Heydər Əliyev təhsil haqqında

 

* Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilsiz xalq müasir şəraitdə öz imkanlarını həyatına sərf etmək üçün çox problemlərlə rastlaşar. 

* Həyat böyük bir prosesdir. Bu prosesdə uğurla iştirak etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır. Təhsil də daim təkmilləşdirilməlidir. 

* XXI əsr sizin əsriniz, sizin dövrünüz olacaqdır. Siz və sizin kimi Azərbaycan gəncləri, yeniyetmələri, yüksək təhsilli  insanları  həmin  əsrdə  müstəqil,  azad  respublikamızı  yaşadacaqsınız,  inkişaf  etdirəcəksiniz.  Biz bu işləri sizin öhdənizə buraxacağıq.

* Son illər Azərbaycan müstəqil dövlət kimi yeni iqtisadi-siyasi sistem yolu ilə gedərək dünyanın bütün ölkələrinin, xüsusən Qərb ölkələrinin təcrübəsindən öyrənməyə çalışır və təhsilin də təkmilləşdirilməsində bu təcrübədən istifadə etmək lazımdır.

* Müasir texnikanı, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır. Şübhəsiz ki, bütün bunlar ali təhsil səviyyəsində olacaqdır. Ancaq bunların əsası orta təhsil illərində qoyulmalıdır. Yəni gənclərin bu istiqamətdə təhsilinin artırılmasının təməli qoyulmalıdır. Bunu iqtisadiyyatımızın bu günü və gələcəyi tələb edir.

 * Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır.

* Bizdə təhsil çox inkişaf edibdir. Azərbaycanda, demək olar ki, təhsil almayan adam yoxdur.

* Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. 

* Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq.

* Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.

* Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədiyimiz kimi qururuq. İndiyə qədər yaranmış təməlin üzərində Azərbaycan təhsili, məktəbi bundan sonra daha da təkmilləşəcəkdir. 

* Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır.

 

 

Azərbaycan müəllimi.- 2012.- 4 may.- S.1.