdlərə
öyrədilən dərsdən
bir fayda hasil olmadığını öz yazılarında göstərən
Sabir bu mühüm işin nizam və intizam
dairəsinə sığmadığını vurğulayır,
problemi aradan qaldırmaq üçün
təkliflərini verir.
1906-cı ildə müəllimlər qurultayının
qəbul etdiyi qərarlardan sonra yeni
tipli dərsliklərin tərtibi və nəşri məsələsində
canlanma hiss olunur. Bu işdə yaxından iştirak edən Sabir həmin dərsliklərdə
çap olunmaq üçün
"Uşaq və
buz", "Yaz günləri", "Cütçü",
"Qarğa və tülkü" və s. klassik uşaq əsərlərini qələmə
alır. A.Bayramoğlu ədibin "Dəbistan",
"Rəhbər" jurnallarının
fəal müəllifi
kimi bu sahədə
atdığı addımlardan
söhbət açır.
Sabirşünaslıqda M.Ə.Sabirin məktəbdarlığı, o cümlədən şairin
Şamaxıda açdığı
"Ümid" məktəbi,
ədibin pedaqoji fəaliyyətindəki bir
sıra uğurlar haqqında söhbət açılır. Tədqiqatçılar "Ümid" məktəbinin
açılması və
fəaliyyətində Sabirin
oynadığı rəhbər
rolu Haşım bəy Vəzirovun "Yol qeydləri" məqaləsi və Şamaxıdan göndərilən
müxbir məktubları
əsasında aydınlaşdırmağa
çalışırlar. Bu boşluğu A.Bayramoğlunun
tapıntısı - M.Ə.Sabirin "Təşəkkür"
məktubu aradan qaldırdı. "Şamaxı
"Ümid" məktəbinin
müəllimi və müdiri Ələkbər
Sabir Tahirzadə, lisani-rus müəllimi Hacıbala Zamanov" imzası ilə "Tərəqqi" qəzetinin
17 dekabr 1908-ci il tarixli 129-cu nömrəsində
dərc edilən bu məqalə bir çox məsələlərə aydınlıq
gətirir. "Ümid"
məktəbinə məhz Sabirin müdirlik etdiyini təsdiqləyən
bu imzanın əhəmiyyətini vurğulayan
A.Bayramoğlu qeyd edir ki, məktubun
imzasındakı təqdimat
Sabirin "Ümid"
məktəbini Hacıbala
Zamanovla şərikli
açması haqqında
ehtimalı puça çıxarmış olur
və Hacıbala Zamanovun adının qarşısında yazılan
"lisani-rus müəllimi"
sözləri məktəbdə
rus dili dərslərinin də tədris olunduğunu təsdiq edir.
Uğurlu tapıntılardın biri
də M.Ə.Sabirin tədqiqatlardan kənarda qalan, "Tazə həyat" qəzetinin 2
iyun 1908-ci il tarixli 125-ci sayında redaksiyanın "Xüsusi
müxbirimizdən. Şamaxıdan"
qeydi ilə çap olunan "Cümə"
məqaləsidir.
Monoqrafiyada Sabirin banisi olduğu poeziya məktəbi, onun xüsusiyyətləri, nümayəndələri,
həmçinin şairin
irsinin nəşr tarixi, tədqiqi mərhələləri, sabirşünaslığın uğurları və problemləri haqqında da maraqlı mülahizələr
irəli sürülür.
Şübhə yoxdur
ki, "Bənzərəm
bir qocaman dağa ki..." monoqrafiyası oxucular tərəfindən rəğbətlə
qarşılanacaq və
müəllifə böyük
şöhrət gətirəcəkdir.
Aygün ƏZİMOVA,
filologiya üzrə fəlsəfə doktoru
Professor
Alxan Bayramoğlunun
"Bənzərəm bir
qocaman dağa ki..." kitabı Azərbaycan Respublikasının
Dövlət mükafatına
təqdim edilib.
Azərbaycan müəllimi.- 2012.- 18 may.- S.7.