Peterburqda
oxumuş tələbələrimiz
(Sankt-Peterburq Mərkəzi Tarix Arxivinin
materialları əsasında)
7. Mirbağırov Mirməhəmməd Mirəhməd
oğlu
(13.9.1889, İrəvan şəhəri -?)
(SPb. MTA, f.14, s.3, iş 56832, 1910-cu il)
Ən çox sevindiyim işlərdən
biri
Araşdırıcı
üçün arxivdə tapdığı hər yeni iş, bəlgə bir sevinc
qaynağıdır. Ancaq bu da danılmazdır
ki, bəzən araşdırıcını hədsiz sevindirən
bəlgələr də olur. Düzdür,
Peterburq arxivində bütün tələbələrimizin
şəxsi işlərini oxuyanda ürəyim qürurla,
sevinclə dolub, ancaq boynuma alıram ki, Mirməhəmməd
Mirbağırzadənin tələbə işini əlimə
götürəndə daha çox sevinmişəm. Səbəbi? Mirməhəmmədin əmisi,
müqəddəs torpağımız İrəvan şəhərinin
Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyət
Mirabbas Mirbağırzadə’nin həyat və
yaradıcılığını ən azından 8 ildir incələməkdəyəm.
Onun özü və soyu ilə bağlı hər
yeni bilgi mənə çox dəyərlidir. Bu
baxımdan tələbə Mirməhəmmədin 43
yarpaqlıq şəxsi işiylə də az
qala həyəcanla tanış oldum.
Soykötüyü/şəcərəsi
Bu
günədək əldə etdiyim bəlgə və bilgilərə
dayanaraq İrəvan tarixinə öz şərəfli
imzasını atmış Mirbağırzadə/Mirbağırov
soyunun aşağıdakı soykötüyünü müəyyənləşdirə
bilmişəm. (Bu
şəcərəni ilk dəfə olaraq "Azərbaycan
müəllimi"nin oxucularına təqdim
edirəm).
Nəslin
başında təkcə İrəvanda deyil, bütün Azərbaycanda
müdrik ağsaqqal kimi tanınmış böyük din
xadimi, ağır seyid Hacı Mirbağır ağa
dayanır. Onun yaşam illərini dəqiqləşdirə bilməsək
də 19-cu yüzilin başlarında doğulduğunu deyə
bilərik. Hacı Mirbağır ağanın bizə 3
oğlu bəllidir: Hacı Mircəfər ağa, Mirhüseyn
ağa, Mirəhməd ağa. Hacı Mircəfər ağa’nın 2 oğlu olub: Mirbağır
(?-1916) və Mirhüseyn (1896-1970). Mirhüseyn
1914-1917-ci illərdə Moskva Kommersiya İnstitutunda oxuyub və
sovet dönəmində EA Coğrafiya İnstitutunda elmi
işçi olub və uzun müddət Xalq Təsərrüfatı
İnstitutunda iqtisadçı alim kimi dərs deyib. Onun
həyat yoldaşı Ruqiyyə xanım Mirbabayeva (1896-1981)
İsveçrədə ali təhsil
almışdı. Yeri gəlmişkən,
iqtisadçı professor Hacı İsmayıl Feyzullabəyli
(1925) Hacı Mircəfər ağanın 3 qızından
birinin - TutubəyimTin (?-1926) oğludur. Mirhüseyn ağa’nın iki oğlunu tanıyırıq:
Mirabbas və Mirabdulla’nı. Bunlar əsasən
kitab ticarəti ilə məşğul olublar. Mirabbas haqqında bu yazının sonunda geniş
danışılacaq. Mirəhməd
ağa’nın (1849-?) bizə bəlli yeganə oğlu isə
indiki qəhrəmanımız Mirməhəmməd’dir. (Soykötüyünü ən dəqiq şəkildə
öyrənməyə əngəl törədən
başlıca amil İrəvan şəhəri əhalisi əyal
dəftərlərinin/kameral siyahılarının indi bizdə
deyil, İrəvan arxivlərində olmasıdır).
İrəvan kişi
gimnaziyasının məzunu
Azərbaycanın
qədim torpaqlarından və mühüm mədəniyyət
mərkəzlərindən olan İrəvan şəhəri
hələ ötən yüzilin ortalarınadək Türk
yurdu sayılırdı. Bu şəhərimizdə Azərbaycan Türklərinin
məktəbləri, teatr da daxil çoxlu mədəniyyət
ocaqları fəaliyyət göstərir, ana dilimizdə qəzet-jurnallar
çıxırdı. Azərbaycanın başqa yerlərində
yaşayan soydaşlarımızın böyük qismi ali məktəbə
girməkdən ötrü orta təhsil almağa Tiflisə
getmək məcburiyyətində qalırdısa İrəvan
müsəlmanları heç yerə getmədən elə bu
şəhərdəki kişi gimnaziyasını bitirərək
Rusiya və Avropanın ali məktəblərinə
yollanırdılar. İrəvanın
bütün müsəlmanlarının ağsaqqalı
sayılan Hacı Mirbağır ağanın nəvəsi
Mirməhəmməd Mirəhməd oğlu Mirbağırov da
12 sentyabr 1901-də bu məktəbin birinci sinfinə gedərək
6 iyun 1910-cu ildə oranı 553 saylı kamal attestatıyla
bitirib.
Doğum şəhadətnaməsi
Bütün
tələbə şəxsi işlərindəki doğum
şəhadətnamələri məzmunca bir-birinə
çox bənzəyir. Ancaq onlardakı ən dəyərli fakt şəxsin
doğum tarixinin və ata-anasının adının
düzgün göstərilməsidir. Mirməhəmməd
Mirbağırzadənin şəhadətnaməsindəsə
bunlardan əlavə, şahidlərin - İrəvanın
hörmətli kişilərinin də adları çəkilir.
Şeyxülislam Axund Əbdüssalam Axundzadə’nin
imzasıyla Zaqafqaziya Şiə Ruhani İdarəsinin 2 iyul
1904-də Tiflis şəhərində verdiyi həmin şəhadətnamədən
öyrənirik ki, Mirməhəmməd İrəvanın
"Şəhər" hissəsində yaşayan 55
yaşlı (deməli, 1849-da doğulmuş) Mirəhməd
Hacı Mirbağır oğlu’nun qanuni arvadı, 29
yaşlı (deməli, 1875-də doğulmuş) Dilbər
xanım Cabbar bəy qızı’ndan xristian tarixiylə 13
sentyabr 1889-da dünyaya gəlib. Bu tarixi şahidlər
Rüstəm xan Hacı Abbasqulu xan oğlu və Ağa
Mirhüseyn Nahib oğlu təsdiqləyiblər və Axund
Molla Həsən Molla Zeynalabdin oğlu məscidin doğum
kitabında həmin il üçün 6-cı nömrəylə
qeyd edib.
Atasının qulluq dəftəri
M.Mirbağırovun
şəxsi işində atasının 1 sentyabr 1888-ci ildə
tərtib edilmiş qulluq dəftərinin surəti
saxlanılır. Dul
qadın Dilbər xanım Cabbar bəy qızının ali məktəbə
təqdim etmək üçün 25 iyun 1910-cu ildə istəməsinə
görə 30 iyunda verilmiş, həcmcə çox da
böyük olmayan sənəddə (əslində bunu qulluq dəftərinin
tam surəti adlandırmaq doğru deyil, çünki məmurun
qulluq irəliləyişi ilbəil göstərilməyib)
keçmiş kollej müşaviri Əhməd
Hacımirbağırov’un (deməli,
onların gerçək soyadı Hacımirbağırzadə/Hacımirbağırov
olub!) İrəvan vilayəti və Qars əyaləti
Dövlət Mülkiyyəti İdarəsində xəzinəni
maraqlandıran məhkəmə işləri üzrə
kiçik müvəkkil işləyib. Maraqlanan
oxuculara bildirim ki, kollej müşaviri çar dönəmində
dərəcələr haqqındakı cədvəldə
6-cı dərəcəli mülki çindi və ordudakı
polkovnik və donanmadakı 1-ci dərəcəli kapitan
rütbəsinə bərabərdi. Bu
çin əsasən əsil-nəcabətli şəxslərə
verilirdi.
Qulluq dəftərindən
aydın olur ki, 1910-da - Mirməhəmməd universitetə girən
il atası artıq həyatda
deyilmiş.
Tələbə və... keçmiş tələbə
M.Mirbağırov
İrəvan kişi gimnaziyasının
verdiyi kamal attestatıyla 1910-cu ilin avqustunda SPb. İmperator
Universitetinin tələbələri sırasına qəbul
edilib. O, hüquq fakültəsini seçib və orada oxuyub.
Ancaq universitet İdarə Heyətinin 25 iyun 1913-cü il tarixli qərarıyla o, 1913-cü ilin yaz
dönəmi üçün təhsil haqqını ödəmədiyinə
görə universitetdən xaric edilib. Sonra
üzləşdiyi problemləri aşağıdakı sənədlərdən
izləyəcəyik.
Kiyev Universitetinə keçmək istəyi
"Sankt-Peterburq
İmperator Universiteti hüquq fakültəsinin 4-cü semestr
tələbəsi" M.Mirbağırov 1 avqust 1913-də
İrəvandan öz rektoruna belə bir ərizə göndərib:
"Siz alihəzrətdən sənədlərimin Kiyev
Müqəddəs Vladimir Universitetinə göndərilməsi
haqqında sərəncam verməyinizi və Kiyev Universiteti
qarşısında mənim orada hüquq fakültəsinin
uyğun semestrinin tələbələri sırasına qəbul
edilməyim haqqında vəsatət
qaldırmağınızı xahiş edirəm. Bu cür
xahişlə müraciət etməyə məni vadar edən
Peterburqda bundan sonra təhsilimi davam etdirməyə imkan verməyən
iqlim şəraitidir...".
Özünü
"tələbə" adlandırmasından aydın
görünür ki, həmin vaxt İrəvanda bulunan Mirməhəmməd
universitetdən çıxarıldığını hələ
bilməyib, ona görə də rektora belə
arxayınlıqla müraciət edib.
Yeni ərizə
11 oktyabr
1913-də artıq özünü universitetin
"keçmiş tələbəsi" adlandıran
M.Mirbağırov Peterburqda rektora aşağıdakı məzmunda
ərizə yazıb: "1910-cu ilin avqustundan Siz alihəzrətin
rəhbərlik etdiyi universitetin hüquq fakültəsi tələbələri
sırasına daxil olaraq hüquq fakültəsinin dörd
semestrini dinləmiş və 3-cü kursa keçmək
üçün lazım olan minimumu (3 fənni) təhvil
vermişəm. 1912-ci ilin mayında xəstələnmişəm,
buna görə də ilboyu müalicə götürməli
olmuşam, nəticədə 1912-1913-cü dərs ilini
bütöv itirmişəm. Bütün
bunları nəzərə alaraq Siz alihəzrətdən
hüquq fakültəsinin 3-cü və 4-cü semesterləri
üzrə dinlədiyim fənlərə görə təhsil
haqqını tam ödəməyimə icazə verməyinizi
və hüquq fakültəsinin 3-cü kursuna keçirilməyim
haqqında sərəncam verməyinizi xahiş edirəm".
Bu ərizənin nəticəsi necə oldu?
Sualın cavabı aşağıdakı bəlgədədir.
Şəhadətnamə
Öncəki
yazılarda da bildirmişdim ki, universitet sənədlərində
tələbələrin ad-soyadları bəzən ən
müxtəlif biçimlərdə elə yazılır ki,
araşdırıcı çaş-baş qalır. Bu, rusların öyrəşmədiyi
mürəkkəb müsəlman ad sistemiylə müəyyən
qədər bağlı olsa da əsasən dəftərxana
işçilərinin öz vəzifələrinə məsuliyyətsiz
yanaşmasından, yaxud da qeyri-rus tələbələrə
sayğısızlıqdan irəli gəlir. Oxuduğumuz şəhadətnamə də deyilənə
ən yaxşı örnəkdir. Burada "Mirməhəmməd
Mirəhmədoviç Mirbağır oğlu"nun (?!) 13
sentyabr 1889-da doğulduğu, İrəvan gimnaziyasının
6 iyun 1910-da verdiyi kamal attestatına əsasən 1910-cu ilin
avqustunda SPb. İmperator Universitetinin tələbələri
sırasına qəbul edildiyi, 1913-cü ilin avqustunda
universitetdən çıxarıldığı göstərildikdən
sonra yazılıb: "1913-cü ilin oktyabrında isə
yenidən hüquq fakültəsinə qəbul edilib".
Deməli,
təhsilini davam etdirib. Çox təəssüf ki, şəxsi işdəki
sənədlər arasında M.Mirbağırovun universitetdə
oxuduğu sonrakı illər haqqında bəlgələri
görmədik. Hər halda, 1913-ün
oktyabrından sonra universitetdən çıxarılması
haqqında sənədin yoxluğu onun hüquq fakültəsində
bu tarixdən sonra da təhsil aldığını təsdiqləyir.
Gələcək araşdırmalar onun universiteti
bitirib-bitirmədiyinə tam aydınlıq gətirə bilər.
Bir qədər də Mirabbas
Mirbağırzadə haqqında
Doğrudur, mən
Mirabbas Mirbağırzadə haqqında indiyədək
"Şəkinin tarixi qaynaqlarda" kitabımda (Bakı:
"Master" nəşriyyatı, 2005, ss. 22-77) və
"Diplomatiya: ensiklopedik lüğət"də (Bakı:
"Diplomat" nəşriyyatı, 2005, s. 406) geniş bilgi
vermiş, irihəcmli məqalələr
buraxdırmışam (Mirabbas Mirhüseyn oğlu
Mirbağırzadə. - "525-ci qəzet", 12 fevral-22
fevral 2005; Mirabbas Mirbağırzadə - unudulmuş Azərbaycan
dahisi. - "Yom" Türk dünyası mədəniyyət
dərgisi. 2005, ¹2, ss.51-59) və
oxucular həmin yazılardan bu böyük şəxsiyyət
haqqında yetərincə ətraflı məlumat ala bilər,
ancaq Mirməhəmməd Mirbağırzadənin necə bir nəsildən
çıxdığını göstərmək
üçün onun əmisi Mirabbas haqqında burada da
çox qısa bilgi verməyi məqsədəuyğun
sayıram.
Mirabbas
Mirbağırzadə haqqında Azərbaycan
tarixşünaslığında ilk yazıların müəllifi
olmaq şərəfini daşımaqla yanaşı, bunu da
bildirməliyəm ki, onun yaşamının ilk və son
dönəmi hələ də qaranlıqdır. Ən acınacaqlısı
budur ki, çoxillik gərgin axtarışlara baxmayaraq indiyədək
fotosunu tapa bilmədiyim yeganə şəxs də Mirabbas
Mirbağırzadədir.
Mirabbas
və qardaşı Mirabdulla əsasən kitab ticarətiylə
məşğul olublar. İrəvanda "Umud" adlı kitab mağazası
açıblar. Mirabbas bir maarifçi kimi
İrəvanın ictimai-mədəni işlərində
çox fəal iştirak edib və gənc yaşlarından əhalinin
dərin hörmət və sevgisini qazanmağı bacarıb.
Qardaşlar 1909-da Bakıya gəliblər.
1914-də indiki İstiqlaliyyət küçəsində,
Monolit binasının yerində yeni kitab mağazası
açıblar.
İlk
yazısı "Həyat" qəzetinin 19 iyun 1905 tarixli
sayında çıxmış Mirabbas Mirbağırzadə
sonrakı 25 ildə heç bir mühüm dövlət
qulluğunda çalışmasa da insanda heyrət
doğuracaq qədər hərtərəfli inkişaf edərək
ensiklopedik bilikli alim və görkəmli ictimai-siyasi xadim kimi
yetişib. İndiyədək əldə edə bildiyimiz 7
kitabı və 200-dən artıq elmi, publisistik və
elmi-publisistik yazısı onu bizə peşəkar jurnalist və iqtisadçı,
etnoqraf, coğrafiyaçı, sənətşünas, ədəbiyyatşünas,
dilçi, tarixçi alim kimi tanıdır. 1919-cu ildə Naxçıvandakı olduqca
mühüm diplomatik fəaliyyətisə (tarixə
"Mirbağırzadə missiyası" adıyla
düşmüş bu səfər Naxçıvanın Azərbaycana
birləşməsi haqqında sənədin qəbuluyla
başa çatıb) onu peşəkar diplomat səviyyəsinə
yüksəldir.
Burada onun
jurnalistlik, alimlik və diplomatlıq fəaliyyəti, ictimai
işləri haqqında hətta ən ötəri bilgi vermək
imkanımız yoxdur, yalnız bunu bildirməklə kifayətlənirəm
ki, İrəvanın XX yüzilin
başlanğıcındakı gerçək tarixini ortaya
qoymaq üçün təkcə Mirabbas Mirbağırzadənin
Azərbaycan mətbuatındakı "İrəvan xəbərləri"
və "İrəvandan" başlıqlı
saysız-hesabsız xəbərlərini bir yerə toplamaq yetərlidir.
Çox-çox
təəssüflər olsun ki, bu dahi şəxsiyyətimizin
əsərləri indiyədək yığılaraq nəşr
edilməyib. Kimsə bu işə himayəçilik etmək istəsə
mən ömrümün bir neçə ilini bu çox
faydalı işə həsr etməyə hazıram.
8. Məhəmmədov Əsədullah Məşədi
Hüseyn oğlu
(8.11.1886, Şəki şəhəri -?)
(SPb. MTA, f.14, s.3, iş 57368, 1910-cu il)
İkinci şəkili
Sankt-Peterburq
Mərkəzi Tarix Arxivindəki araşdırmamız AMEA
Şəki Regional Elmi Mərkəzi xəttiylə
aparıldığına görə, təbii ki, ilk növbədə
Şəkidən olan tələbələri üzə
çıxarmaq istəyirdik. Təəssüf ki,
baxdığımız bütün işlərin içərisində
cəmi 4 şəkili tələbənin adına
rast gəldik (Bu silsilədən ilk yazımız onların
birincisinə - Möhsün bəy Əmircanov’a həsr
olunub). Əlbəttə, bu heç də o demək deyil ki, o
zaman Peterburqda Şəkidən vur-tut 4 tələbə
oxuyub; sadəcə, bizim araşdırma vaxtımız bu qədər
tələbəni aşkarlamağa imkan verdi.
İnşallah, arxivdəki növbəti, daha
sürəkli axtarışların təkcə Şəkidən
yox, başqa bölgələrimizdən də çoxlu yeni
adları üzə çıxaracağına
inanırıq.
Beləliklə,
oxuculara ikinci "şəkilimizi" təqdim edirik. Bu, Sankt-Peterburq İmperator
Universiteti hüquq fakültəsinin tələbəsi Əsədullah
Məşədi Hüseyn oğlu Məhəmmədov’dur.
Onun şəxsi işi 28 vərəqdir.
Təhsil şəhadətnaməsi (kamal
attestatı)
Orta təhsilini
başa vuran Əsədullah Məşədi Hüseyn oğlu
Məhəmmədova verilmiş 1635 saylı sənəddə oxuyuruq: 23 yanvar
1910-cu ildə ondan ötrü verilib ki, o, 1909-cu ilin
dekabrında [Qafqaz] Tədris Dairəsi Sınaq Komitəsində
kamilliyə görə sınaqdan keçirilib və həmin
sınaqda biliklər üzrə aşağıdakı nəticələri
göstərib...
Nəticələr
isə o qədər də ürəkaçan deyil: 11 fəndən
"3" alıb, yalnız bir "4"-ü var.
Doğum şəhadətnaməsi
21 dekabr 1900-də
şeyxülislamın təsdiqləyərək verdiyi
doğum şəhadətnaməsində bildirilir ki, Şəki
şəhərinin sakini Əsədullah Məhəmmədov
öz atası Məşədi Hüseyn Hacı Məhəmməd
oğlu’nun qanuni arvadı Fizzə Məşədi
Tağı qızı’ndan 8 noyabr 1886-cı ildə
doğulub.
Deməli,
onun soyadı babasının adından
götürülüb.
Əsil-nəcabət şəhadətnaməsi
Universitetə
təqdim etmək üçün 20 iyul 1910-da Şəki
Şəhər İctimai İdarəsindən verilmiş
şəhadətnamədə Əsədullah Məhəmmədovla
bağlı bunlar təsdiqlənib: 1) o, Şəki şəhəri
sakinlərindəndir, 2) tacir təbəqəsindəndir və
orta imkanlı adamdır.
Mühakimə olunmayıb
Universitetin öz tələbələri
haqqında öyrənmək istədiyi bilgilərdən biri
də onların oxumağa başlamazdan öncəki ictimai
davranışıyla bağlıdır. Tələbələr
bu haqda da arayış təqdim etməliydilər. Şəki Qəza İdarəsindən 1910-un
avqustunda verilmiş arayışda Ə.Məhəmmədovun
məhkəməyə və istintaqa cəlb edilmədiyi, əla
davranışlı olduğu göstərilib.
İlk ərizə
Şəki
şəhərinin sakini Əsədullah Məhəmmədov 5
avqust 1910-da SPb. Universitetinin rektoruna ərizə yazaraq
hüquq fakültəsinə qəbul olunmasını
xahiş edib. Bununla da onu 1910-1911-ci dərs ilindən
hüquqçu tələbələr sırasında
görürük.
Peterburqda Ali Kommersiya Kurslarını da
bitiribmiş!
Ə.Məhəmmədovun
sənədləri arasında 29 noyabr 1910 tarixdə universitet
dəftərxanasına göndərdiyi çox maraqlı bir ərizə
də var. Həmin ərizədə yazır ki, mən bu
günlərdə Ali Kommersiya Kurslarını bitirməyim
haqqında diplom almalıyam, ancaq bunun üçün sənədlərimin
əsli gərəkdir. Sizdən xahiş edirəm
ki, sənədlərimi bu məqsədlə həmin kursa
göndərəsiniz və onlara ehtiyac qalmadıqda geri
götürəsiniz.
Şəkili
zirəkliyi burada da özünü göstərib - tələbə
vaxtdan maksimum yararlanmaqla, həyatda ona gərək olacaq ikinci
bir ixtisas da qazanıb!
Direktor - rektor yazışması
Yaroslavl şəhərindəki
Demidov Hüquq Liseyi’nin direktoru 7 sentyabr 1912-ci ildə SPb.
Universitetinin rektoruna məktub göndərərək bildirib
ki, Əsədullah Məhəmmədov Demidov Hüquq Liseyinə
dəyişilmək istəyir, buna görə də
bütün sənədlərinin liseyə göndərilməsinə
dair sərəncam verməyinizdən ötrü vəsatət
qaldırmağımı xahiş edib. Direktor sənədlərin
göndərilməsindən başqa, Ə.Məhəmmədovun
hüquq fakültəsində neçə il oxuduğu,
hansı qiymətləri aldığı haqqında ona
arayış verilməsini və universitetin bu
köçürülməyə münasibət bildirməsini
də rica edir.
Universitetin
rektoru 15 sentyabr 1912-də liseyin direktoruna cavab yazaraq
universitetin yerdəyişməyə qarşı
olmadığını və istənilmiş sənədlərin
tezliklə göndəriləcəyini xəbər verir.
Görünür
ki, sənədlər Yaroslavla göndərilsə də
arayışlar oraya vaxtında çatdırılmayıb.
Bunu Ə.Məhəmmədovun 29 noyabr 1912-də hüquq
fakültəsinin dekanına yazdığı ərizə də
təsdiqləyir; orada Yaroslavl şəhərinə
imtahanları verilmiş semestrlərin və fənlərin
sayı haqqında arayışın da göndərilməsi
xahiş olunur.
Yaroslavllı hüquqşünas
Demidov
Hüquq Liseyi direktorunun 22 noyabr 1912-də universitet rektoruna
göndərdiyi cavabda Əsədullah Məhəmmədovun
artıq bu məktəbin tələbələri
sırasına götürüldüyü bildirilir.
Təəssüf
ki, əlimizdə Ə.Məhəmmədovun bu liseyi
bitirib-bitirməməsi və sonrakı taleyi haqqında
heç bir bəlgə və
bilgi yoxdur.
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin professoru
adalet_tahirzade@yahoo.com
Tel.: +994-50-612-68-13
Azərbaycan müəllimi.-
2012.- 4 may.-S.7.