Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə anım mərasimi keçirilib

  

Mayın 2-də Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə anım mərasimi keçirildi. Təhsil Nazirliyinin əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri və qonaqların iştirak etdikləri anım mərasimini təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq bu günlər respublikamızın hər yerində, bütün idarə və təşkilatlarda, dövlət qurumlarında, eləcə də bir sıra xarici ölkələrdə Azərbaycan dövlətinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş anım mərasimlərinin təşkil olunduğunu, bu münasibətlə təhsil müəssisələrində də silsilə tədbirlər keçirildiyini söylədi.

Azərbaycanın bugünkü möhtəşəm nailiyyətlərinin ulu öndərin adı ilə bağlı olduğunu vurğulayan nazir məhz ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət sayəsində müstəqil Azərbaycan dövlətinin qurulduğunu, onun möhkəm qanunvericilik bazasının yaradıldığını diqqətə çatdırdı. Bildirdi ki, ulu öndərin parlaq ideyaları, başladığı quruculuq siyasəti artıq 8 ildən çoxdur ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə yüksəlməsinə, uğurlarının artmasına diqqəti çəkən nazir vaxtı ilə imzası imzalar içərisində olmayan ölkəmizin hazırda BMT Təhlükəsizlik Şurasının iclaslarına sədrlik etməsini sevindirici hal saydı və söylədi ki, elə bu faktın özü Azərbaycanın müstəqilliyinin təməlinin ulu öndər tərəfindən möhkəm əsaslar üzərində qurulduğunu göstərir. Nazir qeyd etdi ki, məhz bunun sayəsində müstəqilliyimizin 20 ili ərzində ölkəmiz ən yüksək zirvələrə çatmış, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyünə dünyanın 155 ölkəsi səs vermişdir.

Tanınmış bir çox xarici alim və ekspertin Azərbaycanın son illərdəki sürətli inkişafının səbəblərini möhtərəm Prezidentimizin respublikamızı elmi əsaslara söykənən dövlət proqramları ilə idarə etməsində gördüklərini diqqətə çatdıran nazir bu gün Azərbaycanda ölkə başçısının rəhbərliyi ilə 60-dan çox, o cümlədən təhsil sahəsində 16 inkişafyönümlü Dövlət Proqramının həyata keçirildiyini, son 8-10 il ərzində dövlət büdcəsi və ümumi daxili məhsulun həcminin on dəfələrlə artdığını, son illər dünyada baş verən tənəzzül və iqtisadi böhran şəraitində belə respublikamızın öz inkişaf  tempini qoruyub saxladığını bildirdi. Qeyd etdi ki, bu gün Azərbaycan çox sürətlə inkişaf edir, ölkənin hər yerində quruculuq, abadlıq işləri aparılır. Bu inkişaf, davamlı sosial-iqtisadi tərəqqi ölkəmizin bütün bölgələrində də aydın şəkildə hiss olunur.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə daha çox tanındığını deyən nazir ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurların təsadüfi olmadığını, indi həm uğurlarımız, həm də problemlərimiz barədə dünya ictimaiyyətinə yetərincə məlumatların verildiyini bildirdi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın mühüm xidmətlər göstərdiyini mərasim iştirakçılarının nəzərinə çatdırdı.

Ulu öndərin zəngin həyat və fəaliyyətinin, onun müəllifi olduğu azərbaycançılıq ideologiyasının böyüməkdə olan nəslə çatdırılmasının zəruriliyindən söz açan nazir bu baxımdan xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayevin Heydər Əliyev haqqında çəkdiyi sənədli filmlərin tirajının çoxaldılaraq təhsil müəssisələrinə, kitabxanalara verilməsi və nümayişinin təşkili təşəbbüsünü irəli sürdü.

Misir Mərdanov ümummilli liderin həyat yolunun, vətənpərvərliyinin, xalq yolunda göstərdiyi fədakarlıqların gənclərə əsl mənəviyyat dərsi olacağına əminliyini ifadə etdi.

Anım mərasimində çıxış edən xalq artisti, tanınmış kinorejissor Vaqif Mustafayev ulu öndər Heydər Əliyev haqqında çəkdiyi sənədli filmlər barədə ətraflı məlumat verdi. Ümummilli liderin həyatının hamı tərəfindən olduqca maraqla qarşılanan cəhətlərinə, filmlərin çəkilişi ilə bağlı bəzi məqamlara toxunan V.Mustafayev Heydər Əliyev haqqında çəkilmiş "Əsil məhəbbət haqqında" filminin sənədli filmlər tarixində ilk dəfə beynəlxalq mükafata layiq görüldüyünü söylədi və bu uğurun əsasən ulu öndərin həyatının zənginliyi və dərin fəlsəfəsi ilə bağlı olduğunu vurğuladı.

Heydər Əliyev haqqında çəkilmiş sənədli filmlərin təhsil müəssisələrində nümayiş etdirilməsi təşəbbüsünü dəstəkləyən xalq artisti bunun gələcəyimiz olan uşaqların milli ruhda formalaşmasına müsbət təsir göstərəcəyinə ümid etdiyini söylədi. V.Mustafayev çıxışında habelə Azərbaycan təhsilinin ulu öndər tərəfindən əsası qoyulmuş inkişaf yolunun uğurla davam etdirildiyini bildirərək xarici ölkələrin universitetlərində təhsil alan azərbaycanlı gənclərin yüksək nailiyyətlər qazandıqlarını və onların ölkəmizi layiqincə təmsil etdiklərini diqqətə çəkdi.

Sonda ulu öndər Heydər Əliyev haqqında çəkilmiş "Tale" və "Əsil məhəbbət haqqında" sənədli filmləri nümayiş olundu.

 

 

Yusif ƏLİYEV

 

Azərbaycan müəllimi.- 2012.- 4 may.- S.1-2.