Müəllim nüfuzu - şagird sevgisi

  

Bəzən həyatda insan sənət seçərkən valideynlərinin məsləhətinə, arzu və istəyinə uyğun hərəkət edir. Bu  cür seçim çoxlarına uğur gətirir. Təbii ki, əksinə də olur. Bəzən də elə olur ki, haqqında düşünmədiyin, bir qədər çətin görünən bir peşənin yolçusu olursan. Bizə təsadüf kimi görünən bu seçim isə bəlkə də bir zərurətdən doğur.

Uşaqlıqda həkim, yaxud da müəllim olmaq istəməyən az adam tapılar. Bu istəyin gerçəkləşib-gerçəkləşməməsi də tale işidir.

Aytən Mütəllimova həkim ailəsində dünyaya göz açıb, valideynlərinin hər ikisi insanların sağlamlığı keşiyində dayanan, bu adı şərəflə daşıyan tibb işçisidir. xalatın cazibəsi Aytəni elə uşaqlıqdan özünə cəlb etmişdi. Kim soruşsa, həkim olacağını söyləyirdi, lakin belə olmadı. O, müəllim olacağına qərar verəndə hamıdan çox atası Fikrət sevindi. Sən demə, o, ürəyində bu arzunu çoxdan gəzdirirmiş, Aytənin müəllim olmasını istəyirmiş. Beləcə Göyçay rayonundakı 3 nömrəli tam orta məktəbin rus bölməsini bitirən Aytən Mütəllimova nənəsi, ibtidai sinif müəllimi Mülayim xanımın yolunun davamçısı oldu.

Pedaqoji fəaliyyətə 10 il əvvəl Göyçay məktəblərinin birində başlayan Aytən tez bir zamanda ailə vəziyyəti ilə əlaqədar Bakıya köçməli olur. Hazırda Xətai rayonundakı 17 nömrəli tam orta məktəbdə çalışır, ibtidai sinif müəllimidir. Aytən müəllim deyir: "Belə bir deyim  var: Pis sənət yoxdur, pis sənətkar olur". Peşələrin də pisi yoxdur, əgər işini sevirsənsə, ona hər cür gözəllik gətirə bilərsən. Mən öz peşəmi sevirəm, odur ki, hansı çətinlik olursa-olsun öhdəsindən gəlməyə iradəm, gücüm çatır. Çoxları elə düşünür ki, kiçikyaşlılarla işləmək çətindir. Məncə, yox! Doğrudur, hələ məktəbin nə olduğunu bilməyən, əlində qələm tutmağı bacarmayan uşaqları ram etmək o qədər də asan olmur, onları düşdükləri bu mühitə alışdırmaq üçün vaxt lazımdır. Bir az səbr etmək gərəkdir, sonra hər şey öz qaydasına düşür, onlar öyrənmək, sən də öyrətmək istəyirsən. Beləcə, hərflər, rəqəmlər yan-yana düzülür, dünənki şıltaq, ərköyün uşaqdan əsər-əlamət qalmır...

Ötən illər ərzində Aytən təcrübəsini zənginləşdirib, ölkədə aparılan təhsil islahatının uğurla həyata keçirilməsi üçün öz töhfəsini verməyə çalışıb. Son 3 ildə isə kurikuluma əsaslanan tədris prosesinin qarşıya qoyduğu yenilikləri mənimsəməyə, müvafiq kurslarda bir qədər də təkmilləşməyə səy göstərib. Daim öz üzərində çalışır, zamanın axarından geridə qalmır, öyrəndiklərini tədris prosesində tətbiq etməkdən çəkinmir. Yaxşı bilir ki, bu gün həyatın tələbləri başqadır, indi şagirdlərə həyati bacarıqlara əsaslanan təhsil vermək lazımdır. Şagirdlərin intellektinin inkişafı ön plana çəkilməli, intellekt, bacarıq və vərdişlərin formalaşmasını təmin edən təlim metodlarından istifadə olunmalıdır. Aytən müəllimin bu mühüm amilə üstünlük verməsi ona təlim prosesində yüksək göstəricilər əldə etməyə zəmin yaradıb. O, şagirdlərinə sərbəst düşünməyə, müstəqil fikir yürütməyə imkan yaradır, onların arzu və istəklərini nəzərə alır. 45 dəqiqənin quru, cansıxıcı keçməməsi üçün əlindən gələni edir. Dərsin gedişi zamanı istifadə etdiyi vasitələrlə şagirdlərin diqqətini cəlb edir, onların təlim prosesinə həvəsini, marağını artırır. Sözsüz ki, tədrisin maraqlı və məntiqli alınmasında onun kurikulum əsasında aparılması böyük rol oynayır. Aytən müəllim dərsləri qeyri-ənənəvi şəkildə qurmaqla sinifdə bütün şagirdləri eyni vaxtda problemin həllinə cəlb edir, hər kəsin fikri öyrənilir, cavabı qiymətləndirilir.

Təhsildə uğur qazanmağın bir cəhəti də valideynlərlə qarşılıqlı münasibətin qurulmasıdır. Bu mənada Aytən müəllimin öyünməyə haqqı var. Dərs dediyi II "b" sinfində valideynlər, demək olar ki, tədris prosesinin əsl iştirakçılarına çevriliblər. Ona görə də ortaya çıxan problem, çətinlik operativ həllini tapır. Məktəbdə fəaliyyət göstərən Valideyn-Müəllim Assosiasiyası da bu işdə onlara köməkçi olur.

Müəllim yaradıcı insandır, onun işləməsi üçün normal mühit olmalıdır. Bu mühitin formalaşması isə rəhbərdən çox asılıdır. Aytən müəllim çalışdığı kollektivdən, müəllimlər arasındakı mehriban, işgüzar münasibətdən, direktor Bədəl Bədəlovun qayğısından da razılıq hissi ilə danışdı: Hər bir təhsil müəssisəsində elə mühit olmalıdır ki, orada müəllim rahat işləyə bilsin. Məktəb rəhbəri hər bir yeniliyin tətbiqinə maraq göstərməlidir. Bu gün informasiya-kommunikasiya texnologiyaları həyatımıza geniş şəkildə daxil olub, təhsil sahəsi də həmçinin. İşlədiyim məktəbdə bu mühüm məsələ daim diqqətdə saxlanılır. Bədəl müəllim təhsilin səviyyəsini yüksəltmək üçün mövcud imkanlardan maksimum yararlanmağa şərait yaradır, hər bir pedaqoqa qayğı ilə yanaşır.

Aytən müəllim hamı kimi böyük arzularla yaşayır. Milli təhsilimizin çoxsaylı təəssübkeşləri sırasında özünə layiqli yer tutmaq, sayılıb-seçilən müəllimlərdən biri olmaq, yetişdirdiyi şagirdlərin uğurlarına sevinmək, ən başlıcası, müəllim adının şərəfini, nüfuzunu qorumaq!... Və bir də şagird sevgisini qazanmaq. Onun ilk uğurları isə istəklərinə çatacağına əminlik yaradır...

 

 

H.BAXŞƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 18 may.- S.5.