Əsir Şuşam, yağı əlində yesir Şuşam

  

Şuşanın işğalından 20 il ötür. 1992-ci il mayın 8-də biz Şuşanı itirdik. Düşmən tapdağında qalan Şuşa böyükçirkin siyasi oyunların güdazına getdi. "Qüdrətdən səngərli, qalalı" Şuşa son anda öz harayını özü eşitdi, yağı əlində əsir-yesir qaldı. İndi daha əlimiz Şuşaya çatmır. Yollar uzanır, gedir, amma heç biri bizi Şuşaya qədər apara bilmir. Dağ başında mayak Şuşam! Yenə başına duman gəlirmi? Yenə təbiətin şıltaqlıq edib, bir gündə yüz dona girirmi? Günəşin doğurmu? Ayın sənə boylanırmı? Ulduzların sayrışırmı? Küləyin əsirmi? Yağışın yağırmı? Bulaqların çağlayırmı? Çayların daşırmı? Otların cücərirmi? Çiçəklərin açırmı? Ağacların bar verirmi? Əsir Şuşam, yağı əlində yesir Şuşam! Evlərinin çırağını yadlar yandıran Şuşam! Doğma adamların hanı bəs, Şuşam?! Torpağın yad tapdağında inildəyirmi Şuşam? Məzarların əsirlikdə darıxırmı, qərib ruhların səs-səsə verib ağlaşırmı? Bəs şəhidlərin... Şəhidlərin 20 ildi bizi səsləyir, qisasa, intiqama haraylayır, yurda çağırır... Şuşam lay-lay... Mayın 8-i Şuşanın 20-ci dəfə matəm günüdür. Kaş, 21-ci il qayıdış ili olsun Şuşamızın...

 

Nizami Quliyev - Şuşa sakini:

Mayın 7-dən 8-nə keçən gecə Xankəndi tərəfdən ermənilər başladılar atmağa, gecə saat 2-yə qalmış, baxdıq ki, yer-göy qarışıb bir-birinə, 3 nömrəli internat vardı Şuşada, orada batalyon yerləşirdi. Səhər 6 radələrində düşmən tərəfdən internatın binasına güclü bir zərbə oldu, mən bunu gözlərimlə görmüşəm, internatın binası yerlə-yeksan oldu, bundan sonra ermənilərin hücumu daha da intensivləşdi. Onlar artıq atəş aça-aça "kolxozstroy" deyilən tərəfdən şəhərə sarı yuxarı qalxdılar. İlk saatlar bizimkilər ermənilərə çox yaxşı müqavimət göstərdi. Düşmən tərəfin əksəriyyəti əslində rus hərbiçiləri idi.

Biz tərəfdən döyüşçülərimizlə könüllülər çiyin-çiyinə vuruşurdu. Gündüz saat 2 radələrində düşmən qüvvələri bizi üstələdi. Çünki onlar həm sayca, həm də texnika sarıdan bizdən xeyli üstün idi. Bizə əmr gəldi ki, ilk növbədə qospitalı çıxaraq. İtkilərimiz də çox idi, yaralılarımız da... Biz meyitləri və yaralıları "Kamaz"a yükləyib Turşsuya gəldik. Çox çətinliklə atəş altında mülki və hərbiçi yaralılarımızı evakuasiya edə bildik. Dörd nəfər çox çətinliklə piyada gəldik Laçının Qayğı qəsəbəsinə.

...Biz Şuşadan çox çətinliklə çıxmışıq, sürünə-sürünə... o İsa bulağının gizlin yolları var ey, neçə kilometr yolu biz piyada getdik. Çünki yaralılar çox idi, yerləşdirə bilmirdik. Odur ki, "Kamaz"a yaralıları doldurub, özümüz maşından düşdük, piyada Turşsuya gəldik. Daşaltını keçmək mümkün deyildi. Fasiləsiz atırdılar. BTR-lə, BMP ilə lap yaxınlıqda dayanıb binoklla baxır, bizimkiləri nişan alırdılar. Əvvəlcədən özlərinə əlverişli mövqe seçmişdilər.

..."Pekarnı"da anbardar işləyən "Qara Bəşir" deyilən Şuşa sakinini dörd yol deyilən yerdə vurdular. Yerə yıxılanda qara gün üçün saxladığı 3-lük, 5-lik bağlamaları yerə töküldü... Yaralını götürdük, kimsə əlini uzadıb o pullardan götürmədi, hamı can hayında idi.

...Evimizin layihəsini öz əllərimlə cızmışdım. Şuşa sanatoriyasından dörd yol istiqamətinə gedəndə "Kamranın çayxanası" deyilən məşhur bir yer vardı, onun yanı yoxuşluq, təpə kimi bir yerdi, orda tikmişdik evimizi, mən və qonşum Fəxrəddin. Mən evimi tam başa çatdırdım, cəmi 3 ay yaşadım içində. İndi o evə sərf elədiyim illərimi düşünəndə tüstüm təpəmdən çıxır. Kiminçün çəkirdim o əziyyəti, kiminçün tikirdim o evi?! Erməni üçünmü?

Evimiz Şuşanın ən axar-baxarlı yerindəydi.

Əskəranda ermənilər Əliynən Bəxtiyar adlı iki uşağı öldürdülər ha, bax Şuşanın dincliyi ilk dəfə onda pozuldu. Əhali o uşaqların qətli ilə heç cür barışa bilmirdi. Hər gün qəsd, hər gün qan tökülməsi artıq faktiki mühasirə vəziyyətində yaşayan Şuşa əhalisini bezdirmişdi...

Təzədən o günlərə qayıtmaq indi mənə çox ağır gəlir. Dünyada Şuşa kimi gözəl yer təsəvvürümə gətirə bilmirəm. Şuşada adi, axar-baxarsız yer yox idi, havası eləydi ki, yer-göy bir-birinə qovuşsa da bir damcı nəmişlik olmurdu. Bir də baxırdın ki, 10 dəqiqə leysan yağırdı, sonra gün çıxırdı, hər yer olurdu qup-quru. Bir azdan da duman bürüyürdü Şuşanı. Şuşadan saatlarnan danışsam, yorulmaram. Şuşanın "Ərimgəldi", "Çanaqqala", "Qalaqapısı" (ona hərdən "Gəncəqapısı" da deyirlər), Xurşud Banunun bulaq kompleksi var, çox yerləri var, sadalamaqla qurtarmaz, hamısı bu dəqiqə gözümün qabağındadır. Şuşadan çıxanda hər şeyimiz Şuşada qaldı, heç nə götürə bilmədim, ən çox şəkil albomuma heyifsilənirəm, Şuşaya dair maraqlı şəkillər vardı orda, götürəmmədim. Şuşanın hər yeri muzey idi... Sıldırım bir qayada İbrahim xanın düşməndən daldalandığı əfsanəvi qəsr də bizim günlərəcən dururdu...

İnanmıram ki, bu qədər arzular, dualar gedib yaradana çatmasın... Ümid edirəm ki, O, Şuşanın bağlı qapılarını açar üzümüzə günün birində...

Fəxrəddin Səfərov - Şuşa sakini:  Əslən Qarabağlıyam. Dayım Şuşada yaşadığından uşaqlığım Şuşada keçib. Ali  məktəbi bitirib Şuşaya döndümtaleyimi həmişəlik o müqəddəs yerə bağladım. Bu gün Şuşa yoxdu, sanki bədənimizin, əzamızın bir hissəsi yoxdu. Şuşa bizim zəkamız, görən gözümüzdü. Mən ixtisasca ədəbiyyat müəllimiyəm. Mənim qələmimdə, belədir Şuşa:

 

Şuşa yaralıdır daş çarpayıda,

Layla çalanı yox, məlhəm verəni.

 

Biz - Şuşa əhalisi, Şuşa ziyalıları, Şuşa əli silah tutanları 1988-ci ildən - ermənilərin torpaq iddiasına başladığı ilk gündən canımızı, varlığımızı sərf elədik ki, torpağımızı qoruyaq, saxlaya bilək. Aradan keçən bu 20 ildə hər gün o hadisələri bir-bir göz önünə gətirir, təhlil edir, qaranlıq nöqtələri başa düşməyə çalışırıq. İnsan öz evindən çox yox, yüz metr aralı düşəndə özünü gücsüz, dayaqsız hiss edir, bu bizdən asılı olmayan bir sirrdir ki, insan öz torpağında qüvvətlidir, öz yurdunda hünərlidir. İnsana dünyada hər adı deyə bilərlər, ancaq kaş Allah bu qaçqınçılıq damğasını adımıza əbədi yaraşdırmasın. İçimizdəki o döyüş ruhu var ha, namusla, vicdanla torpaqlarımızı geri qaytarmağa nail ola bilək.

Kimin mənən, əqidə cəhətdən genində, varlığında torpağa, yurda məhəbbət varsa, mümkün deyil ki, o ülvi hisslər torpağa hopmasın...

Biz beş il döyüşdük ki, Şuşamız əldən getməsin. Mühasirədə qaldıq aylarnan, əliyalın döyüşdük. Əsir götürülən düşmən döyüşçülərinin əksəriyyəti Livandan, Beyrutdan, Fransadan gələn ermənilərdi. Onların təchizatını qonşu xarici dövlətlər təmin edirdi. Biz əslində 3-5 erməniylə deyil, böyükgüclü bir dövlətin təlim görmüş, təpədən-dırnağacan silahlanmış mütəşəkkil ordusu ilə döyüşürdük. Mayın 8-də sübh 5-dən axşam 8-ə 10 dəqiqə işləmişə qədər düşmənə müqavimət göstərdik. Təkcə həmin gün 196 nəfər əsgərimiz şəhid oldu Şuşada. Hələ itkin düşənlərin, meyiti götürülə bilməyənlərin sayını bilmirik. Onlar hamısı Şuşanın dağlarında, dərələrində, Şuşa uğrunda canından keçib elə orada qurda-quşa yem olan Vətən oğullarıdı... Mayın 8-də biz şuşalılar, həmçinin Şuşa uğrunda döyüşənlər düz 23 saat rus qoşunu ilə qeyri-bərabər döyüş aparmışıq. Şuşa uğrunda ağır döyüşlərimiz olub bizim. Ağlımıza belə gəlməzdi ki, Şuşa əlimizdən gedə bilər. Çünki bizimlə azsaylı ermənilər yox, təlim görmüş çoxsaylı rus ordusu vuruşurdu. Təlim görmüş, hazırlıqlı, təpədən-dırnağa qədər silahlanmış rus yaraqlıları Şuşa həbsxanasının divarına kəndirlə bir göz qırpımında dırmaşırdılar. Göydən güllə yağış kimi yağırdı. Hamı binaların altında, sığınacaqlarda, zirzəmilərdə daldalanmışdı. Düşmən snaryadları düşən kimi bir-birinə bitişik evlər od tutub yanırdı. İrəlicədən Şuşadan çıxarılanlar yalnız qocalar, qadın və uşaqlar idi. Elə bir ev tapılmazdı ki, orada bir nəfər də olsun ev sakinlərindən qalmasın. Əsasən kişilər, hamısı Şuşadaydı. Şuşa axıra qədər döyüşdü, mübarizə apardı, camaat axıracan əliyalın dayandı Şuşanın uğrunda... Mübariz ruhlu əhalisi vardı Şuşanın. Üç tankla, onun da birini Kirs dağına çıxarmışdılar - mütəşəkkil bir ordunun qarşısında dura bildiyi qədər durdu şuşalılar...

Kaş torpağımızı qaytarmağa nail olaq, bu işi gələcək nəslə miras qoymayaq. Mən Şuşasız yaşaya bilmirəm. Əgər bu ötən 20 ilə yaşamaq demək mümkünsə... 

 

 

Ellada UMUDLU

 

Azərbaycan müəllimi.- 2012.- 4 may.- S.6.